Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

25 ölkəyə satılan Azərbaycan məhsulu

iç səhifə xəbər başlığı altı (mobil)_31
25 ölkəyə satılan Azərbaycan məhsulu

Həm ixracatçı, həm də himayəçi olan “Aznar” şirkəti bölgədə əhəmiyyətli sosial layihələrə imza atır


 

Reklam_3_11

Barlı-bəhərli payız gəlib yurdumuza. Bu fəslin bəhrələrinin hamısı özünəməxsus dadında, tamındadır. Lakin həmin meyvələr arasında hətta cənnət meyvəsi adlandırılan narın öz yeri var. Nar deyəndə isə sözsüz ki, birmənalı şəkildə Göyçay yada düşür.

 

850 hektardan 1400 hektara...

 

Göyçayı narın vətəni adlandıranlar əsla yanılmayıblar. Bir qədər dərinə getsək görərik ki, respublikamızın hər bir bölgəsində nar ağacı bitir. Lakin digər bölgələrin heç birində nə Göyçaydakı qədər nar ağacı, nə nar sortları və nə də ki, bu meyvədən hazırlanan fərqli məhsulları görməyimiz mümkündür. Əslində ildə bir dəfə Göyçayda keçirilən “Nar bayramı”nda ortaya çıxarılan fərqli məhsullar bir daha bütün qeyd olunanlara möhürünü vurur. Respublikamızın şimal və şimal-qərb bölgələri qərzəkli meyvələri, cənub hissəsi limonu, portağalı, narıngisi, qərb rayonlarımız kartofu ilə məşhurdusa, Göyçayın da öyündüyü, sahibləndiyi nardır və onu layiqincə təqdim etməyi bacarır. Buradakı “Gülöyşə”, “Balamürsəl” sortları həm şirəliliyinə, həm də digər keyfiyyət göstəricilərinə görə seçilir. 


Artıq yavaş-yavaş piştaxtalara, yol kənarlarına narın satış məqsədilə çıxarılma zamanı başlayıb. Normalda isə narın əsl yeyilən vaxtı oktyabr ayının ortalarına təsadüf edir. Biz isə narı məhz yetişdirildiyi bağda görməyə qərar veririk. Beləliklə də “Aznar” Qapalı Səhmdar Cəmiyyətinin Törəmə müəssisəsi olan “Aznar-Aqro”nun Potu kəndində yerləşən nar bağındayıq. 


Burada bizi “Aznar-Aqro”nun rəhbəri Kamilə Əhmədova işçiləri ilə birlikdə qarşılayır. Əvvəlcə bağı gəzirik. İstər əvvəldən əkilən, istərsə də daha cavan ağaclara baxan kimi burada aqrotexniki qaydalara ciddi əməl olunmasının şahidi oluruq. 


Kamilə Əhmədova deyir ki, 2006-cı ildə “Aznar” QSC təsis olunduqdan sonra müəssisənin aqrar təsərrüfatının yaradılmasına qərar verilib. Bu məqsədlə də 2007-ci ildən nar bağlarının salınmasına başlanıb. Xanım sahibkarın sözlərinə görə, əvvəlcə 50 hektar torpaq sahəsində nar əkməyə başlayıblar. Ötən 10 il ərzində aparılan intensiv fəaliyyət öz sözünü deyib. Hazırda təsərrüfatın balansında 1200 hektar nar və 200 hektar üzüm bağı var.

 

1100 ton məhsul, 250 nəfərə iş...

 

Nar bağlarının 461 hektarı son 6 ildə əkilib və oradan tam bioloji məhsul götürülməsinə çalışılır. Torpağın güclənməsi üçün əsasən bura mal peyini verilir. Əlavə olaraq zərərvericilərə qarşı ciddi mübarizə aparılır. Qarşıya qoyulan əsas məqsəd həm respublikanın, həm də tələbatçı ölkələrdən olan müştərilərin ekoloji təmiz məhsulla təmin olunmasıdır. 


Son iki ildə iqlim şəraiti ilə əlaqədar olaraq çiçəkləmə dövründə mayalanma ilə bağlı narahatlıqlar yaşansa da, ümumilikdə məhsul boldur. Hazırda tam məhsula düşən 250 hektar bağ var. Cavan bağlarda isə məhsul hələlik nisbətən azdır.


Kamilə Əhmədova deyir ki, qazanılan uğurlarda, təsərrüfatın genişləndirilməsində ölkə rəhbərinin sahibkarlar üçün yaratdığı şərait mühüm rol oynayıb. Onlar da formalaşmış biznes mühitindən səmərəli istifadə etməyə maraq göstərirlər. İş həcminin genişləndirilməsi isə rayonun yerli büdcəsinə daha çox vəsaitin cəlb olunması və əlavə iş yerlərinin yaradılması deməkdir. Təsadüfi deyil ki, hazırda təsərrüfatda çalışan daimi işçilərin sayı 150 nəfərdir. Mövsümi işlər zamanı isə onların sayı artaraq 200-250 nəfərə çatır. Perspektivdə bağların daha da genişləndirilməsi nəzərdə tutulur. İşçilər isə əsasən nar bağlarının salındığı Potu, Bığır, İnçə, Mallı-Şıxlı, Müskürlü kəndlərinin sakinləridir. Onların arasında daimi işçilərdən ailəvi çalışaraq daha yaxşı gəlir götürən insanlar da az deyil.

 

Həkimlikdən təsərrüfat rəhbərliyinə...

 

“Aznar-Aqro” nun rəhbəri 10 ildir ki, bağların salınmasında, onlara qulluq göstərilməsində yaxından iştirak edir. İlk ixtisası həkimlik olsa da, sonradan aqrar sahə üzrə də təhsil alıb. Kamilə xanım deyir: “Tam səmimi sözümdür. Hazırda məşğul olduğum iş mənə daha doğmadır. Düzdür, təsərrüfatda çalışmaq qadın üçün çox da asan deyil. Buna baxmayaraq insanda istənilən addımı atarkən əsasən inam, hərəkət, düşüncə və qabiliyyət olmalıdır. İstənilən işin qurulmasında vacib şərt budur. İnam olan yerdə isə həmişə uğur da var.” 


“Aznar” zavodunun baş direktor müavini Asif Əhmədovla da istehsalatla bağlı söhbət edirik. Onun sözlərinə görə, nar tədarükü mövsümünün yaxınlaşması ilə əlaqədar müəssisədə ciddi hazırlıq gedir. Buna görə də müəssisədə olan avadanlıqlarda aparılan təmir-sazlama işləri yekunlaşma mərhələsindədir. Direktor müavininin sözlərinə görə, bu il əvvəlki illərlə müqayisədə nara tələbat daha çoxdur. Ona görə də məqsəd qəbul edilən məhsulun emal prosesini uğurla yekunlaşdırmaqdır. Ümumilikdə müəssisə 10 min ton nar istehsalı gücünə malikdir. Buradakı hər biri 50 ton tutuma malik aseptik çənlərdə 3700 ton nar şirəsi saxlamaq mümkündür.

 

Yeni Zellandiyadan Çinə, Avstraliyadan Almaniyaya...

 

Keçən mövsüm zavod tərəfindən 5 min ton nar qəbul olunub. Bu il həmin həcmin təxminən 7 min tona çatdırılması nəzərdə tutulur. Burada 100 faizli təbii şirələr istehsal olunduğundan tələbat da ilbəil artır. Təsadüfi deyil ki, buradan ildə 25 ölkəyə “Grante” brendi altında hazır məhsul ixrac olunur. Onların arasında Rusiya Federasiyası, Yeni Zellandiya, Avstraliya, Almaniya, Polşa, Çexiya, Malayziya, Çin, Qazaxıstan və digərləri var. Əsas tələbat da nar şirəsinədir. 


Müəssisədə kompot istehsalına 2016-cı ildən başlanmasına baxmayaraq həmin məhsul da artıq müştəri sevgisini qazanıb. Məhsulun şirin hazırlanmasında şəkərdən deyil, fruktozadan istifadə edilir ki, bu da tələbatı artırır. 


Zavodda daimi işçi sayı 120 nəfərdir. Mövsüm ərzində isə 200-220 nəfərə çatır. Müəssisə tərəfindən eyni zamanda, Fərhad Əhmədovun tövsiyəsi əsasında rayon ərazisində əhəmiyyətli iri sosial layihələr də reallaşdırılır. Bunlardan ən sonuncusu yaxın zamanlarda reallaşdırılıb. Təhsilin aparılması üçün yararsız vəziyyətdə olan 500 şagird yerlik şəhər 2 saylı tam orta məktəb şirkətin ayırdığı vəsait hesabına tamamilə yenidən qurulub və artıq məktəb ikinci ömrünü yaşayır. Məktəbin binası, belə demək mümkünsə, özülündən təmir olunub, damı, döşəməsi, qapı-pəncərələri dəyişdirilib, istilik, su və elektrik sistemi yenilənib, həyəti abadlaşdırılıb. Hər bir sinif otağında 12 kompüter, yeni elektron lövhələr quraşdırılıb, bütün mebellər təzələnib. Mətbəx və idman zalı da müasir standartlara uyğun təmir edilib. Məktəbin qarşısında isə onun məzunu şəhid Elton Əkbərovun adını daşıyan yeni lövhə də quraşdırılıb.


Bu məktəb həm də tanınmış biznesmen Fərhad Əhmədovun bir vaxtlar təhsil aldığı tədris ocağıdır. Bir vaxtlar şəhid Elton Əkbərovla bir partada oturan Fərhad Əhmədov 5 yaşından 15 yaşa qədər yaşadığı doğma şəhəri, müəllimləri və uşaqlıq dostları qarşısındakı borcunu unutmadığını deyərək doğma məktəbinin təmirini öz üzərinə götürüb. Hazırda onun yardımı ilə şəhər stadionu da əsaslı təmir olunur. Daha sonra isə Göyçay şəhər 7 saylı məktəbin və uşaq bağçalarının təmirinə başlanılacaq.


Rayonda qədim dövrə aid məscidin təmiri də görülən işlər sırasındadır. 2016-cı ilin iyun ayının 13-də İsmayıllı rayonunun Kurdmaşı kəndinə güçlü sel nətiçəsində əhalinin yaşadığı evlərə dəyən ziyan da nəzərə alınaraq “Aznar” şirkəti Kurdmaşı kəndinin sakinlərinə maddi kömək edib. Əlavə olaraq hər il rayonun Böyük Vətən müharibəsi veteranlarına 9 May - Qələbə Günündə həm pul, həm də ərzaq sovqatı göndərilir. Hər il 26 iyun - Silahlı Qüvvələr Günündə, Novruz bayramında da cəbhə bölgəsindəki əsgərlərimiz zəruri ərzaq sovqatı və hədiyyələrlə yad edilir.

 

© “Azərbaycan”

29.09.2017 05:43

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ