Azərbaycanın ən böyük kartinqi istifadəyə verildi

Aprelin 20-də “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) təşkilatçılığı və Azərbaycan Avtomobil Federasiyasının (AAF) dəstəyi ilə Su İdmanı Sarayının ərazisində yaradılmış Bakı Şəhər Kartinq Mərkəzinin açılışı olub. Mərkəzin xidmətindən 7 yaşından yuxarı bütün şəhər sakinləri faydalana biləcəklər.

 

Mərkəzin yaradılmasında əsas məqsəd Azərbaycanda avtoidman mədəniyyətini inkişaf etdirmək, ictimaiyyət arasında idmanın bu növünə marağı artırmaq və gələcək Formula 1 yarışları üçün yerli kadrlar hazırlamaqdır.

 

Bakı Şəhər Kartinq Mərkəzində istifadə olunan kartinq maşınları (kart) Fransanın “SODİ KARTS” şirkəti tərəfindən istehsal edilib. Bu kartlar texniki göstəriciləri, rahatlığı, müasir tərtibatı və ən əsası təhlükəsizliyi baxımından digərlərindən fərqlənir.

 

Kartinq yolunda eyni anda 24 kartın hərəkəti mümkündür. Təhlükəsizliyi təmin etmək məqsədilə kartinq yolunun kənarı keyfiyyətli baryerlərlə əhatə olunub. Bu baryerlərin içərisinə doldurulmuş rezin hissəciklər və kənarına çəkilmiş xüsusi lent zərbənin təsirini azaltmaqla yanaşı, həm də onun bütün baryer boyunca bərabər paylanmasını təmin edir. Bundan başqa, sürücülərə xüsusi dəbilqələr və od keçirməyən kombinezonlar da verilir.

 

Mərkəz hazırda ölkəmizdə ən böyük kartinqdir. Uzunluğu 802 metr olan trek 22 döngədən ibarətdir. Trasın ən uzun və düz hissəsi 69 metrdir.

 

Tamaşaçıların yarışı rahat izləmələri üçün xüsusi izləmə zonasının və kafenin də olduğu mərkəzdə qonaqlara yaşına uyğun maşınlar təqdim olunur. Kartları idarə etməyi yeni öyrənənlər isə ikinəfərlik maşınlardan istifadə edə bilərlər.

 

Ümumiyyətlə, Mərkəz gənclər arasında mütəmadi olaraq yarışlar keçirməyi planlaşdırır. Bu yarışlarda yeni sürücülərlə yanaşı, peşəkarlar da iştirak edə biləcəklər. Yerli kadrların hazırlanması məqsədilə gələcəkdə azyaşlılar üçün peşəkar pilot kurslarının təşkili nəzərdə tutulur.

21 Aprel 2018 , 09:23   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin