Azərbaycanlı alim mini zavod ixtira edib -PAMBIQ ƏKİNİ UCUZLAŞACAQ

Azərbaycanlı alim pambıq əkinində səpin normasına 4 dəfə qənaət edən və toxumlarda heç bir zədələnmə yaratmayan yüksək iqtisadi səmərəyə malik iki qurğu - mini zavod ixtira edib.

 

Bu qurğuların respublika miqyasında tətbiqinə nail olunarsa “ağ qızıl” sahələrimizi Türkiyə və Hindistandan kiloqramı 6 manata gətirilən və hər hektara 80 kiloqram səpin çiyidi lazım olan toxumlarla deyil, ölkəmizin yerli iqlim şəraitinə uyğun, maya dəyəri 50-60 qəpik olan və hər hektara 18-20 kiloqram tələb olunan toxumlarla təmin etmək mümkündür.

 

Lifli pambıq çiyidlərinin çeşidlənməsi və dərmanlanması adı verilən hər iki qurğunun yaranma ideyası, quruluşu və iş rejimi haqqında ixtiranın müəllifi, Azərbaycan Dövlət Aqrar Universitetinin texniki mexanika və qrafika kafedrasının müdiri, texnika üzrə fəlsəfə doktoru Şahlar Babayev məlumat verib.

 

Şahlar Babayev deyib ki, ölkəmizdə kənd təsərrüfatının müxtəlif sahələri kimi pambıqçılığın da hərtərəfli inkişafı üçün Prezident İlham Əliyev tərəfindən lazımı şərait yaradılıb. Bununla belə, pambıqçılıqda əsas problem səpin materialına olan tələbatla bağlıdır.

 

Hazırda respublikamıza pambıq üçün səpin materialı Hindistan və Türkiyədən gətirilir. Lakin həmin toxumların idxal olunduğu ölkələrlə bizim bölgələrimizdəki miqroiqlim şəraiti uyğun gəlmədiyindən bitkinin vegetasiya dövrü uzanır və sahələrdə pambıq yığımı bəzən qış aylarınadək davam edir. Həm də həmin toxumların maya dəyəri xeyli baha, kiloqramı 6 manat olur.

 

Ölkəyə idxal olunan səpin materiallarının keyfiyyətindən də danışan alim deyir ki, hazırda respublikamıza lütləşdirilmiş, yəni, lifləri təmizlənmiş çiyidlər gətirilir. Çiyidlərin üzərindəki liflər emal prosesində ya sulfat turşusu, ya da yandırılmaqla təmizlənir. Bu halda isə toxumların bir hissəsi zədələndiyindən, yaxud onlar lütləşdirildiyindən ölkəmizin iqlim şəraiti üçün uyğun hesab edilmir.

 

Digər bir halda isə fermerlər sahələrdə lifli pambıq çiyidlərindən istifadə edirlər. Bu halın da iqtisadi səmərəsizliyindən danışan alim deyir ki, çiyidlər üzərindəki liflər xaotik yerləşdiyindən onları yuvalar üzrə normaya uyğun əkmək qeyri-mümkündür. Hazırda hər yuvaya 5-10 çiyid səpilir ki, bu da səpin prosesində xeyli israfa yol vermək deməkdir. Əgər nəzərə alsaq ki, pambıq toxumundan həm insanların istehlakı, həm də texniki məqsədlər üçün yağ istehsal olunur, o zaman yeni qurğunun nə qədər iqtisadi səmərə verdiyini anlamaq olar. Digər bir tərəfdən isə pambığın bu cür lifli formada əkilməsi aqrar mövsümdə əmək sərfinə və vaxt itkisinə səbəb olur. Çünki bir müddətdən sonra cücərən çiyidləri seyrəltmək, digərlərini isə çıxarıb atmaq lazım gəlir.

 

Seyrəltmə prosesinin gələcək məhsuldarlığa mənfi fəsadlarını qeyd edən alim deyir ki, çiyidlər torpaqdakı mineral maddələri, üzvi gübrələri, nəmliyi və istiliyi mənimsədikdən sonra fermerlər onları çıxarıb atırlar. Bu hal isə həm iqtisadi səmərəyə, həm də pambıq bitkisinin özünün gələcək inkişaf fazasına və məhsuldarlığına mənfi təsir göstərir.

 

Alim pambıqçılıqda iqtisadi səmərəni və məhsuldarlığı yüksəldərək bu sahəni daha da gəlirli sahəyə çevirmək üçün özünün ixtira etdiyi və patenləşdirilən yeni qurğunun tətbiqini təklif edir.

 

Yeni qurğunun iş prinsipindən danışan Şahlar Babayev deyir ki, mini zavoda bənzəyən qurğulardan birincisi pambıq çiyidlərinin lifini toxumun üzərinə sarıyır, onlara eyni görkəm verir və toxumları kütlələrinə görə çeşidləyib hər hektara lazım olan normaya salır. İkinci qurğu isə lifli çiyidlərə heç bir zərər vurmadan onları zərərvericilərə qarşı funqusidləyir.

 

Xammaldan məhsul almaq üçün texnoloji prosesin ardıcıllığını izah edən alim deyir ki, ilk olaraq elektrik mühərriki işə düşür və işkif ötürücü vasitəsilə lentli nəqledici hərəkətə başlayır. Bunkerdən nəqledici kəmər üzərinə düşən toxumlar hərəkət edir və kəmər boyu yayılır. Sonrakı prosesdə hərəkət edən lent üzərindəki çiyidlər süngərin üzərinə tökülür. Nəqledici üzərindəki sıyırıcı və baraban toxumların hərəkət edən lent boyu yayılmasını və sıralanmasını təmin edir. Çiyidlər süngər üzərində hərəkət edərək zədələnmədən dərmanlanır və yenə də süngər boyunca hərəkət edərək lazımi yerə ötürülür. Qurğudakı digər hissə olan funqusid çəni isə ardıcıl olaraq süngəri eyni maddə ilə təmin edir.

 

Şahlar Babayev vurğulayır ki, bu cür emal prosesindən keçən və zədələnməyən çiyidlər yerli iqlim şəraitinə uyğun və yüksək iqtisadi səmərəyə malik toxumlar hesab edilir. Çünki çeşidlənmiş və lifi özünə sarınan toxumlar hər yuvaya 5-10 deyil, cəmi bir ədəd düşür. Toxumların hamısı yüksək dərəcədə funqusidləndiyi üçün zərərvericilər toxumlara ziyan vura bilmirlər. Toxumlar lütləşdirilmədiyindən onların üzərindəki lif torpaqdakı rütubəti özünə çəkir və bitkinin tez boy atmasına və sonrakı məhsuldarlığına səbəb olur.

 

© Azərtac

3 Yanvar 2018 , 22:39   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin