Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Rəqiblərimiz abırsızcasına məhsullarımızı gözdən salmağa çalışırlar"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Rəqiblərimiz abırsızcasına məhsullarımızı gözdən salmağa çalışırlar"

“Yerli plastik boruya inamı METAK yaradıb”

 

METAK şirkətinin satış direktoru Tural Xəlfəyevin “Marja”ya müsahibəsi


 

-Açığını desək, vətəndaşlar bir çox yerli istehsal mallarına güvənmirlər. Bunu da deyə bilərəm ki, satıcıların və ustaların METAK məhsullarının əla olduğunu demələrini tez-tez eşidirəm. Siz bunu necə bacarmısınız?

 

-Bu sualınıza daha aydın cavab vermək üçün tarixə nəzər salmaq istəyirəm. Sovet dövründə və müstəqilliyin ilk illərində santexnika işlərində dəmir borulardan istifadə olunurdu. Dəmir borular ilə santexnika işlərini görən zaman usatalar böyük əziyyət çəkirdilər. Boruların kəsilməsi, əyilməsi, yiv açılaraq birləşdirilməsi sözün əsl mənasında zülm idi. Bundan başqa, dəmir borular bir neçə ildən sonra paslanır, deşilir və su sızıntıları yaranırdı. Bu çətinlikləri nəzərə aldıqda plastik boruya keçid bir “inqilab” idi.

 

Plastik borunun montajı daha asan olduğundan ustalar bu işi qısa müddətdə öyrənə bildi. Qiyməti dəmir borular ilə müqayisədə daha aşağı olan plastik borulardan istifadə sürətlə yayıldı. 1990 cı illərdə yerli istehsalın olmamasından istifadə edən əsasən Türkiyə şirkətləri Azərbaycanın plastik boru və fitinqlər bazarını tutdular.

 

Qısaca qeyd edim ki, 1997-ci ildə fəaliyyətə başlamış METAK şirkəti ilk vaxtlar polad boruların ölkəyə idxalı və satışı ilə məşğul olurdu. 2005-ci ildən bazar tələbatını nəzərə alaraq plastik boru və fitinqlərin istehsalına başlamışıq. 

 

Biz plastik boru istehsalına başlayanda Azərbaycanda bu bazarın demək olar ki tamamı xarici şirkətlərin nəzarətində idi. Türkiyə istehsalı olan “Firat” markalı borular daha çox satılırdı. Bundan başqa, “Dizayn Boru”, “Hakan Plastik", “Pilsa” şirkətlərinin boru və fitinqləri də bazara daxil olmuşdular.

 

Biz 2005-ci ildə təmiz və çirkli su boruları, istilik sistemi boruları və fitinqlər istehsalına başladıqda bazara daxil olmağımız asan olmadı. Hamımız bilirik ki, ev təmirində boru işi çox həssas məsələdir. Çəkilən borular suvaq və kafelin altında qalır. Əgər su xətləri keyfiyyətsiz boru ilə çəkilərsə və bir müddət sonra xətdə sızma baş verərsə, bu, ev sahibinə baha başa gələ bilər. Belə olan halda ev sahibi ilə usta arasında da mübahisə yaranır. Buna görə, ustalar qorxurdular və yerli borunu almağı məsləhət görmürdülər. Ustalar hesab edirdilər ki, yerli boru keyfiyyətli ola bilməz və yerli boru ilə iş görsələr böyük ehtimalla problem yaranacaqdır. Əksər ustalar ev sahiblərinə “Firat” boru almağı tapşırırdılar. Bu səbəbdən bazara daxil olmaq bizim üçün çətin idi.

 

Səmimi etiraf edim, hazırda “Pampers” sözü necə uşaq bezi sözünün yerini tutmuşdursa, həmin vaxt plastik boruya “Firat” deyilirdi. Hətta öz işçilərimiz arasında bizdə istehsal olunan borulara “Firat” deyənlər də var idi. Halbuki, biz METAK borularını istehsal edirdik. Belə hallar ilə demək olar ki, gündəlik qarşılaşırdıq.

 

-Bəs necə bazara daxil oldunuz?

 

-Birinci gündən şirkətimizin rəhbərliyinin bir fikiri olub: uzunmüddətli yanaşma ilə yalnız keyfiyyətli məhsul istehsal edilməli və hər bir alıcı dinlənməlidir. Təbii ki, ilk vaxtlarda təcrübəmiz az olduğundan bizim də çətinliklərimiz olurdu. Lakin biz məsuliyyətsizlik etmədik, çalışdıq, keyfiyyətə ciddi nəzarət sistemini tətbiq etdik. Keyfiyyət ilə bərabər, məhsullarımıza 50 il zəmanət verdik və sözümüzün üstündə durduq. Bu yanaşma nəticəsində bazara daxil olmağı bacardıq. Ustalar yavaş-yavaş bizim plastik borulardan və fitinqlərdən istifadə etdilər. METAK  heç vaxt keyfiyyətsiz məhsul istehsal edərək ustaları pis vəziyyətdə qoymamışdır.

 

Qısası, yerli istehsal olan boruya inam yox dərəcəsində idi. Çox çətin olsa da bu inamı METAK yaratdı.

 

Bütün partiyalarda METAK məhsullarının  keyfiyyəti eyni olur. Davamlı olaraq keyfiyyətin saxlanılmasına yalnız güclü nəzarət sistemi sayəsində nail olmaq mümkündür.

 

Hansısa bir dünya markasının məhsulları arasında qüsurlu mala rast gəlinməsi ehtimalı çox-çox aşağıdır. Belə olan halda da mallar təcili şəkildə geri yığılır. Zəif bir istehsalçının isə bir partiya məhsulları yüksək keyfiyyətdə, hansısa partiyasında məhsullar aşağı keyfiyyətdə ola bilir. Bu, keyfiyyətə nəzarət sisteminin düzgün qurulmaması ilə bağlıdır. Biz bununla öyünə bilərik ki, keyfiyyətə nəzarət sistemini çox güclü qurmuşuq. Bütün istehsalatlarda səhv olur. Ciddi şirkət istehsalat səhvlərinə görə ziyanı qəbul edir, amma heç vaxt qüsurlu olan mallarını bazara vermir. Zəif, markalaşmayan və gələcəyi düşünməyən istehsalçılar isə keyfiyyət çatışmazlığı olan məhsullarını bazara çıxarır. Guya bu yolla ziyandan xilas olurlar. Amma uzunmüddətdə onun problemini yaşayırlar.

-Bu gün METAK-ın bazar payı hansı nisbətdədir?

 

-Araşdırmamıza görə, hazırda təmiz və çirkli su boruları, istilik sistemi boruları, fitinqlər bazarının təxminən 65%-nə METAK hökm edir. Qalan 35% digər yerli və xarici istehsalçılar arasında bölüşdürülür. Respublikamızın inşaat materialları bazarında apardığımız sorğuya və hesablamalarımza əsasən bu nisbəti məyyən etmişik. Bu yüskək bazar payı həm malların keyfiyyətli olmasının, həm də uğurlu satış sisteminin nəticəsidir. Biz artıq 7 ildir ki, bazarın lideriyik. İstər xarici, istərsə də yerli şirkətlərin plastik boruları arasında ən çox METAK boruları satılır.

 

-Boruya 50 il zəmanət hansı şərtlər daxilində verilir?

 

-Ən birincisi borular düzgün, savadlı istifadə olunmalıdır. İstifadə qaydaları haqqında məlumatları kataloqlarımızda, saytımızda qeyd etmişik. Müştərinin çətinliklərini dinləmək və həll etmək üçün iş saatlarında fəaliyyət göstərən telefon xəttimiz var, həmçinin sosial şəbəkələrdəki hesablarımız vasitəsi ilə istifadəçilər bizimlə əlaqə saxlaya bilirlər. METAK heç vaxt müştərilərin müraciətlərinə laqeyd yanaşmamışdır. Müraciət daxil olan kimi şirkətimizin əməkdaşları müştərinin ünvanına gedərək məsələni araşdırır. Ev sahibi bizim şirkətin əməkdaşlarını görən zaman onda əminlik yaranır. Bir çox hallarda ustaların müştərini xofa saldıqlarının şahidi oluruq. Mağazalar ilə müəyyən komissiya qarşılığında razılaşmaları olan ustalar ev sahibinin aldığı METAK borularını pisləyirlər. Bir çox hallarda da bacarıqsız ustalar düzgün qaynaqlama aparmadığından, təzyiqin və istiliyin düzgün seçilməməsindən problemlər yaranır.  İstər alıcı fərdi şəxs, istərsə də şirkət olsun, müraciət ucqar rayondan olsa belə müştərinin ünvanına gedirik. Usta dəvət olunur və səhvlər izah olunur. Əfsuslar olsun ki, çox zaman təcrübəsiz ustaların səhvləri olur. Hələ də bir çox ustalarımızın bu sahədə maariflənməyə ehtiyacı var. Borularımızın aşağı təzyiqdən partlaması, su sızması kimi hallara rəst gəlməmişik. METAK borularının ömrü ən azı 50 ildir. Yəni, müəyyən olunmuş təzyiq və istilik şərtləri daxilində boru və fitinqlərə 50 il zəmanət verilir.

 

-Reklamlarınızda “METAK reklam deyil” sloqanından istifadə edirsiniz.  Nəyə əsasən bu sloqan seçilib?

 

-Qeyd etdiyim kimi bazarın böyük hissəsinə nəzarət edirik. Biz reklama başlamamışdan əvvəl bu nisbətə gəlib çatmışdıq.

 

Əvvəlki illərdə məhsullarımızın daha da keyfiyyətli olmasına fokuslanmışdıq. Xüsusilə ustalar bu keyfiyyətdən xəbərdar olmalı idilər. Çünki əksər hallarda ev sahibləri boru seçimini ustalara həvalə edirlər. Keyfiyyət ilə bərabər, bazardakı mövqeyimizi markalaşaraq daha da bərkitmək üçün 2 il öncə reklamlara başlamaşıq. 

 

Sloqana gəldikdə isə, açığını desəm mübahisəli, aqressiya yaradan bir sloqandır (gülür).

 

Biz bu sloqanla "bütün reklamı olan məhsullar keyfiyyətsizdir" demək istəməmişik, hər halda bu cümlə öz reklamımızın içində istifadə olunur. “Metak reklam deyil” sloqanını işlətməyimizin səbəbi verdiyimiz sözlərin əməl ilə arxasında durduğumuz, yalandan reklamla məşğul olmadığımız, həqiqətən keyfiyyətli məhsullar istehsal etdiyimiz mesajını verməkdir. Bir çoxlarının elədiyi kimi, yalançı reklamlarla xalqı aldatmaq olmaz, METAK istehsaldan başlayaraq müştəri xidmətlərinə qədər olan bütün mərhələlərdə işinin keyfiyyəti ilə öyünür.  

-Qeyd etdiniz ki, yerli plastik borulara inamı METAK yaradıb. Siz, digər yerli istehsalçıların yaratdığınız bu inamdan istifadə etmələrinə necə baxırsınız?

 

-Biz böyük zəhmət hesabına, illər ərzində əhalinin yerli plastik boruya güvənini yaratmışıq. Bu gün rəqiblərimiz də bu güvəndən bəhrələnirlər. Digər istehsalçıların bizim böyük əziyyətlə yaratdığımız bu inamadan bəhrələnmələrindən bir şərtlə məmnun olardıq ki, onlar yaradılmış güvəni korlamasınlar. Heyfslənərək qeyd etmək istərdim ki, bir çox yerli istehsalçılar keyfiyyətini, xidmətini gücləndirmək yerinə biri-birilərinin, ən çox da bizim məhsullarımızın qara PR-ı ilə məşğul olurlar.  

 

Biz həmişə rəqiblərimizə hörmətlə yanaşmışıq və yerli bazarı xarici firmalar ilə bölüşməkdənsə, yerli firmalarla bölüşməyin tərəfdarıyıq. Rəqabət inkişaf etmək üçün stimuldur. Bir şərtlə ki, rəqabət ədalətli olmalıdır.

 

-Özünüz də qeyd etdiniz ki, bir sıra istehsalçılar rəqblərinin məhsullarını pisləyərək bazardan pay almağa cəhd edirlər. Siz də reklamlarınızda digər borulara “geydirmə”, “qırılanlar”, “su buraxanlar” deyirsiniz. Bunu necə şərh edərdiniz.

 

-Biz heç vaxt ad çəkərək digər rəqiblərimizi pisləməmişik, belə fəaliyyətlərdən uzağıq. METAK şirkətinin heç bir əməkdaşı digər istehsalçıları gözdən salmaqla məşğul olmur. Bir sıra rəqiblərimiz isə abırsızcasına METAK adını çəkərək məhsullarımızı gözdən salmağa çalışırlar. Belə anti-reklamları müştərilər ilə ünsiyyət zamanı aparırlar. Bazarda keyfiyyətsiz malların olduğu faktdır, biz reklamlarımız ilə alıcıları belə mallardan uzaq durmağa çağırırıq.

 

Qırılmaz  kanalizasiya borularının Azərbaycanda ilk dəfə istehsalına METAK şirkəti başlamışdır. Tonlarla çəkisi olan yük avtomobili üzərindən keçdikdə belə qırılmayan kanalizasiya boruları polipropilendən istehsal olunur. Biz reklamlarımızda bu boruların üstünlüyünü nümayiş etdiririk. Reklamda sındığı göstərilən digər boruları da METAK istehsal edir. Sınan borular başqa bir materialdandır (PVC) və bu boruların xüsusi istifadə sahələri var.

 

-Neçə yerli rəqibiniz var?

 

-Yerli plastik boru istehsalçılarının sayı 10-na qədərdir. Bunların arasında həddindən artıq keyfiyyətsiz məhsullar istehsal edən şirkətlər də var. Qeyd edim ki, yerli istehsalçılar arasında ən çox çeşid METAK-dadır. Biz latun detalları da özümüz istehsal edirik.

 

 -Keyfiyyətsiz plastik borular və onların birləşdiriciləri yalnız yerli şirkətlər tərəfindən bazara çıxarılır?

 

-Xeyir. Keyfiyyəti aşağı olan idxal malları da var. Hazırda Çindən gətirilən çox keyfiyyətsiz və ucuz borular bazara daxil olur. Çindən bizim maya dəyərindən də ucuz mallar gətirilir. Bu bazardakı ən böyük problemlərdən biridir.   

 

-Devalvasiyalar Sizə hansısa üstünlüklər verdi?

 

-Xammalı xaricdən aldığımız üçün, təbii ki, devalvasiya nisbətində olmasa da qiymətlərimiz artdı. Bunu qeyd edə bilərəm ki, devalvasiya illərində METAK-ın satışlarında yalnız artım oldu. Xaricdən idxal olunan boruların qiyməti bizim məhsullar ilə müqayisədə çox artdı. Bu bizə qiymət rəqabətində üstünlük təmin etdi.

 

-METAK boruları xaricdən gətirilən borulardan daha münasib qiymətlərə təklif edilsə də, yerli istehsalçıların məhsullarından az da olsa bahalıdır. Bu nə ilə bağlıdır?

 

-METAK-ın malları həmişə digər yerli istehsalçıların mallarından baha olub. Keyfiyyətə nəzarət xərclərimizi, zəmanət daxil olmaqla satışa kompleks yanaşmağımızı nəzərə alsaq bizim məhsulların 10-15% baha olması qaçılmazdır.

-Xammalı hansı ölkələrdən alırsınız?

 

- Xammalı Cənubi Koreyanın, Almaniyanın və Səudiyyə Ərəbistanının bu sahədə tanınmış istehsalçılarından alırıq.

 

-Bu il Sumqayıtda SOCAR Polymer zavodunun işə düşəcəyi gözlənilir. Bu zavodda polipropilen (PP) və yüksək sıxlıqlı polietilen (YSPE) istehsal ediləcəkdir. Bu məhsullar da METAK-ın istifadə etdiyi xammallardır. SOCAR Polymer-in işə düşməsi Sizin üçün nə dərəcədə əhəmiyyətlidir?

 

-Biz  SOCAR Polymer şirkətinin istehsala başlamasını səbirsizliklə gözləyirik. Xammalın daxili bazardan almağımız bizə böyük ixrac üstünlüyü verəcəkdir. Həmçinin maliyyə baxımından bizə kömək edəcəkdir. Cənubi Koreyadan xammalın Azərbaycana gəlib çatması 1-1,5 ay çəkir. Bu alışlara əvvəlcədən xeyli maliyyəmizi yönləndirməli oluruq. Ölkə daxilində olduqda isə qısa müddətdə və ucuz ala biləcəyik. Qeyd edim ki, xammalı Sumqayıtdan almağımız bir sıra məhsullarımızın ucuzlaşmasına da səbəb ola bilər.

 

-Hazırda METAK hansı ölkələrə öz məhsullarını ixrac edir?

 

-METAK brendini Rusiya və Qazaxıstan bazarında kifayət qədər tanıyırlar. Biz Rusiyada da istehsal sahəsinə malikik və xüsusilə Rusiyanın cənubunda daha geniş tanınırıq. Rusiyaya fitinqlər, Qazaxıstana isə borular və fitinqlər ixrac edirik.

 

-Hansı islahatlar sizin ixracınızı daha da artıra bilər?

 

-Ən böyük maneələrdən biri xammalın alışı zamanı ödənilən əlavə dəyər vergisidir. Belə ki, ixrac zamanı ƏDV 0% dərəcəsi ilə təyin olunmasına baxmayaraq xammalın alışında ödənilmiş ƏDV bizə geri qaytarılmır və faktiki olaraq həmin ƏDV dövlət büdcəsində artıq ödəmə şəklində qalır. Nəticə etibarı ilə ƏDV-nin geri qaytarılmaması Azərbaycan istehsalçılarının xarici bazarlarda rəqabət qabiliyyətini aşağı salır. Halbuki, xarici ölkələrin ixrac praktikasında ixracın stimullaşdırılması üçün bu mexanizm yəni ƏDV-nin geri qaytarılması mexanizmi tətbiq edilir. 

 

Eyni məhsulun alışı üçün potensial xarici alıcılar, bizə və eyni zamanda digər ölkələrin istehsalçılarına müraciət edirlər. Əksər hallarda digər ölkələrin istehsalçıları daha aşağı qiymət təklif etdikləri üçün müştəri onları seçir. Çünki, digər ölkələrin istehsalçıları ixrac edəcəkləri mallara görə xammal alışı zamanı ödədikləri ƏDV-ni rahat şəkildə geri alırlar ki, bu da istehsal olunmuş malın qiymətinə təsir edir.

-Hazırda Bakıda köhnə binaların sökülərək yerində yeni yaşayış komplekslərinin tikilməsi üzrə çoxlu pilot layihənin icrasına başlanmışdır. Bu layihələr Sizin satışlarınıza necə təsir edir?

 

-Biz pilot layihələr ilə canlanan inşaat sektorunun artan tələbini güclü hiss edirik. 2018-ci ildən bu layihələrin sürətlənməsi ilə bizim satışlarımızın daha da artacağını gözləyirik.

 

Yerli tikinti şirkətlərinin əksəriyyəti bizə müraciət edirlər. Pilot layihəni icra edən şirkət üçün önəmli olan alacağı boruların keyfiyyətli olması və arxasında böyük şirkətin dayanmasıdır. Buna görə, pilot layihələri icra edən şirkətlər böyük istehsalçılara, əsasən də METAK-a müraciət edirlər.  Son vaxtlar dövlət layihələri üçün alınan malların da keyfiyyətinə daha çox fikir verilir. İri dövlət layihələrində də MATAK boruları geniş istifadə olunur.

 

-Hazırda METAK şirkəti neçə zavoda malikdir?

 

-Şirkətimizin Azərbaycanda Bakı, Sumqayıt, Neftçala və Qusar rayonunda istehsal sahələri mövcuddur. Balaxanı Sənaye Məhəlləsində, Neftçala Sənaye Məhəlləsində və Sumqayıt Sənaye Zonasında yerləşən zavodlarımızda bitkiçilik və meyvəçilik sektorları üçün plastik taralar (yeşiklər) istehsal olunur. Sumqayıtda 300 kq tutumu olan konteynerlər (böyük taralar) istehsal olunur. Bu konteynerlərin əsas alıcıları böyük soyuducu anbarlardır. Tara istehsalı müəssisəsi aqrar sahəyə yaxın olmalıdır. Bu səbəbdən bu istehsalı ölkəmizin müxtəlif nöqtələrində qurmuşuq. Qusarda beton dirəklər də istehsal edirik. Bu dirəklərdən üzümçülük və meyvəçilikdə istifadə olunur. Plastik borular və fitinqlər Bakıda Böyükşor ərazisində yerləşən zavodumuzda istehsal olunur.

 

-Yaxın gələcəkdə daha hansı məhsulların istehsalına başlanması planlaşdırılır?

 

- Yenilik - içərisinə şaftalı, armud, alma, kivi və s. meyvələr qoyulan plastik qabların (viol) və tikişli dəmir boruların istehsalı olacaqdır. Bu məqsədlə yeni zavod qurulur.

 

-Tural bəy, ətraflı müsahibə üçün təşəkkür edirik. İşləriniz avand olsun.

 

- Sağ olun.

 

Müsahibəni aldı: Seymur Yunusov

28.02.2018 05:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ