Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"2 faizi işçidən, 1 faizi şirkətdən olmaqla 3 faiz ödəniş tələb ediləcək"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"2 faizi işçidən, 1 faizi şirkətdən olmaqla 3 faiz ödəniş tələb ediləcək"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Sığorta paketinə 1806 növ tibbi xidmət daxildir


 

Gələn ildən Azərbaycanda icbari tibbi sığortanın bütün ölkə üzrə tətbiqinə başlanması nəzərdə tutulur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi sığorta departamentinin rəhbəri Vüqar Qurbanovun verdiyi məlumata görə, pilot rayonlarda qeydə alınan təcrübədən çıxış edərək, sığorta olunanlara təklif ediləcək tibbi xidmətlərin baza zərfinə bəzi dəyişikliklər ediləcək.

 

Agentliyin KİV üçün təşkil etdiyi təlimdə çıxış edən departament rəhbərinin sözlərinə görə, pilot ərazilərdə aşkar edilmiş bəzi xəstəliklər baza zərfinə daxil edilməmidiyindən onların yeni baza zərfində öz əksini tapması nəzərdə tutulur. Agentlik rəsmisinin sözlərinə görə, yeni baza zərfinin quruluşu da fərqli olacaq, özündə həkimlər tərəfindən qoyulan diaqnozları və həmin diaqnoza aid olan tibbi müayinələri, müalicələri əks etdirəcək.

 

Agentliyin Monitorinq, təhlil və aktuari departamentinin direktoru Araz Nəsirovun dediyinə görə, artıq icbari tibbi sığorta haqqının məbləği də müəyyənləşdirilib. Belə ki, bu haqq muzdlu işçilərin əmək haqqından tutulacaq. Bu zaman əmək haqqının 2 faizi işçidən, 1 faizi isə işəgötürəndən olmaqla cəmi 3 faiz ödəniş tələb ediləcək. İşləməyən vətəndaşlar isə illik 120 manat ödəməklə sığorta paketini əldə edə biləcəklər. A.Nəsirov bildirir ki, aparılan hesablamalar zamanı bu məbləğin səhiyyə xidmətlərinin keyfiyyətinin artırılmasına, tibb işçilərinin iş şəraitinin yaxşılaşdırılmasına, əmək haqlarının yüksəlməsinə imkan verdiyi qərarına gəliblər. Agentlik rəsmisinin sözlərinə görə, Avropa ölkələrində icbari tibbi sığorta xidmətinin göstərilməsi üçün işəgötürən və işçilərdən 5 faizdən 15 faizədək icbari tibbi sığorta haqqı tutulur.

 

Bir sıra kateqoriyadan olan vətəndaşların icbari tibbi sığortası tam olaraq dövlət hesabına təmin ediləcək. Bunlar 18 yaşadək uşaqlar, əyani təhsil alan tələbələr, pensiyaçılar, sosial müavinət alanlar, hamilə qadınlar və digərləridir.

 

V.Qurbanovun verdiyi məlumatdan o da aydın olur ki, icbari tibbi sığortanın baza zərfinə 18 növ ilkin səhiyyə xidməti, 6 növ təcili və təxirəsalınmaz yardım xidməti, 480 növ ambulator, 677 stasionar, 459 laborator, 166 növ həyati vacib, dəyəri yüksək olan xidmətlər daxil edilir. Bu zaman təcili və təxirəsalınmaz tibbi xidmət bütün əhali üçün pulsuz olmaqla, sığorta tələb edilmədən dövlət tərəfindən təklif ediləcək. Baza zərfinə daxil edilən həyati vacib, dəyəri yüksək tibbi xidmətlər müəyyənləşdirilərkən ölüm səbəbləri arasında öndə gedən xəstəliklər nəzərə alınıb. Məsələn, qapalı və açıq ürək əməliyyatları, o cümlədən aorta-koronar şuntlama, stend qoyulması, damar əməliyyatları sığorta paketinə daxil edilib, çünki ürək-damar xəstəlikləri ölüm səbəbləri arasında yüksək yer tutur.

 

Müxtəlif orqanların transplantasiyası əməliyyatları hələlik icbari tibbi sığorta paketinə daxil edilməyib. V.Qurbanov deyir ki, ümumiyyətlə, bu sahədə Azərbaycanda hələ təkmil mexanizm yaradılmayıb. Buna görə də ölkə üzrə konkret mexanizm formalaşandan sonra transplantasiya da paketə daxil ediləcək. Azərbaycanda işləyən xarici vətəndaşlar da icbari tibbi sığortadan yararlana biləcəklər. Bunun üçün əsas şərt onların vətəndaşı olduqları ölkə ilə qarşılıqlı müqavilənin olmasıdır.

 

İcbari tibbi sığörtanın tətbiqi əhalinin pulsuz dərman təchizatında da keyfiyyət dəyişikliyinə səbəb olacaq. Məlumdur ki, dövlət tərəfindən pulsuz verilən dərmanların əldə olunması sahəsində müəyyən problemlər var. Vətəndaşlar tez-tez səhiyyə müəssisələrində özlərinə çatacaq dərmanları əldə edə bilməmələrindən şikayətlənirlər. Pilot rayonlarda dərman təchizatını İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həyata keçirir. İcbari tibbi sığortanın bütün ölkədə tətbiqindən sonra dərmanları vətəndaşlara Səhiyyə Nazirliyinə məxsus xəstəxanalar çatdırsa da, dəyəri agentlik tərəfindən ödəniləcək.

 

Agentliyin hüquq departamentinin rəhbəri Aysel İbayevanın verdiyi məlumata görə, Azərbaycanda 1999-cu ildə qəbul olunmuş “İcbari tibbi sığorta haqqında” Qanun köhnəldiyi üçün onlar sənədin yenidən işlənməsi qərarına gəliblər:“Xarici ekspertlərin də iştirakı ilə yeni şərtlər nəzərə alınmaqla qanun layihəsini hazırlayıb aidiyyəti dövlət qurumlarının müzakirəsinə təqdim etmişik. Eyni zamanda qanunun qəbulu ilə bağlı bir sıra qanunlara ediləcək dəyişiklik layihələrini də hazırlamışıq. Dövlət qurumlarının müzakirələrinin tezliklə yekunlaşması və sənədlərin Milli Məclisin müzakirəsinə təqdim olunması gözlənilir”.

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Səhiyyə siyasəti və kliniki kodlaşdırma şöbəsinin müdiri Şərafət İsmayılovanın dediyinə görə, getdikcə daha çox sayda Azərbaycan həkimi işləmək üçün xarici ölkələrə gedir. Buna görə də ölkədə həkimlərin sayının azalması müşahidə edilir. Eyni zamanda Azərbaycanda insanların tibbi xidmət üçün müraciətlərinin də sayı digər bir sıra ölkələrə nisbətən azdır. Şöbə müdiri bunun əsas səbəbi kimi tibbi xidmətlər üçün nağd ödənişlərin məbləğinin yüksək olmasını qeyd edir. Ş.İsmayılova bildirir ki, icbari tibbi sığorta insanların tibbi xidmət üçün müraciətlərinin sayını artıracaq: “Biz pilot rayonlarda bunu müşahidə etmişik”. Şöbə müdirinin sözlərinə görə, beynəlxalq praktikaya görə, ilkin səhiyyə müəssisəsi vətəndaşların piyada 30 dəqiqə ərzində çata biləcəkləri məsafədə olmalıdır. Azərbaycanda da buna nail olunması nəzərdə tutulur.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Moneta

27.09.2018 09:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ