Rəqabət Məcəlləsinin yekun redaksiyası üçün təkliflər təqdim ediləcək

Azərbaycanda ədalətli bazar strukturunun formalaşmasını sürətləndirmək üçün Rəqabət Məcəlləsinin qəbulunun sürətləndirilməsi nəzərdən keçirilə bilər . Mühüm məsələlərdən biri də qeyri-formal inhisar razılaşmalarının qarşısını almaqdır.

 

“Marja” xəbər verir ki, bu, 2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı –da bildirilir.

 

Proqramda qeyd edilir ki, ölkədə antiinhisar siyasəti formalaşdıran və həyata keçirən qurumların fəaliyyətinin effektivliyinin, onların həm səlahiyyətinin, həm də məsuliyyətinin artırılması tələb olunur.

 

Əlverişli biznes mühitinin inkişaf etdirilməsi məqsədilə ilə Dövlət Proqramı çərçivəsində aşağıdakı tədbirlərin tezliklə həyata keçirilməsi nəzərdə tutulur

 

1.Əlverişli biznes mühitinin daha da inkişaf etdirilməsi məqsədilə rəqabət mühitinin gücləndirilməsi istiqamətində təkliflərin təqdim edilməsi:

 

Antiinhisar siyasətini formalaşdıran və həyata keçirən dövlət qurumlarının səlahiyyətlərinin artırılması istiqamətində təkliflər hazırlanacaqdır. Bu təkliflər qurumlar tərəfindən inhisarçılıq fəaliyyətinin qarşısının alınması, bazara ədalətsiz şərtlərlə məhsul və xidmətlər çıxaran şirkətlərə qarşı mübarizənin gücləndirilməsi, təchizat, qiymət, texnologiya üzərində inhisarçı nəzarətin aradan qaldırılması, bazar subyektləri arasında mümkün üfüqi və şaquli inhisar razılaşmalarının qarşısının alınması üçün tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bundan əlavə, rəqəmsal hesabatlılıq sistemi yaradılacaqdır.

 

2. Kiçik və orta müəssisələrin rəqabət qabiliyyətinin artırılması üçün təkliflərin təqdim edilməsi:

 

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən kiçik və orta sahibkarlara konsultasiya, brendinq və digər istiqamətlərdə dəstək veriləcəkdir. Agentlik kiçik və orta sahibkarlığın inkişafı ilə baglı problemlərin mütəmadi araşdırılmasını həyata keçirəcək, biznes qurumları ilə dövlət qurumları arasında əməkdaşlıq quracaqdır. Dövlət satınalmalarında kiçik və orta sahibkarların üstün şərtlərlə iştirakının təmin edilməsi tədbirləri ilə bağlı təkliflər təqdim ediləcəkdir. Aidiyyəti qurum tərəfindən bu sahəyə nəzarət artırılacaqdır.

 

3. Rəqabət Məcəlləsinin yekun redaksiyasının hazırlanması və aidiyyəti üzrə təkliflərin təqdim edilməsi

 

İnhisarçılıq fəaliyyətinin, o cümlədən haqsız rəqabətin qarşısının alınmasının və aradan qaldırılmasının təşkilati və hüquqi əsaslarını müəyyən edən Rəqabət Məcəlləsinin yekun redaksiyasının hazırlanması ilə əlaqədar aidiyyəti üzrə təkliflər təqdim ediləcəkdir.

 

4. Müxtəlif sektorlarda sahəvi klasterlərin yaradılmasının təşviqi:

 

İqtisadiyyatın müxtəlif sektorlarında sahəvi klasterlərin (iş adamları birliklərinin) təsis olunması və fəaliyyətinin dövlət tərəfindən təşviq edilməsi məsələsinin məqsədəmüvafiqliyinə baxılacaqdır.

 

Dövlət Proqamı ilə ƏTRAFLI BURADAN tanış ola bilərsiniz.

27 Sentyabr 2018 , 07:09   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin