Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Bolluqda bahalıq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bolluqda bahalıq

Artıq neçə vaxtdır ölkədə bahalaşmanın yeni dalğası yaşanır, özü də dünyanın aparıcı valyutaları - dollar və avroya nisbətdə milli valyutamızın güdazının səbəbkarı neftin qiymətinin sent-sentlə də olsa qalxdığı, manatın məzənnəsinin sabitləşdiyi bir zamanda. Vallah, bu yerdə adam çaşıb qalır - bilmir neftin bahalaşmasına sevinsin, ya ucuzlaşmasına. Çünki bizdə hər iki halda qiymətlərdə bahalaşma müşahidə edilir: birincidə məhsulların (o cümlədən idxal mallarının) maya dəyərinin qalxdığı, ikincidə isə manatın kursu düşdüyü üçün.

 

Reklam_3_11

Bu izahın obyektivliyinə qiymət verə bilməsək də, subyektiv olaraq onunla razılaşmamaq haqqımız var.
Həmin haqqı isə bizə ölkənin istehsal və istehlak bazarlarındakı, eləcə də qiymətlərdəki mövcud vəziyyət verir. Götürək, son vaxtlar bahalaşmaya ən çox məruz qalan, elə əhalini də ən çox rahatsız edən ət və süd məhsullarını. Əsas süd məhsulu olan kərə yağının və keyfiyyətli ətin qiyməti hamıya məlumdur - kiloqramı 18-20 və 11-12 manat. Orta aylıq əməkhaqqının 525 manat olduğu bir ölkədə, razılaşaq ki, bunlar heç də ucuz qiymətlər deyil. Bir xalq kimi mətbəximizin əsasən bu iki ərzaqdan asılı olduğunu nəzərə alanda isə belə bahalığın bizə təkcə maddi yox, həmçinin fiziki-bioloji ziyan vurduğu qənaətinə də gəlmək mümkündür. Amma məqsədimiz başqadır, hələ üstəlik yağ və ətdən az istifadə edilməsinin tərəfdarıyıq. Təbii ki, baha olduğu yox, sağlamlığımızı qorumaq üçün.


Hələ neçə il əvvəl kənd təsərrüfatı mütəxəssisləri hesablamışlar ki, Azərbaycanda ətin kiloqramı 5-6 manatdan yüksək olmamalıdır. Bu həmin vaxtlar idi ki, ölkənin aqrar sektoruna dövlət tərəfindən nə indiki səviyyədə diqqət və dəstək var idi, nə də onun nəticəsi olaraq külli miqdarda investisiya qoyuluşu və saysız-hesabsız güzəştlər. Söhbət heyvandarlıqdan getdiyi üçün elə bu sahəyə də aid konkret faktlara müraciət edək: 2009-cu ildən bəri xaricdən 25,5 min başdan çox müxtəlif cinsli qaramal gətirilərək ailə-kəndli təsərrüfatlarına və iri heyvandarlıq komplekslərinə lizinqə verilmişdir.

 

Habelə bu il iyulun əvvəlinə olan məlumata görə, müxtəlif rayonların 4 minə yaxın təsərrüfatında 58 min başa yaxın təmiz qanlı cins və ya cinsi yaxşılaşdırılmış damazlıq qaramal yetişdirilmişdir. Bunlardan əlavə, ötən ilin oktyabrından cari ilin noyabrınadək süni mayalanma yolu ilə alınmış 39,7 min buzovun hər başına 100 manat olmaqla 34 min nəfərə subsidiya ödənilmişdir. Eləcə də indiyəcən ailə-kəndli və fermer təsərrüfatlarında saxlanılan 113,3 min başdan çox az məhsuldar və damazlıq keyfiyyəti aşağı olan qaramalda süni mayalanma aparılmışdır. Təbii ki, heyvandarlığın inkişafı sahəsində görülən bütün tədbirləri sadalamaq fikrimiz yoxdur. Çünki elə bunlar da kifayətdir ki, sözügedən sahənin dövlət və hökumətin xüsusi nəzarətində olmasını bir daha xatırladaq. 


İndi bütün bunlardan sonra inanmaq çətindir ki, ölkəyə ət və süd məhsullarının idxalı getdikcə artır. Son statistikaya görə, əgər keçən ilin 10 ayı ərzində Azərbaycana 28,7 min ton ət idxal olunmuşdusa, cari ilin eyni dövründə həmin rəqəm 34 min tona çatmışdır ki, bu da təxminən 18 faizdən çox artım deməkdir. Süd idxalında isə artım daha çoxdur - 62,3 faiz. Kərə yağı idxalında da vəziyyət eynidir - istehlak bazarında xarici yağların “lider”liyi günbəgün möhkəmlənir. Bəs, bahalaşmanın ilkin səbəbı olan bu reallığın səbəbi nədir? 


Mütəxəssislərin fikrincə, ət və süd məhsullarının idxalının artmasının bir neçə əsas səbəbi var. Bunlardan biri heyvandarlıqda məhsuldarlığın aşağı olmasıdır. Kənd Təsərrüfatı Nazirliyinin son (2017-ci il yanvarın 1-nə) statistik məlumatına əsasən, Azərbaycanda 2,7 milyon baş qaramal, o cümlədən 1,3 milyon baş inək və camış var. Cari ilin 10 ayı ərzində ölkə üzrə diri çəkidə ət istehsalı 405,2 min, süd istehsalı 1,6 milyon ton olmuşdur. Bu isə ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 3,4 və 0,6 faiz çoxdur. Lakin mütəxəssislər etiraf edirlər ki, məhsuldarlıq aşağı olmasa, daha yüksək nəticələr qazanmaq mümkündür. Məsələn, ötən il ölkədə orta hesabla hər inəkdən laktasiya müddətində 1513 litr (orta hesabla sutka ərzində 5 litr) süd sağılmışdır ki, bu da mövcud potensial imkandan çox aşağı göstəricidir. Müqayisə üçün bildirək ki, dövlətin dəstəyi ilə yaradılan iri intensiv heyvandarlıq təsərrüfatlarında bu rəqəm 6 tondur. Deməli, belə təsərrüfatların təcrübəsini yaymaqla ölkədə tələbata uyğun miqdarda süd istehsalına nail olmaq mümkündür.


Ət və süd məhsulları üzrə idxalın artmasının ikinci səbəbi əkinçilikdə ixracyönümlü kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq üçün yüksəkgəlirli və əməktutumlu ənənəvi sahələrin (pambıqçılıq, baramaçılıq, tütünçülük, üzümçülük və s.) dirçəldilməsi zamanı yol verilən bəzi nöqsanlardır. Həmin nöqsanlardan biri isə qeyd olunan bitkilərin əkin sahələri genişləndirilərkən heyvandarlığın “unudulması”, daha doğrusu, onun yem bazası rolunu oynayan örüş yerlərinin, eləcə də yaylaq və qışlaqların zəbt edilməsidir. Baxmayaraq ki, ənənəvi sahələrin birmənalı olaraq istifadəsiz və ya səmərəli istifadə edilməyən torpaq sahələri hesabına dirçəldilməsi barədə dövlət başçısı səviyyəsində tapşırıqlar verilmişdir, yenə də bəzi yerli məmurların məsuliyyətsizliyi və ya hansısa maraqları üzündən yeni əkinlər necə gəldi və harada gəldi aparılmışdır və çox dözülməz haldır ki, bu ziyanlı “təcrübə” bu gün də davam edir. 


Bununla təkcə qaş düzəldilən yerdə göz çıxarılmır, həm də ölkə iqtisadiyyatının, xüsusən qeyri-neft sektorunun aparıcı sahəsi olan kənd təsərrüfatının inkişafına xidmət edən, başlıcası, ən yüksək səviyyədən gələn və hərtərəfli dəstəklənən bu xoş məramın üzərinə kölgə salınır. Yenə də rəsmi statistikaya nəzər salaq: keçən ilin oktyabrından cari ilin eyni ayınacan ölkədə qaramalın sayı 18,2 min, qoyun və keçilərin sayı 73,4 min baş azalmışdır. Əgər bu azalma, qeyd etdiyimiz kimi, ət istehsalının artımı fonunda baş verirsə, deməli, kənd adamları, təsərrüfatlar örüş yerlərinin, yaylaq və qışlaqların əkin altına verilməsi səbəbindən əllərindəki heyvanları kəsib satmağa başlamışlar. Kimsə fikirləşirsə ki, bunun yerini yüksək məhsuldarlıqlı cins qaramalla doldurmaq mümkün olacaq, ən azından vəsait və vaxt sarıdan yanılır. Əvvəla, bu, elə də ucuz başa gələn əvəzləmə deyil, onun üçün milyonlar lazımdır, özü də valyuta ilə. İkincisi də unutmaq lazım deyil ki, 8 il ərzində dövlətin hərtərəfli, xüsusən maliyyə dəstəyinə baxmayaraq, bu gün ölkədə cins qaramalın heyvandarlıqda xüsusi çəkisi təxminən 10 faizdir. Bu baxımdan Azərbaycanda heyvandarlığın bütünlükdə cins qaramal hesabına inkişaf etməsi üçün neçə il lazım olduğunu hesablamaq yəqin ki, çətin deyil. Odur ki, ənənəvi əkin sahələrinin heyvandarlığın sıxışdırılması hesabına genişləndirilməsi bu gün üçün ən azından yolverilməzdir!
Yolverilməz həmçinin ölkənin ət və süd məhsullarının istehlak bazarında inhisarçılığa tam son qoyulmamasıdır. Belə götürəndə, yerli heyvandarlıq inhisarçılığın elə də çox nəzərə çarpmadığı, gözlə görünməyən sahəsidir. Yenə də idxalda harada isə inhisarçılıq mümkündür. Amma əgər ölkənin bütün rayonlarında, rayonların bütün kəndlərində mal-qara saxlanılırsa, burada nə inhisarçılıq ola bilər ki?! Biz razı, tutaq ki, belədir. Bəs, onda necə olur ki, bu gün Azərbaycanın hər yerində ətin qiymətində 50 qəpikdən yuxarı fərq yoxdur. Yəni məsələn, Qazaxda kəsilib satılanla paytaxt piştaxtalarındakı ətin qiyməti eynidirsə, hanı bunun maya dəyərinə təsir edən daşımadan tutmuş icarə haqqınacan olan digər xərcləri?! Ticarəti dövlət tərəfindən təyin olunan vahid qiymət sistemi üzərində qurulmuş keçmiş sovetlər vaxtı da belə deyildi. Ət də daxil kənd təsərrüfatı məhsulları rayonlarda xeyli ucuz olurdu. Yaxşı, indiki vəziyyəti yazaq bazar iqtisadiyyatının biz bilmədiyimiz qaydalarının ayağına. Bəs, bir gecədə hansısa kənd təsərrüfatı məhsulunun (yaxud məhsullarının) qiymətinin bütün ölkə boyu eyni səviyyədə bahalaşmasını (çox az hallarda isə hətta ucuzlaşmasını) nəyin boynuna qoyaq?! Hara yozuruqsa, nə ilə izah etməyə çalışırıqsa, alınmır. Alınmayan həm də, məsələn, bizim yerli kərə yağları ilə uzaq Yeni Zelandiya, Fransa və Almaniyadan, yaxın Rusiya, Belarus və Ukraynadan idxal edilən analoji məhsulun qiymətinin təxminən eyni olmasının səbəbinə məntiqli cavabın tapılmasıdır. Vallah, bütün bunlar nə azad rəqabətdir, nə də yerli istehsalın stimullaşdırılması. Heç bazar iqtisadiyyatının əlifbası da deyil! Bir sözlə, hər nədirsə bir başı inhisarçılığa bağlıdır. O inhisarçılığa ki, onunla mübarizə aparmaq nə qədər çətin olsa da, bir o qədər vacibdir. 


Ümumiyyətlə, bahalığa səbəb olan bütün hallarda yol vermək olmaz ki, Azərbaycanın yeni iqtisadi inkişaf mərhələsinə keçdiyi indiki zamanda əhalinin dövlət tərəfindən təmin edilən sosial müdafiəsi kimlərinsə şəxsi maraqları ucbatından zəifləsin. Əks halda həyata keçirilən iqtisadi islahatların sosial əhəmiyyəti zəifləyə bilər. Bu isə təkcə sosial-iqtisadi yox, həm də ictimai-siyasi məsələdir.

 

Raqif MƏMMƏDOV,
“Azərbaycan”

 

28.11.2017 04:01

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ