Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Araz və Favorit birləşməsinin təfərrüatları məlum oldu - MÜSAHİBƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Araz və Favorit birləşməsinin təfərrüatları məlum oldu - MÜSAHİBƏ

Araz, Spar, OBA marketlər şəbəkələrinin daxil olduğu Veysəloğlu Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri iqtisadçı jurnalist, PR mütəxəssis İlham Məmmədzadənin “Marja.az”a müsahibəsi.


 

Reklam_3_11

İlham müəllim, bu yaxınlarda Araz Supermarketlər və Favorit Marketlərin birləşməsi ilə bağlı ictimaiyyətə bir açıqlama verdiniz. Sözügedən birləşmə ölkəmizdə bu sahədə atılan ilk addım idi.Bu birləşmə ilə bağlı ictimaiyyəti maraqlandıran bəzi suallara cavab almaq istərdik.

 

-Araz Supermarketlər və Favorit Marketlərin birləşməsini zəruri edən nə idi?

 

-Bilirsiniz ki, hər iki market xidmət sektoruna aid olub, ölkə əhalisinin pərakəndə ticarət sektorunda gündəlik təlabat malları ilə təminatını həyata keçirən, geniş müştəri bazasına malik olan supermarket şəbəkələridir.

 

İnkişaf etmiş ölkələrdə marketlərin şəbəkələşməsi biznesin inkişafı üçün ən önəmli addımlardan və göstəricilərdən biridir. Biz bunu Avropanın müxtəlif ölkələrində - Almaniya, Fransa, Norveç, Hollandiya, İspaniya, baltikyanı və digər ölkələrdə daha aydın görə bilərik. Bu ölkələrdə marketlərin şəbəkələşməsi ümumi pərakəndə bazarının 90-95% hissəsini tutur. Türkiyədə bu göstərici 55-60 %, Rusiyada 55%-ə qədərdir. Bir sözlə pərakəndə sektorda şəbəkələşməni ölkə iqtisadiyyatının bir indikatoru kimi dəyərləndirmək olar. Şəbəkələşmə fəaliyyəti dönəmində müxtəlif cür özünü göstərir. Məsələn yeni marketlərin fəaliyyətə başlaması və sayının sürətlə artması, yaxud mövcud marketlər birləşərək daha böyük marketlər şəbəkəsinin yaranması.

 

Ölkə inkişafı pərakəndə sektorda şəbəkələşmə inkişafından çox asılıdır. Azərbaycanda pərakəndə sektorun təqribən 27%-i şəbəkə marketlərin payına düşür.

 

Bugün fəaliyyət göstərən marketlərin şəbəkələşməsi çox aşağıdır. Yəni marketlər şəbəkəsinə daxil olan filialların sayı bəzən heç 10-a çatmır. Şəbəkə marketlərin sayı çoxaldıqca məhsulların alış qiymətinin maya dəyəri daha da azalır. Çünki topdan şəkildə məhsul tədarük edən zaman qiymət endirimləri daha çox olur. Bunun əsas səbəbi çatdıırılmanın bir nöqtəyə edilməsi və dağıtımın vahid mərkəzdən idarə olunmasıdır. Bunun üçün isə yaxşı və peşəkar səviyyədə təşkil olunmuş logistika mərkəzi və standartlara cavab verən anbar sistemi gərəkdir.

 

-Şəbəkələşmə prosesi xırda və orta sahibkarlığın inkişafına necə təsir göstərəcək?

 

-Öncə qeyd etdiyim kimi ölkə iqtisadiyyatı inkişaf edən zaman şəbəkələşmə qaçılmazdır. Bu proses orta və kiçik marketlərin – məhəllə marketləri, bakkallar, discount marketlər və s. inkişafına və fəaliyyətinə mane törətmir. Çünki hər bir marketin öz alıcı kütləsi mövcuddur. Qeyd edim ki, şəbəkələşmə prosesi xırda və orta sahibkarlığın inkişafına təkan verir, onların işini daha da rahatlaşdırır. Təsəvvür edin ki, istehsalçı bir mərkəzə məhsul verməklə 100-lərlə marketdə məhsulunun satışını təmin etmiş olur. İstehsalçı əlavə çatdırılma və distribüter xərclərindən azad olur və yalnız istehsalla məşğul olaraq məhsulunun keyfiyyətli olmasına fokuslanır. Bu zaman istehsalçı və ya fermer yalnız öz işi ilə məşğul olacaq, daşınma, çatdırılma, saxlanma və ümumilkdə logistika xidmətlərinə əlavə vaxt sərf etməyəcək.

 

-Bu birləşmənin idarə edilməsi necə olacaq?

 

-Araz Supermarketlər ilə Favorit marketlər şəbəkəsinin birləşməsini zəruri edən amillər bir az öncə sadaladığımız amillərdir. Burada hər hansı bir marketin satın alınmasından yox, birgə fəaliyyətindən söhbət gedir. Yəni burda iki şəbəkənin mərkəzdən idarə olunması əsas amil kimi götürülüb. Bunun üçün isə hər iki şəbəkənin komandasından ibarət vahid bir mərkəz formalaşdırılacaq. Bu birləşmə mövcud hüquqi şəxslərin birləşməsidir. Eyni zamanda vahid logistika xidməti olacaq.

 

-Rebrendinqin aparılması gözlənilirmi? Aparılacaqsa, hansı brendə üstünlük veriləcək?

 

-Mövcud halda rebrendinqin aparılmasına ehtiyac yoxdur. Çünki bugün hər iki marketin öz alcısı, öz müştərisi var. Hər iki marketin məhsul portfelində də fərqlər mövcuddur. Buna görə də rebrendinq bu birləşmənin tələbi deyil. Yəni rebrendinq gözlənilmir. Hazırki dönəmdə hər iki market öz adı ilə fəaliyyət göstərəcək. Yeni market açılan zaman da hansı adla fəaliyyət göstərməsi bazar araşdırmasından sonra ortaq qərarla müəyyənləşəcək. Bundan başqa hər hansı Araz marketin adı və ya Favorit marketin adı digəri ilə əvəzlənə bilər. Bu bazarın tələbi ilə formalaşacaq.

 

-Bu birləşmə ilə nələr dəyişiləcək?

 

-Bayaq da qeyd etdiyim kimi bu birləşmə ilə mərkəzi logistika, mərkəzi satınalma imkanları genişlənəcək, mərkəzləşdirilmiş idarəetmə formalaşdırılacaq. Məqsədimiz daha sürətli və daha optimal bir idarəetmə sistemi qurmaq, müştərilərin məmnuniyyətini daha da yüksəltməkdir. Bu təcrübə ölkəmizdə bir ilk olsa da dünya praktikasında müsbət və inkişaf yönümlü bir addım kimi qiymətləndirilir. Təcrübə bu tip birləşmələrin müsbət cəhətlərinin daha çox olduğunu açıq aşkar göstərmişdir. Bu birləşmə ilə biz həm də xidmətin keyfiyyətini yüksəltməklə yanaşı maliyyətini də aşağı salmış oluruq. Ən əsası isə sözügedən birləşmə qiymət siyasətinə yenidən baxmağa imkan verəcək.

 

-İnvestisiya yatırımı necə olacaq?

 

-İnvestisiya yatırımı hər iki sahibkarın qərarı ilə olacaq. Biznesə yatırılacaq investisiyalar müxtlif yerlərdən maliyyələşə bilər. Məsələn sahibkarlar öz qazanclarını yeni marketlərin açılmasına yatıra bilər. Və ya kənar maliyyə təşkilatlarından investisiyalar cəlb oluna bilər. Ümumi olaraq qeyd edim ki, Araz Supermarketlər şəbəkəsinin bir hədəfi, bir inkişaf planı var. Bugün də şirkət bu plan üzrə hərəkət edir və yeni Araz Supermarketlər şəbəkəsinin açılması planlaşdırılıb. Eyni zamanda tələbə uyğun olaraq yeni Favorit filialları da açıla bilər. Bu bir marketinq siyasətidir və bazarda təlabatdan aslıdır. Tələb harda və kimədirsə təklif də ona uyğun yaradılacaq.

 

-Qiymətlər hansı marketə uyğun tənzimlənəcək?

 

-Bugün pərakəndə sektorunda qiyməti bazar formalaşdırır. Hər iki marketin öz qiymət siyasəti var. Qiymətlər də bu siyasətə əsasən, bazarın tələblərinə uyğun formalaşdırılacaq.

 

Sonda qeyd etmək istərdim ki, bu cür birləşmələr pərakəndə sektorun inkişafına səbəb olur. Pərakəndə sektorun inkişafı öz növbəsində yerli istehsalın artmasında mühüm rol oynayır. Sözügedən birləşmə ölkə iqtisadiyyatında bazarın bu sektorunun inkişafına xidmət etməklə yanaşı, müştəri məmnuniyyətinin, supermarket mədəniyyətinin daha da yüksəldilməsinə müsbət təsir göstərəcək.

 

-Müsahibə üçün təşəkkür edirik.

17.10.2017 09:17

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ