"Sığorta bazarında ciddi rəqabət aparan şirkətlərdən biriyik"

“AtaSığorta” şirkətinin idarə heyətinin sədr müavini Qoşqar Həsənovla aparılan müsahibəni təqdim edirik.

 

"Artıq sığortanı alanlar bundan əvvəl sığorta şirkəti seçəndə ucuz qiymətin ardınca qaçırdısa və keyfiyyətə o qədər də diqqət etmirdisə, artıq onlar güvənli və xidmətə önəm verən şirkətə üz tutmağa başlayıblar".


 

-Qoşqar müəllim, bir sıra sığorta şirkətlərindən fərqli olaraq “AtaSığorta”nın yığımları bu il artmaqda davam edir. Bu nə ilə bağlıdır?

 

-2017-ci ilin 10 ayının sığorta sektoru üzrə statistikası açıqlanmadığı üçün 9 ayın rəqəmlərini paylaşmaq istərdim. Qeyd olunan dövrdə sığorta sektoru üzrə hesablanmış sığorta və təkrarsığorta haqları 414,4 mln. manat olub. Bu göstərici 2016-cı ilin eyni dövrü ilə müqayisədə 6,2% artım deməkdir. Lakin qeyd etmək lazımdır ki, artımın səbəbi həyat sığortası üzrə yığımların 31,1% artmasıdır.

 

2017-ci ilin 10 ayı ərzində “AtaSığorta” ASC üzrə hesablanmış sığorta və təkrarsığorta haqları 11,1 mln. manat olub. Bu göstərici 2016-cı ilin eyni dövrü ilə müqayisədə 31,9% artım deməkdir. Satışların artmasının əsas səbəbi kimi əhatə dairəsinin genişlənməsini qeyd edə bilərik. Bu ilin ötən dövrü ərzində AtaSığorta satışlarını və xidmət nöqtələrinin sayını artırmağa müvəffəq olub. Şirkətimizin inkişaf proqramına uyğun olaraq, bu il ərzində bütün respublikanı əhatə etməklə filial və nümayəndəliklərin sayı 31-ə, satış ofislərinin sayı isə 64-ə çatıb və bu proses davam edir.

 

Bilirsiniz, insanlar sığorta şirkəti seçəndə imicə, güvənliyə, rahat və keyfiyyətli xidmətin alınmasına diqqət edirlər. Bu xüsusilə, avtomobillərin kasko sığortası, əmlak sığortası, tibbi sığorta və icbari sığortada özünü göstərir. Məsələn, ötən ilə nisbətən bizim tibbi sığorta, icbari sığorta və kasko sığortası üzə portfellərimizdə ciddi artım olub. Bu o deməkdir ki, artıq sığortanı alanlar bundan əvvəl sığorta şirkəti seçəndə ucuz qiymətin ardınca qaçırdısa və keyfiyyətə o qədər də diqqət etmirdisə, artıq onlar güvənli və xidmətə önəm verən şirkətə üz tutmağa başlayıblar.

 

-Artım icbari sığorta növlərinin hesabınadır?

 

Təbii ki, xeyr. Bu artım bir az öncə qeyd etdiyim könüllü və icbari sığorta növlərin payına düşür. Əslində könüllü sığortanı da iki yerə bölmək olar. Birincisi, adı könüllü olan - yəni daşınan və daşınmaz əmlakın girov sığortası olanlar, ikincisi isə sözün əsl mənasında könüllü olanlardır. Yəni vətəndaşlar öz əmlaklarını və nəqliyyat vasitələrini və digər sığorta risklərini özləri gəlib sığortalayırlar. Əsl könüllü hissədə artım var. Bu ilbəil müşahidə olunur. Doğrudur, hazırkı iqtisadi vəziyyət və insanların maddi durumu da buna təsir göstərir. Amma son 10 il ərzində burada artım müşahidə olunur. Yəni könüllü qaydada sığortalıların sayı azalmır. Son illər bütün növ könüllü sığortalarda dinamik artım hiss edilməkdədir.

 

-Sığorta bazarındakı son vəziyyətə baxmayaraq, 2017-ci ili “AtaSığorta” üçün uğurlu hesab etmək olarmı?

 

Bütün nəticələri ümumiləşdirsək, şirkətimiz cari ilin 10 ayını artımla, daha dəqiqi itkisiz başa vurub. Bundan əlavə, “AtaSığorta” 2017-ci ilin oktyabr ayında növbəti 3 il müddətinə “İntertek” şirkəti tərəfindən İSO 9001:2015 Beynəlxalq Keyfiyyət İdarəetməsi Sertifikatı alıb. Bu bizim daha bir uğurumuzdur.

 

Bütün bunlarla bərabər yenə də var gücümüzlə çalışırıq. Məsələn, bu il 3 yeni sığorta məhsulu hazırlamışıq. “Qoşa Kasko”, “Arxayın mən” və “Sığortalıyam” məhsulları artıq bazara təqdim edilib və hazırda bu məhsullara maraq getdikcə artır.

 

-Bildiyiniz kimi, sığorta bazarında çalxalanma bəzi şirkətlərin bağlanması, bəzilərinin birləşməsi ilə nəticələndi. Bununla belə digər şirkətlər arasında güclü rəqabət var. “AtaSığorta” bu rəqabətə davam gətirmək üçün nələri planlaşdırır?

 

Təbii olaraq, biz də sığorta yığımlarımızın genişlənməsini və xərclərin müəyyən formada optimallaşdırılmasını planlaşdırırıq. Ən azından strategiyamız və qarşımızda duran proqnozlar bunu deməyə imkan verir. Hesab edirik ki, növbəti il də könülü növlər üzrə ən azı 25-35 % artıma nail ola biləcəyik. Bunun üçün oktyabr ayından yeni məhsulların hazırlanıb sığorta bazarına təqdim olunmasına nail olmuşuq. “Qoşa Kasko”, “Arxayın mən” və “Sığortalıyam” məhsulları müştərilərimizin rahatlığı və istəklərinə uyğun hazırlanmışdır. Artıq, qeyd etdiyim məhsullara Bakı şəhəri və regionlarda olan müştərilərimiz ciddi maraq göstərirlər.

 

Sığorta risklərimizi səmərəli idarə etmək məqsədilə sığorta portfelimizi bir qədər diversifikasiya etmək istəyirik. Həmçinin, xidmətlərimizin keyfiyyətini artırmaqla sığorta bazarında ciddi rəqabət aparan şirkətlərdən biri kimi bütün imkanlarımızdan istifadə etməyə çalışırıq. Şirkətimiz fəaliyyətinin əsas prinsipi kimi fiziki və hüquqi şəxslərə yüksək səviyyəli sığorta xidmətləri göstərməklə onların təlabatına uyğun yeni məhsulu təqdim etməyi davam etdirməkdir.

 

-“AtaSığorta” qarşıdakı illərdə genişlənmə planını davam etdirəcəkmi?

 

Şirkətimizin strategiyasına uyğun olaraq, bu işlərimizi uğurla davam etdiririk. Müştəri sıxlığı və sığortaya tələb olan ərazilərə, təbii ki, bunun iqtisadi səmərəsini hesablayaraq qənaətə gəlirik ki, müştərilərin və hadisələrin sayını nəzərə alaraq, daha yaxşı xidmət göstərilməsi üçün filial və nümayəndəliklərin açılmasını məqsədə uyğun hesab edirik. Artıq Bakı şəhəri və regionlarda əsasən tam bir şəbəkə qurulmuşdur. Ehtiyac yarandıqda bu işlər davam etdirilməlidir.

 

-Müştərilərin diqqət yetirdiyi əsas məsələ sığorta ödənişin tez verilməsi və ya avtomobilin operativ şəkildə təmir edilməsidir. AtaSığorta hadisələrin tənzimlənməsini necə həyata keçirir?

 

Bakı şəhəri və regionlarda hər bir hadisəyə ən qısa zamanda çıxış imkanına malik olan qəza komissarlarımız sığorta hadisələrinin operativ tənzimlənməsi və araşdırılmasını həyata keçirir. Həftənin 7 günü, günün 24 saatı ərzində harada baş verməsindən asılı olmayaraq bütün hadisələr tənzimlənir. Həmçinin sığorta hadisəsi nəticəsində baş vermiş zərərlərin qiymətləndirilməsini 1-2 iş günü ərzində yerinə yetiririk. Müəyyən obyektiv səbəblərə görə bu müddətin uzanması baş verə bilər. Lakin hər bir halda müştəri və zərərçəkənlərin məlumatlandırılması və prosesin qısa müddətdə yekunlaşması üçün əlimizdən gələni edirik. Yekunda bütün məlumatlar proqram təminatı vasitəsilə elektron bazaya daxil olunur və insan amili minimuma endirilir. Sığorta hadisələrinin tənzimlənməsi prosesinin hər bir mərhələsində müştərilərimiz avtomatik olaraq məlumatlandırılır.

 

Bundan əlavə hər bir filial və nümayəndəliklərimizin bu işin təşkil olunması və texniki cəhətdən tam təchiz olunmasını həyata keçirmişik. Yəni, regionda baş vermiş hadisə ilə əlaqədar vətəndaşların Baş ofisə müraciət etmələrinə ehtiyac yoxdur. Standart hadisələr üzrə ödənişlərin müddəti 1-3 iş gününə tənzimlənir. Bu proseslərin yaxın gələcəkdə daha da optimallaşması üçün işlər aparılır.

 

-Bu gün sığorta bazarında maliyyə göstəriciləri, müştəri portfeli aşağı olan zəif şirkətlər hələ də qalmaqdadır. Sizcə, bu şirkətlərin bazarı tərk etməsi nəyi dəyişəcək?

 

-Əslində bu, sığorta sektorunda və maliyyə sahəsində baş verən proseslərlə əlaqədardır. Çünki, artıq sığortanın qloballaşması, sığorta fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması və kapitallaşmaya olan tələbin artması rəqabətə davam gətirməyən bəzi şirkətlərin sektordan çıxmasına səbəb olur. Eləcə də bu özünü korporativ idarə etmənin tətbiqində və xidmət səviyyəsinin yüksəlməsində biruzə verir. Yəni, istənilən məsələdə müəyyən bünövrəsi olan şirkətin şansları daha böyükdür. İnsanlar sığortadan indiyədək necə istifadə edirdilərsə, bundan sonra da edəcəklər. Lakin perspektivdə sağlam sığorta mühitinin yaranmasından təbii olaraq bazarın bütün iştirakçıları xüsusən də geniş əhali kütləsi faydalanacaq. Sığorta artıq insanların maliyyə-təsərrüfat və şəxsi həyatının ayrılmaz və əvəzolunmaz bir tərkib hissəsinə çevrilməkdədir.

 

-Son iki ildəki iqtisadi vəziyyət sığortada da zərərliliyi xeyli artırıb.Necə hesab edirsiz, bu, icbari sığorta tarifləri artmasına təsir edə bilərmi?

 

Düşünürəm ki, hazırkı iqtisadi şəraitdə mövcud tariflər məqsədəuyğundur. Amma ümumi baxanda, hesab edirəm ki, sığorta şirkətləri xərclərin optimallaşdırılmasını səmərəli aparmaqla daha çox gəlir əldə edə bilərlər.

 

-Sığortaçılar növbəti dəfə Baden-Baden şəhərində toplaşmışdılar. Bu beynəlxalq simpoziumda “AtaSığorta” üçün yeniliklər nədən ibarət oldu?

 

22-26 Oktyabr tarixlərində Almaniyanın Baden-Baden şəhərində keçirilən ənənəvi illik təkrarsığorta simpoziumu çərçivəsində bir sıra broker və təkrarsığorta şirkətlərinin nümayəndələri ilə işgüzar görüşlər keçirildi. AtaSığorta şirkəti olaraq tədbirdə mən və Anderaytinq və Təkrarsığorta departamentinin direktoru Nigar İbrahimova təmsil etmişdik.

 

Burada təkrarsığorta şirkətlərindən A reytinqli VIG Re (Çexiya), Swiss Re (İsveçrə), Hannover Re və Munich Re (Almaniya), PolishRe (Polşa), Trust Re (Yunanıstan), Russian Re (Rusiya), Eurasia (Qazaxstan), Lloyd’s brokerləri olan MAI (Latvia), TürkerBroker (Türkiyə), “JLT” (Türkiyə nümayəndəliyi), AON Benfield nümayəndələri ilə təkrarsığorta işləri üzrə müzakirələr aparıldı.

 

Həmçinin, 22.10.2017-ci il tarixdə “AzRe Təkrarsığorta” ASC təkrarsığorta simpoziumunda 10 illik yubileyini qeyd edildi. Tədbirdə şirkətin yerli və beynəlxalq müştəriləri və partnyorlarının 240-dan çox nümayəndəsi iştirak etdi.

 

-Qoşqar müəllim, maraqlı müsahibə üçün təşəkkür edirik. Sonda əlavə etmək istədiyiniz nəsə qaldımı?

 

“AtaSığorta” şirkətinə ayırdığınız vaxta və diqqətinizə görə sizə təşəkkürümü bildirirəm. Təbii olaraq, biz müştərilərimiz üçün çalışırıq, onların layiqli dostu və təminatçısı olmaqdan qürur duyuruq. Bütün müştərilərimizin bizə göstərdiyi etimadı doğrultmağa çalışmışıq, çalışırıq və çalışacağıq. Əlbəttə, mən mütləq bizim kollektivi qeyd etmək istəyirəm. AtaSığorta kollektivi hər zaman öz peşəkarlığı və məsuliyyəti ilə fərqlənib. Mən xüsusi olaraq bizim bütün əməkdaşları, əməkdaşlıq etdiyimiz agentlərimizi qeyd edərək onlara təşəkkürümü bildirmək istəyirəm.

10 Noyabr 2017, 14:37   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin