Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“BP-Azərbaycan”dan yarımillik hesabat

iç səhifə xəbər başlığı altı (mobil)_31
“BP-Azərbaycan”dan yarımillik hesabat
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

“BP-Azərbaycan” şirkəti  2017-ci ilin birinci yarısının nəticələrini açıqlayıb.

 

Azəri-Çıraq-Günəşli (AÇG)

 

AÇG-də iştirak payları: BP (operator – 35,8%), SOCAR (11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,7%).

 

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin Podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited”şirkəti operatordur.  

 

2017-ci ilin birinci yarısındaAÇG layihəsinə təqribən 230 milyon dollar əməliyyat məsrəfləri və 601 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.

 

Hasilat

 

İlk altı ay ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Birinci yarım ildə AÇG-dən ümumi hasilat – Çıraq (56 000), Mərkəzi Azəri (129 000), Qərbi Azəri (116 000), Şərqi Azəri (77 000), Dərinsulu Günəşli (120 000) və Qərbi Çıraq (87 000) platformalarından birlikdə – gündə orta hesabla 585 000 barel və ya ümumilikdə 106 milyon bareldən artıq, yəni 14 milyon tondan artıq təşkil edib.

 

Birinci yarım ilin sonunda AÇG-də ümumilikdə 112 neft hasilat quyusu və 48 qaz və su injektor quyusu istismarda olub.  

 

AÇG üzrə qazma və tamamlama fəaliyyətləri

 

Birinci altı ay ərzində AÇG-də 11 neft hasilat quyusu, 2 suvurma quyusu qazılmışdır.

 

Səmt qazı

 

2017-cı ilin birinci yarısında AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 10 milyon kubmetr, ümumilkdə isə 1,8 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

 

Səngəçal Terminalı

 

Birinci yarım ildə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.

 

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 29,5 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 milyon standart kubmetr təşkil edir.

 

Altı ay ərzində terminal üçüncü tərəf həcmləri də daxil olmaqla 141 milyon bareldən artıq neft və kondensat, o cümlədən 124 milyon bareldən artıq Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 15,5 milyon bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə və təqribən 1,5 milyon barel ayrıca kondensat ixrac kəməri vasitəsilə, ixrac etmişdir.

 

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

 

Birinci yarım il ərzində terminaldan həmçinin gündəlik orta hesabla 28 milyon standart kub metr (987 milyon standart kubfutdan artıq) Şahdəniz qazı ixrac edilmişdir.

 

Bakı-Tbilisi-Ceyhan (BTC)

 

BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), CIECO (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.

 

Birinci yarım il ərzindəBTC üzrə əməliyyat xərclərinə təqribən 64 milyon dollar, əsaslı xərclərə isə 10 milyon dollar xərclənmişdir.

 

1768km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən  2017-ci il iyun ayının sonunadək bu boru kəməri vasitəsilə ümümilikdə 365 milyon ton (təxminən 2,74 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 3584 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

 

Birinci yarım il ərzində isə BTC vasitəsilə təqribən 17 milyon ton(125 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 159 tankerə yüklənib.

 

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

 

Şahdəniz

 

Şahdənizdə iştirak payları belədir: BP (operator – 28,8%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), Petronas (15,5%), LUKOYL (10%), NİKO (10%), və TPAO (19%).

 

Bu ilin ilk altı ayı ərzində Şahdəniz üzrə fəaliyyətlərə təqribən 249 milyon dollar əməliyyat xərcləri və təqribən 1,64 milyard dollar əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz Mərhələ 2 layihəsinə aiddir.

 

Hasilat

 

2017-ci ilin birinci yarısı ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam etmişdir.

 

Yarım il ərzində yataqdan 5,1 milyard standart kubmetr qaz və 1,2 milyon ton (təqribən 9,7 milyon barel) kondensat hasil edilmişdir.

 

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 30 milyon (ildə təqribən 10,9 milyard) standart kubmetrdir.

 

Qazma əməliyyatları

 

Birinci yarım ildə Şahdəniz Mərhələ 1-in mövcud platformasında (Alfa) SDA11 qaz hasilatı quyusunda qazma işləri bərpa olundu və bu işlər hazırda davam edir.

 

İkinci rüb ərzində İstiqlal qazma qurğusu yatağın şimal cinahında dördüncü quyunu (SDC01 quyusu)tamamlayaraq qərb cinahda daha dörd tamamlama işi aparmaq üçün  SDD01 quyusunun yerləşdiyi əraziyə keçirilmişdir.

 

Maersk Explorerqazma qurğusu SDF01 quyusunun məhsuldar lay hissəsini qazaraq SDF02 quyusunda da həmin işləri aparmaq üçün o əraziyə keçmişdir və hazırda həmin işlər davam edir.

 

Bu iki qazma qurğusu artıq Şahdəniz Mərhələ 2-dən hasilatın başlanması və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində 13 hasilat quyusu qazıb və bu quyulardan yatağın şimal cinahında yerləşən dördünü tamamlayıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

 

Şahdəniz Mərhələ 2 layihəsi

 

2017-ci ilin birinci yarısında Şahdəniz Mərhələ 2 layihəsinin tikinti işləri uğurla davam etmişdir. Hazırda layihə üzrə işlər - mühəndis işləri, təchizat və tikinti işləri də daxil olmaqla - ümumilikdə 95%-dən çox tamamlanıb və bu layihədən ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur. 

 

Ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində - həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal terminalı, Bakı yaxınlığındakı ATA (AMEK/Tekfen/Azfen) sahəsi, Bakı Dərin Özüllər Zavodu və boru kəməri marşrutu boyunca layihə işləri davam edir.

 

İyun ayında layihə daha bir mühüm hadisəni qeyd etdi - Şahdəniz Mərhələ 2 üçün tikilən  platformalardan birinin üst modullarıyola salındı və dənizdə quraşdırıldı. Yaşayış Blokları və Texnoloji Təchizat platformasının üst modullarının yola salınması münasibətilə təşkil olinmuş rəsmi mərasimdə Zati-aliləri Prezident İlham Əliyev də iştirak etdi.Dənizdə üst modullar artıq əvvəldən suyun 94 metr dərinliyində quraşdırılmış dayaq blokunun üzərinə oturdulmuş və uğurla bərkidilmişdir. ATA tikinti-quraşdırma sahəsində Şahdəniz 2 üçün inşa olunan paltformalardan ikincisinin də üst modullarının tikintisi artıq başa çatıb və istismar sınaqları 90 % tamamalanıb. Bu modulların dənizə yola salınması və quraşdırılması 2017-ci ilin üçüncü rübünə planlaşdırılır.

 

 

Sualtı tikinti işləri üçün nəzərdə tutulmuş “Xənkəndi” gəmisinin tikintisi və istismar sınaqları Bakı Gəmiqayırma Zavodunda artıq bitib və bu da Şahdəniz 2 layihəsində mühüm bir mərhələdir.

 

Dünyanın ən iri neft və qaz terminalllarından biri olan Səngəçal  terminalında Şahdəniz 2-dən əldə ediləcək əlavə qaz həcmlərini emal etmək üçün genişləndirmə işləri uğurla irəliləyir.

 

Ümumilikdə Şahdəniz 2 və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə tikinti işlərinin ən qızğın vaxtlarında Azərbaycanda 24 000-dən çox insan bütün əsas müqavilələr üzrə işlərə cəlb olunmuşdu ki, onların da 80%-dən çoxu Azərbaycan vətəndaşları idi.

 

Cənubi Qafqaz Boru Kəməri (CQBK)

 

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (28,8%), AzCQBK (10%), Cənub Qaz Dəhlizi Midstrim (6,7%), Petronas (15,5%), LUKOYL (10%), NİKO (10%) və TPAO (19%).

 

2017-ci ilin birinci yarısında CQBK ilə bağlı fəaliyyətlərə təqribən 14 milyon dollar əməliyyat xərcləri və 413 milyon dollar əsaslı xərclər sərf edilib.

 

Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır.

 

Birinci yarım il ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü təqribən 21,4 milyon kubmetr qaz olmuşdur.

 

CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

 

CQBK-nin genişləndirilməsi (CQBKG) layihəsi

 

2017-ci ilin birinci yarısında CQBKG üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam etmişdir. Ümumilikdə bu işlərin – tikinti və istismar sınaqları daxil olmaqla,  96%-i artıq tamamlanıb.

 

Azərbaycanda kəmər xəttinin inşası üzrə tikinti işləri irəliləməkdə davam etmişdir -  təqribən 370 km uzunluğunda borular artıq qaynaq edilib və 263 km boru xəndəyə endirilib və üstü örtülüb. Planlaşdırılmış 5 üfüqi qazma işinin hamısı tamamlanıb - beşinci üfüqi qazma bu ilin aprel ayında başa çatıb.

 

Gürcüstan ərazisində kəmər xəttinin inşası üzrə tikinti işləri artıq bitib  - 62 km uzunluğunda borular qaynaq edilib, örtüklənib, xəndəyə endirilib və üstü örtülüb.

 

Həm Azərbaycanda, həm də Gürcüstanda boru kəmərinin hidro-sınaqları aparılır. Azərbaycanda 5, Gürcüstanda isə 11 hidro-sınaq bölməsində işlər bitib.

 

Gürcüstanda hər iki kompressor stansiyasında tikinti-quraşdırma işləri davam edir. 1-ci kompressor stansiyasında işlər təqribən 99%, 2-cidə isə 82% tamamlanıb. Hər iki  kompressor stansiyası 2018-ci ildə istismara verilmək  planına uyğun irəliləyir. Nəzarət-ölçü stansiyasında (81-ci sahə) isə işlər 98% tamamlanıb və bu stansiyanın 2017-ci ildə təhvil verilməsi planlaşdırılır.

 

Geoloji kəşfiyyat

 

Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisindən  2016-cı ildə əldə edilmiş 3-ölçülü məlumatların emalı və interpretasiyası davam edir. Məlumatların tam emalının 2017-ci ilin üçüncü rübündə başa çatacağı gözlənilir. Seysmik interpretasiya işləri isə bu ilin dördüncü rübündə bitəcək.

 

Şəfəq-Asiman üzrə ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri davam edir.

 

İşçi heyətimiz

 

Birinci yarım ilin sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2743 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.Şirkətin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 85%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir, o cümlədən şirkətin regional rəhbər heyətinin tərkibinə altı azərbaycanlı vitse-prezident daxildir.

 

BP-nin 2018-ci ilin sonunadək ixtisasalı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir. İşçilərin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak daxildir. 

17.08.2017 13:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ