Sərt kredit tələbləri işləmədi – GERİ ADDIM ATILIR

Məqalə yenilənib


 

Xüsusilə devalvasiyalardan sonra banklardan və bank olmayan kredit təşkilatlarından məsuliyyətli kreditləşmə siyasəti tətbiq etmələri tələb olunurdu. Guya bir çox insanların borclarını geri ödəyə bilməmələri onlara kreditlərin məsuliyyətsiz şəkildə verilməsi idi. Belə bir təəssürat yaradılırdı ki, problemli kreditlər tək şəxsiyyət vəsiqəsilə və ya aşağı əmək haqqının olduğu arayışlar əsasında verildiyi üçün yaranıb. Əslində, sürpriz şəkildə Dollar iki dəfə bahalaşdığından insanlar borclarını ödəyə bilmədilər. Cavab bu qədər sadə idi. Bir sıra dələduzları çıxmaq şərtilə, insanlar banklara borclu qalmaq niyyətində deyildi.

 

Çıxış yolu kimi məsuliyyətli kreditləşmə siyasətini fikirləşdilər. Bu siyasətin ən sərt tələbi kreditin aylıq ödənişi ilə əməkhaqqı məbləği arasındakı əlaqə idi. İlk mərhələdə aylıq əməkhaqqısı minimum 400-410 manatdan aşağı olanlara kredit verilmədi. Nəticədə, maaşı iş yerindən arayışda aşağı göstərilənlər kredit götürə bilmədiklərindən, bankların kredit portfelləri və müvafiq olaraq da gəlirləri azalmağa başladı.

 

Daha sonra banklar tərəfindən minimum əməkhaqqı tələbi 160-200 manatadək aşağı salındı. Bu addımın da banklara ciddi kömək etməmiş kimi görünür. 2018-ci ilin Yanvar aynda da bankların ev təsərrüfatlarını verdikləri istehlak kreditləri azalmaqda davam edib.

 

MİNİMAL ƏMƏKHAQQI TƏLƏBİ YÜNGÜLLƏŞDİRİLİR

 

Marja”nın məlumatına görə,Unibank ötən günlərdə Unibank kredit şərtlərini sadələşdirib. Bank bəyan edib ki, rəsmi iş yeri və rəsmi gəliri olan hər kəs müraciət edə bilər. İllik faiz dərəcəsi 23%-dən başlayır, kredit müddəti isə 48 ayadəkdir. Müştərilərə 20.000 manatadək kredit ayrıla bilər. Sığorta haqqı yoxdur, zamin tələb olunmur. Göründüyü kimi, Unibank minimal əmək haqqını qeyd etmir. Unibank minimal əmək haqqına dair tələbi ilk öncə 400 manat civarından 160 manata, daha sonra 100 manata endirmişdi.

 

Dünən “Bank of Baku” kredit şərtlərini daha sərfəli etdiyini açıqlayıb. Bankın press-relizində qeyd edilmişdi ki, minimal əməkhaqqı tələbi ləğv edilib.

 

Yeni şərtlərdən məlum olur ki, "Bank of Baku" ASC minimal rəsmi əməkhaqqı tələbini yüngülləşdirib. Yəni, əvvəl rəsmi gəlirləri 205 manat olan şəxslər bankdan kredit ala bilmirdilərsə, hal-hazırda həmin şəxslər bankın kredit məhsullarından yararlana bilər. "Bank of Baku" müştərinin ödəniş qabiliyyətini qiymətləndirir, ona əməkhaqqına uyğun aylıq ödənişləri olan istehlak krediti təklif edir. Bunun üçün tələb olunan kredit məbləği azaldıla və ya müddət uzadıla bilər. Məsələn, xalis 300 manat aylıq əmək haqqısı olan şəxsə, aylıq kredit ödənişi 120 manatdan yüksək məbləğdə olan kredit ayrılmır. Bunu da qeyd edək ki, Maiyyə Bazarlarına Nəzarət Palatasının sağlam kreditləşmə prinsiplərinə uyğun olaraq borcalanın digər banklara kredit borcu olub-olmaması da nəzərə alınır.

 

"Bank of Baku" son iş yerində staj tələbini minimum 6 aydan 3 ayadək endirib. Ödəniş müddəti 48 ayadək uzadılıb və zaminsiz kreditləşmə imkanı yaradılıb.

 

Banklar da kredit faizini aşağı salaraq və müddəti uzadaraq müştəri uğrunda mübarizə aparırlar. Azərbaycan Beynəlxalq Bankı kredit şərtlərini tam dəyişib. Kreditin maksimal məbləği 20.000 manata qədər, müddəti 60 ayadək artırılıb. Faiz dərəcəsi isə növbəti dəfə azaldılıb. Azərbaycan Beynəlxalq Bankının nağd pul kreditlərinin illik faiz dərəcəsi indi cəmi 23%-dən başlanır. Müştərilərə 5000 manata qədər krediti bankdan zaminsiz almaq imkanı yaradılıb. Üstəlik, kredit almaq üçün müştərinin yaş məhdudiyyəti də 70 yaşadək yüksəlib.  

 

Qeyd edək ki, bankların kredit müddətini uzatmaları, dolayısı yolla minimal əməkhaqqı tələbinin ortadan qalxmasına səbəb our. Müddət uzandığından aylıq ödəniş azalır, bu da, rəsmi maaşı az göstərilən şəxslərin kredit alamalarını mümkün edir.

 

Yapı Kredi Bank Azərbaycan da kredit məhsulu üzrə faizlərə endirim etmişdir. Bankdan aldığımız məlumata görə, istehlak krediti üzrə illik faiz dərəcələri 18%-dən, effektiv faiz dərəcəsi isə 10%-dən başlayır. 

 

"Expressbank" nağd pul kreditinə 8 faiz endirim edərək faizi illik cəmi 20%-ə endirib. Kreditin müddəti 3 aydan - 36 aya qədərdir. 12 ay - 20%; 24 ay-22%; 36 ay - 24% illik faiz dərəcəsi ilə ayrılır. Komissiya 1% təşkil edir. Hal-hazırda kreditlər nağd şəklində maksimal 15 000 AZN həcmində (min 300AZN), manat ilə təklif olunur. Tələb olunan sənədlər – şəxsiyyət vəsiqəsi, iş yerindən arayış və ya əmək haqqı hesabı üzrə son 6 ayın çıxarışıdır. Göründüyü kimi, "Expressbank" da minimal əməkhaqqı tələbini qeyd etmir.

 

Kapial Bank elan edib ki, artıq hər kəs BirKart kredit kartını ala bilər. BirKart sahibi olmaq üçün Kapital Bankdan maaş və ya pensiya almaq tələbi yoxdur. BirKart ilə 10.000 AZN-ədək kredit təklif olunur. BirKartı əldə etmək üçün şəxsiyyət vəsiqəsi və əsas gəliri təsdiq edən sənəd (təqaüd haqqında arayış/elektron arayış və (və ya) hesabdan çıxarış) Kapital Banka yaxınlaşmaq lazımdır. BirKart ilə məhsulları 18 ayadək faizsiz taksitlə də almaq mümkündür. 

 

Digər bir çox banklarda da kredit şərtlərinin yumuşaldıldığı müşahidə olunur.

 

Banklar Azərbaycan reallığına uyğun olmayan məsuliyyətli kreditləşmə siyasəti nəticəsində kredit vermək üçün çoxlu sayda müştəri tapa bilmirdi. Azərbaycanda əksər şirkətlərin vergi və sosial ödənişlər yükündən yayınmaq və zərər etməmək üçün işçilərin rəsmi maaşlarını aşağı göstərdikləri sirr deyil. İşçilərə əməkhaqqının bir hissəsi qeyri-rəsmi şəkildə ödənilir.

 

Digər bir reallıq insanların əmək müqaviləsi olmadan çalışması və ya fərdi ticarət və digər işlərlə məşğul olmasıdır. Ödəmə qabiliyyəti olan bu insanlar banklardan kredit götürə bilmirlər.

 

Bir çox insanların isə maaşları həqiqətən 300-500 manat civarındadır.

 

Reallıq bu cür olduğu halda hansısa məmurlar sərt kredit tələblərini fikirləşmişdilər. Reallığın bu sərt tələbləri “əritdiyinin” şahidi oluruq.

13 Mart 2018 , 13:56   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin