Vərdişləri dəyişdirən vərdişlər

Vərdişlər insan həyatının ayrılmaz bir hissəsidir. Doğulduğumuz gündən bu yana müxtəlif vərdişlər mənimsəyir, bəzən isə şüurlu şəkildə onları formalaşdırırıq. Əksər mütəxəssislərin də qeyd etdiyi kimi vərdişlər istənilən sahədə uğur qazanmağa kömək edir. Bəs bu vərdişləri necə formalaşdıra bilərik?

 

www.readit.az saytı Çarlz Duhiqin “Vərdişlərin gücü” adlı əsərinə əsaslanaraq sizə aşağıdakı məqaləni təqdim edir:

 

Hər hansı bir vərdiş insanın bilərəkdən icra etməyə qərar verdiyi, sonra isə xüsusi diqqət yetirmədən həyata keçirdiyi fəaliyyətdir. Avtomobilinizi işə salmaq üçün istifadə etdiyiniz bir neçə mürəkkəb əməliyyatı yadınıza salın. Həmçinin bəzi vərdişlər o qədər yavaş formalaşır ki, onların oturuşmasını hiss etmirik. İnsanın beyni enerjini qorumaq üçün müxtəlif yollar axtarmağa proqramlaşdırılıb, buna görə də vərdişlər formalaşır. Bu sahəni öyrənən tədqiqatçılar xəstəliklər və ya qəzalar ucbatından yaddaşını itirən insanların hələ də öz vərdişlərini həyata keçirdiklərini müəyyənləşdiriblər.

 

Vərdişlər beynin davamlı olaraq enerjiyə qənaət etmək üçün yollar axtarması səbəbindən formalaşır.

 

Həmçinin, yadda saxlamaq lazımdır ki, beyniniz pis vərdişlər ilə yaxşı vərdişlər arasındakı fərqi müəyyənləşdirə bilmir. Buna görə də, əgər pis bir vərdişiniz varsa, o lazımi işarələri və mükafatları gözləyərək daim beyninizdə gizlənəcək. Həmin işarələrə rast gəldikdə isə üzə çıxaraq özünü göstərəcək. Buna görə də, köhnə vərdişi dəyişdirmək üçün köhnə istəyə fokuslanmalısınız. Eyni işarələri və mükafatları əvvəllər olduğu kimi saxlayaraq və təkrarlama prosesini yeniləşdirərək yeni vərdişi formalaşdırmalısınız.

 

Bəzi vərdişlər zəncir reaksiyası başladaraq digər vərdişləri dəyişdirmək imkanına malikdir. Əsas vərdişlər müəyyən müddət ərzində hər şeyi dəyişdirən bir prosesə başlanğıc verir. Beləliklə, qətiyyət və inam nəzərə alındıqda, insanlar açıq şəkildə görünən işarələri, təkrarları və mükafatları idarə etmək üçün onları araşdırıb analiz edərək vərdişlərini dəyişdirə bilərlər.

 

Ümumilikdə götürdükdə, vərdişlərinizi dəyişdirmək üçün aşağıdakı addımları tətbiq edə bilərsiniz:

 

1.Vərdişlərinizi təsvir edin.

2.Mükafatlar müəyyənləşdirin.

3.İşarələri müəyyənləşdirin.

4.Plan qurun.

 

Əgər siz də uğur qazanmağın düzgün vərdişlər formalaşdırmaqla bağlı olduğuna  inanırsınızsa, o zaman Çarlz Duhiqin “Vərdişlərin gücü” kitabını oxumağı tövsiyyə edirik. Kitabın qısa məzmununu www.readit.az saytından əldə edə bilərsiniz.  

1 Fevral 2018 , 11:29   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin