Qanunsuz sms-reklamlar hüquqlarımızı pozmağa davam edir - HÜQUQİ RƏY

Bu sms-lərdən necə xilas olmalı?


 

Hazırkı dövrdə ən çox yayılmış reklam formalarından biri kütləvi şəkildə göndərilən sms-reklamlardır. Çoxlarımız öz mobil nömrələrimizə dəfələrcə qısa nömrələrdən və hansısa şirkətlərdən fərqli mal və xidmətlər, kampaniyalar, endirimlər və digər mövzularda reklam xarakterli sms-ismarıclar alırıq.

 

Sms-reklamlar bizi necə tapır?

 

Vəkil Allahverən Oruclu “Marja”ya bildirdi ki, bunun müxtəlif səbəbləri ola bilər. Bəzi hallarda biz bilərəkdən və ya bilməyərəkdən belə sms-lərin gəlməsinə yol açmış oluruq. Məsələn, biz hansısa malları və ya xidmətləri alarkən, müxtəlif kartlar əldə edərkən abunə, alqı-satqı, xidmət və ya digər bu kimi müqavilələr bağlayarkən, ərizələr verərkən, blanklar  doldurarkən öz fərdi məlumatlarımızı, o cümlədən, mobil nömrələrimizi ötürmüş oluruq.

 

Bəzən isə nömrələrimiz və digər məlumatlarımız mobil operatorlar və ya digər xidmət subyektləri tərəfindən sms-reklam yayan şirkətlərə, reklamvericilərə razılığımız olmadan qanunsuz olaraq ötürülür.

 

Abunəçinin yazılı müqavilə ilə verdiyi razılığı olmadıqda ona reklam sms-ləri göndərilə bilməz.

 

Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının qanunları ilə SMS-reklamlar məhdudlaşdırılmışdır.

 

Belə ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, telekommunikasiya operatoru və provayderi abunəçiyə reklamı yalnız abunəçi ilə bağlanılan yazılı müqavilədə reklamın göndərilməsi razılaşdırıldığı halda fərdi qaydada yayımlaya bilər.

 

Oxşar müddəalar “Telekommunikasiya haqqında” Qanunun 50-1-ci maddəsində də əks olunmuşdur.

 

Beləliklə, telekommunikasiya operatoru və ya provayderilə bağlanılan müqavilələrdə reklam göndərməsinə razılıq verilməsi qeyd edilməyibsə, o zaman mobil operator tərəfindən abunəçiyə reklam göndərməsi qanunsuzdur.

 

Razılıq necə verilir?

 

Bəzi hallarda bağladığımız abunə, alqı-satqı, xidmət və ya digər bu kimi müqavilələrə mobil operatorlar və digər şirkətlər reklam paylaşımları almağa razılıq bildirməyimiz barədə müddəalar daxil edirlər. Biz çox vaxt bu şərtləri nəzərdən qaçırırıq və ya bunlara lazımi əhəmiyyət vermirik. Formal hüquq baxımından belə bir razılıq müddəası olan müqaviləyə imza atmağımız bizə reklamın göndərilməsinə razılıq verdiyimiz kimi qiymətləndirilə bilər. Halbuki, razılıq konkret, anlaşılan, şüurlu, müstəqil iradə ifadəsini əks etdirən olmalıdır.

 

Burada problem ondan ibarətdir ki, mobil operatorun və ya digər şirkətin müştəriyə təqdim etdiyi müqavilə olduqca kiçik şriftlə yazılır. İstifadəçi onu tam oxuya bilmir və nəyə razılıq verdiyindən xəbərsiz olur. Bu hal olduqca geniş yayılmış mənfi təcrübədir. Əslində isə, müqavilə şərtləri aydın, oxunaqlı şəkildə təqdim edilməli, müqavilələr mücərrəd olmamalı, məsələlər dəqiqliklə öz əksini tapmalıdır. Vətəndaşlar da müqavilədə yazılanları diqqətlə oxumalı, hər hansı xidmətin, kampaniyanın şərtləri ilə tam tanış olmalı, sonra razılıqlarını verməlidirlər.

 

Fərdi məlumatlarımızın ötürülməsinə də razılığımız olmalıdır.

 

“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən, şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat (o cümlədən, mobil nömrələr, ad, soyad, yaş və s.) fərdi məlumat sayılır, habelə, barəsində fərdi məlumatlar toplanılan, işlənilən və mühafizə edilən, kimliyi müəyyənləşdirilmiş və ya müəyyənləşdirilən fiziki şəxs fərdi məlumatların subyekti sayılır.

 

Beləliklə, hər birimizin fərdi məlumatları vardır və hər birimiz fərdi məlumatların subyektiyik. Həmin qanuna əsasən, subyekt fərdi məlumatların toplanılmasına və işlənilməsinə öz razılığını verdikdə fərdi məlumatların toplanılması və işlənilməsi həyata keçirilə bilər. Belə razılıq verilmədikdə isə, mobil operatorlar və ya digər şirkətlər tərəfindən fərdi məlumatların toplanılması və işlənilməsi, o cümlədən, 3-cü şəxslərə ötürülməsi həyata keçirilə bilməz.

 

Bu halda da, razılıq konkret, anlaşılan, şüurlu, müstəqil iradə ifadəsini əks etdirən olmalıdır.

 

Bundan başqa, fərdi məlumatların subyekti kimi bizim qanundan irəli gələn bir sıra hüquqlarımız vardır. Belə ki, qanuna əsasən subyekt informasiya sistemində özü barəsində fərdi məlumatların toplanılmasının, işlənilməsinin və üçüncü şəxslərə verilməsinin hüquqi əsaslandırılmasını tələb etmək, bu məlumatların toplanılmasının, işlənilməsinin və üçüncü şəxslərə verilməsinin subyekt üçün hansı hüquqi nəticələrə səbəb olacağı barədə məlumat almaq; informasiya sistemində özü barəsində toplanılmış fərdi məlumatların məzmunu ilə tanış olmaq; informasiya sistemində özü barəsində fərdi məlumatların toplanılması və işlənilməsi məqsədini, işlənilmə müddətini, üsullarını, onun fərdi məlumatları ilə tanış olmaq icazəsi olan şəxslərin, o cümlədən məlumat mübadiləsi aparılması nəzərdə tutulan informasiya sistemlərinin dairəsini bilmək;  habelə, özü barəsində fərdi məlumatların toplanılmasına və işlənilməsinə qadağan qoyulmasını tələb etmək hüquqlara malikdir.

 

İstehlakçıların hüquqları pozulur

 

Yuxarıda qeyd edilən sms-reklamlar bəzi hallarda istehlakçı hüquqlarını da pozur.

 “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında“ Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri, əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir.

 

Satıcı (icraçı) istehlakçıya müəssisənin satdığı malların ticarət qaydaları və xidmət növləri barəsində də dolğun və düzgün məlumat verməlidir.

 

Həmin qanunun 14-cü maddəsinə əsasən isə, istehlakçını keyfiyyətsiz və ya ona lazım olmayan çeşidli mal almağa və xidmət göstərilməsinə məcbur etmək qadağan edilir.

 

Habelə, satıcı (icraçı) istehlakçıya öz müəssisəsinin adı, mənsubiyyəti və iş rejimi barədə düzgün və başa düşülən məlumat verməlidir.

 

Təcrübə göstərir ki, istehlakçılara göndərilən sms-reklamlarda verilən məlumatlar yarımçıq, qısa, çaşdırıcı, bəzi hallarda isə aldadıcı olur.

 

Bəzən bilməyərəkdən, hansısa zəngi qəbul etməklə, sözü, düyməni basmaqla və ya hansısa digər naməlum şəraitdə ayrı-ayrı xidmətlərinin istifadəçisinə çevrilirik. Burada “xidməti” göstərən müəssisənin kim olması aydın olmur, xidmətlərin məzmunu və şərtləri barədə düzgün məlumatlar verilmir. Araşdırarkən məlum olur ki, qoşulduğun bildirilən xidmət mobil operatora aid deyil, mobil operatorun əməkdaşlıq etdiyi, tanımadığın hansısa bir müəssisəyə aiddir. Mobil operator sübut etməyə çalışır ki, o, üçüncü şəxslər tərəfindən göstərilən xidmətlərə, onların məzmununa və xidmət haqqına görə heç bir məsuliyyət daşımır, məhz həmin müəssisə abunəçi qarşısında məsuliyyət daşıyır. Sual yaranır ki, biz həmin 3-cü müəssisə ilə mülki hüquq münasibətlərinə nə zaman girdik, müqaviləni nə zaman bağladıq, bununla bağlı hansı sənədlər mövcuddurmu?

 

Bu halda əlavə olaraq nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.9-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi istehlakçıların hüquqlarının pozulması sayılır və buna görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

 

Mobil operator öz müştərisini belə qanunsuz sms-reklamlardan qorumalıdır

 

 “Telekommunikasiya haqqında” Qanunun 50-1-ci maddəsinə əsasən operator və provayder abunəçiyə reklam göndərilməsindən istənilən vaxt imtina etmək və ya abunəçinin yalnız arzuladığı reklamı yayımlamaq üçün imkan yaratmalıdır. Abunəçinin razılığı olmadan və ya “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına zidd olan reklamın göndərilməsi üçün operator və provayder məsuliyyət daşıyır.

 

Beləliklə, mobil operator və provayder özü müştərisini belə qanunsuz sms-reklamlardan qorumalıdır, müştərinin yazılı müqavilədə ifadə edilmiş razılığı yoxdursa, həm özünə, həm də əməkdaşlıq etdiyi 3-cü şəxslərə (reklamvericilərə) aid reklam sms-lərini abunəçilərinə göndərməməlidir, öz şəbəkəsindən reklamvericilərin qanunsuz istifadəsinə şərait yaratmamalıdır.

 

Bundan başqa, qeyd olunan qanuna əsasən, operator və provayder abunəçiyə reklam göndərilməsindən istənilən vaxt imtina etmək və ya abunəçinin yalnız arzuladığı reklamı yayımlamaq üçün imkan yaratmalıdır.

 

Operator və provayder ilə abunəçi arasında reklamın göndərilməsi barədə müqavilə bağlanıldığı halda, abunəçinin reklam göndərilməsindən imtina etməsi barədə operatora və (və ya) provayderə sorğusu əsasında abunəçiyə məxsus son telekommunikasiya avadanlığına reklamın yayımlanması dərhal dayandırılır.

 

Beləliklə, nə vaxtsa hər hansı formada razılıq verilmiş olsa da belə, abunəçiyə həmin xidmətdən sadə və asan yolla imtina etmək imkanı verilməlidir, operator dayandırma (imtina) barədə abunəçinin ilk müraciəti əsasında dərhal, abunəçini operatorun əməkdaşlıq etdiyi  3-cü şəxslərə yönləndirilmədən reklamın yayımlanmasını dayandırmalıdır.

 

Eyni zamanda, nəzərə alınmalıdır ki, burada qanun sms-reklamın operatorun özünə və ya onun əməkdaşlıq etdiyi üçüncü şəxslərə aid olmasını fərqləndirmir. İstənilən halda, abunəçidən müraciət gəldikdə, reklamın kimə aid olmasından asılı olmayaraq yayımlanması dayandırılmalıdır.

 

Bundan başqa, qanunda dayandırma ilə bağlı hər hansı ödənişin edilməsi də qeyd edilmir. Bu halda, abunəçi ilə bağlanılan yazılı müqavilədə dayandırılma və ya imtina halında ödəniş barədə müddəa yoxdursa, mobil operator və ya provayder reklamın yayımlanmasını pulsuz dayandırmalıdır.

 

SMS-reklamlardan necə xilas olmaq olar?

 

1. İlk növbədə əvvəldən diqqətli olmaq, mobil operatorlarla bağlanılan müqaviləni ətraflı oxumaq, müqavilə bağlanan anda belə reklam sms-lərinin qəbul etmək və ya etməmək istəyini bildirmək lazımdır.

 

2. Sübutlar toplamaq: gələn SMS-reklamları skrinşot etmək, sms-lərin şəklini çəkmək lazımdır.

 

3. Mobil operatora müraciət etmək: belə sms-lərin dayandırılmasını, bu növ xidmətlərin bağlanılmasını tələb etmək və reklamlardan imtina edildiyini bildirmək lazımdır. Müvafiq razılıq verməyibsinizsə, bunu mütləq ərizənizdə bildirin. Razılığın verildiyini sübut etmək vəzifəsi mobil operatora və reklam yayana aiddir. İstənilən halda, belə razılığın verilməsi heç bir halda sizi sonradan bu paylaşımın dayandırılmasını tələb etmək hüququndan məhrum etmir.  Sizin dayandırma (reklamlardan imtina) barədə müraciətiniz əsasında mobil operator belə sms-ləri dayandırmaları, onları öz şəbəkəsindən sizin nömrənizə buraxmamalıdır.

 

4. Müvafiq nəzarət orqanlarına və ya məhkəməyə müraciət edin. Mobil operatorunuz müraciətinizi təmin etmədiyi halda siz, mobil operatorun qanunvericiliyi və hüquqlarınızı pozması səbəbi ilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə, müəyyən hallarda əlavə olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə və ya birbaşa məhkəməyə şikayət edə bilərsiniz. Bu zaman şikayətinizə müvafiq sübutları: abunə müqaviləsini, mobil operatora müraciətinizi, onun cavabını (əgər olubsa), sms-lərin skrinşot şəkilləri və digər zəruri sübutları əlavə etməlisiniz.

 

Məhkəməyə müraciət edərkən siz hüquqlarınızın bərpa edilməsini, habelə, sizə dəymiş maddi və mənəvi zərəri də mülki qanunvericiliyə əsasən tələb edə bilərsiniz.

 

"Marja.az" üçün vəkil Allahverən Oruclu

www.vekil-oruclu.az

25 Dekabr 2017 , 07:56   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin