“Sumqayıtda fabrikin açılışına hazırlaşırıq”

“Elə etməliyik ki, bütün xammal daxildə istehsal olunsun”. 


Bunu Azərbaycan prezidenti İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Quba filialının açılışında xalçaçılarla görüşü zamanı deyib.
 

Dövlət başçısı qeyd edib ki, xalçaçılıq sənətinə çox böyük maraq var:

 

“Ölkəmizin dünyada təbliği işində xalçaçılıq bəlkə də ən öndə gedən sənətlərdən biridir. Eyni zamanda, xalçaçılıq sənəti iqtisadi cəhətdən də ölkəmizi gücləndirir. Çünki bu, ixrac məhsuludur. Biz çalışmalıyıq və çalışırıq ki, qeyri-neft ixracını artıraq. Əlbəttə ki, ilk növbədə, sənayenin, kənd təsərrüfatının, eyni zamanda, xalçaçılığın inkişafı bizə belə bir imkanlar yaradacaq. Biz, eyni zamanda, Sumqayıtda əyirici-boyaq fabrikinin açılışına da hazırlaşırıq. Yəni, elə etməliyik ki, bütün xammal daxildə istehsal olunsun. Boyalar, iplər, hətta bütün dəzgahlar, yun tədarükü olacaq. Ona görə bugünkü hadisə çox böyük məna daşıyır. Biz gərək xalçaçılığı bərabər qoruyaq”. 

 

Artıq “Azərxalça”nın xətti ilə on fabrik istifadəyə verilib deyən Prezident sözlərinə belə davam edib:

 

"Mən Horadiz və Şəmkir xalça fabriklərinin açılışlarında olmuşam. Bu gün biz bu fabrikin açılışını qeyd edirik. Eyni zamanda, yeddi digər fabrik fəaliyyətdədir. Gələn il isə ölkəmizin müxtəlif yerlərində əlavə on xalça fabriki açılacaq. Beləliklə, 20 yeni xalça fabriki işə düşəcək.

 

Bu fabriklərdə işləyənlərin mütləq əksəriyyəti qadınlardır. Burada qadınlar üçün də yaxşı iş şəraiti yaradılıb. Qadınların məşğulluğu bizim üçün çox vacibdir. Xalçaçılıq qadın sənətidir. Bəli, qadınlar bu sənəti yaşadırlar. Hər fabrikdə təqribən 150 iş yeri yaradılır və 20 fabrikdə ən azı üç min qadın işlə təmin olunacaq".

7 Dekabr 2017, 17:43   
Melissa Park
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin