Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Zərurət yarandıqca gömrük rüsumları təkmilləşdiriləcək" - MÜSAHİBƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Zərurət yarandıqca gömrük rüsumları təkmilləşdiriləcək" - MÜSAHİBƏ

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyevin müsahibəsi


 

- 2018-ci ilin əvvəlində Azərbaycanda gömrük rüsumlarının yeni sistemi qüvvəyə minib. Fikrinizcə, bu sistemin tətbiqi daxili istehsala, eləcə də gömrük daxilolmalarına nə cür təsir göstərəcək?

 

- Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş iqtisadi inkişaf strategiyası son illər ərzində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf etdirilməklə ölkəmizin iqtisadi inkişafı olduqca sürətlənmiş, regionların və sahibkarlığın inkişafında ciddi nailiyyətlər qazanılmış, qeyri-neft sektorunun inkişafında, yeni iş yerlərinin yaradılmasında, əhalinin gəlirlərinin artmasında və yoxsulluğun səviyyəsinin azaldılmasında çox böyük irəliləyişlər əldə edilmişdir.

 

Qlobal maliyyə-iqtisadi böhran şəraitində bazar münasibətlərini və hər bir ölkənin iqtisadi təhlükəsizliyini qorumaq və ümummilli maraqları müdafiə etmək dövlətin iqtisadi siyasətinin mühüm istiqamətlərindən biri olmuşdur. Bu baxımdan Azərbaycan dövləti bu vəzifənin öhdəsindən ləyaqətlə gəlmişdir. İqtisadi siyasətin tərkib hissəsi olan gömrük siyasəti vasitəsilə xarici iqtisadi fəaliyyətin tənzimlənməsi məqsədilə gömrük-tarif tənzimlənməsi düzgün həyata keçirilmişdir.

 

Bildiyiniz kimi, Azərbaycan Respublikasında istehsal sahələrinin şaxələndirilməsi, ağır sənaye və maşınqayırmanın inkişafı, yeni istehsal sahələrinin yaradılması, xarici bazarlara ixracyönümlü məhsulların çıxarılmasını təmin etmək və ixracı stimullaşdırmaq məqsədilə gömrük tariflərinin təkmilləşdirilməsi zərurətini nəzərə alaraq, 01 yanvar 2018-ci il tarixindən “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17.11.2017-ci il tarixli, 500 nömrəli Qərarı qüvvəyə minmişdir. Həmin Qərarla tətbiq edilən gömrük rüsumlarının dərəcələri 7 pilləli sistemdən yeni üç pillədən (0%, 5%,15%) ibarət tarif sisteminə keçirilmişdir. Qeyd edim ki, yeni tarif sisteminin hazırlanması zamanı heç də gömrük tariflərinin qaldırılması - proteksionist gömrük siyasəti başlıca vəzifə kimi qarşıya qoyulmamışdır. Yəni, əsas məsələ tariflərin yalnız büdcə mədaxilini təmin etmək funksiyasını deyil, eyni zamanda, daxili istehsalı tənzimləmək funksiyasının da reallaşdırılmasına nail olmaq idi. Fikrimizcə, ölkədə bunu kifayət qədər təmin etmək mümkün olmuşdur. Düşünürəm ki, yeni gömrük-tarif sisteminin tətbiqi ölkədə qeyri-neft sektorunun inkişafına lazımi dəstək verəcək və yerli istehsal sahələrinin genişləndirilməsinə əlverişli şərait yaradacaqdır.

 

Yeni gömrük-tarif sisteminin hazırlanması zamanı istehsalda istifadə olunan, istehsalı olmayan xammal və materiallar üzrə gömrük idxal rüsumlarının dərəcələri “0” faizə, kifayət qədər istehsalı olmayan mallar üzrə gömrük idxal rüsum dərəcələri isə 15 və 10 faizdən 5 faizə endirilmişdir. Bununla yanaşı, bildirmək istəyirəm ki, ölkədə istehsal potensialı olan məhsullara maksimum gömrük idxal rüsumları müəyyənləşdirilmiş, bir sıra həssas məhsullar üzrə isə gömrük rüsum dərəcələri spesifik rüsumlar formasında saxlanılmışdır.

 

Gömrük daxilolmalarına gəlincə, bildirirəm ki, gömrük-tarif sisteminin təkmilləşdirilməsi büdcə daxilolmalarına əhəmiyyətli dərəcədə təsir etməyəcək və "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" Qanunla təsdiq edilmiş 2 mlrd. 430 mln. manat məbləğində illik büdcə proqnozunun yerinə yetirilməsi təmin ediləcəkdir.

 

- Dövlət Gömrük Komitəsi daxili istehsalın qorunması üçün gələcəkdə hansı tədbirləri planlaşdırır? Bu il gömrük rüsumlarının dəyişdirilməsi planlaşdırılırmı?

 

- Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-ci il tarixli, 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş Strateji Yol Xəritələrinin hədəfləri üzrə müəyyənləşdirilmiş məqsədlərə nail olduqca, rəqabətə davamlı sektorlar yaradılacaq və inkişaf etdiriləcəkdir. Kənd təsərrüfatı, ağır sənaye və maşınqayırma sektorlarında vertikal inteqrasiya yanaşmasının tətbiqi gəlirlərin artırılmasından idxaldan asılılığın azaldılmasına qədər bir çox iqtisadi faydalarla nəticələnəcəkdir. Həm yerli tələbatın ödənilməsi, həm də regional baxımdan potensialı olan mal və materialların istehsalı artırılacaqdır.

 

Bununla yanaşı, qeyd edim ki, Azərbaycan Respublikasında daxili bazarın qorunması, yeni istehsal sahələrinin yaradılması və genişləndirilməsi, eyni zamanda, qeyri-neft sektorunun inkişafı nəzərə alınmaqla, ixracyönümlü malların istehsalının və ixrac potensialının artırılması məqsədilə zərurət yarandıqca gömrük-tarif tənzimləmə prosesinin təkmilləşdirilməsi davam etdiriləcəkdir.

 

- Bu il qonşu ölkələrlə gömrük prosedurlarının sadələşdirilməsi planlaşdırılırmı? Sərhəddə gömrük nəzarətinin sadələşdirilməsi üzrə yeni danışıqlar aparılırmı?

 

- Avropa İttifaqının İnteqrəedilmiş Sərhəd İdarəçiliyi üzrə Şərq Tərəfdaşlığı Paneli çərçivəsində “Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü Sərhəd-Keçid Məntəqəsinin İnkişafına Dəstək” layihəsinin Gürcüstanla birgə tətbiqinə 2016-cı ildən başlanılmışdır. Qeyd olunan layihə daşımaların təhlükəsizliyinin təmin edilməsi, mal və nəqliyyat vasitələrinin axınının tənzimlənməsi sahəsində Dövlət Gömrük Komitəsinin perspektiv planlarının göstəricisidir. Layihə üzrə tikintisi başa çatdırılması nəzərdə tutulan Ticarətin Asanlaşdırılması Mərkəzi ("Trade Facilitation Unit") sərhəd-buraxılış məntəqələrində əməliyyat və prosedurların daha da sürətləndirilməsinə yardım edəcək, fitosanitar, sanitar və gömrük nəzarətinin sərhəd keçid məntəqəsindən kənarda, terminal ərazisində aparılmasına əlverişli imkanlar yaradacaqdır. Ərazidə tikiləcək yükboşaltma yerləri, məhsulların saxlanması üçün saxlanc anbarları və nəqliyyat vasitələri üçün dayanacaq imkanları, həmçinin xüsusi rentgen qurğuları gömrük nəzarəti və rəsmiləşdirilməsi prosesinin daha səmərəli həyata keçirilməsinə münbit şəraitin yaradılmasını təmin edəcəkdir.

 

Azərbaycan Respublikası və Gürcüstan arasında Sadıxlı-Mtkvari dövlət sərhədinin buraxılış məntəqəsinin yaxınlığında yeni buraxılış məntəqəsinin tikilməsi Gürcüstanla razılaşdırılmışdır. Eyni zamanda, inşa edilməsi nəzərdə tutulan gömrük-sərhəd buraxılış məntəqəsinin dəqiq koordinatlarının Gürcüstanla razılaşdırılması üçün müraciət edilmişdir.

 

“Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2017-ci il tarixli, 2677 nömrəli Sərəncamının müddəalarına uyğun olaraq, Azərbaycan Respublikasının Rusiya Federasiyası, Türkiyə Respublikası, İran İslam Respublikası və Gürcüstan ilə dövlət sərhədinin buraxılış məntəqələrindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidini təmin etmək məqsədilə Dövlət Gömrük Komitəsi tərəfindən mühüm işlər həyata keçirilmişdir.

 

Rusiya Federasiyası ərazisinə pomidor məhsullarının ixracında yaranan məsələlərin müzakirəsi ilə bağlı Rusiya Federasiyası Federal Gömrük Xidmətinin və Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Rusiya Federal Xidmətinin səlahiyyətli nümayəndə heyətilə 2017-ci il 5-7 aprel tarixlərində Dövlət Gömrük Komitəsinin və digər dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə işçi görüş keçirilmişdir. Görüş zamanı qarşı tərəflə Azərbaycan Respublikasından ixrac olunan pomidor məhsullarının gömrük sərhədindən keçirilməsinin sürətləndirilməsi, ortaya çıxan çətinliklərin aradan qaldırılması məsələləri müzakirə olunmuşdur.

 

Rusiya Federasiyasının nümayəndə heyəti Azərbaycan Republikasından Rusiya Federasiyasına pomidor məhsullarının istehsalını və ixracını həyata keçirən müəssisələrin nümayəndələri ilə görüşlər keçirmiş və həmin müəssisələrin istehsal prosesi ilə yaxından tanış olmuşlar. Keçirilən işçi görüşün nəticəsi üzrə Rusiya Federasiyası Gömrük Xidmətinə Dövlət Gömrük Komitəsi tərəfindən məktub ünvanlanmışdır.

 

Azərbaycan Respublikası ərazisindən Rusiya Federasiyası ərazisinə pomidor məhsullarının ixracında yaranan məsələlərin müzakirəsi məqsədilə ötən ilin 5 may tarixində ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində pomidor istehsalçıları və ixracatçıları ilə Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Statistika Komitəsinin səlahiyyətli nümayəndələrinin iştirakı ilə görüş keçirilmişdir.

 

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2015-ci il tarixli, 1608 saylı Sərəncamının icrası istiqamətində Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dəmir yollarının birləşdirilməsi layihəsinə dair dəmir yolu xətləri vasitəsilə daşınan yüklərə gömrük nəzarətinin aparılması, müvafiq təhlükəsizlik tədbirlərinin gömrük orqanları tərəfindən təmin edilməsi məqsədilə müvafiq işlərin həyata keçirilməsi davam etdirilir.

 

İlk növbədə, Azərbaycan Respublikasının Rusiya Federasiyası, Türkiyə Respublikası, İran İslam Respublikası və Gürcüstanla dövlət sərhədinin buraxılış məntəqələrindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidini təmin etmək məqsədilə xüsusi ayrılmış hərəkət zolaqları müəyyən edilmiş, gömrük nəzarəti zonalarında vətəndaşlar üçün sürətli keçidə şərait yaradan “Yaşıl dəhliz” (“Green channel”) mexanizminin səmərəliliyinin daha da artırılması məqsədilə müvafiq işlər görülmüş, həmin yerlərdə zəruri istiqamətverici işarələnmələr aparılmış və bu növ texnologiyalardan ölkə ərazisini tərk etmə zamanında da istifadə edilməsi nəzərdə tutulmuşdur.

 

Həmçinin, gömrük-sərhəd buraxılış məntəqələrində bəyanetmə prosesinin sürətləndirilməsi məqsədilə elektron bəyanetmə və istismarda olan “elektron köşklər”dən istifadə edilməsi işi daha da genişləndirilmiş, gömrük qaydaları haqqında məlumatlar elektron və yazılı formada lövhələrdə yerləşdirilmiş, vətəndaşların maarifləndirilməsi üçün mövcud qanunvericilik aktlarından çıxarışları özündə əks etdirən “Gömrük məlumat kitabçası” (səyahətçilər üçün) hazırlanmış, həmin kitabçalar Azərbaycan, ingilis və ərəb dillərinə tərcümə edilərək Dövlət Gömrük Komitəsinin internet səhifəsində yerləşdirilmiş və kitabçaların mətbəə üsulu ilə çap edilərək istifadə olunması “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə, Beynəlxalq Hava Limanına və sərhəd-gömrük buraxılış məntəqələrinə göndərilməsi nəzərdə tutulmuşdur.

 

Bununla yanaşı, dövlət sərhədinin buraxılış məntəqələrindən keçidin sürətləndirilməsi və qarşılıqlı fəaliyyət əsasında əlaqələndirmə işlərinin daha da təkmilləşdirilməsi üçün “Dövlət sərhədinin buraxılış məntəqələrindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidi ilə bağlı hərəkət zolaqlarının müəyyən edilməsi və hərəkət axınının idarə edilməsi üzrə Texnoloji Sxem” hazırlanmış, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətilə razılaşdırılaraq müvafiq qaydada xidməti istifadəyə yönləndirilmişdir.

 

Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinin buraxılış məntəqələrində iş saatları artırılmış və keçid məntəqələrinin iş rejiminin 24 saata qədər artırılması ilə bağlı aidiyyəti işlər həyata keçirilir.

 

Eyni zamanda, xarici dövlətlərdə daimi qeydiyyatda olan yüngül avtonəqliyyat vasitələrinin və onların qoşqularının (yarımqoşqularının), habelə motosikllərin əcnəbilər, o cümlədən Azərbaycan Respublikasına səfər edən turistlər tərəfindən müvafiq təsdiqedici sənədlə 90 gün müddətinədək gömrük orqanının depozit hesabına pul vəsaiti qoyulmadan gömrük ərazisinə müvəqqəti gətirilməsinə icazə verilir.

 

- Ötən il Azərbaycanın ixracı əhəmiyyətli dərəcədə artıb, idxalın artım tempi isə azalıb. İdxalın artım tempinin azalması tendensiyası davam edəcəkmi?

 

- Qeyd etmək lazımdır ki, yerli istehsalın qorunması və ixracın təşviq edilməsi ilə əlaqədar ölkə başçısı cənab İlham Əliyev tərəfindən imzalanan bir sıra fərman və sərəncamlar əsas verir ki, sahibkarlar ölkədə rəqabətə davamlı və beynəlxalq standartlara cavab verən yerli məhsullar istehsal etsinlər. Bu baxımdan, Strateji Yol Xəritələrində nəzərdə tutulmuş məqsədlərə nail olduqca, daxili bazar qorunacaq, ölkədə ixracyönümlü məhsulların xarici bazara çıxışı təmin ediləcək, ölkədə kifayət qədər istehsalı olmayan malların istehsalına əlverişli şərait yaradılacaqdır. Bu da, öz növbəsində, idxaldan asılılığı minimuma endirəcəkdir.

 

- Azərbaycanın bir sıra dövlət qurumları müxtəlif əməliyyatların keçirilməsi üçün xərcləri və vaxtı azaltmağa imkan verən “blokçeyn” texnologiyasını aktiv şəkildə öyrənməyə başlayıb. Dövlət Gömrük Komitəsi bu texnologiyanı öyrənirmi və onun gömrük nəzarətində tətbiqi planlaşdırılırmı?

 

- Dövlət Gömrük Komitəsi müxtəlif texnologiyaları və innovativ həlləri mütəmadi qaydada araşdırır və onları müxtəlif dövlət proqramları çərçivəsində digər dövlət qurumları və biznes ictimaiyyəti ilə əməkdaşlıq formatında gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi proseslərində tətbiq edir.

 

Nəzərə almaq lazımdır ki, layihə idarəçiliyinin mühüm prinsiplərindən biri idarəetmənin istənilən sahəsində, o cümlədən gömrük sistemində ayrı-ayrı yeni texnologiyaların “əlahiddə eksperimentlər” şəklində deyil, sistemli yanaşma çərçivəsində konkret innovasiya layihələri formatında tətbiq edilməsini tələb edir. Bu baxımdan yeni texnologiyaların gömrük sistemində tətbiqi konkret layihə hədəflərinə malik olmalı və son illər ərzində həyata keçirilmiş layihələrlə uzlaşmalıdır.

 

“Blokçeyn” texnologiyasına gəldikdə isə, Dövlət Gömrük Komitəsinin apardığı araşdırmalar göstərir ki, bu texnologiyanın tətbiqi əsasən özəl sektor tərəfindən ümumilikdə ticarət-təchizat zəncirinin idarə edilməsində, o cümlədən ticarətlə əlaqədar bank əməliyyatları (məsələn, akkreditiv hesabların açılması) və logistika sektorunda sınaqdan çıxarılmaqdadır. Buna misal olaraq, dünyanın ən böyük logistika şirkətlərindən olan “Maersk” şirkəti IBM şirkəti ilə birgə bu sahədə müvafiq layihələr həyata keçirmişlər. Eyni zamanda, bizə məlumdur ki, “blokçeyn” texnologiyasının tətbiqinə ABŞ, Böyük Britaniya, Sinqapur, Koreya və Yaponiya gömrük xidmətləri tərəfindən xüsusi maraq göstərilir. Nəzərə alınmalıdır ki, “blokçeyn” texnologiyası paylanmış məlumat bazaları və kriptoqrafiya həlləri sayəsində xərclərin və resursların optimallaşdırılması, həmçinin şəffaflığın təmin edilməsi baxımından bir sıra üstünlüklər vəd edir. Ümumdünya Gömrük Təşkilatının Daimi Texniki Komitəsinin 2017-ci ilin aprelində keçirilmiş 215/216-cı sessiyalarında “blokçeyn” texnologiyasının gömrük sistemində tətbiqi problemləri gündəmə gətirilmiş və müəyyən edilmişdir ki, xüsusilə elektron kommersiya əməliyyatlarının idarə edilməsi, risk idarəçiliyi, gömrük-gömrük məlumat mübadiləsi, gömrük auditi, hüquqpozmalarla mübarizə və qanunvericiliyə riayət mədəniyyətinin formalaşdırılması sahəsində bu texnologiyanın tətbiqinin perspektivləri böyükdür.

 

Son illər ərzində bu istiqamətdə Dövlət Gömrük Komitəsi tərəfindən də müəyyən ciddi addımlar atılır. Komitə gömrük işi sahəsində ən yaxşı təcrübələrin öyrənilməsi, akademik araşdırmaların üzə çıxarılması və inkişaf etdirilməsi üçün ən yüksək səviyyədə beynəlxalq konfranslar təşkil edir, konfransların işinə bir sıra Nobel mükafatı laureatları da daxil olmaqla, gömrük sahəsində ən mühüm universitetlərin, tədris müəssisələrinin və gömrük xidmətlərinin ekspertlərini dəvət edir. Növbəti belə konfrans cari ilin iyul ayında Mingəçevir şəhərində “Qlobal ticarətin avtomatlaşdırılması: gömrük xidmətində qərarların qəbul edilməsində “əşyaların interneti” və “böyük həcmli verilənlərin təhlili” mövzusunda keçiriləcəkdir. Konfransın adından da göründüyü kimi, əsas hədəf gömrük sistemində son illər ərzində gündəmə gələn ən yeni texnologiyaların tətbiqi problemlərini araşdırmaq və bu sahədə ən yaxşı təcrübələri öyrənməkdir.

 

- Ötən il Azərbaycan Ümumdünya Gömrük Təşkilatının Maliyyə Komitəsinə üzv qəbul olunub. Bu barədə nə deyə bilərsiniz?

 

- Maliyyə Komitəsi Ümumdünya Gömrük Təşkilatının əsas institutlarından biri olmaqla ÜGT-nin Siyasi Komissiyasına, həmçinin ali qurumu olan ÜGT Şurasına büdcə və maliyyə məsələləri üzrə məsləhətlər verir. Komitənin əsas vəzifəsi təşkilatın resurslarından necə istifadə edildiyinə nəzarət etmək və növbəti maliyyə ili üzrə büdcə təklifləri ilə birlikdə hesabatını ÜGT Şurasına təqdim etməkdir.

 

Maliyyə Komitəsinə Şura sessiyaları zamanı ÜGT üzvləri arasından seçkilər əsasında 1 il müddətinə 19 üzv seçilir. Maliyyə Komitəsinin “məhdud üzvlü” struktur olmasına baxmayaraq, sessiyalar üçün hazırlanmış işçi sənədlər məlumat məqsədilə bütün ÜGT üzvlərinə göndərilir.

 

Ümumdünya Gömrük Təşkilatının 2017-ci il iyulun 6-8 tarixlərində keçirilmiş 129/130-cu sessiyaları çərçivəsində baş tutmuş seçkilər zamanı Azərbaycan, Avstriya, Burundi, Kanada, Çin, Dominikan, Avropa İttifaqı, Qambiya, Almaniya, İtaliya, Yaponiya, Koreya Respublikası, Malayziya, Paraqvay, Səudiyyə Ərəbistanı, İspaniya, İsveç, Böyük Britaniya və Amerika Birləşmiş Ştatları 2017-2018-ci illər üçün Maliyyə Komitəsinə üzv seçilmişlər.

 

Qeyd edim ki, Azərbaycan Respublikası 1999-2000 və 2011-2012-ci illərdə də Maliyyə Komitəsinin üzvü, 2000-2001 və 2016-2017-ci illərdə isə Siyasi Komissiyanın üzvü olmuş, həmçinin 2013-2014-cü illər üçün ÜGT-nin Avropa Regionu üzrə sədr müavini fəaliyyətini həyata keçirmişdir.

 

Maliyyə Komitəsinin iş istiqamətini ötən, cari və növbəti maliyyə ili üzrə olmaqla 3 istiqamətə bölmək olar. Keçmiş maliyyə ilinə münasibətdə Komitə kənar maliyyə auditorlarının hesabatını təhlil edərək, onların hesabatının qəbul edilib-edilməməsi ilə bağlı ÜGT Şurasına məsləhət verir. Cari maliyyə ilinə münasibətdə Maliyyə Komitəsi üzvlük haqları və digər ianələrin toplanması, büdcənin icrası vəziyyətini nəzərdən keçirir, ÜGT Katibliyinə tapşırılmış yeni vəzifələrin icrasının maliyyə mənbələri (cari büdcədə nəzərdə tutulmamış) barədə ÜGT Şurasına təkliflərini verir. Növbəti maliyyə ilinə münasibətdə isə əsas vəzifələr üzvlük haqlarının məbləğini müəyyən etmək, qısa və uzunmüddətli büdcə proqnozları ilə bağlı tövsiyələr hazırlamaq, növbəti ilin büdcəsinin qəbul olunması ilı bağlı ÜGT Şurasına təkliflər verməkdən ibarətdir.

 

Qeyd olunanlar ilk baxışdan adi məsələ kimi görünsə də, lakin hər il Maliyyə Komitəsinin iclasları ciddi müzakirələrlə müşayiət olunur. Çünki hər bir maliyyə ilinin iqtisadi göstəriciləri digər illərdən ciddi şəkildə fərqlənir. Bütün bunları nəzərə alaraq, qeyd edim ki, ÜGT-nin növbəti illərdə uğurlu fəaliyyətinin bünövrəsi - maliyyə əsasları Azərbaycan da daxil olmaqla, digər üzvlərlə birgə Maliyyə Komitəsinin builki fəaliyyəti ilə ciddi şəkildə bağlıdır. Bütün səylərimizi səfərbər edirik ki, bu məsələyə öz müsbət töhfəmizi verək.

 

- Azərbaycanın gömrük xidməti ölkənin təkcə iqtisadi deyil, həm də ümumi təhlükəsizliyini təmin edən dövlət strukturlarından biridir. Bu istiqamətdə ötən dövr ərzində hansı tədbirlər görülüb?

 

- 2017-ci ildə Azərbaycan Respublikasının iqtisadi mənafeyinin və təhlükəsizliyinin qorunması məqsədilə qaçaqmalçılığa və gömrük işi sahəsində digər hüquqpozmalara qarşı mübarizə istiqamətində də məqsədyönlü tədbirlər görülüb.

 

Ötən il Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin və gömrük nəzarətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 8819 hüquqpozma faktı aşkar edilib.

 

2017-ci ildə hüquqpozma faktlarından 703-ü cinayət xarakterli olub və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 8 milyon 320 min manatdan çox təşkil edib. Bu əməllərin törədilməsində şübhəli bilinən 764 nəfərin (611 Azərbaycan vətəndaşı, 153 əcnəbi) barəsində müvafiq tədbirlər görülüb.

 

Gömrük sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən (o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş qətiyyətli tədbirlər nəticəsində 2017-ci il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 210 fakt aşkar olunub. Bu faktlar üzrə ümumilikdə 2 ton 714 kq 962 qram narkotik vasitələr və onların xammalı, psixotrop maddələr və onların hazırlanmasında istifadə olunan prekursorlar: 100 kq 517 qram heroin, 13 kq 714 qram həşiş, 20 kq 248 qram marixuana, 83,502 qram metadon, 16 kq 675 qram tiryək, 1,8 qram brotizolam, 0,2 qram fenazepam, 12,81 qram MDMA, 0,34 qram metilendioksiamfetamin, 3 qram zolpidem, 5,727 qram alprazolam, 19,85 qram diazepam, 130 qram fenobarbital, 12,525 qram klonazepam, 970 qram metamfetamin, 7,5 qram xlordiazepoksid, 5 kq 516 qram kalium permanqanat və digər maddələr qanunsuz dövriyyədən çıxarılıb.

 

2017-ci il ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 232 nəfər: 197-si kişi və 35-i qadın olmaqla 180 nəfər Azərbaycan vətəndaşı və 52 nəfər əcnəbi (39 İran, 5 Rusiya, 2 Türkiyə, 3 Gürcüstan, 1 Qazaxıstan, 1 Hindistan və 1 Əfqanıstan vətəndaşı) barəsində müvafiq tədbirlər görülüb, 16 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib. Narkotiklərin qanunsuz keçirilməsi məqsədilə narkoqaçaqmalçılar müxtəlif gizlətmə üsullarından istifadə ediblər. 2017-ci il ərzində 56 halda narkotik vasitələrin daxili bədən boşluqlarında (mədədə, düz bağırsaqda və s.) keçirilməsinə cəhdin qarşısı alınıb.

 

2017-ci il ərzində Azərbaycan Respublikası gömrük orqanları tərəfindən aşkar olunmuş 8116 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 199 hüquqi şəxs (o cümlədən 70 xarici hüquqi şəxs) və 7924 fiziki şəxs (o cümlədən 3853 xarici vətəndaş) inzibati məsuliyyətə cəlb edilib, göstərilən şəxslərə qarşı 881 min 603 manat cərimə tətbiq olunmaqla, dəyəri 212 min 468 manat olan mallar müsadirə edilib.

 

“Valyuta tənzimi haqqında” qanuna və digər qanunvericilik aktlarına əsasən, gömrük orqanları valyuta və valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 1 599 205 ABŞ dolları, 152 685 avro, 5000 funt sterlinq, 22.241.884 rus rublu, 64 677 Azərbaycan manatı, 806 610 manat dəyərində 14 073 qram qızıl, 239 853 manat dəyərində 397 ədəd zinət əşyaları, 68 398 manat dəyərində 49 045 qram gümüş, 150 346 manat dəyərində 185,12 karat qiymətli daşlar aşkar olunub.

 

Bundan əlavə, hesabat dövründə gömrük orqanları tərəfindən 16 310 qram civə, 301 200 manat dəyərində 300 400 ədəd CİTES obyekti olan tibb zəlisi, 1 ədəd əl qumbarası, 120 390 manat dəyərində dərman vasitələri, 1292 manat dəyərində baytarlıq dərmanları, 2912 manat dəyərində bitki dərmanları, 22 ədəd elektroşoker, 2570 ədəd mobil telefon və 3382 ədəd mobil telefon aksesuarı, 590 026 manat dəyərində 119 105 ədəd məişət texnikası və əşyaları, 55 ədəd odlu silahın patronu, 3 ədəd ov silahı, 967 ədəd ov silahının sursat və ləvazimatları, 41 645 qram partlayıcı maddələr, 1 314 250 ədəd pirotexniki məmulat, 12 ədəd pnevmatik silah və 1400 ədəd pnevmatik silah patronu, 3 ədəd qaz silahı, 90 ədəd soyuq silah, 64 ədəd səs-siqnal patronu, 12 ədəd zirehli texnikanın periskopu, 135 309 manat dəyərində 11 981 ədəd tibb ləvazimatı, 117 635 manat dəyərində 6285 ədəd parfümeriya və kosmetika və külli miqdarda digər mallar tutulub.

 

2017-ci il ərzində gömrük orqanları tərəfindən saxta və ya keyfiyyətsiz mallarla mübarizə sahəsində 4 top və 13 min ədəd ofset üsulu ilə çap edilmiş müxtəlif əmtəə nişanlarının etiketi aşkar edilərək hüquqpozmanın predmeti kimi götürülüb və toplanmış materiallar qanunvericiliyə uyğun qaydada tədbir görulməsindən ötrü məhkəmə orqanlarına göndərilib.

 

Hesabat dövründə gömrük orqanları tərəfindən alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatının idxalı zamanı vergidən yayınma və aksiz markalarının tətbiqi qaydalarının pozulması hallarının qarşısının alınması üçün həyata keçirilmiş qətiyyətli tədbirlər nəticəsində aksiz markasız və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 534 536 manat dəyərində 5 687 445 ədəd xaricdə istehsal olunan siqaret, 19051 manat dəyərində 1593 litr spirtli içkilər saxlanılıb.

 

- Yüklərin və nəqliyyat vasitələrinin keçirilməsi üçün “Yaşıl dəhliz”ə neçə şirkət giriş əldə edib? Sərhəddən malların keçirilməsinin daha da sadələşdirilməsi üçün gələcəkdə hansı tədbirlərin görülməsi planlaşdırılır?

 

- Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli, 920 saylı Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın tələblərinə uyğun olaraq 25 hüquqi şəxsə onların müraciətləri nəzərə alınmaqla “Yaşıl dəhliz” buraxılış sistemindən istifadəyə dair icazə verilmişdir.

 

Beynəlxalq Yük Daşıması Kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında Gömrük Konvensiyası (BYD Konvensiyası) ilə müəyyən olunmuş gömrük tranziti prosedurunun inkişaf etdirilməsi və elektron BYD prosedurlarının tətbiqi istiqamətində tərəfimizdən müvafiq işlər görülməkdədir. Dövlət Gömrük Komitəsinin və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) mütəxəssisləri tərəfindən BYD tranzit proseduru zamanı məlumatların əvvəlcədən mübadiləsini nəzərdə tutan TIR-EPD sisteminin Azərbaycan Respublikasında tətbiqi ilə bağlı müvafiq texniki işlər başa çatdırıldıqdan sonra, tam elektronlaşdırılmış BYD prosedurunun istifadəsi məqsədilə e-TIR pilot layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.

 

Vurğulamaq istərdim ki, indiyədək həyata keçirilmiş və davam edən e-TIR layihələri ikitərəfli qaydada qonşu ölkələr arasında yerinə yetirilibsə, Azərbaycanın da iştirak edəcəyi e-TIR layihəsi isə ilk dəfə olaraq müvafiq dəhliz üzərində yerləşən daha çox dövləti əhatə edəcəkdir.

 

“Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2016-cı il tarixli, 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planının 7.2.1.1-ci bəndinin (Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) tətbiq olunmasının tezləşdirilməsi üçün milli qanunvericiliyin uyğunlaşdırılması, tranzit zəmanət sisteminin yaradılması istiqamətində tədbirlərin görülməsi) icrasını təmin etmək məqsədilə Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə diplomatik kanallar vasitəsilə yuxarıda qeyd olunan konvensiyaların idarəetmə orqanı olan EU-EFTA Birgə Komitəsinin sədrinə müvafiq müraciət ünvanlanmış, 2018-ci ilin 5 dekabr tarixində Norveçin Oslo şəhərində keçirilmiş Birgə Komitənin iclasında Azərbaycan Respublikasının müraciəti müzakirə edilmiş və ölkəmizə qeyri-formal müşahidəçi statusunun verilməsi barədə qərar qəbul olunmuşdur.

 

“Ümumi Tranzit Proseduru haqqında Konvensiya” və “Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi haqqında Konvensiya”ya qoşulma, eləcə də Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) tətbiqinə hazırlıq məqsədilə milli qanunvericiliyin qeyd olunan konvensiyaların tələblərinə uyğunlaşdırılması, tranzit əməliyyatları zamanı gömrük zəmanəti mexanizminin səmərəli şəkildə təşkili, ümumi tranzit proseduru ilə bağlı gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti tədbirlərinin həyata keçirilməsi sahəsində gömrük orqanlarının əməkdaşlarının hazırlığı və potensialının artırılması üzrə səmərəli şəkildə əlaqələndirilmiş işin aparılması məqsədilə işçi qrup yaradılmışdır.

 

© Trend

 

30.01.2018 05:31

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ