Yeni yaradılan qurum hansı işləri görəcək?

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli Fərmanı ilə "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi" haqqında Əsasnamə təsdiq edilmişdir

               

Əlavə 1

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra – Agentlik) qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni (sanitariya norma və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini), risklərin təhlilini, qida məhsullarının və onları qablaşdırma materiallarının dövlət qeydiyyatına alınmasını, xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsini, baytarlıq, bitki mühafizəsi və karantini sahələri istisna olmaqla, məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq, qida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası və məhv edilməsi də daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

 

1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

 

1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

1.4. Agentliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, kargüzarlıq xidmətinin gerbsiz möhürü, müvafiq ştampları və blankları vardır.

 

1.5. Agentliyin saxlanması xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunla nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.

 

1.6. Agentlik Bakı şəhərində yerləşir.

 

2. Agentliyin fəaliyyət istiqamətləri

 

2.0. Agentlik aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

 

2.0.1. müvafiq sahədə vahid dövlət siyasətinin hazırlanmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;

 

2.0.2. müvafiq sahədə dövlət tənzimləməsini, dövlət nəzarətini və əlaqələndirməni həyata keçirir;

 

2.0.3. müvafiq sahədə normayaratma fəaliyyətini, o cümlədən qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni (sanitariya norma və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini) həyata keçirir;

 

2.0.4. ölkədə istehsal edilən və ölkəyə idxal olunan qida məhsullarını, habelə onları qablaşdırma materiallarını qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alır və reyestrini aparır;

 

2.0.5. qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə riayət edilməsinə dövlət nəzarətini həyata keçirir;

 

2.0.6. xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatı verir;

 

2.0.7. müvafiq sahənin inkişafını təmin edir.

 

3. Agentliyin vəzifələri

 

3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifələri aşağıdakılardır:

 

3.0.1. müvafiq sahədə mövcud vəziyyəti təhlil etmək, dövlət tənzimləməsi və nəzarəti sisteminin təkmilləşdirilməsi barədə təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

 

3.0.2. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri yerinə yetirmək, o cümlədən ölkədə qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni (sanitariya norma və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini) həyata keçirmək;

 

3.0.3. aidiyyəti dövlət orqanları ilə birlikdə müvafiq sahənin inkişafı üzrə prioritetləri müəyyən etmək, dövlət proqramlarının və inkişaf konsepsiyalarının hazırlanmasını və həyata keçirilməsini təmin etmək;

 

3.0.4. digər icra hakimiyyəti orqanlarının müvafiq sahə ilə bağlı fəaliyyətini əlaqələndirmək;

 

3.0.5. fəaliyyət istiqamətləri ilə bağlı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini təmin etmək;

 

3.0.6. müvafiq sahədə risklərin təhlilini, o cümlədən risk qiymətləndirilməsini, risklərin idarə edilməsini və risklər haqqında məlumatlandırmanı həyata keçirmək;

 

3.0.7. ölkədə istehsal edilən və ölkəyə idxal olunan qida məhsullarını, habelə onları qablaşdırma materiallarını qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına almaq, reyestrini aparmaq;

 

3.0.8. gömrük orqanları ilə birlikdə dövlət sərhədinin buraxılış məntəqələrində ölkəyə idxal olunan qida məhsullarını qida təhlükəsizliyi baxımından yoxlamadan keçirmək;

 

3.0.9. qanunla müəyyən edilmiş hallarda və qaydada məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq, qida zəncirinin bütün mərhələlərində yoxlamalar aparmaq, bu sahədə aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması və (və ya) məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul etmək (göstərişlər vermək);

 

3.0.10. bu Əsasnamənin 3.0.9-cu yarımbəndində nəzərdə tutulan qanun pozuntularının aradan qaldırılması ilə bağlı verilmiş qərarlar (göstərişlər) yerinə yetirilmədikdə, onların məcburi icrası məqsədi ilə məhkəməyə müraciət etmək;

 

3.0.11. qanunla müəyyən edilmiş hallarda və qaydada istifadəyə yararsız qida məhsullarının götürülməsi, zərərsizləşdirilməsi, təkrar emalı və ya məhv edilməsi barədə qərar qəbul etmək;

 

3.0.12. səlahiyyətlərinə aid edilmiş inzibati xətalar haqqında işlərə baxmaq və inzibati tənbeh tədbirləri tətbiq etmək;

 

3.0.13. qida məhsullarının istehsalı, tədarükü və dövriyyəsi sahəsində işləyən şəxslərin işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə birlikdə müəyyən edilmiş qaydada və müddətdə məcburi tibbi müayinədən keçmələrinə nəzarət etmək;

 

3.0.14. qida məhsullarının istehsalı, tədarükü və dövriyyəsi ilə məşğul olan, çalışdıqları istehsalatın və ya gördükləri işin xüsusiyyətləri ilə əlaqədar olaraq yoluxucu və parazitar xəstəlikləri yaymaq təhlükəsi yaradan şəxslərin, habelə sanitariya norma və qaydalarını, gigiyena normativlərini müntəzəm yerinə yetirməyən şəxslərin işdən kənarlaşdırılmasını tələb etmək;

 

3.0.15. aidiyyəti dövlət orqanları ilə birlikdə rasional fizioloji normaların hazırlanmasında iştirak etmək;

 

3.0.16. qida məhsullarının təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə aparılan, bu Əsasnamənin 3.0.9-cu yarımbəndində nəzərdə tutulan yoxlama tədbirləri zamanı qanunla müəyyən olunmuş hallarda və qaydada məhsulun tədqiqi (sınağı), qida məhsullarının təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi üçün məhsul nümunələrinin götürülməsi barədə qərar qəbul etmək, tabeliyindəki akkreditasiya olunmuş laboratoriyalarda həmin nümunələrin vahid metodika əsasında qiymətləndirilməsini təmin etmək, aşkarlanmış pozuntuların aradan qaldırılması üçün göstərişlər vermək və qanunla nəzərdə tutulmuş digər tədbirlər görmək;

 

3.0.17. qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə, o cümlədən müvafiq sahədə ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarına riayət olunmasına dövlət nəzarətini həyata keçirmək, bu sahədə qanun pozuntularının qarşısının alınması və pozuntuya yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə tədbirlər görmək;

 

3.0.18. qida məhsullarının təhlükəsizliyinə dair tələblər barədə istehlakçıların tam və səhih informasiya ilə təmin edilməsi məqsədi ilə tədbirlər görmək;

 

3.0.19. qida məhsulları istehlakçılarının hüquqlarının və qanuni mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması üçün tədbirlər hazırlamaq və həyata keçirmək;

 

3.0.20. qida məhsullarının saxlanması və ya satışı zamanı mal qonşuluğunun və satılmış malların dəyişdirilməsi və ya geri çağırılması qaydalarının pozulmasına qarşı tədbirlər görmək;

 

3.0.21. təhlükəli və kütləvi zəhərlənməyə (xəstəliklərə) səbəb olmuş, habelə bu cür hallara səbəb ola biləcəyinə əsaslı sübutlar olan, ölkədə istehsal edilən və ya ölkəyə idxal edilmiş qida məhsullarının dövriyyədən çıxarılması və qida təhlükəsizliyi baxımından yaranmış fövqəladə vəziyyətin aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər görmək;

 

3.0.22. qida məhsullarının təhlükəsizliyi baxımından əhali arasında baş vermiş qida zəhərlənmələri hallarını təhlil etmək, habelə onların yayılmasının qarşısının alınmasına və aradan qaldırılmasına yönəldilmiş tədbirlər görmək;

 

3.0.23. ixrac edilən qida məhsullarının istehsalı və emalı müəssisələrində infrastruktur və məhsulların təhlükəsizlik meyarları üzrə ekspertizaların keçirilməsini təşkil etmək, belə ekspertizaların nəticələrinə uyğun olaraq, müəssisələrə təsdiqedici kod nömrələri və ixracatçılara qida təhlükəsizliyi sertifikatları vermək, həmin məhsulların istehsal və emal müəssisələrinin reyestrini aparmaq, qida məhsullarının ixracı ilə bağlı idxalçı ölkələrin, o cümlədən Avropa İttifaqının bu sahədə tələblərinin icrasını həyata keçirmək;

 

3.0.24. fəaliyyət istiqamətləri üzrə aparılan araşdırmalar, monitorinqlər, yoxlamalar, ekspertizalar və onların nəticələri ilə bağlı görülən işlərə dair məlumatları təhlil etmək və vahid informasiya bankı yaratmaq;

 

3.0.25. aidiyyəti dövlət orqanları ilə birlikdə qida məhsullarının sınağı üçün laboratoriya sisteminin inkişafı ilə bağlı təkliflər vermək;

 

3.0.26. qida məhsullarının keyfiyyətinə dair standartların və texniki şərtlərin layihələrinə qanunla müəyyən olunmuş qaydada rəy verilməsi üçün “bir pəncərə” prinsipinin tətbiqi ilə bağlı tədbirlər görmək, habelə belə layihələrə rəy vermək;

 

3.0.27. aidiyyəti dövlət orqanları ilə birlikdə müvafiq sahədə sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin və sahibkarlığa dövlət dəstəyi sahəsində dövlət tənzimləməsinin həyata keçirilməsi üçün tədbirlər görmək;

 

3.0.28. qida məhsulları istehlakçılarının, habelə qida məhsullarının istehsalı, tədarükü və dövriyyəsi ilə məşğul olan sahibkarların qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi, iqtisadi və hüquqi informasiya ilə təmin edilməsi üçün aidiyyəti dövlət orqanları ilə birlikdə tədbirlər görmək, sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə beynəlxalq təcrübənin tətbiqini təmin etmək, sahibkarların rəqabət qabiliyyətinin artırılması istiqamətində təkliflər hazırlamaq;

 

3.0.29. genetik modifikasiya olunmuş bitkilərin genetik materialları olan qida məhsullarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, habelə aidiyyəti dövlət orqanları ilə birlikdə belə qida məhsullarının qanunsuz dövriyyəsinə qarşı qanunda nəzərdə tutulmuş tədbirlər görmək;

 

3.0.30. ölkə daxilində genetik modifikasiya olunmuş, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış qida məhsullarının aşkarlanması və bu məhsullardan yarana biləcək təhlükənin təyin edilməsi ilə bağlı aidiyyəti dövlət orqanları ilə birlikdə tədbirlər görmək;

 

3.0.31. ölkəyə idxal olunan qida mənşəli genetik məhsulların ölkənin gömrük sərhədindən keçirilərkən genetik modifikasiyaya məruz qalıb-qalmadığını yoxlamaq;

 

3.0.32. qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyi təminatının gücləndirilməsi məqsədi ilə qida məhsullarının izlənilməsi və geri götürülməsi sisteminin aidiyyəti dövlət orqanları ilə birlikdə hazırlanması və tətbiqi ilə bağlı tədbirlər görmək;

 

3.0.33. sağlam və rasional qidalanmanı təşviq etmək;

 

3.0.34. tabeliyindəki qurum vasitəsilə qida məhsullarına dair beynəlxalq standartların könüllü tətbiqi üzrə məsləhət və təlim, qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə laboratoriya analizi, ekspertiza və tədqiqat (ölçmə) xidmətləri göstərmək, habelə milli istinad laboratoriyası funksiyalarını həyata keçirmək;

 

3.0.35. fəaliyyət istiqamətləri ilə bağlı insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək, onların pozulmasının qarşısını almaq;

 

3.0.36. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, fəaliyyət istiqamətləri ilə bağlı elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək, habelə sahibkarlar tərəfindən qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiqini təşviq etmək;

 

3.0.37. fəaliyyət istiqamətləri ilə bağlı ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

 

3.0.38. Agentliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların öz vəzifələrini yerinə yetirmək üçün istifadə etdikləri məqsədli büdcə vəsaitinin və digər vəsaitlərin xərclər smetalarını təsdiq etmək və onlardan təyinatı üzrə istifadəyə nəzarəti təmin etmək;

 

3.0.39. dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

 

3.0.40. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

 

3.0.41. fəaliyyət istiqamətləri üzrə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;

 

3.0.42. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək;

 

3.0.43. Agentliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların işini əlaqələndirmək və onların fəaliyyətinə nəzarəti həyata keçirmək;

 

3.0.44. Agentliyin fəaliyyət istiqamətləri və vəzifələri dairəsində elmi tədqiqatlar aparılmasını təşkil etmək;

 

3.0.45. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan ərizə, şikayət və təkliflərə baxmaq və müəyyən edilmiş qaydada tədbirlər görmək;

 

3.0.46. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

 

4. Agentliyin hüquqları

 

4.0. Agentliyin öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır:

 

4.0.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;

 

4.0.2. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;

 

4.0.3. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

 

4.0.4. fəaliyyət istiqamətləri üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq;

 

4.0.5. müstəqil ekspertləri və mütəxəssisləri, məsləhətçi şirkətləri, elmi təşkilatları müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

 

4.0.6. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövri mətbu orqan təsis etmək, xüsusi bülletenlər və digər çap məhsulları buraxmaq;

 

4.0.7. fəaliyyət istiqamətləri ilə bağlı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrasına nəzarət etmək və həmin müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi üçün tədbirlər görmək;

 

4.0.8. fəaliyyət istiqamətləri üzrə aidiyyəti dövlət orqanlarına təkliflər vermək;

 

4.0.9. beynəlxalq tədbirlərin, o cümlədən forumların, konfransların, sərgilərin və digər tədbirlərin işində iştirak etmək və belə tədbirlərin ölkədə və xaricdə keçirilməsini təşkil etmək;

 

4.0.10. istifadəsində olan dövlət əmlakına dair hüquqları həyata keçirmək;

 

4.0.11. fəaliyyət istiqamətləri üzrə xarici dövlətlərin təcrübəsini öyrənmək, beynəlxalq və xarici əməkdaşlığı həyata keçirmək, xarici dövlətlərin aidiyyəti orqanları və digər qurumları ilə, beynəlxalq təşkilatlarla, xarici hüquqi və digər şəxslərlə əməkdaşlığı təşkil etmək və həyata keçirmək, danışıqlar aparmaq və ya danışıqlarda iştirak etmək, beynəlxalq müqavilələrin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək;

 

4.0.12. müvafiq sahədə dövlət nəzarətini həyata keçirmək məqsədi ilə tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərin satış, xidmət və saxlama sahələrinə daxil olmaq, nəzarət sahəsinə aid məlumat və sənədləri almaq, satılan və ya satılması nəzərdə tutulan qida məhsullarının müayinəsini həyata keçirmək;

 

4.0.13. müvafiq sahədə elmi-texniki, iqtisadi və normativ hüquqi məlumat bazalarını yaratmaq, məsləhət xidmətləri göstərilməsini təşkil etmək;

 

4.0.14. müvafiq sahədə islahatların aparılmasına dair təkliflər vermək;

 

4.0.15. müvafiq sahədə əldə olunmuş müsbət təcrübəni öyrənmək və geniş yaymaq məqsədi ilə lazımi tədbirlər görmək, məlumatlar vermək;

 

4.0.16. vəzifə və hüquqlarının həyata keçirilməsi ilə bağlı məhkəməyə iddia (ərizə) ilə müraciət etmək və öz adından məhkəmədə iştirak etmək;

 

4.0.17. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

 

5. Agentliyin fəaliyyətinin təşkili

 

5.1. Agentliyin Aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair), habelə Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanı Agentliyin vahid sistemini təşkil edir. Agentlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.

 

5.2. Agentliyin strukturunu, Agentliyin Aparatının və strukturuna daxil olan qurumların işçilərinin ümumi say tərkibini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. Agentliyin strukturuna daxil olmayan tabeliyindəki digər qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

 

5.3. Agentliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Agentliyin sədri (bundan sonra – sədr) rəhbərlik edir. Sədr Agentliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

 

5.4. Sədrin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır. Sədrin müavinləri sədrin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

 

5.5. Sədr:

 

5.5.1. Agentliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

 

5.5.2. müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə Agentliyin digər vəzifəli şəxslərinin ştat, kadr, maliyyə, təsərrüfat və digər məsələlər üzrə səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;

 

5.5.3. Agentliyin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla) və Elmi-Texniki Şurasının əsasnamələrinin təsdiqi barədə, həmçinin bu Əsasnamənin 5.11-ci bəndində Agentliyin kollegiyasının səlahiyyətlərinə aid edilməmiş məsələlər barədə normativ hüquqi aktları qərarlar formasında qəbul edir;

 

5.5.4. Agentliyin strukturuna daxil olmayan tabeliyindəki digər qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) nizamnamələrini təsdiq edilmək üçün təqdim edir;

 

5.5.5. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Agentliyin Aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların (strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla) strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;

 

5.5.6. Apellyasiya Şurasının sədrini, habelə Apellyasiya Şurası sədrinin təqdimatı (təklifi) əsasında Apellyasiya Şurasının digər üzvlərini, Katibliyin rəhbərini və tərkibini təsdiq edir;

 

5.5.7. Agentliyin Aparatının və onun strukturuna daxil olan regional bölmələrin işçilərini, habelə Agentliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların rəhbərlərini və onların müavinlərini vəzifəyə təyin və vəzifədən azad edir;

 

5.5.8. Agentliyin Aparatının və onun strukturuna daxil olan regional bölmələrin işçiləri, habelə Agentliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların rəhbərləri və onların müavinləri barədə həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

 

5.5.9. müəyyən olunmuş əməkhaqqı və işçilərin say həddi daxilində Agentliyin regional bölmələrini yaradır və ləğv edir;

 

5.5.10. əmr və sərəncam formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə Agentlikdə qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

 

5.5.11. Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

 

5.5.12. Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət orqanlarına, idarə, müəssisə və təşkilatlarına, hüquqi və fiziki şəxslərinə, habelə beynəlxalq təşkilatlara münasibətdə Agentliyi təmsil edir, danışıqlar aparır, verilmiş səlahiyyətlər daxilində müvafiq beynəlxalq sənədləri imzalayır;

 

5.5.13. Agentliyə aid edilmiş məsələlər üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar fondların formalaşdırılması ilə bağlı təkliflər verir;

 

5.5.14. dövlət büdcəsindən ayrılmış vəsaitin səmərəli xərclənməsini təmin edir;

 

5.5.15. Agentliyin Aparatının və onun strukturuna daxil olan regional bölmələrin işçilərinə ixtisas dərəcələri verir.

 

5.6. Agentliyin strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki digər qurumlar onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün birbaşa məsuliyyət daşıyırlar.

 

5.7. Sədr öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini və ya vəzifələrinin müvəqqəti olaraq icrasını müavinlərindən birinə həvalə edə bilər.

 

5.8. Agentlikdə sədrdən (Kollegiyanın sədri), sədrin müavinlərindən, Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanının rəhbərindən və Agentliyin rəhbər işçilərindən ibarət Kollegiya yaradılır. Agentliyin Kollegiyasının tərkibinə, həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilərlər.

 

5.9. Agentliyin Kollegiyasının üzvlərinin sayını və tərkibini Azərbaycan Respublikasının Prezidenti təsdiq edir.

 

5.10. Agentliyin Kollegiyası öz iclaslarında Agentliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və onlar haqqında müvafiq qərarlar qəbul edir.

 

5.11. Agentliyin Kollegiyası qərarlar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:

 

5.11.1. Agentliklə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktlar;

 

5.11.2. qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən Agentliyə tapşırılmış konkret normativ hüquqi aktlar;

 

5.11.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktlar;

 

5.11.4. qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq dövlət orqanları ilə razılaşdırılmalı olan normativ hüquqi aktlar;

 

5.11.5. sədrin təşəbbüsü ilə Agentliyin Kollegiyasının müzakirəsinə çıxarılan bu Əsasnamənin 5.5.3-cü yarımbəndində nəzərdə tutulmuş normativ hüquqi aktlar;

 

5.11.6. bu Əsasnamənin 5.11.1 – 5.11.5-ci yarımbəndlərinə uyğun olaraq, Agentliyin Kollegiyasının qəbul etdiyi normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişikliklər edilməsi barədə normativ hüquqi aktlar.

 

5.12. Agentliyin Kollegiyasının iclasları kollegiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Agentliyin Kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Agentliyin Kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, Kollegiya sədrinin səsi həlledici hesab edilir.

 

5.13. Agentliyin Kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda, sədr bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verərək, öz qərarını həyata keçirir. Agentliyin Kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Prezidentinə çatdıra bilərlər.

 

5.14. Agentliyin Kollegiyasının iclaslarına digər icra hakimiyyəti orqanlarının və təşkilatların, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri də dəvət edilə bilərlər.

 

5.15. Müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Agentlikdə ictimai əsaslarla fəaliyyət göstərən Elmi-Texniki Şura yaradıla bilər.

 

5.16. Agentlikdə, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı Agentliyin və ya onun struktur (regional) bölmələrinin qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) verilmiş təkrar şikayətlərə baxan, ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən və kollegial orqan olan Apellyasiya Şurası yaradılır.


 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin strukturu

 

1. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Aparatı (şöbələr və sektorlar).

2. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələri.

 

 


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında 
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli 1235 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi məqsədi ilə qərara alıram:

 

1. “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə” təsdiq edilsin (Əlavə 1).

2. “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin strukturu” təsdiq edilsin (Əlavə 2).

3. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Aparatının işçilərinin say həddi 75 ştat vahidi müəyyən edilsin.

4. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində publik hüquqi şəxs statuslu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu yaradılsın.

5. Müəyyən edilsin ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (bundan sonra – İnstitut) qida məhsullarının təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmalar aparır, elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsini həyata keçirir, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların layihələrini hazırlayır və aidiyyəti üzrə təqdim edir, qida məhsullarına dair digər beynəlxalq standartların qida məhsullarının istehsalçıları tərəfindən könüllü tətbiqi, qida məhsullarının təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri göstərir.

 

6. İnstitutda təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

 

6.1. Azərbaycan Respublikasının Prezidentinə:

 

6.1.1. İnstitutun yenidən təşkil və ləğv edilməsi;

 

6.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

 

6.2.1. nizamnamənin və strukturun təsdiqi;

 

6.2.2. nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

 

6.2.3. icra orqanının yaradılması və onun səlahiyyətlərinin müəyyənləşdirilməsi;

 

6.3. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə:

 

6.3.1. bu Fərmanın 6.1-ci və 6.2-ci bəndlərində nəzərdə tutulanlar istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

7.1. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.4. “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli 1235 nömrəli Fərmanının 3.1-ci bəndi nəzərə alınmaqla, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələrinin işçilərinin say həddi barədə təkliflərini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.5. İnstitutun nizamnaməsini və strukturunu təsdiq etsin, habelə nizamnamə fondunun formalaşdırılmasını təmin etsin və bu barədə iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.6. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə İnstitutun maddi-texniki təminatı ilə bağlı məsələləri iki ay müddətində həll etsin;

7.7. dövlət orqanları və qurumlarının bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Əsasnamədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyət istiqamətləri üzrə müəyyən edilmiş səlahiyyətlərinin həyata keçirilməsinə xidmət edən ştat vahidlərinin ixtisarı ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.8. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.9. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

9. Bu Fərmanın 1-ci hissəsi 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

13 Noyabr 2017, 22:24   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin