Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Şahdağ”: Gecələmək üçün qiymətləri 30-40% endirmişik

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Şahdağ”: Gecələmək üçün qiymətləri 30-40% endirmişik
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Şahdağ” Turizm Mərkəzi qış mövsümünə tam hazırdır. Dekabrın 16-dan etibarən 11 xizək lifti və 13 sürüşmə yamacı bütün xizək və snoubord həvəskarlarının ixtiyarında olacaq.

 

Reklam_3_11

Bu barədə məlumat verən “Şahdağ” Turizm Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gülnar Mustafayeva müsahibəsində istirahət mərkəzində qarşıdakı qış mövsümündə təklif olunan xidmətlər və turistləri maraqlandıran digər məsələlər barədə sualları cavablandırıb.

 

- “Şahdağ” Turizm Mərkəzi hər yeni mövsümün açılışında turistləri yeniliklərlə, xoş sürprizlərlə qarşılayır. Növbəti qış mövsümünə hazırlıq çərçivəsində hansı işlər görülüb?

 

- “Şahdağ” Turizm Mərkəzində qış mövsümü hər il ənənəvi olaraq dekabrın ilk yarısında açıq elan olunur. Builki xizək mövsümünün rəsmi açılışı dekabrın 16-na təsadüf edəcək. Təntənəli açılışda qışın başlanğıcını bayram kimi qeyd edən turistlər üçün maraqlı tədbir proqramı hazırlamışıq. Məhz həmin gün canlı musiqi, DJ, açıq havada qış yarmarkası, uşaqlar üçün maraqlı əyləncələr qonaqların istirahətinə rəng qatacaq.

 

- Turizm Mərkəzi artıq regionda deyil, dünyada tanınmağa başlayıb. Bununla əlaqədar xidmət növlərinin, eyni zamanda, keyfiyyətinin artırılması da vacibdir.

 

- Hər il olduğu kimi, xidmət növlərinin istər sayında, istərsə də keyfiyyətində təkmilləşmə işləri aparılır. Bu il də mərkəzimiz müxtəlif əyləncələrlə qış istirahətini və aktiv istirahəti sevənlərin könlünü oxşayacaq. Xizək və snoubord sürmə ilə yanaşı aeroxizək və kvadrosikl turları, ziplayn, peyntbol, at üstündə gəzinti, uşaqlar üçün kirşələr, buz meydançası kimi 13 növ qış əyləncəsi qonaqların ixtiyarında olacaq. Eləcə də qarla örtülən Şahdağ yamaclarını yüksəklikdən seyr etmək imkanı verən tandem paraplan uçuşlarına start veriləcək. Məlumat üçün bildirim ki, paraplan uçuşları keçən yay mövsümündən etibarən istifadəyə verilib. Bu adrenalin dolu əyləncəyə həddindən çox maraq göstərildi. Məhz buna görə paraplan uçuşlarının qış mövsümündə də davam etdirilməsi planlaşdırılır.

 

- Daha çox turist cəlb etmək üçün əyləncə növlərinin rəngarəngliyi ilə yanaşı, qiymətlər də münasib olmalıdır. “Şahdağ” Turizm Mərkəzində bu qış mövsümündə qiymətlərdə dəyişiklik varmı.

 

- Hotel xidmətlərimizin sayının artmasına və keyfiyyətinin günbəgün yüksəlməsinə baxmayaraq, qiymətlərdə kəskin dəyişiklik gözlənilmir. Ümumiyyətlə, müxtəlif növ əyləncələrdən istifadə etmək istəyənlər üçün qiymətlər təklif olunan xidmətlərə uyğun dəyişir. Bundan əlavə, mütəmadi olaraq hər hansı xüsusi günlərlə əlaqədar endirimlər edilir. Məsələn, mövsümün açılış tarixində – dekabrın 16-da gecələmək üçün “Şahdağ Hotel və Spa” hotelində 40 faiz, “Zirvə” hotelində 30 faizdən çox endirim təklif olunur.

 

- Son illər ölkəmizə gələn turistlərin coğrafiyası genişlənib. Artıq Azərbaycanda dünyanın istənilən ölkəsindən əcnəbi turistə rast gəlmək olur. Şahdağa daha çox hansı ölkələrin vətəndaşları gəlir?

 

- Son illər Azərbaycanda turizmin ümumi dinamik inkişafı fonunda xarici turistlərin ən çox ziyarət etdiyi yerlər sırasında “Şahdağ” Turizm Mərkəzi paytaxt Bakının turizm məkanlarından sonra ikinci yerdədir. Məlumdur ki, son iki ildə respublikamıza, eləcə də mərkəzimizə ərəb ölkələrindən gələn turistlərin sayı xeyli artıb. Bu turistlər sırasında Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Oman, Küveyt, Qətər, eləcə də Pakistandan olan qonaqların sayı çoxluq təşkil edir. Bununla yanaşı, Rusiyadan gələn qonaqların sayı da davamlı olaraq artmaqdadır. Təsadüfi deyil ki, keçən qış mövsümündə xarici turistlər arasında Rusiyadan olanlar say etibarı ilə birinci yerdə qərarlaşıblar. Eləcə də Rusiyanın məşhur turizm saytlarının keçirdiyi sorğular nəticəsində rusiyalı turistlərin MDB məkanında həm yay, həm də qış istirahəti üçün seçdikləri bölgələr arasında “Şahdağ” Turizm Mərkəzi ilk üçlükdə qərarlaşıb.

 

- Əcnəbi ölkələrdən daha çox turist cəlb etmək üçün xarici və yerli turizm şirkətləri ilə əməkdaşlıq mühüm amildir.

 

- Mərkəzimizin, eləcə də ölkəmizin turizm potensialının regional və beynəlxalq səviyyədə tanıdılması, xarici turistlərə çatdırılması məqsədilə il ərzində müxtəlif sərgi, konfrans, seminar və bu kimi digər tədbirlərdə iştirak edirik. Moskvada, Tbilisidə, Dubayda, İnnsbrukda, Daşkənddə, Kiyevdə, Ərzurumda keçirilən beynəlxalq sərgi və seminarları, konfrans və forumları buna misal göstərmək olar. Yerli turizm şirkətləri ilə yanaşı, müxtəlif ölkələrdən olan turizm şirkətləri ilə də əlaqələr qurulur, müqavilələr bağlanılır, info-turlar təşkil olunur. Bu tədbirlər mərkəzin turizm imkanlarının təbliği ilə yanaşı innovativ təcrübələrin öyrənilməsi, yeni rəqabətqabiliyyətli məhsulların təklif edilməsi və digər amillər baxımında da önəm kəsb edir.

 

- İstirahət mərkəzinə gələn turistləri hotel xidmətləri xüsusi maraqlandırır. Bu mövsümdə turistlərə hansı hotellər xidmət göstərəcək?

 

- Mərkəzimizin ərazisində 3 beşulduzlu (“Şahdağ Hotel və Spa”, “Pik Palace”, “Park Chalet”) və 1 dördulduzlu (“Zirvə”) hotel fəaliyyət göstərir. Hər il olduğu kimi, bu mövsüm də hotellər təkcə qonaqlama xidməti ilə deyil, eyni zamanda, 20-ə yaxın iaşə obyekti (restoran, kafe və bar), sağlamlıq və fitnes mərkəzi, spa xidməti, xizəklərin icarəsi və satışı məntəqəsi, uşaq bağçası, konfrans zalı və s. kimi xidmətlərlə qonaqların ixtiyarında olacaq. Mərkəzin müsbət imicinin formalaşmasında hotellərdə göstərilən xidmətlərin rolu danılmazdır. Təsadüfi deyil ki, beynəlxalq hotel bron sistemi olan booking.com portalının qonaqların rəylərinə əsasən qiymətləndirməsinə görə mərkəzdə fəaliyyət göstərən “Şahdağ Hotel və Spa” 9 bal alaraq, Azərbaycan üzrə ikinci, şimal regionunda isə birinci yeri tutub.

 

- Bilirik ki, mərkəzdəki işçi heyəti arasında yerli kadrlar üstünlük təşkil edir. Heyətin xidmət səviyyəsinin beynəlxalq standartlara uyğunluğu üçün nə kimi tədbirlər görülür?

 

- “Şahdağ” Turizm Mərkəzini fərqləndirən əsas amillərdən biri də daim xidmət keyfiyyətinin öndə olması, turistlərin zövqlü mənəvi istirahətinin təmin edilməsi üçün işçi heyətinin var gücü ilə çalışmasıdır. Bundan əlavə, xidmət heyətinə mütəmadi olaraq təlimlər keçirilir, hər bir turistə individual yanaşmaya əsaslanan xidmət göstərmək bacarıqları təlqin edilir.

 

Bu sahədə potensialın inkişaf etdirilməsi məqsədilə müxtəlif addımlar atılır. Buna misal kimi, Qusar Peşə Liseyi şagirdləri üçün “Mətbəx və qidalanma üzrə xidmət” mövzusu ilə bağlı üç aylıq ustad dərsinin keçirilməsini göstərə bilərəm. Xidmət sahəsində çalışacaq gələcək peşəkar kadrların yetişdirilməsinə yönəlmiş, ümumilikdə, 40 şagirdin iştirak etdiyi kurslarda mətbəx və kulinariya mövzuları üzrə ustad dərsləri təşkil olundu. Layihənin əsas məqsədi peşə liseyinin şagirdlərinə mətbəx və kulinariya sahələri üzrə biliklərin ötürülməsi, ümumilikdə, xidmət sahəsində çalışacaq gələcək peşəkar mütəxəssislərin hazırlanmasına dəstək vermək idi.

 

Qeyd edim ki, bu cür tədbirlərin daha irimiqyaslı davamı olaraq “Şahdağ” Turizm Mərkəzinin bazasında Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində Şahdağ Regional Turizm Peşə Məktəbinin yaradılması, mehmanxana qeydiyyatçısı, ofisiant-barmen, dağ-xizək turizm növü üzrə təlimatçı, qənnadçı-şirniyyatçı və təmizlik departamentinin işçisi ixtisasları üzrə qəbulun keçirilməsi də nəzərdə tutulub.

 

-Mərkəz artıq yay aylarında da turistlər arasında populyarlıq qazanıb. Arxada qoyduğumuz yay mövsümündə “Şahdağ” Turizm Mərkəzinin xidmətlərindən nə qədər turist faydalanıb?

 

- “Şahdağ” Turizm Mərkəzi artıq 5-ci mövsümdür ki, yay fəslində də fəaliyyət göstərərək aktiv istirahəti sevənlərin ən çox üz tutduğu məkana çevrilib. Təkcə ölkəmizdə deyil, artıq regionda da Şahdağ yay istirahəti üçün ən çox ziyarət olunan istirahət mərkəzlərindəndir. Rusiyanın “TurStat” analitik agentliyi 2017-ci il üçün MDB məkanında yay aktiv istirahəti üçün ən populyar dağ kurortlarının adlarını açıqlayıb. Bu sıralamaya əsasən “Şahdağ” Turizm Mərkəzi rusiyalı turistlər arasında MDB məkanında aktiv dağ istirahəti üçün ən məşhur ölkə kurortlarının “TOP 5”-də ikinci sırada yer alıb. Statistik göstəricilər Şahdağın ərəb ölkələrindən gələn turistlərin ən sevimli məkanına çevrildiyini deməyə əsas verir. Bu yay mövsümü ərzində mərkəzə üz tutan 40 mindən çox turistin 70 faizi əcnəbilər olub. Xarici turistlərin 80 faizdən çoxunu isə ərəb ölkələrindən gələn turistlər təşkil edib.

 

- Müsahibə üçün çox sağ olun.

 

© Azərtac

13.12.2017 09:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ