Altı ayda iki milyon sərnişinə xidmət göstərib

Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin ilk altı ayı ərzində 1,96 milyon sərnişinə xidmət göstərib.

 

Aeroportun Mətbuat xidmətindən Marja-ya verilən məlumata görə, bu göstərici ötən ilin analoji göstəricisindən 14 faiz çoxdur.

 

Milli aviadaşıyıcı - “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti tərəfindən 815 min sərnişin, “Buta Airways” milli aşağıbüdcəli aviaşirkət tərəfindən isə 216 min sərnişin daşınıb.

 

Beynəlxalq reyslərlə ümumilikdə 1 milyon 685 min sərnişinə xidmət göstərilib (ümumi sərnişin axınının 86 faizi). Beynəlxalq sərnişinlərin ümumi sayının 32 faizi AZAL aviaşirkətinin, 13 faizi isə “Buta Airways” aviaşirkətinin payına düşüb.


Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 40-dan artıq istiqamət üzrə 30-dan çox aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna əvvəlki kimi İstanbul, Moskva, Dubay, Kiyev, Doha, Şarja, Tbilisi, Bağdad, Tehran və Sankt-Peterburq daxildir. Yanvar-iyun aylarında bu istiqamətlərdə 1 milyon 250 min sərnişin uçub. İyun ayından etibarən Bəhreyn Krallığının milli aviaşirkəti “Gulf Air”, həmçinin Omanın “SalamAir” aviaşirkəti (Maskat-Bakı) Bakıya uçuşlar yerinə yetirməyə başlayıb.

 

Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

 

2018-ci ilin may ayında Heydər Əliyev Beynəlxalq Aeroportu dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu "Skytrax" konsaltinq şirkətinin ən yüksək “5 ulduz” reytinqinə layiq görülüb.

 

Eyni zamanda, Heydər Əliyev Beynəlxalq Aeroportu göstərilən xidmət səviyyəsinə görə ardıcıl olaraq ikinci il Rusiyanın və MDB ölkələrinin bütün hava limanları arasında ən yaxşı hava limanları siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülüb.

10 İyul 2018 , 15:41   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin