Azərbaycanda yaxşı biznes mühiti və reytinq üçün Komissiya işləyəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya haqqında əsasnamə" təsdiq edilib.

 

"Marja"nın məlumatına görə, Əsasnamədə qeyd edilir ki, Komissiya sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühitinin yaradılması, ölkənin investisiya cəlbediciliyinin artırılması, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması ilə əlaqədar qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsinə və bu istiqamətdə digər zəruri tədbirlərin görülməsinə dair təkliflərin hazırlanmasında və həyata keçirilməsində iştirak edən kollegial orqandır.

 

Komissiyanın vəzifələri aşağıdakılardır:

 

-biznes və investisiya mühitinin əlverişliliyinin artırılması, bu sahədə mütərəqqi tənzimləmə və hüquqtətbiqetmə praktikasına nail olunması üçün təkliflər vermək;

 

-ölkədə rəqabət mühitinin vəziyyətini təhlil etmək, sahibkarlığın inkişafı və onun rəqabət qabiliyyətinin daha da yüksəldilməsini təmin edəcək rəqabət mühitinin formalaşması, inkişafı və təşviqi sahəsində dövlət siyasətinin təkmilləşdirilməsi barədə təkliflər vermək;

 

-əlverişli təşviqedici mühit yaradılmasına xidmət edən iqtisadi alətlərin əhatə dairəsini genişləndirməklə biznesin davamlılığının möhkəmləndirilməsi barədə təkliflər vermək;

 

-beynəlxalq inteqrasiya prosesinin sürətləndirilməsi və nüfuzlu beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması sahəsində təkliflər vermək;

 

- iqtisadi sahədə münasibətləri tənzimləyən qanunvericilik bazasının daha da təkmilləşdirilməsinə dair təkliflər vermək;

 

-Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində dövlət orqanlarının və qurumlarının fəaliyyətini əlaqələndirmək;

 

-Azərbaycan Respublikası Prezidentinin Komissiyaya verdiyi tapşırıqların icrası ilə bağlı monitorinqlər aparmaq, icra nəticələrinə dair hesabatlar hazırlayaraq məruzə etmək.

 

Qeyd edək ki, 2016-cı ildə Azərbaycan Prezidentinin sərəncamı ilə, Aşağıdakı tərkibdə Komissiya və Komissiyanın Katibliyi yaradılıb:

 

Komissiyanın sədri

Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

 

Komissiyanın üzvləri:

Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

Tahir Budaqov – Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri

Ülvi Mehdiyev – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri

Vüsal Qasımlı – İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin icraçı direktoru

Məmməd Musayev – Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının prezidenti

 

Komissiyanın Katibliyinin rəhbəri

Elxan Mikayılov – Azərbaycan Respublikası Prezidentinin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin nümayəndəsi

28 Avqust 2018 , 08:59   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin