Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

Məzuniyyətdə olarkən xəstələnsəniz, hüquqlarınız nələrdir ?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Məzuniyyətdə olarkən xəstələnsəniz, hüquqlarınız nələrdir ?

İlk öncə bildirmək istəyirik ki, Azərbaycan Respublikasının Konstitusiyanın 37-ci maddəsinə əsasən əmək müqaviləsi ilə işləyənlərə ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət hüququ vardır. Eyni zamanda Əmək Məcəlləsinin 9-cu maddəsində əmək müqaviləsi üzrə işçinin əsas hüquqları sadalanan zaman “x” bəndinə, hər il məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək hüququnun olduğu qeyd edilir. 



Həmçinin, Əmək Məcəlləsinin 134-cü maddəsində, əmək məzuniyyətinin başqa vaxta keçirilməsi şərtləri və qaydası barədə ətraflı qeyd olunub. Sözügedən maddənin 3-cü hissəsinin “a” bəndinə diqqət yetirsək, belə bir nəticəyə gəlmək olar ki, işçinin təşəbbüsü ilə əmək məzuniyyəti əmək qabiliyyəti müvəqqəti itirildikdə başqa vaxt keçirilə bilər. Yəni məzuniyyəti öncədən planlayarsa və çıxmamışdan əvvəl xəstələnərsə o zaman işçi işəgötürənə müraciət edərək öz məzuniyyətinə çıxma vaxtını dəyişə bilər. Çünki həmin maddənin 2-ci bəndində açıq şəkildə qeyd olunur ki, əmək məzuniyyətinin başqa vaxta keçirilməsi dedikdə, cari ildə məzuniyyətinin verilmə növbəsində nəzərdə tutulan vaxtın bir aydan başqa aya, cari iş ilindən növbəti iş ilinə, habelə növbəti təqvim ilinə keçirilməsi başa düşülməlidir. 



Lakin belə hallar hər zaman qeyd olunduğu şəkildə baş vermir. Məcəllədə konkret olaraq nəzərdə tutulduğundan fərqli hallar ilə üzləşirik ki, bu cür məsələlərin həlli zamanı müəyyən çətinliklər çəkirik. Belə ki, işçinin məzuniyyətdə olduğu zaman xəstələnməsi heç də istisna hal deyildir. Əslində bu mövzu haqqında qısa bir məqalə yazmağımın səbəbi də, məhz mənə tez tez verilən və eyni zamanda sosial şəbəkələrdə qarşılaşdığım eyni mövzulu suallar oldu. 



- Mən məzuniyyətdə olduğum zaman xəstələndim, nə etməliyəm? Nəcə etməliyəm? Hansı hüquqlarım var? 



Bu sualların cavablandırılmasına yönələn milli və beynəlxalq qanunvericilik aktlarından bir neçəsinin qeyd etməyi məqsədə uyğun hesab edirəm. Belə ki, “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının II hissəsinin 12-ci hüququ yaranır maddəsinə qeyd olunur ki, növbəti məzuniyyət (əsas və yaxud əlavə məzuniyyət) zamanı xəstəlik və ya zədə nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, təqdim olunmuş xəstəlik vərəqəsinə əsasən işçinin əmək qabiliyyətini itirdiyi iş günləri üçün verilir. 



Qeyd etdiyim məsələ ilə bağlı, «Ödənişli məzuniyyətlər haqqında» Beynəlxalq Əmək Təşkilatının 1970-ci ildə qəbul etdiyi və 1994-cü il 19 iyun tarixdən Azərbaycan Respublikasının qoşulduğu Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində göstərilir ki, hər bir ölkədə səlahiyyətli dövlət orqanı və ya digər müvafiq orqan tərəfindən müəyyənləşdiriləcək xəstəlik və ya bədbəxt hadisə səbəbindən əmək qabiliyyətinin müvəqqəti itirilməsi, minimum illik ödənişli məzuniyyətin bir hissəsi kimi qəbul edilməyə bilər. Sözügedən konvensiyanın 6.2 maddəsinin tələbindən belə bir qərara gəlmək olar ki, məzuniyyət dövrünə xəstəlik və yaralanma təsadüf edərsə bu günlər məzuniyyət günlərindən hesab olunmaya bilər. Yəni işçinin əmək qabiliyyətini itirdiyi günlərə görə əlavə istirahət etmək hüququ yarana bilər. 



Hansı ki, konvensiyanın əsl versiyası olan ingilis dilində “may not be” kimi qeyd olunan ifadə İngilis dilindən Azərbaycan dilinə hərfi tərcümə zamanı “qeyd edilməyə bilər” kimi anlaşılır. Ən maraq doğuran məsələ isə, bu beynəlxalq konvensiyanın Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən hələ 1994-cü il tarixində, 856 saylı qərarı ilə ratifikasiya edilməsinə baxmayaraq, indiyədək tərcümə edilməməsidir. Çünki bu hallar gələcəkdə məhkəmə mübahisəsilərinə zəmin yaradaraq, fikir ayrılıqlarına səbəb ola bilər. Zənnimcə, dövlətimiz tərəfindən ratifikasiya edilmiş bütün beynəlxalq konvensiyalar azərbaycan dilində tərcümə edilməlidir. Çünki bir Azərbaycan Respublikası vətəndaşının xarici dili bilmək kimi bir mütləq öhdəliyi olmadığı və qanunvericiliyə əsasən ölkə üzrə rəsmi sənədləşmənin Azərbaycan dilində aparılmasının vacibliyi səbəbindən bütün beylnəlxalq müqavilələrin dövlət səviyyəsində ana dilimizdə tərcümə edilməsi vacib şərtdir. Bu işdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının ölkəmiz üzrə nümayəndəliyi birgə olaraq təşəbbüs göstərəcəkləri təqdirdə, gələcəkdə fikir ayrılıqlarının yaranacağı zaman hüquqpozmaların qarşısının alınmasında böyük təsiri olacağını düşünürük. 



Son olaraq, qeyd etdiyim iki qanunvericiliyin məzmununa əsasən, işçi məzuniyyətdə olan zaman xəstələnərsə, xəstələndiyi günlərdəki iş günlərinin sayına görə müvafiq qaydada ödəniş ala bilər və şəxsi fikrimcə eyni zamanda xəstələndiyi günlərin sayına görə də əlavə olaraq ödənişsiz istirahət günü ilə təmin oluna bilər. 


Misal: İşçi əmək müqaviləsi əsasında çalışdığı bir şirkətdə, 01.02.2018-ci il tarixdən 20 təqvim günü müddətinə növbəti məzuniyyətə çıxır lakin, 10.02.2018-ci il tarixindən 15.02.2018-ci il tarixinədək xəstələnir və 21.02.2018-ci il tarixində məzuniyyətdən qayıdarkən“əmək qabiliyyətini müvəqqəti itirmə vərəqəsi”ni işəgötürənə təqdim edir. 


Sual : Məzuniyyət zamanı xəstələnən işçi barədə qanunvericiliyin tələbləri nələrdən ibarətdir ?


Cavab: Nəzərə alsaq ki, işçi 5 günlük iş rejimi üzrə çalışır, o zaman əmək qabiliyyətini itirdiyi 6 təqvim günündən yalnız iş günlərinin sayına, yəni 4 günə görə müavinət almalıdır və əlavə olaraq məzuniyyət işçinin razılığı ilə 6 təqvim günü müddətinə ödənişsiz olaraq uzadılmalıdır. Yəni işçi 21.02.2018-ci il tarixində deyildə 27.02.2018-ci il tarixində işə başlamalıdır. 



Ümid edirəm ki, bu məqaləm bundan sonra həm işəgötürənlərin, həm də işçilərin öz hüquqlarını bilməkdə maarifləndirici təsiri olacaqdır. 

 

© Marja.az üçün Hrclub.az saytının təsisçisi - Orxan Quliyev

28.01.2018 06:44

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ