Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Kupça" ilə bağlı mühüm yenilik

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Kupça" ilə bağlı mühüm yenilik

Azərbaycanda bütün mənzil sahiblərinin, eləcə də mənzil almaq istəyənlərin çoxdan gözlədiyi mühüm yenilik - vətəndaşlar alacağı mənzillərə çıxarışın verilib-verilməyəcəyini və qiymətini əvvəlcədən öyrənə biləcəklər.

 

Bununla bağlı sentyabrın 27-də “Daşınmaz əmlakın qeydiyyatında yeni elektron xidmətlər: vətəndaş məmnunluğunun artırılmasına yönəlmiş addımlar” mövzusunda ictimai təqdimat keçirilib. Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) nümayəndələri, iqtisadçı ekspertlər, bu sahədə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

 

Bundan sonra yeni tikilən binalardan mənzil alanlar həmin binanın sənədlərinin qaydasında olub-olmadığını və aldıqları mənzillərə çıxarış verilib-verilməyəcəyini əvvəlcədən elektron qaydada dəqiqləşdirə biləcəklər. Eyni zamanda, vətəndaşlar alacağı mənzillərin qiymətini əvvəlcədən bazar dəyərlərinə uyğun öyrənəcəklər.

 

Məqsəd daşınmaz əmlakın qeydiyyatı sahəsində istifadəyə verilən bu yeni xidmətlərin vətəndaşlara verdiyi fayda, istifadə qaydaları və müsbət nəticələri barədə ictimaiyyəti məlumatlandırmaqdır.

 

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev bildirib ki, son dövrlər dövlət qurumlarının qarşısında qoyulan tapşırıqlara əsasən, vətəndaşlara operativ və şəffaf xidmətlərin göstərilməsi, məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsi istiqamətində uğurlu işlər icra olunur. ƏMDK da fəaliyyət istiqamətləri üzrə SMS, onlayn və elektron xidmətlərin tətbiqini genişləndirir. Digər sahələrlə yanaşı, daşınmaz əmlakın qeydiyyatı sahəsində də yeniliklər tətbiq edilir. Qeydiyyat prosedurlarının sadələşdirilməsi, qabaqcadan qeydiyyat mexanizminin fəaliyyəti, elektron çıxarışın mövcudluğu bu sahədə görülən işlərin əyani sübutudur. Eyni zamanda, vətəndaşların bilavasitə ünvanlarında keçirilən “Kütləvi çıxarış” və hüquqi yardım kampaniyaları, mobil xidmətlər komitənin sosial layihələrindəndir. Digər faydalı xidmət isə innovativ üsulların tətbiq edildiyi “Əmlakın qeydiyyatı kalkulyatorudur”. Yenilikləri ilə fərqlənən komitə bu dəfə də ənənəsinə sadiq qalıb. Belə ki, ölkə vətəndaşlarına, mənzil sahiblərinə böyük fayda verə biləcək, onların işini sadələşdirəcək 2 yeni elektron xidmət istifadəyə verib. Bunlar “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” və “Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi” elektron xidmətləridir. Bu xidmətlər artıq "Elektron hökumət" portalına inteqrasiya edilib.

 

Bildirilib ki, “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” elektron xidmətinin köməyilə istənilən şəxs, onu maraqlandıran yeni tikilidəki mənzillərə mülkiyyət hüququnu təsdiqləyən çıxarış veriləcəyini əvvəlcədən öyrənəcək. Yeni xidmətdən istifadə etmək üçün komitənin "emdk.gov.az" rəsmi internet səhifəsində "Elektron xidmətlər" bölməsinə daxil olaraq, həmin xidməti seçmək lazımdır. İstifadəçi ölkə üzrə onu maraqlandıran şəhər, rayon, qəsəbə və ya kənd, küçənin adını, həmçinin tikinti şirkətinin (MTK-nın) adını qeyd etməklə mənzillərin dövlət reyestrindən çıxarışının mövcud olub-olmadığı barədə məlumatı elektron qaydada onlayn rejimdə əldə edə bilər. Tam avtomatlaşdırılmış xidmət nəticəsində tələb olunan məlumat dərhal təqdim edilir.

 

Xidmət vasitəsilə vətəndaş mənzil almamışdan qabaq sahib olacağı mənzilə çıxarışın verilməsi üçün ilkin hüquqmüəyyənedici sənədlərin qaydasında olub-olmamasını elektron şəkildə, əvvəlcədən real vaxt rejimində öyrənə biləcək. Bu isə gələcəkdə istər paytaxtda, istərsə də regionlardakı vətəndaşların mənzilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına, onların etibarlı və leqal əmlak sahibi olmasına kömək edir. Vətəndaşlarda etibarlı, çıxarışla təmin olunmuş mənzil və ev alqı-satqısında geniş seçim imkanı yaradır. Eyni zamanda, xidmət bazarda mövcud leqal əmlaklara sahib olan vətəndaşların sayının artmasına, bu sahədə olan risklərin minimuma endirilməsinə, daşınmaz əmlak sahibləri arasında yarana biləcək problemlərin aradan qaldırılmasına şərait yaradır. Habelə mənzil alarkən müvafiq qurumlara əlavə müraciətlərin qarşısını alır, vətəndaş-məmur münasibətlərini minimuma endirir, bu sahədə çevikliyi artırır. Həmçinin bununla mənzillər üzərində ipoteka, girov, alqı-satqı kimi iqtisadi əməliyyatların yerinə yetirilməsi daha da sadələşir.

 

Yeni istifadəyə verilən digər elektron xidmət - “Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi” də öz əhəmiyyətinə görə, mənzil sahibləri və alıcıları üçün mühüm əhəmiyyət daşıyır. Bu xidmət vasitəsilə ev sahibi və ya alıcı əldə etmək istədiyi ərazidə evlərin təqribi bazar qiymətini elektron qaydada real vaxt rejimində öyrənə biləcəklər. Nəticədə bu sahədə yarana biləcək çətinliklər aradan qaldırılır, qiymətlə bağlı vətəndaşın səhv yönləndirilməsi kimi problemlər minimuma enir. Eyni zamanda, onlar maliyyə resurslarını əvvəlcədən planlaşdırmaqla vəsaitlərinə rahatlıqla özləri qərar verə bilir. Xidmətdən istifadə etmək üçün komitənin "emdk.gov.az" rəsmi internet səhifəsində "Elektron xidmətlər" bölməsinə daxil olaraq həmin xidməti seçmək lazımdır.

 

Sonda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi müavini Elşad Məmmədov "Daşınmaz əmlakın qeydiyyatında yeni elektron xidmətlər: vətəndaş məmnunluğunun artırılmasına yönəlmiş addımlar” mövzusunda təqdimat keçirib. Təqdimatda bu yeni xidmətlərin üstünlükləri, vətəndaşlara verdiyi fayda, istifadə qaydaları və müsbət nəticələri barədə danışılıb. Bildirilib ki, vətəndaşlar mənzil alarkən mənzillərin gələcəkdə sənədləşmə vəziyyəti, habelə alqı-satqı əməliyyatlarında mənzillərin bazar qiymətləri haqqında real və etibarlı məlumatlara ehtiyac duyurlar. Bu xidmətlərin yaranması da məhz bu zərurətdən irəli gəlir. Qeyd olunub ki, xidmətlərin ”Elektron hökumət” portalına inteqrasiyası vətəndaşların işini sadələşdirməklə yanaşı, proseslərə daha çevik reaksiya verilməsinə şərait yaradır. Bu xidmətlərdən əmlak sahibi olmağa qərar vermiş vətəndaşlar, tikinti və rieltor şirkətləri, hüquqşünaslar, bank nümayəndələri, qiymətləndirmə şirkətləri istifadə edə bilərlər.

 

Qeyd edək ki, komitənin istifadəyə verdiyi elektron xidmətlər ölkə vətəndaşları üçün heç bir ünvana müraciət etmədən, operativ qaydada internet resursları və mobil telefonlar vasitəsilə sahib olduqları əmlaklar barədə lazımi əməliyyatı həyata keçirmək imkanlarını yaradır. Bu xidmətlər komitənin fəaliyyət sahələri üzrə şəffaflığın artırılmasını, daşınmaz əmlakla bağlı hüquqi əməliyyatların daha rahat və operativ qaydada reallaşmasını təmin edir.

27.09.2017 11:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ