Ən yuxarı statik reklam_3

Hyundai Santa Fe 2019 – ilk regional test - FOTOLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hyundai Santa Fe 2019 – ilk regional test - FOTOLAR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Hyundai avtomobillərinin ölkəmizdəki rəsmi distribyuteri olan "Auto Azərbaycan" şirkətinin dəvəti ilə 2019-cu model ilindən olan yeni Santa Fe-nin Ukraynada keçirilən regional təqdimatı və media nümayəndələri üçün təşkil olunan sınaq yürüşündə iştirak etdim. Təqdimat Ukraynanın Milli Opera səhnəsində baş tutdu. Avtomobilin üzərində örtük olsa da, krossoveri daha əvvəl Qəbələdə, XV Qafqaz motor şouda canlı olaraq görmüşdüm.

Opera səhnəsində bizə hansı operanı göstərəcəklərinin bəlkə də qonaqların çoxu üçün fərqi yox idi. Əsas odur ki, baş rolu tam yeni Santa Fe oynayırdı. Kokteyl dress kodunda geyinmiş qonaqlar yerlərini tutdu və tamaşa başladı. Burda qısa kəsəcəm. Mövzu sevgi idi və sonda milyonçu səhnəyə Santa Fe-də gəldi. Qonaqlara ilk mesaj artıq verilmişdi: Hyundai Santa Fe indi premium seqmentdə çıxış edir. Bu mesaj rəsmi hissədə şirkət nümayəndələrinin çıxışlarında da açıq vurğulandı. Qabaqcıl texnologiyalardan danışıldı. Bu haqda bir az sonra.

Hyundai markası 2008-ci ildən bəri, 10 il ərzində dünyanın ən yaxşı brendləri arasındakı mövqeyini 72-ci pillədən 35-ə yüksəldib. Elektrik texnologiyasını inkişaf etdirib (onun nümunələrindən IONIQ modelini AvtoTest-də görmüsüz). İndi də yalnız Genesis markası ilə deyil, Hyundai modelləri ilə premium avtomobillərlə rəqabətə çıxacaq..?!


Hyundai Santa Fe avtomobili ilk dəfə 2000-ci ildə istehsal olunub. 2005 və 2012-ci illərdə yenilənib. Test etdiyimiz və artıq satışlarına başlanan 4-cü nəsil isə 2019-cu model ilinə aiddir.

Əvvəlcə dizayn haqda


Yeni Santa Fe Hyundai brendinin müasir dizayn konseptində hazırlanıb. Yəni, Hyundai modellərindən hər hansı birinin loqotipini görmədən onun hansı markaya aid olmasını müəyyənləşdirmək çətin olmur. Dizaynda əsas diqqət çəkən ikiyaruslu ön optikadır-əsas fənərlər aşağıda, işıq diodlu gündüz işıqları yuxarıda yerləşib. Bu dizayn ilk dəfə Hyundai-ın Kona adlı kompakt krossoverində debüt edib.

Ölçülər böyüyüb


SUV-un uzunluğu əvvəlki modellə müqayisədə 70 mm (4770 mm), eni isə 10 mm (1890 mm) artıb. Təkər bazası 2765 mm-dək böyüyüb. Artıq rəqəmlərdən anlamaq olur ki, sərnişinlərin ayaq məsafələri genişlənib.

 

Salonda premium elementlər yaranıb


Əslində tam yeni Santa Fe-nin salonundan gözləntilərim çox deyildi. Amma krossover gözlədiyimdən daha artığını göstərdi. Bu daha çox funksionallıqlar və texnoloji yeniliklərin tətbiqi ilə bağlı idi.

Keyfiyyətli dəri ilə işlənmiş sürücü oturacağı 10 istiqamətdə tənzimlənə bilir. Sürət qutusu dəstəyi yanında hərəkət rejimlərini seçən Drive Mode düyməsi var. Bu düymə mühərrikin və eyni zamanda transmissiyanın iş prinsipini təyin edir. Smart /Comfort (80 : 20 ~ 65 : 35), Sport (100 : 0 ~ 80 : 20) və Eco (63 : 35 ~ 50 : 50) rejimləri aktivləşərkən güc ön və arxa oxa müxtəlif nisbətlərdə ötürülür. Hər bir rejim seçildikdə spidometri analoq və ya rəqəmsal seçilə bilən cihazlar paneli rəngini dəyişir. 7 düymlük TFT displey müxtəlif hərəkət rejimlərində qırmızı (Sport), yaşıl (Eco) və göy (Smart) rənglər alır.


8 düymlük multimedia sistemi Apple Car PlayAndroid Auto modullarını dəstəkləyir. Onun naviqasiya funksiyası da mövcuddur. Bu arada artıq 5 ilə yaxındır ki, yalnız Hyundai markası rəsmi olaraq ölkədə işlək və zavod istehsalı naviqasiya sistemini təklif edir. Displeyin arxa hissəsində proqram təminatı və xəritələr yazılan kart yerləşir. Sürücünün işini asanlaşdırmaq və diqqətini yoldan ayırmamaq üçün Head-up proyeksiya displeyi ön şüşəyə avtomobilin hərəkət sürəti və naviqasiya göstərişlərini proyeksiyalayır. İki zonalı klimat-kontrol, sürücü və sərnişinin oturacaqlarının isidilməsi, havalandırılması, hətta sükan çarxının qızdırılması komfort hissini artırır. Mobil telefonunuz naqilsiz enerji dolum funksiyasına sahibdirsə, işiniz lap asandır. Avtomobil bunu da nəzərə alıb. Həmin hissədə AUX və USB çıxışları yerləşib.

Baqaj həcmi 40 litr böyüyüb 


İndi baqajın həcmi 625 litrə çatıb. 5-ci qapı düymə və ya pult ilə avtomatik açılır. Tam yerləşməyən yük qapıda sıxılarsa və ya dostunuz zarafatla sizi baqaj qapısında sıxmaq istəyərsə sıxılmanı hiss edən sensorlar qapını yenidən açır.

 

Arxa sırada sərnişinlər üçün daha çox komfort yaradılıb


İkinci sıradakı sərnişinlərin də oturacaqları isidilir. Onların komfortu üçün hələ bir az da qabağa gediblər. Yalnız premium avtomobillərdə rast gəlinən bir funksiya əlavə olunub - “müdir yeri”ndə əyləşən sərnişin ön sərnişinin oturacağını öz ayaq məsafəsinə uyğun tənzimləyə bilir. İkinci sırada 2 ədəd USB çıxışından başqa 220 volt məişət şəbəkəsinin “rozetka ”sı var. Noutbuk nədir, istəyirsən lap tozsoran qoş. Hələ test etmədən düşünmək olar ki, yeni Santa Fe doğrudan da model xəttində bu vaxta qədər istehsal olunan ən yaxşı avtomobildir.

Yeni Santa Fe dünya bazarına 6 mühərriklə çıxır


Onlardan 4-ü benzin (2.4 litlik 172 at güclü MPI, 188 at güclü GDI, 2.0 litlik turbin və 3.5 litrlik 280 at güclü MPI), 2-si isə dizel (2 və 2.2 litrlik VGT) mühərrikləridir. Regional testdə iştirak edən jurnalistlərdən yalnız Azərbaycan və Qazaxıstan nümayəndələrinə 2.4 litrlik GDI mühərriki ilə təchiz olunan test avtomobili təqdim olundu. Digər jurnalistlər dizel mühərrikli avtomobillərlə yola çıxdılar. Təchizatda 6 pilləli mexaniki, 6 və 8 pilləli avtomatik transmissiyalar var.

İlk regional test marşrutu


Kiyev Hilton Oteldən 75 km. məsafədə yerləşən Suxoluçya Parka yola düşdük. Yol boyu bir neçə sistemi test etmək imkanım oldu. Kruiz kontrol, zolağa nəzarət sistemi, kor zonalara nəzarət, blutuz qarnitura, park köməkçisi, yoxuşda hərəkətə yardımçı, Auto Hold sistemləri və nəhayət 360° ətrafa nəzarət sistemləri mövcuddur. Hərəkət zamanı belə sürücü arxada nələrin baş verdiyini böyük monitorda izləyə bilir.

 

Rəsmi rəqəmlər deyir ki


Yeni Santa Fe 100 km/saat sürətini 10,4 saniyəyə yığır. Maksimal sürət 195 km/saatdır. 100 km. məsafəyə şəhər rejimində 12,6 litr, şossedə isə 7,3 litr yanacaq işlədir. 


İnnovativ funksionallıqlar çoxdur


Sürücü hər iki əlini sükandan çəkərsə az bir müddət sonra avtomobil hiss edir ki, işlər nəsə qaydasında getmir və səs siqnalı vasitəsi ilə xəbərdalıq edir. Yeri gəlmişkən sükanı əldən buraxaraq avtomobili idarə etməyə görə sürücünü 40 manat cərimə gözləyir.

4-cü nəsil SUV-da təhlükəsizlik sistemləri daha çox tərifə layiqdir


Əgər sürücü arxa sırada sərnişin olduğu halda avtomobili bağlayıb gedərsə Santa Fe xəbərdarlıq edir (Rear Occupant Alert), arxa-yan tərəfdən təhlükəli hərəkət olarsa Santa Fe (Rear Cross-Traffic Collision Warning) yenə xəbərdarlıq edir və eyni zamanda sərnişin qapını diqqətsiz açaraq düşmək istəsə (xüsusən uşaqlar) təhlükəsiz çıxış üçün qapıları bloklayır (Safety Exit Assist). 


Test marşrutu aktiv istirahət üçün seçilmişdi


Paytaxt Kiyev, getdiyimiz yollar yaşıllıqla, meşələrlə zəngin olsa da, ilk təyinat nöqtəmiz Suxoluçya bir başqa aləm idi. Dnepr çayının Kiyev dənizi adlanan sahillərinə gəlib çıxmışdıq. Əvvəllər oliqarxların ov yeri kimi tanınan bu gözəlliklər indi qoruq kimi fəaliyyət göstərir. Huyundai rəsmiləri təbiət qoynunda aktiv istirahətin məhz yeni Santa Fe ilə keçirmək lazım olduğunu jurnalistlərə bir daha xatırladırdılar. Həm də haqlı idilər. Yeni Santa Fe eyni kuzovda 5 və 7 yerli variantlarda hazırlanır. Müasir dizaynlı, geniş, komfortlu və innovativ texnologiyalarla zəngin SUV ailə ilə aktiv istirahət üçün ideal seçimdir.

 

Suxoluçyadan sonra yolumuz 116 km. məsafədə yerləşən Borispol rayonundakı atçılıq mərkəzinə oldu. Həmin ərazidə yerləşən meşəlikdə bizi yolsuzluqların testi gözləyirdi. Yeni tam ötürücü transmissiyanın özünü yolsuzluqda necə aparacağı bütün jurnalistlərə maraqlı idi. Görəsən faşist tankları keçə bilməyən Ukrayna meşələrindən Santa Fe necə keçəcək? Düşünməsi belə dəhşətlidir. Təşkilatçılar onsuzda yol olmayan ərazilərdə süni palçıq və gölməçələr yaratmışdılar. Buna baxmayaraq keçilməz yolsuzluqlar qarşımıza çıxmadı. Əslində testdə olanlardan heç kim yeni SUV-dan offrouder keyfiyyətlərini tələb etmirdi. Qısası yolsuzluq testlərimiz imkan verdi ki, yeni transmissiyanın işindən, differensialların bloklanmasından razı qalaq. Təlimatçılarımız yolsuzluqda maksimal 30 km/saat sürətlə hərəkət etmək haqda göstəriş vermişdi. Bu sürətlər üçün yolsuzluq testlərində şassi tənzimi özünü layiqli göstərdi.

 

Müasir elektro tam ötürücü – HTRAC


Hyundai markasının yeni tam ötürücü sistemi imkan verir ki, yol örtüyü və sürətdən asılı olaraq burucu moment təkərlərə optimal ötürülsün. HTRAC sistemində tam elektrik muftadan istifadə olunub. Seçilən hərəkət rejimindən asılı olaraq tam ötürücünün işini optimallaşdırmaq olar. Qəfil sürətlənmək üçün Sport rejimini seçsəniz 50%-dək güc arxa təkərlərə (və yaxud 100%-dək ön təkərlərə) ötürülə bilər. Comfort rejimində daha yaxşı stabilliyin təmin olunması üçün 35%-dək güc arxa oxa verilir. Eco rejimində isə aydındır ki, yanacaq sərfiyyatına qənaət daha çox nəzərə alınıb və güc əsasən ön təkərlərə ötürülür.

 

Sonuncu testlərdən sonra, hələ Bakıya qayıtmazdan əvvəl dostlar yazıb yeni Hyundai Santa Fe-nin qiyməti ilə maraqlanırdılar. Dostlar, dediyim kimi, bu suallarla bağlı rəsmi distribyter salonlarına müraciət etməyiniz lazımdır.

 

Müəllif: Elgün Xıdırov (Bakı – Kiyev - Bakı)

06.10.2018 07:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ