Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Artıq böhran arxada qalıb"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Artıq böhran arxada qalıb"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) 2017 - ci ilin yekunlarına dair mətbuat konfransı keçirilib. 

 

2017-ci ili dərin iqtisadi islahatlar və sabitləşmə ili kimi xarakterizə etdiyini vurğulayan Vüsal Qasımlının sözlərinə görə, artıq böhran arxada qalıb və iqtisadiyyat yeni inkişaf tsiklinə qədəm qoyub:

 

“2017-ci ildə bir tərəfdən antiböhran tədbirləri həyata keçirilib, digər tərəfdən yeni iqtisadi model quruculuğu sahəsində islahatlar davam etdirilib, infrastruktur yaxşılaşdırılıb və əhalinin sosial rifahı diqqətdə saxlanılıb. Beləliklə, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət iqtisadi böhranı yeni inkişaf pilləsinə keçid üçün imkana çevirib. Azərbaycanda ÜDM-in əhəmiyyətli azalması yalnız 2016-cı ildə qeydə alınıb, 2017-ci ildə ÜDM-in artım dinamikası tarazlaşdırılıb və 2018-ci ildə yeni iqtisadi yüksəliş üçün əsaslar yaradılıb.”

 

V.Qasımlı həmçinin qeyd edib ki, 2017-ci ildə biznes mühitinin əlverişliliyini artırmaq üçün iqtisadi islahatlar davam etdirilib: “"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, 01 noyabr 2015-ci il tarixindən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılıb. 2017-ci ilin oktyabr ayında isə yoxlamaların dayandırılması ilə bağlı müddət 2021-ci ilə kimi uzadılıb. 

 

Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli Fərmanına uyğun olaraq Dövlət Gömrük Komitəsi tərəfindən “Yaşıl dəhliz” və digər buraxılış sistemlərinin tətbiqi ilə əlaqədar müvafiq infrastruktur yaradılıb. İxracatçılar 2016-cı il 1 avqust tarixindən etibarən “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə etmək imkanı qazanıblar. «Tax free» sisteminin tətbiqi, bəzi məhsulların idxal rüsumlarının artırılması, idxal edilən xammallarda isə rüsumların azaldılması da mühüm islahat tədbirlərindəndir. Nazirlər Kabinetinin 10 aprel 2017-ci il tarixli 134 saylı qərarı ilə “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişikliklərə əsasən isə ixrac prosesi daha da sadələşdirilib.”

 

 İİTKM-in icraçı direktoru vurğulayıb ki, 2017-ci ildən qüvvəyə minən “Vergi Məcəlləsi”nə dəyişikliklərin əsas məqsədi kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimad səviyyəsinin yüksəldilməsi, vergi yükünün optimallaşdırılması, vergi ödəyicilərinin hüquqlarının qorunması, onların vaxt itkisinə məruz qalmaması və vergi öhdəliklərinin daha rahat şəkildə yerinə yetirilməsi, bir sıra vergi ödəyiciləri üçün güzəştlərin müəyyən edilməsi yolu ilə sosial bərabərliyin təmin olunması, nağdsız əməliyyatların həcminin artırılması, vergitutma bazasının genişləndirilməsi, pul dövriyyəsinin tənzimlənməsi, bankların likvidliyinin və bilavasitə vergi mühitinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi, ixracın stimullaşdırılması, uçotun dürüstlüyünün və şəffaflığının təmin olunmasıdır.

 

 Həmçinin 2017-ci ilin yanvar ayında "Dövlət satınalmaları haqqında" Qanuna edilən dəyişikliyə əsasən, yerli şirkətlərə 20 faizlik güzəşt tətbiq edilib. 

 

  Vüsal Qasımlı əlavə edib ki, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi və hesablanan faizlərə görə subsidiya verilməsi qaydalarını təsdiq edib. İpoteka və Kredit Zəmanət Fondunun yaradılması real sektorla maliyyə sektoru arasındakı iqtisadi tarazlığın bərpa olunması, maliyyə risklərinin bölünməsi, bankların dayanıqlığının və real sektora maliyyə axınının gücləndirilməsi, əks-dollarlaşmanın stimullaşdırılması və Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsinə nail olmaq üçün mühüm bir addımdır. Bu maliyyə inklüzivliyinin artırılması, sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi və maliyyə xidmətləri ilə təminatının yaxşılaşdırılmasına xidmət edəcək. Ölkədə maliyyə inklüzivliyinin artımına nail olunması iqtisadi fəaliyyətin dəstəklənməsinə, sahibkarlığın inkişafına, məşğulluğun yaxşılaşdırılmasına da əlavə dəstək verəcək.

 

Aqrar sahənin inkişafını sürətləndirmək üçün “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”, "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” və "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” qəbul olunub. Artıq ölkədə iqtisadi strateji planların, dövlət proqramlarının, inkişaf konsepsiyalarının, strategiyaların, tədbirlər planlarının layihələrinin hazırlanması zamanı strateji yol xəritələrinin müddəaları rəhbər tutulur.

 

Vüsal Qasımlı İnstitutsional islahatlardan danışanda Azərbaycan Sənaye Korporasiyası, Qida Təhlükəsizliyi Agentliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılmasının xüsusilə vurğulamaq lazım olduğunu bildirib. Onun qənaətincə, İdarəetmə islahatları yeni iqtisadi modelin funksionallığını təmin etmək baxımından vacibdir : “2017-ci ildə  "Əsrin müqaviləsi"nin ("Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişi) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması  və Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı, həmçinin Astara-Rəşt dəmir yol xəttinin birləşdirilməsi istiqamətində addımlar ölkəmizə investisiya qoyuluşu və infradstrukturun yaxşılaşdırılması baxımından əhəmiyyətli rol oynadı.”

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru əlavə edib ki, bu il Azexport.az portalının və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının fəaliyyətə başlaması ölkə iqtisadiyyatının rəqəmsallaşdırılması, xüsusilə, e-ticarət, e-bankinq, e-kommersiya fəaliyyətlərinin inkişafına töhfə olub. Bundan başqa ixrac subsidiyaları, investisiya təşviqi, sənaye parkları, aqroparklar, texno parklar, sənaye məhəllələri, xaricdəki ticarət evləri, ticarət missiyaları və sərgilərdə iştirak iqtisadi aktivliyin artmasına, sərmayə qoyuluşunun çoxalmasına, yeni iş yerlərinin yaradılmasına, məhsul və xidmət istehsalının və ixracının artmasına səbəb olub.

 

 Mətbuat konfransı zamanı Vüsal Qasımlı bir sıra statistik rəqəmləri jurnalistlərin diqqətinə çatdırıb. Bildirib ki, aparılan uğurlu iqtisadi islahatlar nəticəsində 2017-ci ildə qeyri-neft sektorunda 2 faizdən çox artım gözlənilir. Xüsusilə, qeyri-neft sənayesi, kənd təsərrüfatı və turizm iqtisadi artımın drayverinə çevrilir. 2017-ci ildə qeyri-neft ixracının 1/5-dən çox artıb, tədiyyə balansında profisit yaranıb, strateji valyuta ehtiyatlarının həcmi artıb. Maliyyə Sabitliyi Şurası çərçivəsində aparılan fəaliyyətlər nəticəsində Azərbaycan manatının kursu sabitləşib. Beləliklə 2017–ci il sabitləşmə, 2018-ci il isə iqtisadi inkişaf ili kimi tarixə düşəcək.

 

İcraçı direktor yekunda əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar yaxşı idarəetmənin təmin edilməsini, bazarın liberallaşdırılmasını və məhsuldarlığın artırılmasını şərtləndirir. Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyilə aparılan uğurlu iqtisadi islahatları yüksək qiymətləndirir. Eyni zamanda Dünya İqtisadi Forumunun “Qlobal rəqabətlilik hesabatında” 35-ci və Dünya Bankı tərəfindən təqdim olunan “Doing Business” hesabatında 57-ci yerə yüksəlməyimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi  islahatların nəticəsində mümkün olub.

 

Sonda V. Qasımlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyəti barədə də məlumat verərək bildirib ki, İİTKM 14 internet resursu (www.iqtisadiislahat.org, www.ereforms.org,www.ecoreform.az, www.azexport.az saytları, Facebook və Linkedin-də 3 səhifə, İnstagram-da 2 səhifə, Twitter, və Youtube-da isə hərəsində 1 səhifə) üzərindən ölkədə aparılan iqtisadi islahatları aktiv şəkildə təbliğ edib. Saytlara 600.000-dən izləyici baxışı olub. Sosial şəbəkələrdə isə Mərkəzin 20.000-dən artıq izləyicisi var. İİTKM 2017-ci ildə KİV-ə 226 xəbər göndərib. Bu xəbərlər həm Azərbaycan, həm rus, həm də ingilis dillərində yayımlanıb. İİTKM –in göndərdiyi xəbərlər əsasında elektron mətbuatda 2346 xəbər dərc olunub. TV-lərdə İİTKM –in hazırladığı xəbərlər əsasında 368 xəbər (yaxud müsahibə) yayımlanıb. Buxəbərlər daha çox ölkədə aparılan iqtisadi islahatlar, konfrans və müzakirələr, təlimlər, Azexport portalı, Strateji Yol Xəritəsinin monitorinq və qiymətləndirmə hesabatları, "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın irəliləməsi, Rəqəmsal Ticarət Qovşağı, “BİR PƏNCƏRƏ” İxraca Dəstək Mərkəzi, Doing Business 2018” hesabatına dair məlumatları əhatə edib.

 

Yekunda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı və mətbuat konfransında iştirak edən departament rəhbərləri jurnalistləri maraqlandıran sualları cavablandırıblar.

27.12.2017 09:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ