Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Elektrik lampalarına verilən zəmanət niyə tətbiq olunmur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Elektrik lampalarına verilən zəmanət niyə tətbiq olunmur


Süni işıq mənbəyi olan elektrik lampalarının fərqli texnologiyalarla hazırlanan növləri mövcuddur. Ənənəvi lampalar - közərmə lampaları artıq dünyada populyar deyil. Bu tip lampalar ucuz olsa da, yeni texnologiyalı lampalardan 8-10 dəfə artıq enerji işlədir, sərf etdiyi elektrik enerjisinin 95 faizini itirir. Müasir lampaların elektrik cərəyanını itkisiz və az sərf edən bir neçə növü var. Onlardan biri kompakt lüminessentli lampalardır. Bu növ lampalar da son illər bazarda mövqelərini itirməkdədir. Çünki tərkibində zərərli komponentlər var. Artıq işıqlandırmada daha çox diodlu - led lampalar geniş tətbiq olunur. Nisbətən yeni texnologiya əsasında istehsal edilən led lampalar hələ təkmilləşmə mərhələsini keçdiyindən istehlak bazarına çıxarılan məhsulların çeşidi və növü tez-tez dəyişir. Bununla belə, led lampalar sürətlə yayılmaqdadır: həm uzunömürlüdürlər, həm də zərərsiz. 


Fərqli texnologiyalı və xarakteristikalı hər üç lampa növü Azərbaycan bazarında satılır. Hər növün bahalı seqmentdə - brend məhsulları mövcuddur. Amma məhz baha olduğundan da alıcısı azdır. Hər ailə təkcə lampalara bir neçə yüz manat xərcləməyi özünə rəva bilmir. Bu səbəbdən istehlak bazarında əsasən Çin məhsulları satılır. Hərçənd yeni texnologiyalı lampalar Çin istehsalı olsa da, heç də ucuz deyil. Məsələn, adi közərmə lampası 40-50 qəpik olduğu halda, lüminessentli və led lampaların qiyməti bundan 5-10 dəfə yüksəkdir. 


Şübhəsiz, insanlar ucuz közərmə lampalarının son nəticədə - enerji sərfində faktura hesabını “şişirdəcəyini” nəzərə alıb qənaət “vəd edən” lampalara daha çox üstünlük verirlər. Bunun başqa bir səbəbi də var: közərmə lampalarının potensial “ömrü” təxminən min saat, lüminessentlilərin 8-12 min saat, ledlərin isə 50 min saata qədərdir. 


Lampaların keyfiyyətsizliyi, çox qısa müddətdə sıradan çıxması barədə mətbuatda mütəmadi olaraq məsələ qaldırılır, insanlar bununla bağlı narazılıqlarını dilə gətirirlər. Amma vəziyyət dəyişmir: alınan lampaların “xidmət” müddəti bəzən bir neçə saat, bəzən də bir neçə ay olur. Nadir hallarda alınan lampalar nəzərdə tutulduğu müddət ətrafa nur saçır. Deməli, lampalar öz texniki xarakteristikalarına cavab vermir. Belə olan halda da qənaət məqsədilə alınan nisbətən baha lampaların tez-tez sıradan çıxması əks nəticə verir - insanlar maddi ziyana düşürlər. Satılan keyfiyyətsiz məhsullara görə də heç kim məsuliyyət daşımır. Halbuki, dünya üzrə bütün lampa istehsalçıları, hətta çinlilər də öz məhsullarına rəsmən zəmanət verirlər. Lakin bunu edənlər yalnız leqal istehsalçılardır. Onu da qeyd edək ki, Rusiya məhsulları olan közərmə lampalarına istehsalçı 3 ay zəmanət verir. Bu haqda məlumat lampaların qutularında yazılıb. 


Digər lampa növlərinə də bir və ya iki il zəmanət verilir. Başqa sözlə, dünyanın hər yerindən, o cümlədən Azərbaycandan istənilən sifarişçi Çindəki (və ya başqa ölkədəki) satıcıdan (istehsalçıdan) aldığı lampaların zay çıxanını, yaxud zəmanət müddətində xarab olanını yığıb geri göndərə, əvəzində yenisini tələb edə bilər. Azərbaycan bazarına bu məhsulları çıxaranlar və satanlar isə əsasən bunu etmirlər. Özlərinə əlavə əziyyət vermək istəmirlər. Buna görə onları sorğu-suala tutan, məsuliyyət tələb edən də yoxdur. Maraqlıdır, istehsalçı lampalara zəmanət verdiyi halda, yerli satıcılar əhalini niyə bu hüquqdan məhrum edirlər? Bəli, bu müəyyən qədər xərc tələb edir - keyfiyyətsiz məhsulun geriyə göndərilmə xərci ödənilməlidir. Amma əsas səbəb odur ki, bu məhsulların əksəriyyəti saxtadır. Elə bu səbəbdən istehsal ölkəsindən başqa lampaların qutusunda heç bir məlumat, o cümlədən istifadə qaydaları haqda informasiya olmur. Ümumiyyətlə, saxta Çin mallarının, həmçinin lampaların qutusunda, üzərində Azərbaycan dilində heç nə yazılmır. Bu, özü də bir qanun pozuntusudur. Odur ki, ölkəyə gətirilən bütün malların, o cümlədən lampaların istehsalının leqallığına diqqət etməklə yanaşı, məhsulların keyfiyyət sertifikatına, digər normativlərə uyğunluğu öncədən yoxlanılmalıdır. Saxta, zay, real texniki göstəriciləri pasport xarakteristikasına və qanunvericiliyin tələblərinə uyğun gəlməyən məhsulların, eləcə də lampaların istehlak bazarına girməsinin, satışının qarşısı öncədən kəsilməlidir. Bazar etibarlı qorunduqda nə keyfiyyətsiz mal gətirməyə cəhd göstərən olar, nə də satmağa! 


Əlbəttə, hər bir əmtəə nişanının məhsulları arasında istehsalat brakına rast gəlinir. Məhz bu səbəbdən də hər bir leqal fəaliyyət göstərən istehsalçı məhsuluna zəmanət verir - keyfiyyətsiz məhsulu geri götürməyə və dəyişməyə zamin olur. Buna görə hətta üzr də istəyir. 


Azərbaycan bazarında bu mədəniyyət yavaş-yavaş formalaşmaqdadır. Əvvəllər ticarət obyektləri və ya subyektləri zay məhsulu nəinki geri götürmür, hətta dəyişmək belə istəmirdilər. Nəzarət gücləndiyindən və istehlakçıların hüquqları qanunvericiliklə qorunduğundan, şübhəsiz, həm də vətəndaşlar bu hüquqlarını tələb etməyə başladığından vəziyyət dəyişməkdədir. Amma bu hal hələ ki, elektrik lampalarını əhatə etməyib. Satışda saxta mallar olduqca, bu, mümkün də deyil! 


Zay lampaları geri götürməkdən imtina edən ticarət subyektləri bunu qəribə “məntiq”lə izah edirlər: geri qaytarılan lampaların məhz o yerdən, o tarixdə alınan mal olduğuna şübhə ilə yanaşırlar - ehtimal edirlər ki, alıcılar istismar müddəti sona çatdığından xarab olmuş köhnə lampaları da geri qaytarmağa cəhd göstərirlər. Amma unudurlar ki, mal saxta deyilsə, onun üzərində istehsal tarixi, zəmanət müddəti də göstərilməlidir. Hətta “günah”ı elektrik şəbəkəsinə, cərəyan “oynama”larına bağlamaqla məsuliyyəti boynundan atan satıcılar da tapılır. Xatırladırıq ki, müasir işıqlandırma sistemləri, xüsusilə led lampaları üçün şəbəkədəki “dalğalanma”lar qətiyyən qorxulu deyil və zəmanət verən istehsalçının bununla bağlı hər hansı şərti olmur. 


Bütün bunlara rəğmən, qanunvericiliyin - “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanununun tələbləri aydın və birmənalıdır: əgər alınan məhsula istehsalçı zəmanət veribsə - bu, “malın pasportunda və ya nişanlama kağızında (yarlıqda) yaxud mala (işə, xidmətə) əlavə olunan digər sənəddə” göstərilibsə və yaxud məhsul keyfiyyətsiz çıxıbsa, alıcı kassa çeki, əmtəə qablaşdırması ilə birlikdə malı satıcıya təqdim edib dəyişə və ya geri qaytara bilər. Elektrik lampaları bəzilərinin güman etdiyi kimi geri qaytarılmayan və dəyişdirilməyən mallar siyahısına daxil deyil. Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş və hüquqi qüvvədə olan “Geri qaytarılmayan və dəyişdirilməyən mallar siyahısı”nda elektrik lampaları yoxdur.


Bizdə satışdan öncə mağazada yoxlanılarkən lampa yanarsa və alıcı onu götürüb gedərsə, satıcı o mala görə məsuliyyətinin sona çatdığını sanır. Patrona bağlanıldıqdan bir dəqiqə sonra belə sıradan çıxsa, lampanı geri qaytarmaq demək olar ki, mümkünsüzdür. Hərçənd əgər lampaya istehsalçı 1 il zəmanət veribsə və o, hətta 11 aydan sonra xarab olubsa, nəzəri cəhətdən bizim onu geri qaytarmaq hüququmuz var. Lakin bir zay lampanı geri qaytarıb zəmanətlə yenisini almaq “bir neçə” lampanın xərcinə başa gələcəyindən bunun davasını aparan, ardınca düşən yoxdur. Çünki məsələnin hüquq platformasında həlli xeyli vaxt və maddi xərc tələb edir. Halbuki, bu mexanizm sadə və praktik olmalıdır.

 

 © “Azərbaycan”

20.11.2017 03:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ