Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Xüsusi iqtisadi zonalar – investisiyaların cəlb edilməsi vasitəsi kimi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xüsusi iqtisadi zonalar – investisiyaların cəlb edilməsi vasitəsi kimi

Bir çox dövlətlərdə sahibkarlığın inkişafı, investisiyaların cəlb edilməsi, yeni texnologiyaların tətbiq edilməsi, məşğulluğun artırılması, regionların inkişafıvə digər iqtisadi və sosial məqsədlərlə xüsusi iqtisadi zonalar yaradılır, həmin zonalarda vergi, gömrük, maliyyə, inzibati və digər güzəştlər tətbiq edilir.

 

Xüsusi iqtisadi zona və azad zona nədir?

 

“Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının 14 aprel 2009-cu il tarixli Qanununa əsasənxüsusi iqtisadi zona - sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi hüquqi rejimin tətbiq edildiyi Azərbaycan Respublikası ərazisinin məhdud hissəsidir.Bu hissədə sahibkarlıq fəaliyyətinin güzəştli şərtlərlə həyata keçirilməsi üçün xüsusi iqtisadi zona ərazisində onun rezidentlərinə xüsusi hüquqi rejim tətbiq edilir.

 

18 may 1973-cü il tarixdə qəbul edilən “Gömrük prosedurlarının sadələşdirilməsi və harmonizasiyası haqqında” Kioto Konvensiyasına əsasən azad zona (franko zona) dedikdə, ölkə ərazisinin hər hansı bir hissəsi başa düşülür ki, burada məhsullara milli gömrük ərazisindən kənarda olan bir obyekt kimi baxılır, buna görə də onlar gömrük nəzarətindən keçirilmir və vergiyə cəlb edilmirlər.

 

Xüsusi iqtisadi zonaların növləri

 

Xüsusi iqtisadi zonaların növlərinin vahid təsnifatını müəyyən edən hüquqi sənəd yoxdur. Ayrı-ayrı dövlətlərin təcrübəsindən çıxış edərək xüsusi iqtisadi zonaların göstərilən növlərini ayırmaq olar: azad iqtisadi zonalar, azad ticarət zonaları, azad (xüsusi) sənaye zonaları, sənaye parkı və məhəllələri, azad (xüsusi) gömrük zonaları, ofşor zonalar, açıq rayonlar, texniki-iqtisadi inkişaf zonaları, yeni və yüksək texnologiya zonaları, və yaelmi-sənaye parkları, biznes inkubatorları, “Duty Free” (rüsumsuz) mağazalar (firmalar), turizm-istirahət zonalarıvə s.

 

Dünya təcrübəsi

 

Dünyada xüsusi iqtisadi zona modelləri ötən əsrdən başlayaraq müxtəlif formalarda geniş yayılmışdır. Hazırda dünyanın 130-dan çox ölkəsində 3500-dən çox xüsusi iqtisadi zonalar mövcuddur.

Yaxın qonşu ölkələrdə artıq onlarla belə zonalar vardır. Məsələn, Türkiyədə 21 azad zona  (Mersin, Antalya, Ege, Trabzon, Mardin, İstanbul Atatürk hava limanı, İstanbul dəri və sənaye, İzmir dəri, Rize, Samsun,Adana, Bursa, Denizli və s.), İranda 7 azad iqtisadi zona və15 xüsusi iqtisadi zona (Kiş, Çabahar, Bəndər-Ənzəli, Aras və s. azad iqtisadi zonalar, Selfçeqan, Sircan, Ərgi-Cədid, Şahid Rəci, Şiraz, Bəndər-Abbas və s. xüsusi iqtisadi zonalar), Rusiyada 4 sənaye-istehsalı zonaları, 4 texnologiyanı təşviq edən zona, 13 turizm-istirahət zonası, 3 liman zonası olmaqla 24 xüsusi iqtisadi zona (Lipetsk, Alabuqa, Tolyatti, Lyudinovo sənaye zonaları, Zelenoqrad, Sankt-Peterburq, Tomsk texnozonaları, Baykal limanı, Ulyanovsk, Murmansk liman zonaları və sair), Gürcüstanda 2 azad sənaye zonası (Poti və Kutaisi Azad sənaye zonaları) vardır.

 

Dünyanın bir çox məşhur şirkətləri hər hansı bir xüsusi iqtisadi zonanın imkanlarından istifadə etməklə böyük uğurlar əldə ediblər. Məsələn, "Google", "Apple Inc.", "Hewlett-Packard", "eBay", "Intel", "Cisco Systems", "Adobe Systems", "Yahoo!", "Oracle Corporation", "Sun Microsystems", "Symantec" ABŞ-nın Stenford sənaye parkında (Silikon Vadisində) fəaliyyət göstərmişlər.

 

Bundan başqa, Dubayda Cəbəl Əli Azad İqtisadi Ticarət Zonası, Çində Şanxay, Hon-Konq iqtisadi zonaları da bu sahədə uğurlu modellər sayılır.

 

Eyni zamanda dünyada bir sıra “vergi cənnətləri” adlandırılan ofşor zonaları da mövcuddur. Onlarqeydiyyatdan keçdikləri yurisdiksiyalarda vergidən tamamilə azad olunurlar (yalnız illik qeydiyyat haqqı ödəyirlər) və həmin zonalarda heç bir real fəaliyyət göstərmədiklərinə görə onların üzərində inzibati nəzarət zəif olur. Bunlara Baham adaları, Beliz, Qrenada, Maldiv adaları, Kayman adaları, Nauru, Panama, Samoa, Sent-Kits və Nevis, Seyşel, Britaniya və ABŞ-ın Virgin adaları və onlarla digər zonalar aid edilir.

 

Azərbaycanda xüsusi iqtisadi zonalar

 

Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılması və idarə edilməsi ilə bağlı hüquqi və iqtisadi münasibətlər 14 aprel 2009-cu il tarixdə qəbul edilmiş “Xüsusi iqtisadi zonalar haqqında” Qanunla tənzimlənməyə başladı və həmin qanunla bu zonalarda sahibkarlıq fəaliyyətinin təşkili qaydaları müəyyənləşdirildi.

 

Bundan sonra Azərbaycanda müxtəlif formalarda xüsusi iqtisadi zonaların yaradılmasına başlanıldı.Bunlara Azərbaycanın müxtəlif bölgələrində yaradılan sənaye zonalarını - sənaye (və ya texnologiyalar) parklarını və sənaye məhəllələrini aid etmək olar.

 

Bu sahədə mahiyyətcə yeni mərhələ Azərbaycan Respublikasının Prezidentinin  17 mart 2016-cı il tarixli 1912 saylı Sərəncamı ilə Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması olmuşdur.Həmin Sərəncama əsasən müvafiq orqanlar azad ticarət zonasının yaradılması ilə bağlı müvafiq tədbirləri həyata keçirməlidirlər.

 

Bundan başqa ölkə Prezidentinin “Azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında” 31 may 2017-ci il tarixli 2940 saylı sərəncamından görünür ki, yaxın gələcəkdə azad iqtisadi zonalar yaradılacaqdır və bu işin sürətləndirilməsi, o cümlədən müvafiq qanunun layihəsinin hazırlanması ilə bağlı müvafiq tapşırıqlar verilir.

 

Xüsusi iqtisadi zonaların, o cümlədən azad ticarət zonalarının yaradılması həm ölkə Prezidentinin 2014-cü il 26 dekabr tarixli 964 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda, həm də Prezidentin 6 dekabr 2016-cı il tarixli 1138 saylı Fərmanla təsdiq etdiyi “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə və “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair” Strateji Yol Xəritəsi”ndə əks edilmişdir.

 

Xüsusi iqtisadi zonada necə fəaliyyət göstərmək olar?

 

“Xüsusi iqtisadi zonalar haqqında” Qanuna əsasən bu zonada Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq dövlət qeydiyyatına alınmış, xüsusi iqtisadi zona ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Qanunla müəyyən edilmiş qaydada zonanı idarə edən operatorla niyyət sazişi bağlamış və xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsini almış hüquqi və fiziki şəxslər xüsusi iqtisadi zonanın rezidentlər ola və operatorla saziş bağladıqdan sonra fəaliyyətə başlaya bilərlər.

Hüquqi və fiziki şəxslər operatorla niyyət sazişini bağladıqdan sonra xüsusi iqtisadi zonanın administrasiyasına qeydiyyatdan keçmək üçün müəyyən edilmiş formada ərizə və ona əlavə edilən sənədləritəqdim etməlidirlər. Ərizə və ona əlavə edilən sənədlər qanunvericiliklə müəyyən edilmiş qaydada operator vasitəsilə də təqdim oluna bilər.

Bu rezidentlər xüsusi iqtisadi zonada Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, yüksək rəqabət qabiliyyətli məhsulların istehsalı və xidmətlərin göstərilməsi ilə bağlı sahibkarlıq fəaliyyəti həyata keçirir vəxüsusi hüquqi rejim çərçivəsində təmin olunan bütün güzəştlərdən istifadə edirlər.

 

Lakin xüsusi iqtisadi zonada qanunvericiliyə əsasən mülki dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların istehsalı, saxlanılması və satışı, yerin təkindən faydalı qazıntıların çıxarılması, habelə qiymətli metalların, neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı, teleradio yayımı fəaliyyəti, spirtli içkilərin və tütün məmulatlarının istehsalı qadağan edilir.

 

Eyni zamanda, xüsusi iqtisadi zonanın rezidentləri xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərini həyata keçirmək üçün Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq lisenziyalar almalıdırlar.

 

Qanuna əsasən, xüsusi iqtisadi zonanın rezidentləri öz fəaliyyətlərini xüsusi iqtisadi zonanın hüquqi rejimini tənzimləyən normativ hüquqi aktlara və operatorla bağlanmış sazişə uyğun olaraq təşkil etməli, habelə, vergi, gömrük və digər qanunvericilik aktlarına müvafiq olaraq hesabatları tərtib etməli və aidiyyəti üzrə təqdim etməlidirlər.

 

Xüsusi iqtisadi zonanın gömrük və vergi rejimləri

 

Xüsusi iqtisadi zonanın gömrük rejimi

 

Xüsusi iqtisadi zonanın rezidentlərinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada güzəştli gömrük rejimi tətbiq olunur. Lakin bu rejim xüsusi iqtisadi zonada istehsal və ya emal olunmuş malları Azərbaycan Respublikasının qalan ərazisinə ixrac edən xüsusi iqtisadi zonanın rezidentlərinə tətbiq edilmir.

 

Güzəştli gömrük rejimi zamanı Azərbaycan Respublikasının qanunvericiliyi ilə idxalı və ixracı qadağan edilməmiş bütün malların xüsusi iqtisadi zonaya aşağıdakı daxil olma və çıxma qaydaları tətbiq olunur:

 

- mallar (aksizli mallardan başqa) Azərbaycan Respublikasının gömrük ərazisi xaricindən xüsusi iqtisadi zonaya idxal edilərkən idxal rüsumu və əlavə dəyər vergisi tutulmur;

 

- Azərbaycan Respublikasının gömrük ərazisi xaricindən xüsusi iqtisadi zonaya idxal olunmuş mallar xüsusi iqtisadi zonadan Azərbaycan Respublikasının gömrük ərazisi xaricinə ixrac olunarkən gömrük rüsumları və vergilər tutulmur;

 

- xüsusi iqtisadi zonada istehsal və ya emal olunmuş mallar Azərbaycan Respublikasının gömrük ərazisi xaricinə ixrac edilərkən gömrük rüsumları və vergilər tutulmur;

 

- Azərbaycan Respublikasının gömrük ərazisi xaricindən xüsusi iqtisadi zonaya idxal olunmuş mallar Azərbaycan Respublikasının gömrük ərazisinə xüsusi iqtisadi zonadan idxal edilərkən, bu gömrük rüsumları və vergilər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq tutulur;

 

- xüsusi iqtisadi zonada istehsal və ya emal olunmuş mallar təmir, yekun-tamamlama işləri, nümunələrin sərgisi və digər bu kimi məqsədlərlə Azərbaycan Respublikasının gömrük ərazisinə müvəqqəti idxal edilərkən gömrük rüsumları və vergilər tutulmur;

 

- Azərbaycan Respublikasında mallar xüsusi iqtisadi zonalar arasında idxal-ixrac edilərkən gömrük rüsumları və vergilər tutulmur.

 

Xüsusi iqtisadi zonada mallarla əməliyyat aparan rezidentlər gətirilən, aparılan, saxlanılan, hazırlanan, emal edilən, satın alınan və satılan malların uçotunu aparır və həmin mallar barədə Azərbaycan Respublikasının gömrük orqanlarına Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesabat verir. Xüsusi iqtisadi zonada malların məruz qaldığı bütün dəyişikliklər uçot sənədlərində öz əksini tapmalıdır.

 

Xüsusi iqtisadi zonanın sərhədlərində gömrük nəzarətinin, gömrük məntəqələrinin fəaliyyətinin, malların gömrük rəsmiləşdirilməsinin, nəqliyyat vasitələrinin və fiziki şəxslərin sərhəddən buraxılma rejiminin sadələşdirilmiş qaydaları müəyyən edilir.

 

Eyni zamanda, malların gömrük rəsmiləşdirilməsi və gömrük anbarlarında saxlanılması üçün gömrük qanunvericiliyinə uyğun olaraq gömrük yığımları alınır. O cümlədən, aksizli mallar xüsusi iqtisadi zonaya idxal olunarkən, onlardan Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bütün gömrük ödənişləri tutulur.

 

Xüsusi iqtisadi zonanın vergi rejimi

 

Xüsusi iqtisadi zonanın rezidentlərinə həmin zonada göstərdiyi sahibkarlıq fəaliyyəti ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş güzəştli vergi rejimi tətbiq olunur.

 

Xüsusi iqtisadi zonanın ərazisində sahibkarlıq fəaliyyəti göstərən, qeydiyyatdan keçmiş rezidentlər malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdikləri vəsaitin məbləğindən (ümumi hasilatın həcmindən) və satışdan kənar gəlirlərindən 0,5 faiz dərəcə ilə vergini (sadələşdirilmiş vergini) hesablayır, rüb qurtardıqdan sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan həmin verginin məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanlarına bəyannamə verir və həmin müddətdə bu vergini dövlət büdcəsinə ödəyirlər.

 

Xüsusi iqtisadi zonanın rezidentləri yuxarıda qeyd edilən vergi və fiziki şəxslərin muzdlu işlə əlaqədar gəlirindən vergi istisna olmaqla, vergi qanunvericiliyi ilə müəyyən edilmiş digər vergiləri ödəməkdən azaddırlar.

 

Vergi Məcəlləsinə əsasən sənaye (yaxud texnologiyalar) parklarının rezidenti olan hüquqi və fiziki şəxslərin sənaye və texnologiyalar parkındakı fəaliyyətdən əldə etdikləri gəlir (əmək haqqından tutulan gəlir vergisi istisna olmaqla)– qanunvericiliyə uyğun olaraq sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq - 7 il müddətinə gəlir (mənfəət) vergisindən azaddır.

 

Bundan başqa, qeyd edilən sənaye və texnologiyalar parkında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi və fiziki şəxslər tərəfindən müvafiq təsdiqedici sənəd əsasında idxal olunan texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı - rezidentin sənaye və texnologiyalar parkında qeydiyyata alındığı tarixdən 7 il müddətinə ƏDV tutulmur.

 

Əlavə olaraq, rezident olan hüquqi və fiziki şəxslər qanunvericiliyə uyğun olaraq, sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, 7 il müddətinə sənaye və texnologiyalar parkındakı əmlaklarına görə əmlak vergisini və istifadə etdikləri torpaqlara görə torpaq vergisini ödəməkdən azaddırlar.

 

Təkliflər

 

Hesab edirik ki, qanunvericiliyi təkmilləşdirmək,mövcud boşluqları aradan qaldırmaq məqsədi ilə  xüsusi iqtisadi zonaların növləri, fərqləri, xüsusiyyətləri və rejimləri dəqiq müəyyən edilməklə onlarla bağlı ayrıca normativ-aktlar qəbul edilməlidir.

 

Habelə, qanunvericilik tələblərini daha da yumşaltmaq,Azərbaycan Respublikasının mülki, vergi, gömrük, valyuta, əmək, miqrasiya və digər qanunvericiliyinin ümumi tələblərini və qaydalarını azad ticarət zonalarında və digər azad zonalarda tətbiq etməmək olar. Məsələn, hesabatlılıq, vergi-uçot, maliyyə, valyuta sahələrində tələbləri minimuma endirmək, rezidentlərə yalnız birdəfəlik və ya illik rüsumlar və haqlar tətbiq etməklə onları bütün növ vergilərdən (o cümlədən, gəlir (mənfəət) vergisindən və ƏDV-dən, dividendlər üzrə vergidən, əmlak vergisindən və s.) və digər yığımlardan tam və ya daha uzun müddətə azad etmək,inzibati nəzarəti azaltmaq, qeydiyyat prosedurlarını minimuma endirmək, xarici işçilər üçün iş icazələri tələb etməmək,əlaqədar əcnəbilər üçün viza rejimini tam aradan qaldırmaq, rezidentlər üçün daha sadə və az vəzifələr müəyyən etmək, daha çox azadlıqlar vermək, azad bank xidmətləri təşkil etmək və s. bu kimi güzəştli və həvəsləndirici tədbirlər görmək olarki, bu zonalar xarici investorlar üçün daha da cəlbedici olsun.

 

Ümid edirik ki, bu kimi məsələlər azad iqtisadi zonaların yaradılması ilə bağlı hazırlanan qanunda və digər qanunvericilik aktlarında əks ediləcəkdir.

 

Hüquqşünas Allahverən Oruclu

www.biznesleks.az

23.08.2017 16:15

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ