Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Bakıda Azərbaycan-İran biznes forumu keçirilir - YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda Azərbaycan-İran biznes forumu keçirilir - YENİLƏNİB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Martın 29-da Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilib.

 

Reklam_3_11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani biznes forumda iştirak ediblər.

 

Əvvəlcə Neftçala Sənaye Məhəlləsində görülən işləri əks etdirən videoçarx göstərildib.

 

Prezident İlham Əliyev və Prezident Həsən Ruhani Neftçala Sənaye Məhəlləsində yaradılan “Azərmaş” ASC və “İran Khodro” şirkətinin birgə “Xəzər” avtomobil zavodunun açılışını bildirən düyməni basdılar.

 

Sonra dövlət başçılarına videoçarx əsasında bu müəssisənin fəaliyyəti və istehsal prosesi barədə məlumat verilib.

 

Daha sonra Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı görülən işlərdən bəhs edən videoçarx nümayiş olunub. Videoçarxda İran ərazisində Azərbaycan Dəmir Yollarının Astara terminalı haqqında məlumat verilib.

 

Dövlət başçıları biznes forumda nitq söylədilər.

 

Prezident İlham Əliyevin nitqi

-Hörmətli cənab Prezident Həsən Ruhani.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

 

Prezident Ruhaninin Azərbaycana rəsmi səfəri başa çatır. Tam əminliklə demək olar ki, səfər çox uğurlu keçib və səfərin çox gözəl nəticələri vardır.

 

İran-Azərbaycan dostluq, qardaşlıq əlaqələri bu gün ən yüksək zirvədədir. Dünən keçirdiyimiz danışıqlar, aparılan müzakirələr bunu bir daha təsdiq edir. Biz həm siyasi, həm iqtisadi, həm də bütün başqa sahələrdə çox fəal əməkdaşlıq edirik. Biz Prezident Ruhani ilə müntəzəm olaraq görüşürük. Son dörd il ərzində biz on bir dəfə görüş keçirmişik. Bu rəqəm özlüyündə onu göstərir ki, biz nə qədər sıx əməkdaşlıq edirik və bizim aramızda nə qədər qarşılıqlı inam var. Bu da təbiidir. Çünki bizim xalqlarımız əsrlər boyu bir yerdə yaşamış, yaratmışlar. Bizi birləşdirən ortaq tarix, mədəniyyət bugünkü əlaqələrimiz üçün əsas amildir. Bu əlaqələrin bu gün böyük sürətlə inkişaf etməsi bizi çox sevindirir.

 

Siyasi əlaqələr belə yüksək səviyyədə olduğu halda, əlbəttə ki, biz istənilən iqtisadi və nəqliyyat layihələrini icra edə bilərik və bunu da edirik. Biz verdiyimiz bütün tapşırıqlara şəxsən nəzarət edirik. Mən şadam ki, bu tapşırıqları yerinə yetirən hökumətlərarası komissiyanın üzvləri, bütün vəzifəli şəxslər öz vəzifə borclarını şərəflə yerinə yetirirlər. Bu gün İran-Azərbaycan əlaqələri nəinki iki ölkə üçün, region üçün və deyə bilərəm ki, dünya üçün böyük əhəmiyyətə malikdir. Çünki bizim təşəbbüsümüzlə reallaşan layihələr bütün bölgə üçün, Avrasiya qitəsi üçün böyük əhəmiyyət daşıyır.

 

Biz dünən ticarət əlaqələrinin inkişafı ilə bağlı geniş fikir mübadiləsi apardıq. Hesab edirik ki, ticarət əlaqələrinin indiki səviyyəsi bizim əlaqələrimizin səviyyəsini əks etdirmir. Ona görə də bu biznes forumda iştirak edən iş adamlarına tövsiyəm budur ki, daha da sıx əməkdaşlıq aparmalıyıq. Ticarət dövriyyəsinin artırılması üçün praktiki addımlar atılmalıdır. Ümid edirəm ki, gələcək illərdə bizim qarşılıqlı ixracımız da artacaq. Buna nail olmaq üçün imkanlar var.

 

Əlbəttə, qarşılıqlı sərmayə qoyuluşu məsələlərinə də böyük diqqət göstərilir. Bu gün bu kiçik təqdimatda qarşılıqlı sərmayə qoyuluşunu əks etdirən iki önəmli layihə göstərildi - Neftçalada “İran Khodro” və Azərbaycan şirkətinin birgə müəssisəsi və İranda Azərbaycan sərmayəsi ilə yaradılan yük terminalı. Qarşılıqlı sərmayələrin qoyuluşu üçün əlbəttə ki, ilk növbədə, gözəl münasibətlər və qarşılıqlı maraqlar olmalıdır. Bunlar var və gündən-günə möhkəmlənir. Biz bu iki layihənin timsalında görürük ki, burada qarşılıqlı maraqlar tam təmin olunur. Əminəm ki, həm avtomobil zavodunun gələcək fəaliyyəti uğurlu olacaq və həm də yük terminalı Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üçün önəmli rol oynayacaqdır.

 

Hesab edirəm ki, biz digər sahələrdə də qarşılıqlı sərmayə qoyuluşu haqqında ciddi düşünməliyik, bunu edirik. Dünən həm məhdud tərkibdəki görüşdə, eyni zamanda, nümayəndə heyətlərinin tam tərkibi ilə keçirilmiş görüşdə bu məsələlər müzakirə olundu. Qarşılıqlı sərmayə qoyuluşu üçün əlavə istiqamətlər müəyyən edilməkdədir. Tam əminliklə deyə bilərəm ki, Şimal-Cənub nəqliyyat dəhlizi də İran və Azərbaycan tərəflərinin çox ciddi səyləri hesabına reallaşır. Biz qonşu ölkələrlə bu məsələləri daim müzakirə edirik. Son iki il ərzində görülən işlər bu yolun açılmasına əsas zəmin yaratmışdır. Kiçik təqdimatda göstərildi ki, 2016-2017-ci illərdə bu dəmir yolunun çatışmayan hissəsi Azərbaycan ərazisində inşa edildi, Astaraçay üzərində körpü salındı. Mən keçən il İranda səfərdə olarkən ilk sınaq qatarı Azərbaycandan İran ərazisinə keçdi. Bu gün isə artıq yük terminalı inşa edilir və dünən tarixi bir sənəd imzalandı. Astara-Rəşt dəmir yolunun tikintisi ilə bağlı müqavilə imzalandı. Bu müqavilə Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşmasında xüsusi rol oynayacaqdır. Beləliklə, biz qitələri birləşdirərək həm iqtisadi mənfəət götürəcəyik, - çünki bizim ərazimizdən keçən tranzit yüklər on milyon tonlarla ölçüləcək, - eyni zamanda, biz bölgədə yeni bir əməkdaşlıq formatını yaradırıq. Bunu artıq yaratmışıq, çünki biz indi nəinki ikitərəfli formatda, üçtərəfli və dördtərəfli formatlarda fəal əməkdaşlıq edirik. 2016-cı ildə Bakıda, 2017-ci ildə isə Tehranda Azərbaycan, İran, Rusiya prezidentlərinin görüşləri keçirilmişdir. Bu görüşlərin çox böyük əhəmiyyəti vardır. Görüşlərdə həm siyasi, həm iqtisadi, həm nəqliyyat, həm enerji məsələləri müzakirə edilmişdir. Hesab edirəm ki, üç ölkənin iş adamları da mövcud olan imkanlardan istifadə etməlidirlər.

 

Azərbaycan-İran-Türkiyə üçtərəfli əməkdaşlıq formatı artıq neçə ildir ki, fəaliyyət göstərir və bu yaxınlarda Bakıda yeni, dördtərəfli əməkdaşlıq formatı da reallaşıb - Azərbaycan, İran, Gürcüstan və Türkiyə. Burada həm əlbəttə ki, regional təhlükəsizlik, əməkdaşlıq, siyasi məsələlər, qarşılıqlı dəstək, eyni zamanda, iş adamları üçün, bir daha demək istəyirəm, geniş imkanlar açılır.

 

Nəqliyyat sahəsində. İndi Astara-Rəşt dəmir yolunun tikintisi, gələcəkdə Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətə tam başlaması nəticəsində minlərlə, bəlkə də on minlərlə yeni iş yeri açılmalıdır və bu iş yerlərini sahibkarlar açmalıdırlar. Ticarət dövriyyəsi əminəm ki, həm ikitərəfli, həm çoxtərəfli formatda kəskin artacaqdır. Energetika sahəsində biznes imkanları genişlənir. Dünən cənab Prezidentlə biz bunu geniş müzakirə etdik və nazirlərə də müvafiq göstərişlər verildi ki, tezliklə elektroenergetika sahəsində bizim planlarımız reallaşsın. Bu, tam realdır və əminəm ki, biz buna nail olacağıq. Böyük turist axını gözlənilir. Onsuz da hər il Azərbaycandan İrana, İrandan Azərbaycana yüz minlərlə insan səyahət edir. Dəmir yolu açılandan sonra təkcə yüklər yox, eyni zamanda, sərnişinlər də daşınacaq. Ona görə də turizm infrastrukturuna böyük investisiyalar qoyulmalıdır. Mən həm Azərbaycan, həm İran iş adamlarına müraciət edərək onları bu işlərə dəvət edirəm. Həm İranda, həm Azərbaycanda qarşılıqlı sərmayə qoyuluşu, turizm infrastrukturuna, otellərin tikintisinə, digər turizm infrastrukturuna qoyulacaq sərmayə əminəm ki, batmayacaq, əksinə yaxşı gəlir gətirəcəkdir.

 

Biz dünən, eyni zamanda, Xəzər dənizindəki blokların işlənməsi haqqında anlaşma memorandumu imzaladıq. Bu da tarixi əhəmiyyətli qərardır. Ümumiyyətlə, cənab Prezident Ruhaninin Azərbaycana hər bir səfəri böyük əhəmiyyət daşıyır və mənim İrana səfərlərim də həmçinin. Bu səfərlər çərçivəsində bir çox sənədlər imzalanmışdır və onların hamısı reallaşır. Deyə bilərəm ki, elə bir məsələ yoxdur ki, biz qərara gələk və onun nəticəsini görməyək. Bu səfər də tarixi səfərdir. Çünki bu səfər zamanı iki tarixi sənəd imzalandı - Xəzər dənizindəki bloklarla bağlı sənəd və Astara-Rəşt dəmir yolunun tikintisi. Eyni zamanda, biz dünən cənab Prezidentlə bu günə qədər həll olunmayan məsələlər ətrafında da fikir mübadiləsi apardıq. Bizim bütün görüşlərimiz çox səmərəli və məhsuldardır. Hansı məsələlər hələ ki, həll olunmayıb o məsələləri biz daim diqqətdə saxlayırıq. Həll olunmayan məsələlərin siyahısına baxdıqda indi bir çox məsələlər o siyahıdan çıxarılıb. Çünki onlar öz həllini tapıb.

 

Həllini gözləyən məsələlərdən biri də bank və maliyyə sektorlarındakı əməkdaşlıqdır. Dünən müvafiq göstərişlər verilmişdir. Əminəm ki, növbəti görüşə qədər bu məsələ də öz həllini tapacaq. Ticarət dövriyyəsinin artırılması, energetika sahəsində birgə fəaliyyətimiz – bu, indi növbəti dövrdə gündəlikdə duran əsas məsələlərdir.

 

Əlbəttə, biz çox şadıq ki, son vaxtlar İrandan olan iş adamları Azərbaycana, Azərbaycan iqtisadiyyatına daha böyük maraq göstərirlər. Biz iranlı qardaşlarımızı görməyimizə həmişə şadıq. Onlar Azərbaycanda həm investor, yəni, sərmayə qoyan, həm də podratçı kimi uğurla fəaliyyət göstərə bilərlər. Bu fəaliyyət üçün bütün imkanlar var. Əsas xalqlarımızın birliyi, dövlətlərarası münasibətlərin ən yüksək səviyyədə olması və bizim təşəbbüsümüzlə reallaşan layihələrin gələcək imkanlarıdır. Biz bölgəmizdə yeni reallıq yaradırıq. İran-Azərbaycan əlaqələri artıq regional təhlükəsizlik, sabitlik, əməkdaşlıq üçün önəmli amilə çevrilibdir. Bunu biz etmişik, özü də qısa müddət ərzində.

 

Mən bir daha həmkarıma, cənab Həsən Ruhaniyə Azərbaycana göstərdiyi diqqətə, xoş münasibətə görə minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, səfərin çox gözəl nəticələri olacaqdır və biz hamımız bunun şahidi olacağıq. Sağ olun.

 

X X X

 

Biznes forumda nitq söyləyən İran Prezidenti Həsən RUHANİ xalqlarımızın dini, tarixi və adət-ənənələr baxımından olduqca bir-birinə yaxın olduğunu dedi. Ölkələrimiz arasındakı dostluq və əməkdaşlığın, həmçinin, müştərək fəaliyyətimizin bütün regionun xeyrinə olduğunu bildirdi. Həsən Ruhani ölkələrimiz arasındakı əlaqələrin bütün region və dünya üçün faydalı olduğunu deyərək bu səfərin tarixi qərarların qəbul edilməsi ilə nəticələndiyini, bütün bunların xalqlarımızın rifahına xidmət edəcəyini vurğuladı, Xəzərdə müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumun əhəmiyyətindən danışdı, Xəzər dənizinin əməkdaşlıq, təhlükəsizlik və dostluq dənizi olduğunu bildirdi. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində yaxşı əməkdaşlıq etdiyini və bir-birinin yanında olduğunu deyən Həsən Ruhani Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyətini vurğulayaraq bu layihə ilə bağlı görülən işlərin səmərə verəcəyini əminliyini ifadə etdi. Ölkələrimiz arasında istifadə olunmayan potensialın Azərbaycan və İran prezidentlərinin şəxsi təşəbbüsləri və xidmətləri sayəsində artıq aktivləşdirildiyini deyən Həsən Ruhani müştərək iqtisadi əlaqələrin xalqlarımızın rifah halının yaxşılaşdırılmasına yönəldilməsinin vacibliyindən danışdı. Səhiyyə, əczaçılıq, bank sektoru, kənd təsərrüfatı, nəqliyyat, elektrik enerjisi, ticarət sahələrində əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğunu dedi. İran Prezidenti ölkələrimizin turizm potensialından istifadə edilməsinin əhəmiyyətini vurğuladı, xalqlarımız arasında gediş-gəlişin intensivləşdirilməsi, mədəniyyət sahəsində əlaqələrin gücləndirilməsinin vacibliyini bildirdi. “Azərbaycanın təhlükəsizliyi bizim təhlükəsizliyimiz, Azərbaycanın inkişafı bizim inkişafımızdır” deyən Həsən Ruhani iş adamlarına müraciət edərək onları qarşılıqlı layihələrin icrasında fəal olmağa çağırdı.

 

X X X

 

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Həsən Ruhani çay süfrəsi arxasında söhbət etdilər. 

29.03.2018 12:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ