"BP Azərbaycan"dan 2018-in ilk hesbatı!

"BP Azərbaycan" şirkəti  2018-ci ilin 1-ci rübünün nəticələri üzrə hesabatını yayımlayıb.

 

"Marja" xəbər verir ki, hesabatda bildirilir.

 

Azəri-Çıraq-Günəşli (AÇG)

 

AÇG-də iştirak payları: BP (30,37%), SOCAR (25,0%), Şevron (9,57%), İNPEKS (9,31%), Statoyl (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).

 

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.  

 

2018-ci ilin 1-ci rübündə AÇG üzrə fəaliyyətlərə təqribən 102 milyon dollar əməliyyat məsrəfləri və  260 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.

 

Hasilat

 

2018-ci ilin 1-ci rübündə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (53 000), Mərkəzi Azəri (156 000), Qərbi Azəri (123 000), Şərqi Azəri (94 000), Dərinsulu Günəşli (109 000) və Qərbi Çıraq (62 000) platformalarından birlikdə – gündə orta hesabla 597 000 barel və ya ümumilikdə təqribən 54 milyon barel, yəni 7 milyon ton olub.

 

İlin sonunda AÇG-də ümumilikdə 118 neft hasilat quyusu və 52 qaz və su injektor quyusu istismarda olub.  

 

AÇG üzrə qazma və tamamlama fəaliyyətləri

 

Rüb ərzində AÇG-də 5 neft hasilat quyusu qazılmışdır.

 

Səmt qazı

 

1-ci rübdə AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 5,8 milyon kubmetr, ümumilkdə isə 525 milyon kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

 

Səngəçal terminalı

 

1-ci rüb ərzində AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.

 

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 30 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 50 milyon standart kubmetrdir.

 

1-ci rüb ərzində terminal üçüncü tərəf həcmləri də daxil olmaqla təqribən 71 milyon barel neft və kondensat, o cümlədən təqribən 63 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 8 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə və təqribən 0,4 milyon barel ayrıca kondensat ixrac kəməri vasitəsilə, ixrac etmişdir.

 

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

 

Rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 30 milyon standart kub metr (təqribən 1,1 milyard standart kubfut) Şahdəniz qazı ixrac edilmişdir.

 

Bakı-Tbilisi-Ceyhan (BTC)

 

BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); Eni (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.  

 

2018-ci ilin 1-ci rübü ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 30 milyon dollar, əsaslı xərclərə isə təqribən 5 milyon dollar xərclənmişdir.

 

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən  2018-ci ilin 1-ci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümümilikdə 391 milyon tondan artıq (2,93 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 3839 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

 

2018-ci ilin 1-ci rübü ərzində isə BTC vasitəsilə təqribən 63 milyon ton (8,3 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 81 tankerə yüklənib.

 

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

 

Şahdəniz

 

Şahdənizdə iştirak payları belədir: BP (operator – 28,8%), TPAO (19%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%).

 

2018-ci ilin 1-ci rübü ərzində Şahdəniz üzrə fəaliyyətlərə təqribən 123 milyon dollar əməliyyat xərcləri və təqribən 415 milyon dollar əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aiddir.

 

Hasilat

 

2018-ci ilin 1-ci rübü ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam etmişdir.

 

Rüb ərzində yataqdan 2,7 milyard standart kubmetr qaz və 0,6 milyon ton (təqribən 5 milyon barel) kondensat hasil edilmişdir.

 

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 30 milyon (ildə təqribən 10,9 milyard) standart kubmetrdir.

 

Qazma əməliyyatları

 

2018-ci ilin 1-ci rübündə Şahdəniz Alfa platformasında SDA11 quyusunda qazma işləri davam etmişdir.

 

İstiqlal qazma qurğusu SDD03 quyusunu tamamlamış və SDD04 quyusunda tamamlama işlərinə başlamışdır. Maersk Explorer qurğusu SDH01 quyusunun aşağı hissələrində qazma əməliyyatlarını davam etdirmişdir.

 

Bu iki qurğu Şahdəniz 2 üzrə hasilatın başlanması və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində artıq 14 quyu qazıb, bunlardan yatağın şimal cinahında dörd quyu, qərb cinahında isə üç quyunu tamamlayıb. Şahdəniz 2-nin qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

 

Şahdəniz 2 layihəsi

 

2017-ci ildə bütün layihə boyu əldə edilmiş bir sıra mühüm tikinti, istismar sınaqları  və təhvil vermə nailiyyətlərindən sonra Şahdəniz 2 və Cənubi Qafqaz Boru kəmərinin genişləndirilməsi layihələri istismara başlamaq mərhələsinə daxil olaraq 2018-ci ildə ilk qazın əldə edilməsi qrafikinə uyğun irəliləyir.

 

Şahdəniz 2 layihəsi üzrə ilk qazın əldə olunması üçün lazım olan iş həcmi mühəndis-layihə işləri, təchizat, tikinti və istismar sınaqları da daxil olmaqla, artıq 99% tamamlanıb.

 

1-ci rübdə Şahdəniz 2  platformalarının hər ikisinin üst modullarının montajı və istismar sınaqları davam etmiş və surətlə irəliləmişdir. Ümulikdə bu işlər 90% başa çatmaqla  qrafiki  qabaqlayır. Bu obyektlər artıq əməliyyatlar qrupuna təhvil verilib və işə salınma prosedurları yaxşı irəliləyir. Hazırda terminaldan platforma sisteminə ilk karbohidrogen daxil olmazdan əvvəl son yoxlama işləri aparılır.

 

Səngəçal  terminalında Şahdəniz 2 üçün inşa edilmiş obyektləri terminalın mövcud istismarda olan hissəsi ilə ayıran baryer sökülmüş və hər iki hissə indi birləşdirilmişdir. Yeni inşa edilmiş sistemə artıq ilk karbohidrogen daxil edilmişdir. Bu, həm ilk kommersiya ixracının, həm də Şahdəniz  Bravo obyektlərindən hasilatın başlanması üçün çox vacib bir əməliyyatdır.

 

Cənubi Qafqaz Boru Kəməri (CQBK)

 

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (28,8%), TPAO (19%), AzSCP (10%), Cənub Qaz Dəhlizi Midstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%)

 

2018-ci ilin 1-ci rübündə CQBK ilə bağlı fəaliyyətlərə təqribən 8 milyon dollar əməliyyat xərcləri və 165 milyon dollar əsaslı xərclər sərf edilib.

 

Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır.

 

Rüb ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü təqribən 23,1 milyon kubmetr qaz olmuşdur.

 

CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

 

CQBK-nin genişləndirilməsi (CQBKG) layihəsi

 

2018-ci ilin 1-ci rübü ərzində CQBKG üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam etmişdir. Ümumilikdə bu işlərin ilk qaz üçün nəzərdə tutulmuş həcminin 99%-i artıq tamamlanıb.

 

Bütün xətt boyunca əsas kəmər istismar qaynaqlarının hamısı tamamlanıb, kəmərin tam hazır olması üçün yalnız birləşmə qaynaqları qalır. Gürcüstandakı 1-ci kompressor stansiyasına  artıq karbohidrogen daxil edilib və əməliyyatlara hazırdır. Türkiyəyə ilk kommersiya çatdırmaları üçün lazım olan bütün infrastruktur artıq tamamlanıb. 2-ci kompressor stansiyasında istismar sınaqları başlanıb və işlər qrafik üzrə irəliləyir.

 

 Geoloji kəşfiyyat

 

Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisindən  əldə edilmiş 3-ölçülü məlumatların interpretasiyası və emalı 2017-ci ilin sonunda yekunlaşdı. SOCAR-la Perspektivlik haqqında Bildiriş imzalanmaqla BP-nin Abşeron yarımadasının dayazsulu hissəsində 3 perspektiv ərazidə kəşfiyyat quyuları qazmaq öhdəliyi  müəyyən edildi.  Seçilmiş perspektiv ərazilərdə kəşfiyyat quyularının qazılması üçün planlaşdırma işləri davam edir.

 

Şəfəq-Asiman üzrə ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri də  davam etməkdədir.

 

İşçi heyətimiz

 

2018-ci ilin 1-ci rübünün sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2688 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. Bu, şirkətin Azərbaycanda ixtisaslı işçilərinin 89%-dən çoxunu təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir.

 

BP-nin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir. İşçi heyətin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak daxildir.

17 May 2018 , 12:49   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin