Ən yuxarı statik reklam-3_3

Abşeronda ən böyük zeytunçuluq təsərrüfatı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Abşeronda ən böyük zeytunçuluq təsərrüfatı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Son dövrlər Azərbaycanda yaradılmış müasir zeytunçuluq təsərrüfatlarından biri Bakının Xəzər rayonunun Zirə qəsəbəsində yerləşir. Sahibkar Firuz Rzayev Sahibkarlığa Kömək Milli Fondundan aldğı güzəştli kredit və öz vəsaitləri hesabına 200 hektar ərazidə zeytun bağı salmışdır. Həmin zeytun bağında sahibkar ilə görüşüb, onun zeytunçuluq təcrübəsi barədə məlumat aldım.

 

Reklam_3_11

Sahibkar Firuz Rzayev dedi ki, Abşeronda zeytunun ən məhsuldar bitdiyi ərazilərdən biri Zirədir. Sovet dövründə də Zirədə geniş zeytun bağları salınıb. Bunun səbəbi dənizin yaratdığı iqlim sayəsində dolunun olmaması, şaxtanın isə aşağı dərəcədə qeydə alınmasıdır:

 

“Zeytun bağını saldığımız ərazi hündür yerdədir. Şəhərdə az qar olduqda Zirədə olmur. Şəhər ilə burada havanın temperaturunda 4-5 dərəcə fərq vardır. Bu, zeytun ağacı üçün əsas şərtdir”, - sahibkar dedi.

 

Firuz Rzayev qeyd etdi ki, respublika miqyasında götürsək, ölkəmizdə zeytun ağacları çox azalıb. Abşeronda olan kiçik bağlar, Azərbaycanın imkanları baxımından çox azdır. Bəzi kiçik bağlar və yolların kənarlarında əkilmiş zeytunlar xaric, Abşeronda zeytunluq qalmayıb:

 

“Bizim zeytun ağaclarını əkdiyimiz sahə sovet dövründə də zeytunluq olub. Sonralar ağacları kökündən çıxardıb yol kənarlarında əkiblər. Yerində isə heyvanlar üçün yonca becərilib”.

 

Sahibkar Firuz Rzayev ilə zeytun bağında  gəzərək ondan suallarıma daha əyani cavab aldıq. O, dedi ki, Prezident İlham Əliyevin yaratdığı şərait nəticəsində zeytun bağının salınması üçün 200 hektar torpaq sahəsi ayrılıb və Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 400 min manat güzəştli kredit verilib. 2010-cu ildə əkin işlərinə  başlanılmış, heç bir maneə olmadan təsərrüfat qurulmuşdur. Ərazidə Türkiyədən gətirilmiş,  əsasən “Gemlik” sortu, az bir ərazidə də “Ayvalık” sortu  olan zeytun ağacları  əkilib. Sahibkar dedi ki, 1 hektar ərazidə 500 zeytun ağacı var. Halbuki, sovet dövründə 1 hektar ərazidə 250-300 ağac əkilirdi:

 

“Əvvəllər hektara 250-300 ağac əkilirdi.  Sovet hökumətinin vaxtında  ağaclar uzununa 7 metr, eninə isə 8 metr məsafə buraxılaraq əkilərdi. Bu halda 1 hektarda  250 ağac olurdu.  Amma  biz 5-in 4-ə əkmişik. Yəni, eninə ağaclar arasında  5 metr, uzunluğuna isə 4 metr məsafə vardır. Burada 1 hektar ərazidə 500 ağac əkilib. Hətta, hazırda Türkiyədə ağaclar 4-ün 4-ə məsafədə əkilir, 1 ha ərazidə 600 ağac becərilir”.

 

ALÇAQ BOYLU AĞACLAR İRİ MEYVƏ GƏTİRİR

 

Firuz Rzayev qeyd etdi ki, gələcəkdə ağaclar böyüdükdə onlar bir-birlərinə maneə yaratmayacaqlar: “Budama həyata keçirərək zeytun ağaclarının gövdəsinin böyük, boyunun isə alçaq olmasını təmin edəcəyik. Biz bunları boy atmağa qoymayacağıq. Çünki, həm toplamaq rahat olur, həm də bu halda zeytun meyvələri iri olur. Xırda zeytun meyvələri bizə sərf etmir, nə qiyməti olur, nə də yağı. Az olsun, keyfiyyətli olsun. Gövdəsi iri, boyu isə alçaq olan ağacların meyvələri iri olur. Belə zeytun ağacları hər il stabil məhsul verir, bir il bol məhsul verib, növbəti ili dincəlmir”.

 

“3,1 KQ-DAN 1 KİLO YAĞ ALMIŞIQ”

 

Sahibkar bildirdi ki, zeytun ağacının gövdəsindən kənarlara çıxan budaqlar kəsilir ki,  bununla da ağacın düz bir gövdə üzərində böyüməsi təmin edilir. Ağaca qurd və xəstəliklərin  düşməməsi üçün kəsilən hissələrə əhəng vurulur.

 

Sahibkar bildirdi ki, Abşeron zeytununun  tumu iri, ətli hissəsi az olur.  Bundan başqa, yerli zeytun sortları əkildikdən 6-7 il sonra meyvə gətirir.  “Gemilik” sortu isə 4 ilə bar verir, həm də tumu kiçik,  lət hissəsi böyük olduğundan daha çox yağ əldə etmək olur. Bundan başqa, Türkiyə sortları daha məhsuldardır.

 

Artıq yeni salınmış bağda zeytun ağacları 6 illikdir.  

 

“Məsələn, biz  3 kq 100 qram zeytundan 1 kilo yağ almışıq. Təxminən zeytun meyvəsinin 30%-i  yağdır. “Gemilik”  çox gözəl növdür. Həm yağlıdır, həm də duzlanmış zeytunlar üçün əladır”.

 

Ağacların məhsuldarlığına toxunan sahibkar bildirdi ki, “Gemilik” sortu olan bir ağac yaxşı qulluq göstərilərsə, 50 kiloqram məhsul verə bilər, amma bunun üçün 10 il gözləmək lazımdır:

 

“İlk bar verən illərdə hər ağacdan orta hesabla 5 kq zeytun yığmışdıq. Zeytun ağacları 5-6  ilin ağaclardır. 5-6 il sonra hər ağacdan minimum 30 kq, maksimum 50 kq olmaqla, orta hesabla 40 kq meyvə gözləyirəm”.

 

Firuz Rzayev qeyd etdi ki, gələcəkdə toplayacaqları zeytunu ilk növbədə turşuya, yerdə qalan  ikinci və üçüncü sort məhsulu isə yağ istehsalına verəcəkdir.

 

“Gələcəkdə ola bilsin, toplayacağımız zeytundan ya özümüz yağ və turşu istehsal edəcəyik, ya da kənara satacağıq. Biz hazırda məhsulun düzgün, keyfiyyətli, məhsuldar olması üçün işləyirik”, - o dedi.

 

ŞAXTA VƏ DOLU ZEYTUN AĞACINI TƏLƏF EDİR

 

Zeytun ağacının düşməni şaxta və doludur. Bir neçə gün 12 dərəcə və daha yüksək şaxta olarsa, zeytun ağacı quruyar.

 

“İki il əvvəl bir gün 12 dərəcə şaxta oldu. Ağaclara cüzi təsir etdi, o da dərmanlar ilə ötüb keçdi. Əgər zeytun ağacını şaxta vurarsa, yenidən kökündən göyərəcəkdir. Yəni, bağ 3-4 il dala düşəcəkdir. Bu ağaclar doludan çox qorxur, nəinki şaxtadan. Dolu yağsa, budaqlarını yaralayır  və sonra yaralanmış hissələrə qurd düşür. Qurd da ağacı yeməyə başlayır. Buna görə də, dolu düşən və şaxtalı keçən bölgələrdə zeytun əkmək olmaz. Sovet hökuməti Abşerondan başqa heç bir yerdə zeytun kolxozu yaratmayıb, çünki yarımadada dolu olmur və qışda hava kəskin şaxtalı keçmir”, - Firuz Rzayev bildirdi.

 

BOŞ TORPAQ VƏ DÜZGÜN SUVARMA SİSTEMİ OLMALIDIR

 

Bu gün Abşeron yarımadasında yaşayış evləri əkin sahələrinə doğru irəliləyir, əkinəyararlı minlərlə hektar sahə qəsəbələrə çevrilir. Bu, zeytunçuluğun inkişafı üçün maneədir: “Zeytunçuluq üçün  öncə düzgün boş torpaq və su olmalıdır. Bu ikisi olandan sonra qalır işləmək. Düzgün suvarma sistemləri olmasa, tez bir zamanda bağdan meyvə yığa bilməzsən. İllərlə əziyyət  çəksən də, bağ özünə gəlməyəcəkdir.  Biz bu sahədə  damcılama sistemi qurmuşuq və su  hər bir ağacın kökünə verilir. Sovet dövründə zeytun bağlarını arxlar ilə sulayıblar. Arx da torpağı korlayır, şoranlıq əmələ gəlir və otlar bitir”.

 

SÖYÜD AĞACI QƏDƏR SUYU SEVİR

 

Sahibkar zeytun ağacı barədə maraqlı bir fakt da dedi: “Söyüd ağacı nə qədər su istəyirsə, zeytun da o qədər su sevir.  Düzdür, zeytun quraqlığa davamlı ağacdır. Lakin sən zeytuna söyüd ağacı kimi su versən, həm ilbəil məhsuldarlıq artacaqdır, həm də meyvələr daha iri olacaqdır. Hazırda suyumuz çatmır və buna görə bağa yeni su xətti çəkirik. Bu təsərrüfat üçün su olmadısa, bol məhsul yığa bilməyəcəksən”.

 

“ZEYTUNÇULUQ KREDİT İLƏ AĞIR MƏSƏLƏDİR”

 

Siz təsəvvür edin ki, kredit ilə quracağınız biznes sizə 10 ildən sonra gəlir gətirəcəkdir, bəs, banka borcun qaytarılması necə olacaqdır?  Zeytunçuluq belə bizneslərdəndir. Amma sahibkar Firuz Rzayev kredit ilə zeytun biznesini qura bilib.

 

“Zeytunçuluq kredit ilə ağır məsələdir. Sahibkarlğa Kömək Milli Fondundan 5 illik müddətə 400 min manat  kredit götürmüşük. Çətinliklərimiz olsa da, kreditləri bağlayırıq. Əgər kredit ilə zeytun əkəcəksənsə, hər şey düşünülməlidir. Krediti geri qaytarmaq lazımdır. Biz  zeytunçuluqdan başqa,  göbələk yetişdirməklə, tingçiliklə  və digər işlərlə məşğuluq. Əlavə bizneslərdən gələn gəlirin bir hissəsi  ilə kredit borclarımızı bağlayırıq. Əlavə biznesi olmayanların kredit götürüb zeytun əkməsi məsləhət deyil. Çünki, zeytundan ciddi gəlir götürmək üçün 10 il gözləmək lazımdır”.

 

Sahibkar kreditlərin müddəti ilə bağlı təklifini də səsləndirdi: 

 

“Zeytunçuluq üçün güzəştli kreditlər,  əsas borcun ödənilməsi 5 illik güzətli olmaq şərtilə, 10 illik verilərsə sərfəli olar. Yəni, ilk 5 ildə yalnız kredit üzrə faizləri ödəyəsən, növbəti 5 ildə isə əsas borcu qaytarasan. Biz də ağaclara dayanmadan qulluq edib 5 ilə məhsuldar vəziyyətə gətirərik və meyvəsini götürüb kredit üzrə əsas borcu qaytararıq. Hazırda isə kredit 5 illikdir,  2 il faizi, 3 il isə əsas məbləği ödəyirsən”.

 

TİNG TƏSƏRRÜFATI YARADILIB

 

Bu gün ölkəmizdə ting təsərrüfatları olmadığından zeytun tingləri Türkiyədən gətirilir, bu da baha başa gəlir. Ölkəmizdə zeytunçuluğun inkişafı üçün ting təsərrüfatlarının yaradılması  böyük önəm daşıyır. Firuz Rzayev bildirdi ki, zeytun tinglərinin xaricdən gətirilməsinin qarşısını almaq üçün tingçilik təsərrüfatını yaradıb:

 

“Ötən il ting təsərrüfatı qurmuşuq. Hazırda təsərrüfatda 20 nəfərə yaxın işçi çalışır. Budaqlama nəticəsində yaranan budaqları traktorlara yükləyib təsərrüfata aparırıq. Orada budaqlar kiçik qələmlər şəklində kəsilib əkilir. Keçən il əkdiyimiz tinglərdən  50 min bitib, artıq sahəyə köçürmək üçün hazırdır. Zeytun ağacı may ayında əkilir və tinglərin bir çoxunu 30 hektara yaxın olan boş sahədə əkəcəyik.  Bu il isə 400 min ting yetişdirməyi nəzərdə tuturuq. Kim istədi,  yaşıllaşdırma idarələrinə, sahibkarlara biz ağac verə bilərik. Qiyməti təxminən 1-1,5 manat civarındadır”. 

 

HEKTARA 40 MANAT SUBSİDİYA ALIRAM

 

Zeytunçuluğun inkişaf etdiyi ölkələrdə zeytun becərən fermerlərə gübrə, dərman, yanacaq yardımı edilir, yığılan hər kiloqram zeytuna görə mükafat belə ödənilir. Avropa Birliyi ölkələri zeytun yağı istehsal edən emal müəssisələrinə hər litr zeytun yağına görə 2,30 avro mükafat verir. Azərbaycanda isə belə imkanlar yoxdur, zeytunçuluğun inkişafı üçün bu güzəştlər tədbirlər planına daxil edilə bilinər. Sahibkar Firuz Rzayev deyir ki, o zeytun əkininin hər hektarına görə dövlətdən 40 manat subsidiya alır.

 

Təəssüf ki, ağız dadı elə bir duyğudur ki, onu yalnız fərdi qaydada yoxlayıb qərar çıxarmaq olar. Biz isə yalnız bunu deyə bilərik: zeytun ağaclarının qədrini bilin, onları qoruyun, bir də canınızın, gözəlliyinizin qədrini bilib, mətbəxinizdən zeytun yağını əskik etməyin.

14.01.2017 11:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ