PAŞA Bank: “Biznesin maliyyələşdirilməsi üçün yeni alətlərin tətbiqinə başlamışıq”

Ölkənin aparıcı korporativ bankı PAŞA Bank Azərbaycan bazarında yeni alət -təchizat zəncirinin maliyyələşdirilməsi məhsulunu sahibkarlara təqdim edir. Yenilik haqqında daha ətraflı məlumat almaq və bu məhsulun ənənəvi kreditləşmədən fərqinin nədən ibarət olduğunu bilmək üçün biz PAŞA Bankın Kiçik və orta sahibkarlıq üzrə bankçılıq departamentinin direktoru Aleksandr Qolovkoya müraciət etdik. Həmin müsahibəni diqqətinizə çatdırırıq.

 

-Təchizat zəncirinin maliyyələşdirilməsi nə deməkdir? Bu məhsul faktorinqdən (debitor borcunun maliyyələşdirilməsindən)  nə ilə fərqlənir?

 

-Bildiyiniz kimi, 2016-cı ildə bizim faktorinq adlı ənənəvi məhsulumuz bazara buraxılmışdır. Bankımızın 2018-2020-ci illəri əhatə edən strateji dövr üçün portfelinin inkişaf etdirilməsi çərçivəsində biz təchizat zəncirinin maliyyələşdirilməsini fəal inkişaf etdirmək niyyətindəyik.

 

Bura faktorinq alətləri, digər məhsullar, eləcə də bəzi modifikasiyalar daxildir. Bu modifikasiyalar təkcə bilavasitə müştəridən deyil, həm də təchizatçıdan mal alan alıcıdan ibarətdir. Burada belə bir üçbucaq yaranır: təchizatçı, alıcı və  faktor (yəni, bank). Burada hər üç tərəf təchizat zəncirinin maliyyələşdirilməsindən qazanc əldə edir. Bu konsepsiya son zamanlar bütün dünyada yayılmış və sürətlə inkişaf etməkdədir. Ümumi dünya meylləri göstərir ki, yaxın 3-5 il ərzində bu məhsul inkişaf etməkdə davam edəcəkdir. Təchizat zəncirinin maliyyələşdirilməsi həm alıcılar, həm də təchizatçılar üçün dövriyyə kapitalının maliyyələşdirilməsinin effektiv alətidir. Bizim halımızda  alıcı (topdan alıcı, ticarət agenti və s.) daha kiçik təchizatçılardan məhsul alan daha iri korporativ müştərilərdir.

 

Bu məhsul ondan ibarətdir ki, həm alıcı, həm də təchizatçı (satıcı) əməliyyat pul axınını effektiv idarə etmək imkanına malik olur. Bizə müraciət edərkən satıcının vəziyyətini aşağıdakı kimi təsvir etmək olar: onun debitor borcu var, məhsul satışından alacağı pulu ən azından 30-60 gün gözləməlidir. Banka təqdim etdiyi hesab-faktura (invoys) vasitəsilə və ya müqavilə ilə müraciət etdikdə, o, ən qısa müddətdə pulunu alır və öz növbəsində debitor borcunu azaldır. Satıcı öz kreditor borcunun (bankın alıcının əvəzinə ödədiyi vəsait) müddətini də artıra bilir. Artıq o, borcu təcili ödəməli deyil. Biz ona bu ödənişi etmək üçün daha çox vaxt təklif edə bilirik. Beləliklə, PAŞA Banka müraciət edən müştəri lazım olan pulu dərhal ala bilir, eyni zamanda, borcu ödəmək üçün vaxt qazanır.

 

-Məhsulun ənənəvi kreditləşmədən fərqi nədən ibarətdir?

 

-Bu konsepsiyada hər iki tərəf faydalanır: təchizatçı müraciət etdiyi vaxt pulunu alır və kreditor borcunu ödəmək üçün maksimal müddətə vaxt qazanır.  Bu maliyyələşmənin təbiətindən irəli gələrək, biz alıcı ilə təchizatçı arasında olan qarşılıqlı münasibətləri yaxşı başa düşürük və onlara daha sürətli qərarlar qəbul etməyi təklif edirik. Bu, risklərin sadəcə klassik qiymətləndirilməsi deyil, yəni klassik kredit xəttində müştərinin maliyyə-əməliyyat biznes modeli, pul axını proqnozu, borc yükünün tarixçəsi ətraflı nəzərdən keçirilirsə, bizdə sadəcə alıcı ilə təchizatçının qarşılıqlı münasibətləri, işin keyfiyyəti, biznesin artım potensialı nəzərdən keçirilir və bu, bizə 3-5 gün ərzində maliyyələşdirmə üzrə limit müəyyənləşdirmək üçün qərar qəbul etmək imkanı verir. Bu üçbucaq çərçivəsində və biznesin qarşılıqlı əlaqəsi və təbiətindən irəli gələrək, biz şəffaf mənzərə yaradırıq və qısa bir zamanda biznesi maliyyələşdirə bilirik.

 

Eyni zamanda məhsulun üstünlüyü onun şəffaf təbiətindən irəli gəlir. Biz alıcı ilə təchizatçının qarşılıqlı münasibətlərini nəzərə alır və qərar qəbul edərkən daha iri alıcıların olduğu münasibətlərə üstünlük veririk. Burada yarana biləcək kredit riski prinsip etibarilə alıcının bu ödənişi vaxtında həyata keçirməməsidir. Təchizat zəncirinin maliyyələşdirilməsinin ənənəvi kreditləşmədən növbəti bir üstünlüyü - girovsuz kreditləşmədir. Klassik anlamda işlədiyimiz bazarda adətən avtomobillər, daşınmaz əmlak, aktivlər və s. mütləq banka girov qoyulur. Girovsuz kreditləşmə müştəriyə daha əlverişlidir: bizdə girov kimi gələcək pul axını xidmət edir, mahiyyət etibarilə bu, debitor borcunun girovudur.

 

Hazırda biz dünyada, eləcə də Azərbaycanda baş verən rəqəmsallaşma meyllərini müşahidə edirik və bu öz növbəsində ölkədə iş şəraitini xeyli dərəcədə asanlaşdırmağa imkan verir. PAŞA Bank olaraq biz qeyd edə bilərik ki, hazırda bizim müştərilər daha az tezliklə filiallarımıza gəlir, daha az sənəd toplayır və vaxtlarına qənaət edib bir çox bank xidmətlərini İnternet Bank platforması vasitəsilə həyata keçirir. Bizim bütün xidmətlər müştərilərin işini asanlaşdırmağa yönəldilib, onların bankla olan əlaqələrini azaltmağa çalışırıq. Planımızda ilin sonuna qədər İnternet Bankın yeni versiyasını işə salmaq nəzərdə tutulub. Bu platformada kredit üçün müraciətlər, kreditin verilməsinin nəzərdən keçirilməsi prosesi, informasiya və sənəd mübadiləsi limitlərinin müəyyən edilməsi və digər proseslər rəqəmsal formatda həyata keçiriləcək. Bütün bunlar müştərinin kredit almaqla bağlı bankla işini xeyli asanlaşdıracaq.

 

-Təchizat zəncirinin maliyyələşdirilməsi məhsulunun inkişaf etdirilməsi Banka nə verəcək?

 

Hər şeydən əvvəl, burada bizim müştərilərimiz - kiçik və orta sahibkarlar üçün üstünlüklərimiz var. Belə ki, potensial müştərilərimizin əsas hədəf qrupu – ölkəmizdə bir qayda olaraq iri biznes üçün mal və xidmətlər təklif edən təchizatçılardır. Adı qaydada əldə edilən kredit, kredit xətti açmaq üçün banka müraciət edən müştərinin maliyyə vəziyyətinin qiymətləndirilməsi, sənədlərin toplanması və başqa müvafiq proseduraların aparılması müəyyən vaxt tələb edir. Təchizat zəncirinin maliyyələşdirilməsi məhsul isə adi kreditləşmədən fərqli olaraq, o qədər də sənəd tələb etmir, çünki PAŞA Bank olaraq biz dövriyyənin hər hansı rəsmi hissəsini görürük, biz müştəriyə verə biləcəyimiz limiti müəyyənləşdirir, bu limit çərçivəsində müştərinin maliyyə vəziyyətinin dərindən araşdırılması, qiymətləndirilməsi tələb olunmur. Proqram üzrə kreditin ödənilməsinin əsas mənbəyi alıcının banka ödəyəcəyi debitor borcdur.

 

Bunun da mexanizmi çox sadədir: müştəri hesab-faktura (invoys) və ya müqavilə ilə banka müraciət edərək növbəti gün gəlib pulu apara bilər. Borcun ödənilməsi müddəti başa çatdıqda, bu adətən 45-60 gün hesablanır, alıcı aldığı mal və xidmətlərin pulunu ödəyir, pul banka daxil olur və bu məbləğ avtomatik olaraq borcu bağlayır. Gördüyünüz kimi, dövriyyə kapitalının maliyyələşdirilməsi ilə müqayisədə, burada müştərinin iştirakı minimaldır.

 

Bir misal gətirmək istəyirəm: bəzi müəssisələr öz fəaliyyətlərini genişləndirmək məqsədilə böyük məbləğdə borc götürmək istəyirlər. Onlar üçün müəyyənləşdirilən limit biznesin ölçülərini dəqiq əks etdirir. Əgər bu müəssisə çox da böyük deyilsə, amma hər hansı potensial alıcı ilə yaxşı münasibətdədirsə, onunla bağladığı müqavilənin məbləği  biznesin ölçülərindən artıqdırsa, bu müştəri bizim bank tərəfindən maliyyələşdiriləcək. Maraqlıdır ki, ənənəvi kreditləşdirmə xətti ilə ona bu məbləğ sadəcə verilməyəcək. Biz belə müştərini maliyyələşdirərkən onun gələcəkdə potensial pul axınını nəzərə alırıq. Başqa sözlə, onun gələcək uğuru bağladığı müqavilə, aldığı sifarişlə gələcək biznesinin artımını təmin edir.

 

Hansı hallarda təchizat zəncirinin maliyyələşdirilməsinin istifadəsi  daha uyğundur?

 

Bu məhsul müxtəlif istehsal, tikinti, xidmət, satış və digər şirkətlər üçün münasib maliyyələşmə imkanı ola bilər. Elə hallar var ki, məsələn, kiçik və orta biznesin son müştəriləri pərakəndə istehlakçılar olan pərakəndə ticarət obyektləri - restoranlar, kafelər və s. üçün ənənəvi standart kredit xətti daha əlverişlidir. Lakin sahibkarların mal və xidmətlərin satışı ilə məşğul olan və B2B (biznes üçün biznes) ilə işləyən kateqoriyaları üçün bu ideal bir alətdir. Burada maliyyələşmə ucuz başa gəlir, heç bir girov tələb edilmir.

 

-Bu xidmətin qiyməti barədə nə deyə bilərsiniz?

 

-İndi bazarda dövriyyə kapitalının maliyyələşdirilməsinin qiyməti təqribən 17-18%-dir. Əgər biz təchizat zəncirinin maliyyələşdirilməsindən danışırıqsa, bu günə olan qiymətlərimiz daha iri korporativ biznesin maliyyələşdirilməsinin qiymətinə yaxınlaşır, elə bu səbəbdən də kredit riskinin qiymətləndirilməsi çərçivəsində kredit riskinin bir hissəsini iri müştərinin alıcılıq qabiliyyətinin üzərinə keçiririk. Buna görə də bu məhsulun faiz dərəcəsi adətən 2-3% az olur. Faiz dərəcəsindən danışarkən qeyd etmək lazımdır ki, bu rəqəm müştərinin təqdim etdiyi hesab-fakturadan (invoysdan), kredit müqaviləsindən və s. asılıdır. Daha böyük məbləğ üçün təqdim edilən hesab-faktura üzrə veriləcək kreditin faiz dərəcəsi də, təbii  ki, müvafiq olaraq aşağı olacaq. Standart kreditləşmədən fərqli olaraq, kiçik və orta sahibkarlar üçün biz qiymətqoyma prosesinin özünü sadələşdirmişik.

 

Bizdə komissiyanın 2 növü mövcuddur: birincisi, limitin özü. Bu zaman veriləcək pulun limiti müəyyənləşdirilir – bu, birdəfəlik əməliyyatdır və bir il müddətinə müəyyən edilir. Bundan sonra müştəri yalnız illik komissiyanı ödəyir, belə ki, ikinci komissiya pullardan istifadə üçün illik faizdir. Bu komissiyalar sadə olub, adi kreditləşməyə çox oxşardır. Onu da qeyd etmək istərdim ki, sənədlərin göndərilməsi, maliyyələşdirmə üçün təqdim edilən invoysların, müqavilələrin miqdarı üçün komissiya tutulmur.

 

-Müştərilərinizə olan tələblər barədə nə deyə bilərsiniz? Bu məhsuldan faydalanan müştəriləriniz iqtisadiyyatın hansı sektorlarını təmsil edirlər?

 

Tələblər daha çox müştərinin bazarda uğurlu fəaliyyəti, iş təcrübəsi, bu sahədə kontragentlərlə qarşılıqlı münasibəti, işinin öhdəsindən nə dərəcədə gəlməsi, bank qarşısında reytinqi, kontragent kimi nüfuzu və s. ilə əlaqədardır. Demək olar ki, sadaladığım bu biznes göstəriciləri bazarda müəssisənin fəaliyyətinin uğurlu olub-olmamasının xarakterizə edir. Göstəricilər müsbət olduqda, həmin müştəriyə maliyyə xidmətləri göstərilir və onun hər hansı borcunun - istər 50 000 manat, istərsə də 500 000 manat olması fərq etmir. Tələblər müəyyən edilərkən müştərinin bu və ya digər banka olan kredit borcu nəzərə alınmır.

 

Əsas müştərilərimiz neft-qaz, tikinti, telekommunikasiya sahəsinin  və supermarketlərin nümayəndələridir. Ayrıca sahə kimi xidmət sahəsini göstərmək olar. Müştərilər arasında iri korporativ müştərilər, artıq bazarda böyük nüfuz sahibi olan şirkətlər vardır.

 

-Dediklərinizdən məlum olur ki, PAŞA Bankın bu məhsulu sahibkarlar üçün çox əlverişli və faydalıdır. Hazırda kiçik və orta sahibkarlar bu maliyyələşmədən nə dərəcədə xəbərdardır və lazımınca faydalana bilirlərmi?

 

Qarşımızda təchizat zəncirinin maliyyələşdirilməsi məhsulunu kiçik və orta sahibkarlar arasında daha geniş yaymaq vəzifəsi durur. Biz bu sahədə sahibkarları əhatəli qaydada məlumatlandırmağa çalışacağıq. Ayrıca təşəbbüslər vasitəsilə  sahibkarlara təchizat zəncirinin maliyyələşdirilməsinin nə olduğu, müraciətlərin necə edilməsi, kreditin necə alınması, məhsulun ənənəvi kreditləşmədən fərqi, bu maliyyələşmə çərçivəsində kreditin necə əldə edilməsi və s. üzrə maarifləndirmək niyyətindəyik.  Əminik ki, bu məhsul kiçik və orta sahibkarlar arasında geniş yayılacaq, onlar bu xidmətdən maksimum dərəcədə faydalanacaqlar.

Müsahibəni aldı: Yeganə Məmmədova

11 İyul 2018 , 11:02   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin