Əhaliyə və quşçuluq şirkətlərinə xəbərdarlıq - "SÜRƏTLƏ YAYILIR"

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) son məlumatlarına istinad edərək bildirir ki, dünyanın bir sıra ölkələrində (İtaliya, Koreya Respublikası, Konqo, İraq, İran, İngiltərə, Rusiya, Əfqanıstan, Çin və digər ölkələrdə) quşlar arasında “quş qripi” xəstəliyi qeydə alınmışdır. Hazırda bu xəstəlik Azərbaycan Respublikası ilə həmsərhəd olan İran İslam Respublikasının da bir çox regionlarında müşahidə edilir. Qonşu ölkədən verilən məlumata görə, İran İslam Respublikasında quşlar arasında “quş qripi” virusunun yayılması və əhalinin sağlamlığının qorunması məqsədilə 25 milyona qədər quş zərərsizləşdirilmişdir. Həmçinin hər gün bu xəstəliyin yayıldığı bildirilmişdir.

 

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən "Marja"ya daxil olmuş məlumata görə, Bununla əlaqədar “quş qripi” xəstəliyi baş vermiş ölkələrdən və regionlardan, o cümlədən İran İslam Respublikasından ölkəmizə diri quş və quşçuluq məhsullarının gətirilməsinə qadağa qoyulmuş və bu barədə aidiyyəti qurumlara məlumat verilmişdir.

 

Respublikamızın quşların “miqrasiya xətti” üzərində yerləşməsini və qonşu ölkədə “quş qripi” xəstəliyinin yayılmasını nəzərə alaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti əhaliyə və quşçuluq təsərrüfatlarının rəhbərlərinə təsərrüfatlarında saxlanılan quşları “quş qripi” xəstəliyindən qorumaq, qabaqlayıcı tədbirlər görmək məqsədi ilə ev və sənaye quşlarının qapalı şəraitdə, baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılmasını tövsiyə edir.

 

Hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

13 Fevral 2018 , 14:16   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin