19-u Lənkəranda bayram ab-havası olacaq - HƏR KƏS DƏVƏTLİDİR

Azərbaycanda ilk dəfə olaraq dekabrın 19-da Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərdə “Çay, çəltik və sitrus meyvələri” festivalı keçiriləcək.

 

Bayramsayağı bəzədilən Heydər Əliyev Xatirə Parkında festival iştirakçılarını sərgilər, rəngarəng musiqi nömrələri və gözəl bayram ab-havası gözləyir.

 

Festival iştirakçıları “Çayımızın adı var” pavilyonunda Lənkəranda yaşıl çay yarpağının dərimindən tutmuş ayrı-ayrı müəssisələrdə istehsal edilən növbənöv quru çaylarla tanış olmaq, əsl təbii çayın dəmlənmə qaydasını öyrənmək, çay ustaları tərəfindən dəmlənmiş ətirli, dadlı çaylardan içmək, “Süfrələrin bəzəyi Lənkəranın düyüsü” pavilyonunda bacarıqlı və təcrübəli aşpazların hazırladığı yüksəkkeyfiyyətli yerli sortlardan olan “Haşimi”, “Sədri”, “Campo” düyülərindən bişirilən 50 növdən çox plov, eyni zamanda, Lənkəran mətbəxinin ləziz təamlarından olan, quş, balıq ləvəngisindən hazırlanan xörəklərdən dadmaq imkanı əldə edəcəklər.

 

Qonaqlar “Lənkəranın şirnisi - ağız dadımız” pavilyonunda şirniyyat ustalarının hazırladıqları növbənöv şəkərbura, paxlava, şor qoğalı dadacaq, onların hazırlanma prosesi ilə yaxından tanış olacaqlar.

 

Lənkəranda ilk dəfə yetişdirilən hallabonq meyvəsi isə bu torpaqda becərilən yeni növ ekzotik meyvədir və festival iştirakçıları onun da dadına baxa biləcəklər.

 

“Gözəlliyi damla-damla topladıq”, “Yeni Lənkəran tikmək üçün”, “Cənnət görmək istəyən Lənkərana gəlsin” və digər pavilyonların vitrinlərində Lənkəranda istehsal olunan məhsullar, xalq sənətkarlığı nümunələri sərgilənəcək.

 

Festivalboyu musiqi kollektivlərinin ifaları iştirakçılara xoş əhval-ruhiyyə bəxş edəcək.

 

Tədbirdə bədii özfəaliyyət kollektivlərinin rəngarəng, ədəbi-bədii kompozisiyaları ifa olunacaq, musiqi nömrələri səsləndiriləcək, gənclərin iştirakı ilə əyləncəli proqramlar göstəriləcək.

 

“Çay, çəltik və sitrus meyvələri” festivalı respublikanın tanınmış incəsənət ustalarının ifasında bayram konserti ilə davam edəcək və atəşfəşanlıqla başa çatacaq.

 

© Azərtac

17 Dekabr 2017, 20:15   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin