Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Problemli mikrokreditlər 35-45% arasındadır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Problemli mikrokreditlər 35-45% arasındadır"

Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva "PAŞA Bank"ın maliyyə dəstəyi ilə hazırlanan "Biznes klass" verilişinin qonağı olub.  Jurnalist Abbas Axundovun onunla müsahibəsini təqdim edirik:

 

Reklam_3_11

- Jalə xanım, mikromaliyyə bazarının bugünki vəziyyəti, onun biznesin inkişafınakı rolu barədə danışacağıq. Bu gün Azərbaycanda, xüsusilə də bölgələrdə biznes mikromaliyyə alətlərindən nə dərəcədə fəal istifadə edir? Başqa ölkələrlə müqayisədə vəziyyət necədir?

 

- Mikromaliyyə xidməti Azərbaycanda 1996-cı ildən göstərilir. Əgər ilk illərdə bu, 10-15 regionda pilot layihə kimi başlamışdısa, hazırda mikromaliyyələşdirmə 66 regionu əhatə edir. 20 il bundan əvvəl cəmi 11 mikromaliyyə təşkilatı var idisə, hazırda xeyli sayda bank, bank olmayan kredit təşkilatı və kredit ittifaqı bu xidməti göstərir və kənd yerlərində insanların məşğulluğunun təmin edilməsinə imkan verir. Yəni, mikomaliyyə işsiz olan, iş axtaran insanlara böyük fayda verir, aztəminatlı ailələrin sayının, yoxsulluğun azaldılması baxımından əhəmiyyətlidir. İnsanlar dövlətdən illərlə aldıqları müavinətdən azad olurlar. Bir sözlə, onların ailələrini dolandırmasında, sosial rifahın yüksəlməsində mikromaliyyə xidməti özünü doğruldub.

 

- Bölgələrdə əhalinin, o cümlədən sahibkarların maliyyə savadlılığını necə qiymətləndirirsiniz?

 

- İlk dəfə bu sahədə 2009-cu ildə araşdırma, 1200 nəfər arasında apardıq. Məlum oldu ki, əhalinin 50-52%-nin maliyyə savadının səviyyəsi çox aşağıdır. Ev təsərrüfatlarında gəlir və xərclərin hesabatını aparanların payı isə təxminən 20%-dir. Son bir ayda nə qədər gəlir əldə edib, nə qədər pul xərclədiyini deyə bilməyənlərin payı isə 36%-dir.

 

Bu artıq AMFA-ya bir ismarıc, siqnal idi ki, təkcə maliyyə qurumlarının potensialının gücləndirilməsinə deyil, onların müştərilərinin maliyyə savadının artırılmasına çalışmalıdır, müəyyən proqramlar, layihələr həyata keçirməlidir. Bununla da, regionlarda maliyyə savadlılığı üzrə ekspertlər yetişdirməyə başladıq. Hər hansı böldəgə yaşayan, bu işə həvəsi olan təlimçiləri seçdik. Təlimlərdən 3 ay sonra monitorinq aparırdıq və çox maraqlı idi ki, insanların vərdişlərində, davranışlarında nə kimi dəyişikliklər baş verib. Çox qururverici idi ki, bu təlimlərdən sonra hətta təlimçilər arasında ayda 300 manat qənaət edən, bu pulu kənara qoyanlar olmuşdu. Hətta aylıq gəliri yüksək olanlar arasında 1 000 manat qənatə edənlər də var idi.

 

Hazırda AMFA-nın bölgələrdə 22 təlimçisi var ki, onlar sırf maliyyə savadlılığı üzrə akkreditasiyadan keçiblər. Onlar həm də Assosiasiyaya kömək edirlər ki, bu işə ehtiyacı olan, biliklərini paylaşmaq istəyən insanları cəlb edək və növbəti layihələrdə təlimçilərinin sayının artırılmasına nail olaq.

 

Onu da qeyd edim ki, AMFA yalnız maliyyə savadlılığı təlimləri ilə yekunlaşmır. Maliyyə savadlılığı sadəcə ev təsərrüfatının büdcəsinin düzgün idarə edilməsi üçündür, müəyyən məbləğdə əmanətin toplanılaraq biznesə qoyulmasına imkan verir. Amma peşəkar sahibkar kimi yetişmək üçün onlara biznes planın yazılması, hazırlanması sahəsində dəstək lazımdır. Artıq 4 ildir ki, bununla bağlı sahibkarla dəstək verməyə başlamışıq. Eyni zamanda bu yaxınlarda pilot layihə kimi insanlara sərmayə kapitalı ayırmışdıq. Hədəf müştəri kimi isə qadınları, eləcə də respublikanın ən kasıb bölgələrini - Bərdə, Tərtər və Füzuli rayonlarını seçmişdik. Bu bölgələrdəki 60 xanımdan 18-nə ən yaxşı biznes planları seçib vermişdik. 1 aydan sonra monitorinq apardıq, məlum oldu ki, onlar kiçik məbləğd ayırdığımız sərmayə kapitalının üzərinə əmanət kimi yığdıqları vəsaiti də əlavə edib biznesə başlayıblar. Hamısı da biznes planda olduğu kimi biznes ideyasının reallaşdırılmasına nail olublar. Onları izləməkdə davam edirik və qarşıdakı illərdə artıq üzv təşkilatlarımızın dəstəyi ilə bu cür layihələri daha bir neçə rayonda həyata keçirək, xüsusilə də kənd təsərrüfatı və turizm kimi sahələrə yönələk. İnanırıq ki, bu, ölkədə yeni nəsil sahibkarların yetişməsini tövhəsini verəcək.

 

- Azərbaycanda biznesin maliyyə resurslarına çıxış imkanları necədir? Əlyetərlilik səviyyəsini artırmaq üçün hansı tədbirlər görülməlidir?

 

- Bu gün ən böyük problem odur ki, ölkənin kredit reytinqi aşağıdır və xarici investorlar üçün Azərbaycan cəlbedici deyil. Üstəlik insanların maddi yükü artdığı üçün kreditlərin geri qaytarılma faizi aşağı düşüb. Tarixən Azərbaycan da daxil olmaqla Mərkəzi Asiya və Şərqi Avropada kreditlərin geri qaytarılma faizi 99% olub. Yəni, riskdə olan portfel 1% təşkil edib. Konkret olaraq Azərbaycanda isə bu rəqəm, yəni problemli mikrokreditlərin payı 2 il bundan əvvələ qədər 0,4% idi. Hazırda bu rəqəm 35-45% arasındadır. Bu da investorların ölkəyə yatırdığı vəsaiti geri götürməsində problem yaradır. Bu baxımdan təkrarmaliyyələşmədə çətinliklər var. İnanırıq ki, bu sahədə vəziyyət yaxşılaşacaq. Çünki dövlət səviyyəsində kifayət qədər islahatlara imza atılıb. Bu islahatlar investorları Azərbaycana pul qoymağa təşviq edəcək.

 

1 il əvvəlki vəziyyətə baxanda kreditlərin geri qaytarılmasına vəziyyət müsbətə doğru dəyişir. Maliyyə qurumları özləri də kifayət qədər çevik dəyişikliklər ediblər. Kredit siyasəti, kreditləşmə qaydaları dəyişib. Onlar çalışırlar ki, müştəri ilə müəyyən kompromis əldə etsinlər. Bu, sahibkarların da marağındadır. Çünki, əgər hər hansı biznesmen çətinlikdədirsə, ona müddət, təkrar maliyyə dəstəyi vermək lazımdır ki, o, işini bərpa edə bilsin. Yəni, borclu olmaqla biznesi və ailəni saxlamaq mümkün deyil. Buna görə də, qarşılıqlı olaraq dialoq formatında kompromislərə gedilir və tendensiya müsbətə doğru dəyişir. Amma təşkilatlar öz xərclərinə də baxmalıdırlar. Hazırda xərclərin optimallaşdırılmasına böyük önəm verilir. İnformasiya texnologiyalarından çox istifadə olunur.

 

Məsələn, kredit üçün ərazilərin baxılması prosesini sürətləndirmək məsələsinə baxılır. Yəni, hansı alətlərdən istifadə etməklə kənd təsərrüfatı üçün kreditlərin verilməsini, qiymətləndirmə işlərini sürətləndirə bilərlər? Bu işə beynəlxalq təşkilatlar da çox böyük dəstək verirlər. Hətta bir neçə investor var ki, onlar Assosiasiyaya müraciət edərək bugünki iqtisadi böhran zamanı maliyyə qurumlarına hansı formada texniki dəstəyə ehtiyac olduğunu öyrənirlər. Bu da müsbət haldır, anlaşılandır ki, böhranda belə müəyyən fürsətlər var ki, onlardan doğru şəkildə istifadə etmək lazımdır. Artıq bir sıra maliyyə qurumları əməkdaşlıq etdikləri investorlara texniki dəstək üçün müraciət ediblər. Hazırda yeni məhsullar üzərində işlər aparılır, xərclərin azaldılmasına çalışılır ki, kreditlərin faiz aşağı olsun və sahibkarlara sərf etsin.

 

- Hazırda mikrokreditlər üzrə orta illik faiz dərəcəsi neçə faizdir?

 

- Kredit faizləri 24-30% arasında dəyişir. Böhrandan əvvəlki dövrə baxanda illik faizlərdə təxminən 6% azalma var. Bu da informasita texnologiyalarının tətbiqi, müəyyən ixtisarların aparılması, regionlardakı filialların bağlanması, eyni zamanda əməliyyat xərclərinin kəskin azalılması hesabına mümkün olub. Bəzi təşkilatlar kredit skorinq xidmətindən istifadə edirlər, daxili informasiya sisteminin idarə ediləsində müəyyən dəyişikliklərə gedirlər. Bu da əməliyyat xərclərinin azaldılması ilə kreditlərin faizlərinin aşağı salınmasına şərait yaradır.

 

- Mikromaliyyələşdirmədə bankların rolu böyükdür. Son 1-2 ildə bank sektorunda baş verən hadisələrdən sonra banklar mikromaliyyə sahəsinə marağına necə təsir göstərib? Onlar hələ də bu bazarda fəaldırlarmı?

 

- Elə banklar var idi ki, onlar üçün mikromaliyyə xidməti göstərdiyi xeyli sayda xidmətdən biri idi. Ancaq elə də bank var idi ki, onun kredit portfelinin 70-80%-ni mikrokreditlər təşkil edirdi. Mikromaliyyənin strateji əhəmiyyət daşıdığı banklar bu gün də həmin sahədə xidmətə davam edirlər. Banklar mikromaliyyələşdirməyə 10 il bundan əvvəl başlamışdılar və o zaman ölkədə bu xidməti göstərən 12-15 bank var idi. Hazırda həmin bankların sayı faktiki 6-7-dir. Bunlar da xarici investorlarla sıx işləyən banklardır və mikrokredit müştəriləri onlar üçün strateji hədəfdir.

 

- AMFA-nın vəzifələrindən biri də hökumətə bazarla bağlı hansısa təkliflər verməkdir. İndiki vəziyyətdə əsas təklifləriniz nədir, mikromaliyyələşdirmə sahəsində vəziyyəti yaxlaşdırmaq üçün nəyi dəyişmək lazımdır?

 

- İlk növbədə maliyyə qurumlarının daxilində müəyyən modernləşdirmənin aparılmasını tövsiyyə edirik. Məsələn, təşkilat müştərinin mühafizəsi prinsiplərinə nə dərəcədə əməl edir? 2-ci məsələ təşkilatın hansısa sosial məqsədi varmı? Bununla bağlı onlarda qiymətləndirmə aparırıq və müəyyən tövsiyyələr edirik ki, öz məhsullarında dəyişikliklər etsinlər və müştəriyönümlülüyü qabarda bilsinlər. Yəni, maliyyə qurumları müştərilərə, eləcə də işçilərə qarşı sosial məsuliyyətlərini artıra bilsinlər.

 

AMFA olaraq maliyyə savadlılığının artırılması, bizes planının hazırlanmasına dəstək kimi xidmətlərlə yanaşı yeni xidmətlər, məsələn, mentorluq xidmətini qurmağı, xidmətlərin çeşidini artırmağı düşünürük. Borclanma ilə bağlı məsləhətlərin verilməsi nəzərdə tutulub. Elə müştərilər var ki, onlar borcla həddindən artıq yükləniblər. Onlar maliyyə qurumu ilə müqayisədə kənar təşkiların məsləhətlərinə daha açıqdırlar. Bunu da başqa ölkələrin təcrübəsindən istifadə etməklə tətbiq edə bilərik.

 

Dövlət qurumları ilə işə gəlincə, 2012-2014-cü illərdə Azərbaycanda kənd təsərrüfatını inkişaf etdirmək üçün bu sahəyə kreditlərin sığorta və təminat mexanizmlərinə dair araşdırma aparmışdıq. Başqa ölkələrdə apardığımız təhlillər nəticəsində bu mexanizmlərin hansı faydaları verəcəyini əsaslandırıb müvafiq dövlət strukturlarına təqdim etmişdik. Tövsiyyə etmişdik ki, əgər Azərbaycanın kənd təsərrüfatı sahəsində tarixi rəqabətqabiliyyətliliyi təmin etmək istəyiriksə, maliyyə sektorunu aqrar sektora sərmayə qoymağa təşviq etməliyik və bunun üçün həmin mexanizmlər stimulvericidir. Hansı ki, qonşu Türkiyədə kənd təsərrüfatında sığorta və təminat mexanizmləri müsbət nəticə verib.

 

Eyni zamanda AMFA olaraq müxtəlif "dəyirmi masa"larda iştirak edirik. Məsələn, Assosiasiya Strateji Yol Xəritələrinin hazırlanmasında yaxından iştirakçı olub. Konkret olaraq kiçik və orta sahibkarlığın, eləcə maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritələrinə tövhəmizi vermişdik.  Bundan başqa, biznes assosiasiyalarının yaradılması ilə bağlı müəyyən tövsiyyələrimiz olub.

 

Təbii ki, investorlarla bağlı da sıx işlər aparırıq və dövlət qurumlarına tövsiyyələrimiz ondan ibarətdir ki, əgər bu gün onları Azərbaycana uzunmüddətli cəlb etmək istəyiriksə, müəyyən inkişaf strategiyaları hazırlayıb ortaya qoymalıyıq. Həmin strategiyalar uzun, orta və qısamüddətli perpektivləri əhatə etməlidir. Onların icrası ilə bağlı mütəmadi məlumatlandırma olmalıdır və investorlar inandırılmalıdır ki, strategiyalar kağız üzərində deyil, nəticə verməkdədir.

 

- Assosiasiyanın digər planları nədən ibarətdir? Növbəti 5 il ərzində hansı işləri görmək istəyirsiniz?

 

- Əsas hədəfimiz Azərbaycanda yeni nəsil sahibkarlığın inkişaf etdirilməsi olacaq. Hesab edirik ki, hazırki layihələrimiz bir çox regionlarda müsbət nəticə verəcək. Bildiyiniz kimi, AMFA üzv əsaslı təşkilatdır və üzvlərimizin həmin layihələrə müsbət qiymət verməsi onların doğru addım saymağımıza imkan verir. Beləliklə, sahibkarlığın inkişaf etdirilməsi ilə yanaşı, çalışacağıq ki, gənc sahibkarlığın, qadın sahibkarlığın potensialından istifadə olunmasına tövhəmizi verək. 

 

 

© "Renkinq"

 

18.12.2017 09:48

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ