Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə BƏYANAT

iç səhifə xəbər başlığı altı (mobil)_31
2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə BƏYANAT
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yeni qlobal iqtisadi reallıqlara uyğun olaraq son illərdə həyata keçirilən davamlı stabilləşdirmə tədbirləri nəticəsində ölkədə makroiqtisadi sabitlik və dayanıqlığın əsasları yaradılmışdır. Tədiyə balansı tarazlaşmış, valyuta ehtiyatlarına təzyiq azalmış, milli valyutanın xarici dəyəri sabitləşmiş və inflyasiya gözləntiləri nisbətən səngimişdir. Bu müsbət nəticələr dərin makroiqtisadi manevr və çevik koordinasiya olunmuş makroiqtisadi siyasət çərçivəsinin tətbiqi sayəsində mümkün olmuşdur.

 

Reklam_3_11

Mərkəzi Bank yeni pul siyasəti rejimi çərçivəsində makroiqtisadi dayanıqlığa yönəldilmiş siyasət həyata keçirmiş, siyasət faiz dərəcəsi və pul təklifi mənbələri makroiqtisadi sabitlik və milli iqtisadiyyatın inkişafının təmin edilməsi hədəflərinə uyğun şəkildə tənzimlənmişdir.

 

Ölkədə makroiqtisadi sabitliyi möhkəmləndirmək və dayanıqlı iqtisadi artıma nail olmaq ortamüddətli makroiqtisadi siyasətin başlıca prioritetidir. Bu prioritetin reallaşdırılması sıx koordinasiya olunmuş makroiqtisadi çərçivə və gözləntiləri effektiv idarə edən pul siyasəti rejimi vasitəsilə mümkündür. Bütövlükdə, formalaşdırılan yeni makroiqtisadi sabitlik və inkişaf platforması iqtisadiyyatı xarici və daxili şoklardan effektli qorumağa imkan verməklə milli iqtisadiyyatın yüksək artım trayektoriyasına qayıtmasını təmin edəcəkdir.

 

I. MAKROİQTİSADİ SİYASƏT ÇƏRÇİVƏSİ VƏ 2017-Cİ İLDƏ PUL SİYASƏTİNİN YEKUNLARI

 

Xarici şoka adekvat olaraq həyata keçirilmiş siyasət tədbirləri nəticəsində 2017-ci ildə yeni makroiqtisadi sabitlik çərçivəsi formalaşdırılmış, ölkənin xarici və daxili balansı yaxşılaşmağa başlamışdır.

 

2014-cü ilin II yarısından neftin 3 dəfə ucuzlaşmasına reaksiya olaraq makroiqtisadi siyasətdə dərin manevr həyata keçirilmişdir. Neft gəlirlərindən istifadə səviyyəsi optimallaşmış, məzənnə korreksiyası həyata keçirilmiş, maliyyə sektorunda sağlamlaşma və restrukturizasiya prosesləri başlanmış, yaradılmış Maliyyə Sabitliyi Şurası makroiqtisadi koordinasiya üçün effektiv platforma rolunu oynamışdır.

 

2017-ci ildə Azərbaycanın xarici iqtisadi mövqeyi yaxşılaşmışdır. Tədiyə balansının 2015-2016-cı illərdəki kəsiri 2017-ci ilin 9 ayında 1,4 mlrd. ABŞ dolları həcmində profisitlə əvəzlənmişdir. Cari əməliyyatlar hesabında ÜDM-in 3.8%-i səviyyəsində profisit qeydə alınmışdır. Bu profisitin bərpası yalnız neftin dünya bazarlarında qiymətinin artımı ilə bağlı deyil. Makroiqtisadi korreksiya ilə manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsinin 36% ucuzlaşması və diversifikasiya tədbirləri nəticəsində son bir neçə ildə mal və xidmət idxalının əhəmiyyətli azalmasına paralel olaraq qeyri-neft ixracının genişlənməsi cari hesabın yenidən profisitə çıxmasını təmin etmişdir. Əmtəə idxalı 3.5% azalmış, qeyri-neft əmtəə ixracı isə 31.3% artmışdır. Ticarət balansı ilə yanaşı xidmət balansında da pozitiv meyillər müşahidə edilir. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri 2.5 dəfə azalmış, turizm xidmətlərində müsbət saldo yaranmışdır. Kapitalın və maliyyənin hərəkəti balansı da profisitli olmuş, birbaşa və portfel investisiyalar üzrə müsbət saldo digər investisiyalar üzrə kəsiri tam örtmüşdür.

 

Tədiyə balansının profisiti ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaratmışdır. Strateji ehtiyatlar noyabrın sonuna ilin əvvəlinə nəzərən 13.3% (5 mlrd.$) artmış və 42.6 mlrd. ABŞ dolları təşkil etmişdir. Mərkəzi Bankın valyuta ehtiyatları isə 32% artaraq 11 ayın sonuna 5.2 mlrd. ABŞ dolları təşkil etmişdir. Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasının başlıca mənbələri xarici valyutada dövlət zəmanəti ilə və valyuta girovu ilə verilmiş kreditlərin qaytarılması olmuşdur.

 

Valyuta bazarında təklifin tələbi üstələməsi şəraitində manat ilin əvvəlindən 4% möhkəmlənmişdir ki, bu da inflyasiya gözləntilərinə və dollarlaşmaya azaldıcı təsir göstərmişdir. Çevik məzənnə rejimi şəraitində II rübdən sonra milli valyuta əlavə möhkəmlənmə təzyiqi altında olmuşdur. Manatın əhəmiyyətli möhkəmlənməsi bir sıra mikro və makro risklərin reallaşmasına yol aça bilərdi.

 

Valyuta bazarında təklifin tələbi üstələməsi, büdcəyə valyuta transfertlərinin reallaşması ilə bağlı çətinliklər şəraitində fiskal sektorun likvidliyə olan tələbatı pul bazasının artımına və monetar şəraitə təsir göstərən əsas amil olmuşdur. 2017-ci ilin 11 ayında pul siyasətinin əsas əməliyyat hədəfi olan manatla pul bazası 10.5% artmışdır.

 

İqtisadiyyatda kredit aktivliyinin bərpa olunmaması şəraitində artan pul təklifinin əhəmiyyətli hissəsi likvid maliyyə alətləri bazarına, o cümlədən dövlət qiymətli kağızları və Mərkəzi Bankın maliyyə alətlərinə yönəlmişdir. Mərkəzi Bankın sterilizasiya alətləri olan qısamüddətli notların yerləşdirilməsi və depozitlərin cəlb edilməsi hərraclarında tələb təklifi bir neçə dəfə üstələmişdir ki, bu da alətlər üzrə gəlirlilik səviyyəsində öz əksini tapmışdır. İl ərzində depozit hərracları və notların yerləşdirilməsi vasitəsilə cəlb edilən vəsaitin qalığı 7 dəfə artmışdır.

 

Pul siyasəti alətləri inflyasiya, inflyasiya gözləntiləri, pul təklifi üzrə hədəflər, maliyyə bazarlarında proseslər, habelə pul siyasətinin transmissiyasının xüsusiyyətləri nəzərə alınmaqla tətbiq edilmişdir. Mərkəzi Bank il ərzində faiz dəhlizinin parametrlərini bir neçə dəfə müzakirə etmiş və uçot dərəcəsini dəyişməz saxlamışdır. Pula tələbin təmin edilməsi və likvidliyin effektiv idarə olunması məqsədilə Mərkəzi Bank müxtəlif müddətli (7 günədək, 14 günlük, 28 günlük və s.) çərçivə və açıq bazar əməliyyatlarını aktiv saxlamışdır. İl ərzində pul siyasəti əməliyyatları üzrə təminat kimi qəbul edilən qiymətli kağızların yeni siyahısı təsdiq edilmiş, çərçivə və açıq bazar əməliyyatlarının siyahısı genişləndirilmişdir.

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin 11 ayında orta illik inflyasiya 13.4% təşkil etmişdir. Valyuta bazarının sabitləşməsi, hətta manatın məzənnəsinin möhkəmləndiyi şəraitdə inzibati qiymətlərin və dünya ərzaq qiymətlərinin artması, bir sıra əmtəə qrupları üzrə tələb-təklif nisbətinin dəyişimi inflyasiyanın başlıca amilləri olmuşdur.

 

2017-ci ildə makroiqtisadi sabitlik meyillərinin yaranması qeyri-neft sektorunda iqtisadi artımın bərpasına şərait yaratmışdır. 11 ayda qeyri-neft sektorunda ümumi daxili məhsul (ÜDM) real olaraq 2.4% artmışdır. Artım qeyri-neft sektorunun ticari sektorunda 4.3%, o cümlədən qeyri-neft sənayesində 4.4%, kənd təsərrüfatında 4.2% təşkil etmişdir. Mərkəzi Bank tərəfindən həyata keçirilən real sektorun monitorinqinə görə işgüzar fəallıq indeksi artır ki, bu da qeyri-neft sektorunda iqtisadi aktivliyin əvvəlki illə müqayisədə yüksəldiyini təsdiq edir.

 

Xarici tələblə yanaşı, daxili tələb 2017-ci ildə iqtisadi artımda mühüm rol oynamış, dövlət büdcəsi xərcləri daxili tələbə təsir edən mühüm amillərdən biri olmuşdur. 2017-ci ilin 11 ayında dövlət büdcəsinin xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 11%, o cümlədən əsaslı xərclər 2 dəfə artmışdır. Bu dövrdə son istehlak xərcləri real olaraq 2.4% artmışdır.

 

2017-ci ildə iqtisadi gözləntilərin effektiv idarə olunması üçün Mərkəzi Bank pul siyasətinin kommunikasiyası alətlərindən aktiv istifadə etmişdir. İdarə Heyətinin pul siyasətinin başlıca parametrlərinə həsr olunmuş 5 iclasının qərarları müvafiq şərhlərlə birlikdə ictimaiyyətə təqdim edilmiş, hər açıqlamada növbəti qərarın gözlənilən tarixi də göstərilmişdir. Mərkəzi Bank özünün müntəzəm analitik nəşrlərini və ayrı-ayrı hədəf qrupları ilə dialoqu da davam etdirmişdir. Maliyyə maariflənməsi istiqamətində aparılan işlər də Mərkəzi Bankın fəaliyyəti üzrə kommunikasiyanın effektinin artmasına müsbət təsir göstərmişdir.

 

II. 2018-Cİ İL VƏ ORTAMÜDDƏTLİ DÖVR ÜZRƏ SİYASƏT İSTİQAMƏTLƏRİ

 

2018-ci il və ortamüddətli dövr Azərbaycanda yeni iqtisadi inkişaf modelinə keçid və dayanıqlı iqtisadi artıma nail olmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Bu dövrdə makroiqtisadi və maliyyə sabitliyinin qorunması dayanıqlı iqtisadi artım və gözləntilərin effektiv idarə olunması üçün baza şərti olacaqdır. Mərkəzi Bank mandatına uyğun olaraq özünün stabilizasiya xarakterli balanslı pul siyasəti ilə əldə olunmuş makroiqtisadi və maliyyə sabitliyinin dayanıqlığının təmin edilməsinə zəruri dəstək verəcək, hökumətlə birlikdə öz siyasətini inflyasiyanın birrəqəmli səviyyədə saxlanılmasına yönəldəcək, inflyasiyaya təsir imkanlarını artırmaq üçün pul siyasətinin strateji və əməliyyat çərçivəsini daha da təkmilləşdirəcəkdir.

 

Bu məqsədlə növbəti ildə və ortamüddətli dövrdə yeni makroiqtisadi və maliyyə sabitliyi platformasının formalaşdırılmasını təmin edən radikal islahatlar həyata keçiriləcəkdir.

 

2.1. 2018-Cİ İL ÜÇÜN PUL SİYASƏTİ

 

Makroiqtisadi sabitlik çərçivəsinin dayanıqlığının gücləndirilməsi 2018-ci ildə Mərkəzi Bankın pul siyasətinin başlıca məqsədini təşkil edəcək, inflyasiya gözləntilərinin azaldılmasına yönəldilmiş siyasət davam etdiriləcəkdir.

 

Mərkəzi Bank 2018-ci ildə də özünün pul siyasəti hədəflərini makroiqtisadi proqnozlar nəzərə almaqla formalaşdırmışdır.

 

Müxtəlif ssenarilər üzrə aparılan simulyasiyalara görə, Azərbaycanın başlıca makroiqtisadi göstəriciləri üzrə 2017-ci ildə başlamış pozitiv dinamikanın növbəti ildə də davam edəcəyi gözlənilir. Hökumətin son proqnozlarına görə 2018-ci ildə real artım tempi ümumi ÜDM üzrə 1.5%, qeyri-neft sektoru üzrə isə 2.9% olacaqdır.

 

Dövlət tələbi iqtisadi artımın əsas amillərindən biri olaraq qalacaqdır. 2018-ci ildə dövlət büdcəsi xərclərinin başlıca olaraq investisiya xərcləri hesabına artırılacağı nəzərdə tutulur ki, bu da qeyri-neft sektorunda artımı dəstəkləyəcəkdir.

 

Proqnozlaşdırılan neft qiymətləri ilə (45 ABŞ dolları) tədiyə balansının cari əməliyyatlar hesabında profisitin olacağı gözlənilir. İdxalın əvəzlənməsi və ixracın stimullaşdırılması istiqamətində qəbul edilmiş qərarların cari əməliyyatlar hesabına müsbət təsiri növbəti ildə və ortamüddətli perspektivdə də davam edəcəkdir. Kapital və maliyyənin hərəkətinə isə əsasən iri enerji layihələrinin reallaşdırılması ilə bağlı kapital axınları təsir edəcəkdir.

 

Ümumilikdə qiymətləndirmələr göstərir ki, proqnozlaşdırılan tədiyə balansı və Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) transfertlərin həcmi 2018-ci ildə valyuta bazarında stabilliyi təmin etməlidir. Manatın məzənnəsinin uzunmüddətli trendini məhz bu fundamental makroiqtisadi amillər formalaşdırır. Valyuta bazarının uzunmüddətli sabitliyi üçün tətbiq edilən valyuta nəzarətinin optimallaşdırılması da mühüm əhəmiyyətə malikdir.

 

Fiskal siyasətdəki nisbi yumşalmanı nəzərə almaqla Mərkəzi Bank 2018-ci ildə konservativ pul siyasətini davam etdirəcəkdir. Bunun üçün Mərkəzi Bank adekvat monetar şəraitin formalaşmasını təmin edəcəkdir.

 

Faiz dəhlizinin parametrləri iqtisadi tsikl göstəriciləri, inflyasiya riskləri balansının təhlili və maliyyə bazarlarının müxtəlif seqmentlərində gedən proseslər nəzərə alınmaqla müəyyənləşdiriləcəkdir. Mərkəzi Bank inflyasiyanın dinamikasını və inflyasiya gözləntilərini nəzərə alaraq uçot dərəcəsinin real səviyyəsinin pozitiv zonada qalmasına üstünlük verəcəkdir.

 

Xarici şokları effektiv absorbasiya etmək qabiliyyətini nəzərə alaraq Mərkəzi Bank çevik məzənnə rejimini saxlayacaqdır. Mərkəzi Bank milli valyutanın fundamental makroiqtisadi amillərdən irəli gəlməyən qısamüddətli dəyişkənliyinin qarşısının alınması məqsədilə məhdud sayda və həcmdə valyuta bazarına müdaxilə edə bilər.

 

Pul təklifinin həcmi iqtisadi artım və inflyasiya proqnozları, habelə maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tənzimlənəcəkdir. Bununla belə ödənişlərin fasiləsizliyini təmin etmək, iqtisadiyyatın zəruri həcmdə likvidliyə olan tələbatını ödəmək bundan sonra da diqqətdə saxlanacaqdır.

 

Pul siyasəti hədəflərinə nail olmaq üçün Mərkəzi Bank sərəncamındakı maliyyə alətlərindən makroiqtisadi vəziyyətə adekvat istifadə edəcək, bu alətlər üzrə kəmiyyət parametrləri proqnozlaşdırılan və faktiki inflyasiya arasındakı fərqdən asılı olaraq çevik dəyişdiriləcəkdir. Mərkəzi Bank banklar tərəfindən likvidliyin effektiv idarə edilməsinə şərait yaratmaq və pul siyasəti hədəflərinə nail olmaq üçün özünün müxtəlif müddətli çərçivə və açıq bazar əməliyyatlarını aktiv saxlayacaqdır. Alətlərdən istifadə bank sistemindəki likvidlik vəziyyətindən asılı olacaqdır. Struktur likvidlik profisiti olduğu təqdirdə Mərkəzi Bankın sterilizasiya əməliyyatları üzrə portfeli genişlənə bilər.

 

Siyasət qərarları qəbul edilərkən pul siyasətinin transmissiyası xüsusiyyətləri də nəzərə alınacaq, qərarlar qabaqlayıcı rejimdə qəbul ediləcəkdir. Pul bazarının inkişaf səviyyəsindən asılı olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsi davam etdiriləcəkdir. Əməliyyat hədəfinə effektiv şəkildə nail olmaq, alətlər üzrə kəmiyyət parametlərini adekvat müəyyən etməyə imkan verən likvidliyin monitorinqi və proqnozlaşdırılması sisteminin təkmilləşdirilməsi işləri davam etdiriləcəkdir.

 

Beləliklə, hökumətin birrəqəmli inflyasiya proqnozunu da nəzərə almaqla sərəncamındakı alət və mexanizmlərdən istifadə edərək Mərkəzi Bank 2018-ci ildə inflyasiyanı 6-8% civarında saxlamağa çalışacaqdır.

 

Bir sıra xarici və daxili amillər makroiqtisadi sabitlik hədəflərinə nail olmağa problemlər yarada bilər. Bura ilk növbədə neftin dünya qiymətinin proqnozlaşdırılandan əhəmiyyətli aşağı olması və iqtisadi tərəfdaş ölkələrdə iqtisadi aktivliyin azalması nəticəsində tədiyə balansı göstəricilərinin pisləşməsi aiddir. Dünya ərzaq qiymətlərində bahalaşmanın davam etməsi əlavə inflyasiya idxalına səbəb ola bilər. Yüksək və qeyri-simmetrik inflyasiya və məzənnə gözləntiləri (yəni iqtisadi subyektlərin milli valyutanın ucuzlaşmasına və qiymət qalxmasına daha kəskin reaksiya verməsi), habelə fiskal kəsirin formalaşması makroiqtisadi sabitliyə təsir edə bilər. Maliyyə vasitəçiliyinin bərpa olunmaması və izafi likvidliyin akkumulyasiyasının davam etməsi, pis borclar probleminin dərinləşməsi, sektorda vəziyyətin mürəkkəbləşməsi, habelə iri dövlət şirkətlərinin maliyyə vəziyyəti ilə bağlı risklər də makroiqtisadi sabitlik və iqtisadi artım üçün təhdidlər yarada bilər.

 

Qeyd olunan risklər Azərbaycan hökumətinin və Mərkəzi Bankın diqqət mərkəzindədir və onların idarə olunması üçün makroiqtisadi manevr potensialı mövcuddur. Növbəti ildə də Maliyyə Sabitliyi Şurası makroiqtisadi siyasət qərarlarının sıx koordinasiyasını təmin edəcəkdir.

 

2.2. ORTAMÜDDƏTLİ DÖVRƏ SİYASƏT İSTİQAMƏTLƏRİ

 

Makroiqtisadi sabitliyin dayanıqlığının gücləndirilməsi, bu əsasda sürətli və inklüziv iqtisadi artıma nail olunması ortamüddətli dövrdə qarşıda duran başlıca vəzifədir.

 

Ortamüddətli dövrdə makroiqtisadi siyasət ilk növbədə makroiqtisadi sabitliyin başlıca göstəricisi olan aşağı inflyasiyaya yönələcəkdir. Aşağı və proqnozlaşdırıla bilən inflyasiya qeyri-müəyyənlikləri aradan qaldırır, ev təsərrüfatları və müəssisələrə yığım və investisiyalara dair qərarları daha uzun planlaşdırma horizontunda qəbul etməyə imkan verir.

 

Bu səbəbdən Mərkəzi Bank orta və uzunmüddətli dövrə inflyasiyanın hədəflənməsi rejimini optimal pul siyasəti rejimi olaraq görür. Bu rejimə keçid şərtlərinin realizasiyası istiqamətində işlər davam etdiriləcəkdir.

 

Qəbul edilmiş “Pul bazarının inkişafı proqramı”na uyğun olaraq pul bazarının inkişaf etdirilməsi üzrə nəzərdə tutulan işlər: I) mütəşəkkil təminatsız banklararası kredit bazarının yaradılması; II) qiymətli kağızlar bazarının dərinləşdirilməsi və banklararası REPO bazarının formalaşdırılması; III) banklararası pul bazarının inkişafına xidmət edən infrastruktur elementlərinin inkişafı kimi istiqamətləri əhatə edir. Dövlət qiymətli kağızları bazarının dərinləşdirilməsi ölkədə adekvat gəlirlik əyrisinin və bu əsasda bençmark faiz dərəcələrinin formalaşdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir.

 

Pul siyasətinin transmissiya effektinin gücləndirilməsi və maliyyə sektorunun resurs bazasının möhkəmləndirilməsindəki rolunu nəzərə alaraq Mərkəzi Bank nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir. Ölkənin nağdsız cəmiyyətə transformasiyasına dair Mərkəzi Bank tərəfindən hazırlanmış dövlət proqramının qəbul edilərək reallaşması yaradılmış müasir ödəniş infrastrukturundan istifadəni əhəmiyyətli yaxşılaşdıra bilər. Mərkəzi Bank son dövrlərdə sürətlə populyarlaşan blokçeyn texnologiyalarının tətbiqi üzrə beynəlxalq prosesləri də izləyir və bu texnologiyalar əsasında maliyyə sektorunda müştəri-bank münasibətlərində rəqəmsal identifikasiya sisteminin yaradılmasını nəzərdə tutan pilot layihənin reallaşmasını təmin edəcəkdir.

 

Mərkəzi Bank iqtisadi subyektlər tərəfindən adekvat gözləntilərin formalaşmasını təmin etmək, rasional iqtisadi qərarların qəbuluna şərait yaratmaq və pul siyasətinə etimadı artırmaq üçün effektiv kommunikasiyanı diqqətdə saxlayacaqdır.

 

İnflyasiyanın hədəflənməsi rejiminə keçidin vacib şərtlərindən biri kimi Mərkəzi Bank özünün təhlil və proqnozlaşdırma potensialının yüksəldilməsi istqamətində tədbirlərini davam etdirəcəkdir.

 

Mərkəzi Bankın müstəqilliyinin qorunması, fiskal dayanıqlığın yüksəldilməsi, maliyyə sabitliyinin möhkəmləndirilməsi və maliyyə vasitəçiliyinin gücləndirilməsi, habelə struktur-institusional islahatlar makroiqtisadi dayanıqlığın daha da möhkəmləndirilməsinin təməl şərtləridir.

 

Maliyyə Sabitliyi Şurasının qəbul etdiyi “2017-ci il və ortamüddətli dövrə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması üzrə tədbirlər planı”na uyğun olaraq “Fiskal qayda”ların qəbulu orta və uzun müddətli dövrdə fiskal siyasətin kontr-tsiklliyi və dayanıqlığının təmin edilməsində mühüm rol oynayacaqdır. Ortamüddətli dövrdə fiskal konsolidasiyanın davam etdirilməsi və kəsirsiz büdcəyə nail olunması, stimullaşdırıcı vergi siyasətinə keçid, dövlət xərclərinin iqtisadi artımı və şaxələnməni dəstəkləyən istiqamətlərə (ilk növbədə insan kapitalının inkişafı) fokuslaşması makroiqtisadi sabitliyin qorunması və iqtisadi artımın sürətləndirilməsində mühüm rol oynayacaqdır. Ortamüddətli xərc çərçivəsinin tətbiqinə keçid, iri dövlət şirkətlərində maliyyə intizamının gücləndirilməsi və korporativ idarəetmə standartlarının tətbiqi işləri də davam etdiriləcəkdir.

 

Bankların maliyyə dayanıqlığının bərpa edilməsi və gücləndirilməsi, qeyri-işlək borclar probleminin həll edilməsi istiqamətində işlər davam etdiriləcək. Bank sektorunun restrukturizasiyası proqramı qeyri-işlək borcların tənzimlənməsi üzrə komplementar tədbirlərlə dəstəklənməlidir. Bu istiqamətdə beynəlxalq təcrübə, ölkə xüsusiyyətləri və məhdudiyyətlər nəzərə alınmaqla xüsusi mexanizmlər hazırlanmalıdır. Belə kompleks yanaşma bankların kapital mövqelərini bərpa etməyə, sağlam kredit tələbini genişləndirməyə, kredit aktivliyini artırmağa və iqtisadi artımı dəstəkləməyə imkan verərdi.

 

Maliyyə vasitəçiliynin aktivləşdirilməsi üçün bankların fəaliyyət göstərdiyi ekosistemdə mövcud olan məhdudiyyətlərin aradan qaldırılması və risklərin azaldılması üzrə işlər davam etdirilməlidir. Qeyd olunan amillərlə yanaşı, nəzərdə tutulan islahatlar ekosistemin mövcud maliyyə resurslarının bank sektoru üçün qəbul edilə biləcək risklər səviyyəsində kreditləşməyə yönəlməsinə şərait yaratmalıdır.

 

Ölkədə yeni nəsil struktur-institusional islahatların dərinləşdirilməsi, biznes-investisiya mühitinin daha da yaxşılaşdırılması makroiqtisadi sabitliyin və qeyri-neft sektorunda özəl tələbə söykənən inklüziv dayanıqlı artıma nail olmağın mühüm amillərindən biri olacaqdır. Struktur-institusional islahatlar yerli istehsalın artaraq məcmu tələbə qarşı daha çevik reaksiya verməsinə şərait yaradacaqdır. Bu da iqtisadiyyatın dərin şaxələnməsinə, idxaldan asılılığın azalmasına və qiymətlərin ortamüddətli dövrdə sabitliyinə xidmət edəcəkdir.

 

YEKUN

 

Son illər həyata keçirilmiş dərin makroiqtisadi manevr və sabitlik platformasının yaradılması sayəsində ölkədə dayanıqlı və inklüziv iqtisadi artım üçün zəruri olan makroiqtisadi sabitliyin əsasları formalaşmışdır.

 

Ölkənin yüksək inkişaf trayektoriyasına qayıtması üçün makroiqtisadi siyasətin stimullaşdırıcı rolu daha da gücləndiriləcək, yeni nəsil struktur islahatları həyata keçiriləcəkdir.

 

Makroiqtisadi sabitliyin dayanıqlığının gücləndirilməsi 2018-ci il və ortamüddətli dövrdə də Mərkəzi Bankın pul siyasətinin başlıca hədəfini təşkil edəcəkdir.

29.12.2017 07:06

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ