Yeni brend yaradan iş adamı: “Bizim məhsul dünyanın ən bahalısı olmalıdır”

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni brend yaradan iş adamı: “Bizim məhsul dünyanın ən bahalısı olmalıdır”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kamran Qasımov Tovuzda anadan olub, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Hazırda beynəlxalq yükdaşıma şirkətində çalışır. Həm də şirkət yaradıb. Məqsədi məşhur Abşeron zəfəranını brendə çevirib dünya bazarına çıxarmaqdır.


 

Kamran Qasımovun verdiyi müsahibəni təqdim edirik:

 

- Zəfəran biznesinə bu cür ciddi marağın yaranmasına səbəb nə oldu?

 

- Bizim biznes sahəmiz başqadır. Bir dəfə yaxın bir yoldaş mənə bu barədə məlumat verdi, öz fərdi yaşayış yerindəki zəfəranları göstərdi. Zəfəranın gülləri diqqətimi cəlb etdi, onun gözəlliyi, füsunkarlığı məndə maraq yaratdı və bu işlə ciddi məşğul olmaq istədim. Bir araşdırma apardım və məlum oldu ki, sonuncu dəfə 1990-1992 ci illərdən bu yana zəfəran işi ilə ciddi məşğul olan olmayıb. Zəfəranı araşdırmaq, kimyəvi tərkibini öyrənmək, onu dünya bazarına çıxartmaq kimi məsələlərə Azərbaycanda rast gəlmədim. Zəfəranla bağlı mənə təmənnasız yardım göstərənlərdən biri də “Zəfəran” sovxozunun sonuncu direktoru Vaqif Zeynalov oldu. O, mənə öz məsləhətini verdi, xeyli məlumat ondan topladım. Həmçinin xarici resurslardan seçim etdim. Botanika institutu ilə əlaqə saxlayaraq Eldar Novruzovdan fikirlər aldım. Orada da zəfəranla bağlı elmi araşdırmalar aparılıb.

 

- Ən ciddi araşdırmalar, deyəsən Fikrət Abdullayeva məxsusdur?

 

- Zəfəran üzrə dünyada araşdırma aparan 10 alim varsa, onlardan biri Fikrət Abdullayevdir. O Meksikada çox böyük işlər görüb, xüsusən də, onkoloji xəstəliklərlə bağlı. Araşdırmalarımdan belə nəticəyə gəldim ki zəfəran stress xəstəliklərinə də yaxşı nəticə göstərir. Daha sonra Buzovna ərazisində əkin sahəsi götürdüm və başladım bu sahədə zəfəran əkməyə. Soğanaqları 50-100 kq həcmində fərdi yaşayış yerlərindən əldə etdim. Bu bizim ailə biznesimizdir. Ailəm də, uşaqlarım da zəfəranla hobbi kimi maraqlanır. Gələcəkdə bu işi dövlətə təqdim etməyi də düşünürük. Bunu bir biznes kimi inkişaf etdirmək istəyirik. Bir çox insanlar Azərbaycan zəfəranının ən keyfiyyətli zəfəran olduğunu deyirlər. Mikrobioloji xüsusiyyətlər də nəzərə mütləq alınmalıdır.

 

- İrandan Azərbaycana kifayət qədər keyfiyyətsiz zəfəran gəlir. Uzun müddət saxlanılan, vaxtında satılmaya zəfəranı bura ötürürlər. İranda kifayət qədər keyfiyyətli zəfəran olur, amma biz görmürük. Sizcə, zəfəranın keyfiyyəti nəyə bağlıdır?

 

- Bu çox vaxt torpaqdan asılı olur, zəfəranın keyfiyyətli olmasında torpağın rolu böyükdür. Torpaq qumlu olduqda daha məhsuldar olur. Digər sarı və qara torpaqlar zəfəranı nəmləndirir və çürüdür. Abşeronda qumsal torpaqlar olduğu üçün məhsuldarlıq yüksəkdir. İran, Əfqanıstan torpaqlarında PH azdır, ona görə məhsuldarlıq aşağıdır. Dünyada ən keyfiyyətli məhsul İspaniya zəfəranı sayılır. Fikrimcə, keyfiyyəti nəzərə alsaq, bizim məhsul dünyanın ən bahalı zəfəranı olmalıdır. Azərbaycan zəfəranı məhdud sayda olduğuna görə çox qiymətlidir. Tam əminliklə deyə bilərəm bunu. Bizim dövlətin də dəstəyinə ehtiyacımız var. Digər gəlir mənbəyi zəfərandan soğanaqlarından ola bilər, çünki dünya bazarında qiyməti çox bahadır. Gələcəkdə qonşu ölkələrə əkin məhsulu satmaqla çox yaxşı gəlir əldə edə bilərik. Bu çoxşaxəli bir işdir. Bu sahədə zəfəranın öz satışından çox gəlir əldə etmək olmaz. Sadəcə biz ilk mərhələdəyik deyə, ilk öncə qida işinə girişdik. Növbəti prosesdə ballı zəfəran var. 3-4 il sonra soğanaq işinə girişmək istəyirik. Həm də tibbi məhlul hazırlamaq kimi də planımız var.

 

- Sahəni seçib zəfəran əkdikdən sonra proses necə getd?

 

- Əvvəlcə qablaşdırmanı etdik, qabın dizaynını hazırladıq. Şüşəni xaricdən gətirdik. Qanun çərçivəsində digər sertifikatları, həmçinin gigiyenik sertifikat da əldə etdik.

 

- Gigiyenik sertifikatı necə əldə etdiniz?

 

- Sanitar Epidemiologiya və Gigiyena Mərkəzi bizə baxandan sonra sertifikat verdi. Qablaşdırılmadan əvvəl isə Milli Sertifikatlaşdırma Sisteminə müraciət edib AZS sertifikatı, yəni milli sertifikat aldıq. AZS sertifikatından öncə, biz bunu xaricdə, yəni İtaliyada yerləşən ixtisaslaşdırılmış laboratoriyaya analizə verdik. Bizdə belə laboratoriya olmadığına görə xaricdən gələn nəticəni AZS-ə təqdim etdik. Oradan bizə keyfiyyət sertifikatı verdilər. Maraq üçün ənənəvi üsulla Abşeron kəndlərində qurudulan zəfərandan da bazardan aldım. Bu zəfəranın füsunkar qoxusu olur. Maştağa, Bilgəh kəndlərində məhsulu tavada qurudurlar. Əldə olan hər iki məhsulu, dünya standartı ilə özümün qurutduğu və ənənəvi yolla qurudulmuş zəfəran nümunələrini, İtaliyaya analizə yolladım. Hər iki məhsulun analiz cavabı gəldi. Təəssüf olsun, amma bazardan alınan nümunə özünü doğrultmadı. Bu metodla qurudanda məhsulun keyfiyyəti tam ölür. Sadəcə bir müsbət cəhət var, bu yolla qurudanda qoxuya aid olan şafranal maddəsinin səviyyəsi yüksək olur, yəni 41. Normada 20-50 arası olmalıdır. İnsanlar da qoxunu bir keyfiyyət göstəricisi kimi qəbul edir. Yaxşı olar, kənd camaatı bu üsuldan imtina etsin, çünki keyfiyyət tam itir.

 

- Yaxşı qurutma üsulu hansıdır? Xüsusi aparatın vasitəsilə ?

 

- Xeyr. Aparatla yox. Soyuq aylarda qızdırıcı vasitələrin yanında 45-50 dərəcədə qurutmaq lazımdır. Kənd camaatının yaş dəsmal və tava vasitəsilə qurutduğu zəfəranda keyfiyyət itir, pikrokrosin, krosin maddələri tərkibindən yox olur. Hazır qurutma aparatlarının həm mənfi həm də müsbət cəhətləri var. İlkin qurutmadan sonra zəfəranı 1-1,5 dəqiqə 68-70 dərəcədə saxlayıb tərkibindəki mikrobları öldürmək də lazımdır. Mikrobiologiyanı neytrallaşdırmaq lazımdır.

 

- Bəs ştrix-kodu necə əldə etdiniz?

 

- Ştrix-kodun hər bir dövlətdə milli ofisi var. Biz buradakı milli ofislərinə müraciət etdik. Onlar da bizə kömək etdi, müəyyən rüsum ödəməklə bunu əldə etdik. Şirkətin 15 növ məhsuluna ştrix-kod verilir, sadəcə olaraq bizdə 1 məhsul olduğu üçün 1 ədəd ştrix-kod aldıq. Əgər gələcəkdə ballı zəfəran hazırlasaq, onun üçün rüsum ödəmədən əlavə ştrix-kod əldə edə bilərik. Amma burada illik ödəniş var. Ilk il baha olur, sonrakı dövrdə illik üzvlük haqqı var.

 

- Qablaşdırılma, kodlaşdırılma və digər proseslər həll olduqdan sonra bu məhsulun sonrakı taleyi necə olur? Nə baş verir?

- Marketinq araşdırmaları apardıq, müəyyən hissəsini yerli bazarda satdıq. Çox cüzi miqdarını satışa çıxartdıq, bazarla tanış olduq. 1.1 qramını 27 manat 50 qəpiyə satışa getdi.

 

- Niyə məhz 1.1 qram 1 qram yox?

 

- Psixoloji marketinqdir bu, dünyada 1, 2 , 3, 5 qramlıq qablaşdırılma var. Biz isə 1 qramdan bir qədər çox məhsul təklif edirik. Keyfiyyətli və baha mal satırıq deyə, qərar verdik elə 1.1 qram olsun. Yerli və bir az xarici bazarda bir qədər alan oldu.

 

- Markretlərə təqdim eləmisiniz ?

 

- Xeyr, ancaq onlayn satışdır. Həm böyük həcm yoxdur, həm də bu premium qidadır, inanmırıq bunu marketlərdə satmaq olsun. Ancaq şəhərin mərkəzindəki bahalı hesab olunan marketlərdə satmaq olar.

 

- Məsələn, İçərişəhərdə çoxlu xırda dükan var. Ora paylamaq olardı...

 

- Müraciət etmişik. Amma bizdə keyfiyyəti qorumaq önəmlidir, məhsul sərin yerdə saxlanmalıdır. Marketdə gün altında qalsa, məhv olar. Xüsusi şəraitdə qalmalıdır. Normalda zəfəran müsbət 20 dərəcədə, quru, bağlı yerdə qorunmalıdır.

 

- Bu qaydalara əməl edilmir yəqin.

 

- Maarifçilik işləri aparılmalıdır. Azərbaycan zəfəranı olduqca keyfiyyətlidir, amma təəssüflər olsun, standartlar da 1984-cü ildən dəyişməyib. Köhnə norma zəfərana cəmi 18 ay qoruma müddəti təyin etməyi tələb edir. Xaricdə isə bu minimum 2 ildir. Biz də ən azı bu standartı qəbul etməliyik.

 

- Zəfəranı hansısa xarici ölkədə təqdim etmişiniz?

 

- Malı qablaşdırdığımıza görə bizə təklif gəldi ki, qida sərgisinə qoşulaq. Bir qədər öncə Çinin Şanxay şəhərində qida sərgisinə qoşuldum. Orada Azərbaycanın adından “Made in Azerbaijan” stendində iştirak etdim. İlk addım idi deyə, maraqlı oldu. Finlandiya, İsveç, Çinin özündən gələn vardı. Bir Avstriya şirkəti yaxınlaşdı, zəfəranla maraqlandı. Nümunə verdik, indi gözləyirik. Gələcəkdə zəfəranı dünya bazarına çıxarmaq kimi perspektiv də var.

 

- Zəfəran Avropanın ən çox hansı ölkələrində istifadə olunur ?

 

- İsveçdə. Onlar yeni il qabağı hazırladıqları yeməkdə mütləq zəfərandan istifadə edirlər. İsveçlilər çox maraqlanırlar. Onlar keyfiyyətli və münasib qiymətə zəfəran axtarırlar.

 

- Sizə elə gəlmir ki, məhsulun marketinqi özündən öncədə getməlidir?

 

- Qida işində çox ciddi norma, standartlar olmalıdır. Satışda da, istehsalda da. Ədviyyat da ora daxildir. Bəli, marketinq öndə getməlidir.

 

- Azərbaycanda nar, xurma, alma bayramları olur. Niyə zəfəran bayramı olmasın?

 

- Niyə də olmasın. Zəfərandan xüsusi qidalar hazırlayıb, sərgi, bayram keçirtmək olar. Azərbaycanda zəfəran paytaxt Bakıya yaxın ərazilərdə yetişdirilir. Bu, ekoturizmə dəstək ola bilər. Zəfəran yığımı dövründə, yəni noyabrın 1-dən 25-nə kimi Bakıya gələn turistləri zəfəran sahələrinə ekskursiyaya dəvət etmək olar. Turist öz əli ilə sahədən 20-30 çiçək toplayıb təhvil verə bilər, tez üsulla bunu qurudub həmin insana qaytara bilərik. O turist də əldə etdiyi məhsulun təmiz orqanik bir ədviyyat olduğuna tam əmin olacaq. Həm sahibkar qazanar, həm də turist zəfərandan zövq alar. Həmçinin yaxınlıqda iaşə obyektləri təşkil edilə bilər. Zəfəranlı çay, plov, piti kimi yeməklər təklif edilər.

 

 -Gələcək planlardan nə danışa bilərsiniz?

 

- Gələcəkdə biz bu sahəni inkişaf etdirmək, məhsul çeşidini artırmaq, qablaşdırmanı 3-5 qram etmək, zəfəranlı çay, bal, limonad hazırlamaq kimi planlarımız var. Uzaq gələcək üçün tibb aləmində məhlul hazırlamaq istəyərdik.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

© Report

18.07.2018 10:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ