“ABAD” zərgərlər yetişdirir

“ABAD” zərgərlər yetişdirir


 

Quba “ASAN həyat” kompleksində fəaliyyət göstərən “ABAD” Məktəb milli zərgərlik sənətinə yiyələnmək istəyən gənclərə zərgərlik üzrə peşəkar təlimlərə start verib.

 

Təlimlər zamanı tələbələr dekorativ-tətbiqi xalq sənətkarlığı üzrə işləyən rəssam və ustadların əl işləri ilə tanış olacaq, zərgərlik sənətinin tarixçəsini öyrənəcək, habelə metalın bədii emalında istifadə olunan texnoloji yeniliklər haqqında ətraflı məlumat eldə edəcəklər. Tədrisdə zərgərlik sahəsini öyrənən tələbələr yalnız metal deyil, həmçinin digər material və alətlərlə tanış olacaq, müxtəlif zərgərlik texnikaları üzrə biliklərə də yiyələnəcəklər.

 

“ABAD” Məktəbdə zərgərlik təlimlərini bitirən şəxslər sərbəst fəaliyyəti üçün sertifikat əldə edəcək, eyni zamanda “ABAD”la müqavilə bağlayaraq məhsullarını hazırlayıb “ABAD” etno-butiklərində satışa çıxarmaq imkanı qazanacaqlar. Məktəbdə daha çox gümüşdən hazırlanan zinət əşyaları təqdim olunacaq. Əlavə olaraq “ABAD” Məktəbdə qiymətli təbii qaşlardan ənənəvi təsbehlər hazırlanması üçün də şərait yaradılıb.

 

Təlimlər peşəkar ABADçı-zərgərlər tərəfindən keçiriləcək.

 

Qeyd edək ki, “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs cənab prezident İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. Məqsəd Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabət qabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək üçün sosial yönümlü layihələrin həyata keçirilməsidir. “ABAD”ın fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək verməkdir.

10 Sentyabr 2018 , 14:56   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin