Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Çətin iqtisadi vəziyyətə hansı banklar sinə gəlməyi bacardı?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çətin iqtisadi vəziyyətə hansı banklar sinə gəlməyi bacardı?

Son vaxtlar beynəlxalq reytinq agentliklərinin Azərbaycan iqtisadiyyatına, şirkətlərinə və banklarına qiymət verdiyi barədə mətbuatda tez-tez xəbərlər yayımlanır. Bəlkə də bir çox oxucu reytinqin nə olduğunu bilmədiyi üçün bu mövzuda xəbərləri oxumur.

 

REYTİNQ SADƏ VƏTƏNDAŞIN NƏYİNƏ LAZIMDIR?

 

Beynəlxalq agentliklərin reytinqləri barədə geniş yazmaq olar. Qısaca bunu qeyd edək ki, sadə vətəndaşlar reytinq xəbərlərinə nəzər salsalar pis olmaz. Əgər hər hansı bankda əmanətiniz varsa, həmin bankın reytinqi barədə xəbəri mütləq oxuyun. Çünki həmin xəbər ilə bankın vəziyyəti barədə bir çox məlumatları əldə edə bilərsiniz. Beynəlxalq reytinq agentlikləri, bankdan və digər mənbələrdən əldə etdiyi məlumatlar əsasında təhlillər aparır, ümumi vəziyyəti qiymətləndirir. Əgər qiymətləndirmə nəticəsində bankın reytinqi aşağı salınırsa, narahat olmağınıza dəyər. Bu həmişə dərsindən 5 alan şagirdin, 4 və ya 3 qiyməti almasına bənzəyir. Reytinqin və ya proqnozun aşağı salınması bankın vəziyyətinin pisləşdiyinə, risklərin artdığına işarədir.

 

MÖVCUD VƏZİYYƏT

 

“Standard & Poor's” (S&P), “Moody's” və “Fitch”  dünyanın ən məşhur reytinq agentlikləridir. Təəssüf olsun ki, reytinq almış əksər Azərbaycan banklarının hazırda reytinqləri aşağı salınıb, bir sıra banklar reytinq agentliklərindən imtina edib, bir qrup banklar isə ümumiyyətlə reytinq agentliklərilə əməkdaşlıq etmirlər. Adətən banklar xaricdən kredit almaq üçün reytinqləri əldə edirlər. Dollar bahalaşandan sonra banklar xaricdən kredit cəlb etməyi dayandırıblar. Buna görə bir sıra banklar reytinq almağı əlavə xərc hesab edirlər.

İQTİSADİYYATDA NİKBİN ABU-HAVA

 

Bədbinliyə qapılmağa dəyməz. Neftin qiymətinin 50 dollar ətrafında qalması, Azərbaycanın ixracının artması, idxalının isə azalması, Manatın sabitləşməsi, valyuta ehtiyatlarının artması, aparılan islahatların yavaş-yavaş öz bəhrələrini verməsilə iqtisadiyyatda nikbin hava mövcuddur. Risklər azalıb, gələn ildən başlayaraq əsas makro-iqtisadi göstəricilərin yenidən artım tempini bərpa edəcəyi gözlənilir.

 

Həmçinin Azərbaycan Beynəlxalq Bankının kreditorları hökumətin dəstəyilə hazırlanmış təkliflər ilə razılaşıblar. Bununla da ümumi iqtisadiyyat və sistem xarakterli banklar üçün potensial risk azalmışdır.

 

Bütün bu müsbət irəliləyişlər beynəlxalq reytinqi agentlikləri tərəfindən nəzərə alındı, onlar ötən ay yeni qiymətləndirmələrində Azərbaycan iqtisadiyyatı və bankları barədə müsbət proqnozlar səsləndirdilər. Gəlin ilk öncə müsbət proseslərə bir az geniş nəzər salaq.

 

NEFTİN QİYMƏTİ “QIRMIZI XƏTT”DƏN XEYLİ UZAQDADIR

 

Azərbaycandan qeyri-neft məhsullarının ixracı artsa də, hələ də ixracın 75%-ə yaxını təkcə xam neftin payına düşür. Buna görə, neft qiymətləri ölkəmiz üçün vacibdir, qiymətin 1 dollar artması milyonlarla dollar gəlir təmin edir. İyulun ortalarında Brent neftinin qiyməti yenidən 45 dollaradək geriləsə də, çox düşə bilmədi. ABŞ-da neft ehtiyatlarının azalmağa başlaması, Neft İxrac edən Ölkələr Birliyi (OPEC) və tərəfdaşlarının hasilatlarını azaltmaları, digər tərəfdən Avropa və Çində iqtisadi inkişaf ilə əlaqədar neftə tələbatın artması qiymətlərin yenidən 50 dolların üzərinə qayıtmasını təmin etdi. Analitiklər hesab edirlər ki, hazırda neft bazarında tələb və təklif bərabərləşir, yaxın gələcəkdə qiymətlər bir qədər də yüksələ bilər.

 

Azərbaycan hökuməti büdcə gəlirləri üçün neftin qiymətini 40 dollardan götürmüşdür. Bu səviyyəyə “qırmız xətt” də deyə bilərik. Neft qiymətləri bu səviyyənin üzərində olduqca nəzərdə tutulmuş planlar həyata keçiriləcəkdir. İndi qiymətin 40 dollara və daha aşağı düşəcəyi barədə proqnozlardan daha çox, qiymətlərin 50 dollar səviyyələrində sabitləşəcəyi barədə proqnozlar verilir.

 

VALYUTA EHTİYATLARI ARTIR

 

Neft qiymətlərinin ötən illə müqayisədə yüksək olması, üstəlik daxildə Dollara təlabatın azalması Azərbaycanın valyuta ehtiyatlarının artmasında əks olunur. Ən son məlumata görə, valyuta ehtiyatlarımız ilin əvvəlindən təxminən 3 milyard dollar artıb və 40,6 milyard dollar təşkil edir.

 

İXRAC ARTIR, İDXAL AZALIR

 

2017-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanın idxalı 15.72% azalarkən, ixracı 36.45% artıb. Birinci yarımildə ixrac idxaldan 1 milyard  859  milyon dollar çox olub. Təbii ki, artımın əsas səbəbi neft qiymətlərinin ötən illə müqayisədə yüksək olmasıdırsa, digər bir səbəbi qeyri-neft məhsullarının ixracının artmasıdır. Cəmi idxalın azalmasının əsas səbəbi isə maşın və avadanlıqların idxalının azalmasıdırsa, daxili tələbatın yerli istehsal hesabına ödənilməsinin də bu azalmada xeyli payı var.

 

İNFLYASİYA SƏNGİYİB

 

İyunda Azərbaycanda inflyasiyanın artım sürəti illik müqayisədə 13,9%, aylıq  müqayisədə isə mənfi 1% təşkil etmişdi (deflyasiya). Yəni iyun ayında may ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1% ucuzlaşmışdır. İllik inflyasiyanın yüksək olması, əsasən ötən il Dolların bahalaşması ilə əlaqədar olaraq mal və xidmətlərin qiymətlərinin qalxması ilə əlaqədardır. Əgər Dollar/Manat məzənnəsi sabit qalarsa, ilin sonundan başlayaraq illik inflyasiya rəqəminin aşağı düşəcəyi gözlənilir.

 

MANAT SABİTLƏŞİB

 

Neftin bahalaşması, ixracın artması, idxalın geriləməsi, daxildə ajiotajın azalması dolların manat qarşısında məzənnəsini sabitləşdirib. Bu ilin Yanvar ayında 2 manata yaxınlaşmış Dollar/Manat məzənnəsi bu gün 1,70 manatadək geriləyib. İlin sonunda idxalın və digər ödənişlərin artması ilə əlaqədar Dollara təlabatın artacağı gözlənsə də, ABŞ valyutasına tələbin ödəniləcəyi, məzənənin çox dəyişməyəcəyi ehtimal olunur.

 

Digər tərəfdən Azərbaycanın əsas ticarət tərəfdaşlarının valyutaları ABŞ dollar qarşısında sabitləşib. Həmçinin ilin əvvəlindən başlayaraq dollar mühüm valyutalar qarşısında dəyərdən düşür. Adətən beynəlxalq bazarda Dollar ucuzlaşan zaman neft daxil əmtəə qiymətləri artır. ABŞ valyutasının ucuzlaşması Fed-in faiz artırmasının inkişaf etməkdə olan ölkələrə mənfi təsirini də azaldır.

 

Yuxarıda qeyd olunanlardan başqa, Azərbaycan yaxın illərdə iri həcmlərdə qaz ixracına başlayacağı (Cənub qaz dəhlizi layihəsi), gələn ildən sənaye zonaları, parkları və məhəllələrində yeni müəssisələrin işə düşəcəyi, təşviqlərin və digər tədbirlərin nəticəsində qeyri-neft məhsullarının ixracının daha da artacağı gözlənilir. Həmçinin Azərbaycan qlobal nəqliyyat-logistika qovşağına çevrilir. Bütün bunların nəticəsində Azərbaycan iqtisadiyyatında artım bərpa olunacaq, ölkəyə daha çox valyuta daxil olacaqdır.

 

BANK SEKTORUNDA DA MÜSBƏT MEYLLƏR YARANIB

 

Bank sektorunda da müsbət meyllər müşahidə olunur. Bunlar aşağıdakılardır:

 

- Banklarda əks dollarlaşma prosesi başlayıb, əmanətlərdə dollarlaşma 80 faizdən aşağı düşüb,

- Banklarda ödəmə vaxtı keçmiş kreditlərin artması səngiyib,

- Bankların məcmu kapitallarının azalması davam etsə də, sürəti düşüb. Bir sıra banklar nizamnamə kapitallını artırıb və ya artıracağı gözlənilir,

- Əksər banklar 2017-ci ilin 1-ci yarısını az da olsa xalis mənfəətlə başa vurublar və ya zərər məbləği azalıb,

- Bir sıra bankların qeyri-faiz gəlirləri artıb,

- Xarici kreditorlara iri məbləğlərdə borcu olan Azərbaycan Beynəlxalq Bankına hökumət dəstək verəcəyini bəyan edib.

 

HƏR ŞEY DƏ YAXŞI DEYİL

 

Təbii ki, banklarda hər şeyin yaxşı olduğunu demək doğru olmaz. Kreditlərə təlabat azaldığından bankların gəlirləri geriləyir. Əksər banklar gəlir formalaşdırmaqda çətinlik çəkdiklərindən qarşıdakı dövrlərdə zərər edə və buna görə kapitallarının bir hissəsini itirə bilərlər.

 

Sual oluna bilər, əgər iqtisadiyyat canlanırsa nə üçün kreditlərə tələbat azalır? Qeyd edək ki, kreditlərə tələbatın azalmasının əsas səbəbi sərt monetar siyasət və risklər nəticəsində faizlərin yüksək olmasıdır. Bundan başqa sahibkarların da bir sıra çətinlikləri qalmaqdadır, onların dövriyyələri xeyli azalıb. Bir çox sahibkar şəffaf işləmədiyi və kredit şərtlərinə cavab vermədiyi üçün banklardan kredit ala bilmirlər. İqtisadiyyatda nikbinlyin artdığı dövrdə bankların faiz gəlirlərinin azalması məntiqsizdir. İqtisadiyyat toparlanırsa, qeyri-neft sektoru inkişaf edirsə, kreditlərə tələb artmalı idi. Yəqin ki, tənzimləyici və digər əlaqədar qurumlar bu vəziyyətdən xəbərdardırlar, atılacaq addımlar ilə mənfi gedişatın qarşısı alınacaqdır.

 

Yuxarıda qeyd edildiyi kimi, ödəmə vaxtı keçmiş kreditlərin artması tempi azalsa da, artım qalır. Bankların gəlirlərinin azalması ilə paralel olaraq ödənməyən kreditlərin artması zərərin yaranmasına və kapitalın itirilməsinə səbəb olur.

 

ÇƏTİNLİK İÇİNDƏ REYTİNQİNİ QORUYAN BANK

 

Bir çox oxucularda sual yarana bilər – bəs çətin iqtisadi vəziyyətə hansı banklar sinə gəlməyi bacarır?

 

Suala cavab olaraq bildirmək olar ki, vaxtı ilə xaricdən böyük məbləğlərdə borc götürməyən, eyni zamanda iri məbləğdə nizamnamə və məcmu kapitala malik olan, dövlət idarə və təşkilatlarına, iri korporativ müştərilərə xidmət göstərən banklar böhranı az ziyanla dəf etdilər. Kapitalı böyük məbləğdə olsa da, xaricdən böyük vəsaitlər cəlb etmiş və kreditləri riskli müştərilərə ayırmış banklar isə xeyli ziyana düşdülər. Çünki, Dolların bahalaşması ilə, borc manat ilə ifadədə 2 dəfəyə yaxın artmışdır.

 

Məsələn, böhranın ən şiddətli dövrlərində Kapital Bank mənfəət əldə edirdi. Bunun səbəbi bankın xaricə borcunun az, kapitalının isə yüksək olması olması idi. Məşhur reytinq agentlikləri “Standard & Poor's” (S&P) və “Moody's”in son hesabatları da göstərir ki, Kapital Bank təzyiqlərə baxmayaraq gəlirlərini artırır və mənfəət götürməyi qoruyub saxlayır.

 

“Çətin iqtisadi mühitə baxmayaraq növbəti 12 ay ərzində Kapital Bank mənfəətlik dərəcəsini qoruyub saxlayacaq. Bank kifayət qədər kapital ehtiyatına malikdir və 1 yanvar 2017-ci il tarixinə qədər Bankın kapital yetərliyi və likvidlik əmsalları yaxşıdır. Korporativ müştərilərə, hökumət strukturlarına, büdcədən vəsait alanlara və digər ödəmə qabiliyyəti olan müştərilərə Bankın kredit verməsi, mümkün riskləri qismən azaldır. Digər banklarla müqayisədə Kapital Bank-ın xarici valyuta riskinə məruz qalma səviyyəsi nisbətən mülayimdir”, - “Moody's Investor Service”in hesabatda qeyd olunur.

 

“Standard & Poor's” beynəlxalq reytinq agentliyi Kapital Bank-ın reytinqini “BB-/B” səviyyəsində təsdiqləyib. “Standard & Poor's” da Kapital Bank-ın yüksək məbləğdə kapitalına işarə edərək ölkə bankları arasında daha dayanıqlı və etibarlı olması da qeyd etmişdir.

 

Yuxarıda qeyd etdiyimiz kimi, artıq müsbət meyllər müşahidə olunur, əgər sürpriz hadisələr baş verməsə və tendensiya davam edərsə qarşıdakı illərdə Azərbaycanın və onun banklarının reytinqi yüksələ, proqnozlar “Neqativ”dən “Müsbət”ə keçə bilər. Azərbaycanın aşağı neft qiymətlərinə adapdasiya olması, qeyri-neft sektorunun inkişaf etdirilməsi bunu deməyə əsas verir ki, tezliklə əlverişli mühit formalaşmağa başlayacaq, reytinqlər pillə-pillə qalxacaqdır.

 

© Marja.az

04.08.2017 15:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ