Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycanın yeganə kolxozunda bir gün

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın yeganə kolxozunda bir gün
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

...Səhər saat 6:30 radələridir. İsmayıllı Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Həsən Həsənovla görüşüb vədələşdiyimiz məkana - kolxoz quruluşunun respublikamızda qalan yeganə kəndi olan İvanovkaya, “Nikitin” adına kolxoza yol aldıq. Məqsədimiz üzüm tədarükünün vəziyyətini öyrənməkdir. Yolüstü H.Həsənov rayonun üzümçülük potensialı haqqında məlumat verir: 


- Hazırda rayon ərazisində 1090 hektar üzüm sahəsi var. “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar son illər davamlı olaraq üzüm sahələri genişləndirilir. Belə ki, 2015-ci ildə 114 hektar, 2016-cı ildə 40 hektar süfrə, 2017-ci ilin yazında isə 25 hektar texniki sortlardan ibarət yeni üzüm sahələri salınıb. Mövcüd 1090 hektar üzüm sahəsinin 888,2 hektarında məhsul yığımı davam edir. İlkin olaraq avqust ayının əvvəlində tez yetişən “Kardinal”, “Prima” süfrə sortlarının yığımına başlanıb. İndiyədək 600 hektardan çox sahənin məhsulu toplanıb. Süfrə sortlarının hər hektarından orta hesabla 50-60 sentner məhsul tədarük edilir. Yığılmış məhsullar rayon daxilində və Bakı şəhərinin bazarlarında satılır. Keçən il 2120 ton məhsul istehsal olunub. Bu il isə məhsulun 2500 tondan çox olacağı gözlənilir. 

 

SOVETLƏR DÖNƏMİNDƏ OLDUĞU KİMİ...


Maraqlıdır ki, İvanovka kəndindəki “Nikitin” adına kolxozda hər dəfə bir-birindən fərqli maraqlı qaydalarla qarşılaşırsan. Sovetlər dönəmində olduğu kimi, burada indi də bir sıra qaydalar qorunub saxlanılır. Bunlardan biri də hər gün səhər saat 7:00 radələrində kolxozun maşın-traktor parkının inzibati binasında bütün səlahiyyət sahiblərindən - sədr müavinindən, aqronomdan tutmuş, baş mexanikə, briqadirə kimi hamının burada cəm olması, gün ərzində icrası nəzərdə tutulan işlərlə bağlı tapşırıq alması və bundan sonra sahələrə çıxmasıdır. Bu, hələ Nikolay Vasilyeviç Nikitinin kolxoza rəhbərlik etdiyi dövrdən qalmış qaydadır. 


Odur ki, maşın-traktor parkına üz tuturuq. Burada bizi kolxoz idarə heyətinin sədri Vasiliy İvanoviç Novoseltsev qarşılayır. Öyrənirik ki, həmin gün iməcilik təşkil olunub və istirahət günü olması nəzərə alınaraq hamı üzüm toplanmasında iştirak edəcək. Ümumi söhbətdən sonra kolxoz sədri masanın üzərindəki hələ sovetlər dönəmindən qalma zəngi çalır və iclasın başlanmasını gözləyən işçilər bir-bir otağa daxil olurlar. 


Kolxoz sədri əvvəlcə hazırda kolxozda aparılan mövsümi işlərlə bağlı ümumi məlumat verdi. Belə ki, hazırda üzüm tədarükü ilə yanaşı, əsas işlər sırasında günəbaxanın yığılması və taxıl sahələrinin şumlanması dayanır. Hər üç istiqamətdə işlər icra olunmaqdadır. Bununla yanaşı, həmin işlərin sürətlə aparılması tapşırığını verən sədr hər kəsdən cavabdehik daşıdıqları sahələr üzrə qarşılaşdıqları çətinliklər barədə fikirlərini öyrənərək qeydlərini etdi. Bunun ardınca göstərilən istiqamətlər üzrə konkret tapşırıqların verilməsi ilə hər kəs öz iş sahəsinə yollandı. Əsas qüvvələr isə üzüm plantasiyalarına yönəldildi. 

 

SANKİ YARIŞIRLAR


Biz də sahəyə yollanırıq. Göz işlədikcə uzanan sahədə xeyli adam var. Onların arasında gənclərlə və ortayaşlı insanlarla yanaşı, nisbətən yaşlı kənd sakinlərini də görmək mümkündür. Hər birinin də çöhrəsində bir sevinc, həvəs hiss olunur. Sanki yarışırlar. Üzümü yığan kim, daşıyan kim, dolu vedrələri avtomobillərə boşaldan kim. Yaşlı bir qadın isə məhsulun yığıldığı yük avtomobilinin yanında dayanaraq əlindəki jurnala kimin nə qədər üzüm yığmasını qeyd edirdi. 

 

KİLOQRAMI 29 QƏPİKDƏN SATILIR


Bu il əsasən quraqlıq keçməsini nəzərə alsaq, bağlarda üzüm o qədər də az deyil. Doğrudur, Vasiliy İvanoviç məhsuldarlıqdan tam razı deyil. Bununla belə, keçən illə müqayisədə daha çox məhsulun olmasını etiraf edir. Həmçinin yazda və yayda bol günəşdən bəhrələnən üzümün şəkərliliyinin 24-25 faiz təşkil etməsi də müsbət hal kimi qeyd olunur. Ən vacibi isə alıcının olması və real müştərinin üzümün kiloqramına 29 qəpik təklif etməsidir. Bu da keçən ildəkindən 9 qəpik çoxdur. 


Təsərrüfatda 296 hektar üzüm bağı var. Bu, əsasən texniki “Mədrəsə” sortudur və ondan keyfiyyətli qırmızı şərab alınması baxımından üstünlüyə malikdir. 


Kolxozun baş aqronomu Matvey Kazakova yaxınlaşırıq. O deyir: 


- İqlim şəraitinə uyğun olaraq üzüm gilələrinin balacalığına baxmayaraq, ümumilikdə vəziyyət qənaətbəxşdir. Əsas odur ki, sağlıq olsun və əlimiz boşda qalmasın. Göstərilən aqrotexniki qulluq, zamanında məhsulun keyfiyyəti üçün vacib olan dərman preparatlarının və gübrələrin verilməsi bolluqla nəticələnib. Gördüyünüz kimi, bu gün kənddə iməcilik keçirilir. Demək, məhsul var ki, adamlar da sahələrdədir. Mövsüm ərzində təxminən 3-4 dəfə belə iməciliklər keçirilir. Əsas məqsəd tez zamanda məhsulun toplanaraq alıcı təşkilata verilməsidir. Hazırda təxminən 160 nəfər könüllü şəkildə sahələrə çıxıb. Adi günlərdə isə üzüm sahələrində 85-90 nəfər işçi çalışır. Ümumilikdə kolxozda çalışan işçilərin sayı mövsümə uyğun olaraq dəyişir. İşçi sayı təxminən 650 nəfər təşkil edir. 


Kolxozun üzümçülük təsərrüfatında 8 briqadanın fəaliyyət göstərdiyini deyən M.Kazakov, həmçinin bildirdi ki, onlar hazırda əsasən üzüm toplanmasında iştirak edirlər. Briqadalarda azərbaycanlı, rus və ləzgilərin birlikdə çalışdıqlarını, onlar arasında heç bir ayrı-seçkiliyə yol verilmədiyini də xüsusi olaraq nəzərə çatdırdı. Eləcə də istənilən işdə rayon rəhbərliyinin, əlaqədar təşkilatların onlara diqqət ayırmalarını xüsusi olaraq vurğuladı. 
Briqadir köməkçisi Ağaverdi Abulov isə İvanovkada həmişə əməyə və zəhmətkeş insana hörmətlə yanaşıldığını dedi. Onun sözlərinə görə, Nikolay Vasilyeviçin rəhbərliyi dövründə hər şey daha yaxşı və maraqlı idi. Lakin sonradan sövet hökumətinin dağılması ilə vəziyyət dəyişsə də, artıq yavaş-yavaş hər şey öz yerini tutur. Dövlətin kolxozun ayrı-ayrı borclarını silməsi, kənd təsərrüfatının inkişafı üçün zəruri kömək göstərməsi insanlarda inam hissini artırıb. Ona görə də hamı kolxozun gələcəkdə daha böyük imkanlara sahib olacağına inanır. 


Briqadalarının 43 hektar üzüm bağına cavabdehlik daşıdıqlarını deyən A.Abulov işçi sayının təxminən 12 nəfər olduğunu nəzərə çatdırdı. Ümumilikdə isə məhsuldarlıqdan razı qaldıqlarını bildirdi. 


Artıq biz yavaş-yavaş üzümlükdən çıxırıq. Günəşin qalxması, havanın isinməsi buradakı zəhmətkeş insanları daha canlandırır. Səhər soyuğundan qorunmaq üçün üstdən geyindikləri isti paltarlarını soyunaraq daha enerjili işləməyə başlayırlar. Məqsəd birdir - min bir əziyyətlə yetişdirilən məhsulu vaxtında və itkisiz toplamaq, əldə olan vəsaitlə ailə büdcəsini daha da yaxşılaşdırmaq.


©“Azərbaycan”

10.10.2017 04:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ