Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

Sığorta bazarının inkişafı üzrə planlar məlum oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sığorta bazarının inkişafı üzrə planlar məlum oldu

Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi açıqlanıb.

 

Reklam_3_11

 

"Marja" xəbər verir ki, Yol Xəritəsində deyilir:

 

 

Sığorta bazarının inkişafı

 

 

Əsaslandırma

 

 

Sığorta bazarının inkişafı qeyri-müəyyənliklərdən və risklərdən qorunmağa kömək etməklə, eləcə də daxili yığımın toplanması üçün investisiya kanalı təmin etməklə ölkə iqtisadiyyatının dayanıqlı inkişafına töhfə verir. Azərbaycanın sığorta bazarı son illərdə ümumi iqtisadi inkişaf fonunda stabil artım nümayiş etdirsə də, onun maliyyə sektoruna və iqtisadiyyata təsiri minimum səviyyədədir. Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına əsasən 2015-ci ilin sonuna sığorta sektorunun 23 maliyyə dərinliyini ifadə edən sığorta haqlarının ÜDM-ə nisbəti cəmi 0,8 faiz təşkil etmişdir. Sığorta haqlarının ÜDM-ə nisbətinin aşağı olmasının səbəblərindən biri sığorta şirkətlərinin müəyyən sektorlar və həmin sektorlar ilə bağlı risklər haqqında tam məlumatlı olmamasıdır. Bu isə sığorta şirkətlərinin həmin qruplar üçün müxtəlif məhsul təklifləri hazırlamağa maraqlı olmamasına gətirib çıxarır. Məsələn, kənd təsərrüfatı üzrə sığorta ən mürəkkəb və çətin sığorta seqmenti olmaqla, risklərlə bağlı xüsusi biliklərin olmasını tələb edir. Eyni zamanda, əksər sığorta şirkətləri yüksək riskləri olan və ya investisiya qoyuluşu aşağı səviyyədə olan müəyyən iqtisadi qrupların və ya sektorların sığorta tələblərini qarşılamaq üçün məhsulların hazırlanmasına çox da maraqlı deyillər. Məsələn, sığorta şirkətləri müflisləşmə səviyyəsi daha yüksək olduğu üçün kiçik və orta sahibkarlıq subyektləri və aşağı gəlirə malik fərdi təsərrüfatlara münasibətdə ümumi risklərdən yayınmağa çalışırlar. Xüsusən də aşağı gəlirə malik fərdi təsərrüfatlar, kiçik və orta sahibkarlıq subyektləri üçün sığorta məhsullarına maliyyə əlçatanlığının zəif olması bu qruplarda sığortalanma səviyyəsinin aşağı olmasının başqa bir səbəbi kimi qeyd edilə bilər. Bu mənada, mikrosığorta və müştərək sığortanı nümunə kimi göstərmək olar. Sığorta bazarının genişlənməsi, əhalinin sığorta təminatı almayan hissəsinin sığorta məhsulları ilə əhatə olunması, maliyyə xidmətlərinə çıxışın artırılması və iqtisadiyyatın şaxələndirilməsinin dəstəklənməsi məqsədilə yeni sığorta məhsullarının yaradılmasına ehtiyac vardır.

 

 

Kənd təsərrüfatı sığortası.

 

 

Maliyyə resurslarına çıxış imkanlarının artırılmasının effektiv vasitələrindən biri kənd təsərrüfatı sahəsinə xas olan risklərin sığorta alətləri vasitəsilə azaldılmasıdır. Kənd təsərrüfatı sığortası bir tərəfdən hava şəraiti və qiymətlərin dəyişkənliyi səbəbindən fermerlərin məhsuldarlıq və mənfəətliliklə bağlı risklərini azaldır, digər tərəfdən isə kredit öhdəliklərinə xidmət imkanlarını artırmaqla sektorun kreditləşməsi potensialını yüksəldir. Kənd təsərrüfatı risklərinin sığortası ən mürəkkəb sahələrdən biri olub sektor üzrə xüsusi bilik tələb edir. Bu səbəbdən sığorta şirkətləri bu seqmenti yüksək riskli fəaliyyət sahəsi olaraq dəyərləndirir və risk götürməkdən çəkinirlər. Bu sahə üzrə statistik və analitik məlumatların aşağı səviyyədə olması sektorun kreditləşməsini çətinləşdirir. Azərbaycanın sığorta bazarının xüsusiyyətlərinə, kənd təsərrüfatı şəraitinə və dövlət siyasətinə uyğun olan kənd təsərrüfatı sığortası modelinin seçilməsi və tətbiqi mühüm əhəmiyyətə malikdir. Kənd təsərrüfatı sığortası mexanizmi kifayət qədər böyük institut olduğundan, onun formalaşdırılması və yaradılması zamanı dövlətin kənd təsərrüfatı ilə bağlı strateji siyasəti, kənd təsərrüfatı infrastrukturunun əhəmiyyəti və s. amillər diqqətdə saxlanılmalıdır.

 

 

Mikrosığorta.

 

 

Mikrosığorta bazarının inkişafı aşağı gəlirli ev təsərrüfatlarına daha az sığorta haqqı müqabilində sığortalanma imkanı yaradır. Qanunvericilikdə mikrosığorta mexanizminə dair müddəa nəzərdə tutulmamışdır və bu sığorta növü inkişaf etməmişdir. Hərtərəfli normativ hüquqi çərçivə mikrosığorta bazarının inkişafı üçün vacib amildir. Bu zaman effektiv nəzarətin həyata keçirilməsi ilə yanaşı, mikrosığorta təklifinin formalaşdırılması və xidmətin effektiv şəkildə ev təsərrüfatlarına çatdırılması təşviq olunmalıdır.

 

 

Müştərək sığorta.

 

 

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri mövcud qanunvericiliyə əsasən “ənənəvi”, yəni kommersiya əsaslı sığorta fəaliyyətini həyata keçirsə də, qeyri-kommersiya əsaslı müştərək sığorta məhsulu təklif etmirlər. Ənənəvi sığorta riskin ötürülməsinə, əməkdaşlıq sığortası isə risklərin bölüşdürülməsinə  əsaslanan sığorta münasibətləri sistemidir. Azərbaycanda qeyri-kommersiya əsaslı əməkdaşlıq sığortasının formalaşdırılmasına ehtiyac vardır. 

 

 

İcbari tibbi sığorta.

 

 

Azərbaycanda bir çox ölkələrin səhiyyə sistemində geniş şəkildə tətbiq olunan icbari tibbi sığortanın reallaşdırılması üçün təşəbbüs göstərilir. İcbari tibbi sığortanın tətbiqi və idarəetmə sisteminin formalaşdırılması məqsədilə bir sıra normativ aktlar qəbul olunmuş, həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılmışdır. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli Fərmanı ilə Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.

 

 

Çoxşaxəli proses olan icbari tibbi sığortanın təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edən, subyektlər arasındakı münasibətləri tənzimləyən “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu 1999-cu il 28 oktyabr tarixindən qüvvədədir. 1999-cu ildən etibarən ötən müddət ərzində inkişaf etmiş ölkələrdə tətbiq olunan icbari tibbi sığorta modelləri təkmilləşdirilmiş, yeni yanaşmalar və konsepsiyalar ortaya qoyulmuşdur. Hazırda beynəlxalq təcrübədə özünü doğrultmuş icbari tibbi sığorta sistemlərində bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan maliyyələşmə, sığorta haqlarının fondlarda cəmlənməsi və idarə olunması kimi uğurlu mexanizmlər tətbiq olunmaqdadır. Bu əsasda Azərbaycanın icbari tibbi sığorta modelinin qabaqcıl təcrübəyə malik ölkələrin modelinə uyğunlaşdırılması, həmçinin seçilmiş model əsasında “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsi həyata keçirilə bilər. 

 

 

GÖRÜLƏCƏK TƏDBİRLƏR

 

 

 Tədbir 1:

 

Müvafiq işçi qrupların yaradılması MBNP sığorta sahəsi üzrə aidiyyəti qurumların iştirakı ilə işçi qruplar yaradacaqdır.

 

 

Tədbir 2:

 

 

Cari vəziyyətin diaqnostikasının aparılması İşçi qruplar tərəfindən cari vəziyyətin diaqnostikası aparılaraq, qabaqcıl beynəlxalq təcrübə araşdırılmaqla, hər bir sığorta sahəsi üzrə hüquqi, tənzimləyici və institusional çərçivənin formalaşdırılması istiqamətində görüləcək işlər və hər bir sığorta sahəsi üçün əməliyyat modeli müəyyənləşdiriləcəkdir.

 

 

 

Tədbir 3:

 

 

Məlumat sisteminin yaradılması Sığorta sistemində məlumatların toplanması, məlumat sistemləri və mübadilə prosesləri maliyyə xidmətləri sektorunda bu sahə üzrə müvafiq təşəbbüslər kontekstində nəzərdən keçiriləcəkdir. Məsələn, müxtəlif risk amilləri nəzərə alınmaqla, kənd təsərrüfatı sığortası məhsulları üzrə qiymətlərin təyin olunması üçün məlumat sisteminin yaradılması nəzərdən keçiriləcəkdir.

 

 

Tədbir 4:  

 

 

Tədbirlər planının hazırlanması və icrasına başlanılması Hər bir sığorta sahəsinin inkişafı üzrə tədbirlər planı hazırlanacaq və icrasına başlanılacaqdır. İşçi qrup müəyyən edilmiş təşəbbüslərə uyğun olaraq sektorun inkişaf səviyyəsini müntəzəm şəkildə qiymətləndirəcəkdir. Bundan əlavə, sığorta sektorunda əlavə sahələrə diqqət yetirilməsi imkanlarını, eləcə də sığorta siyasətindəki zəruri dəyişiklikləri davamlı şəkildə qiymətləndirəcəkdir. 

 

 

Gözlənilən nəticə və nəticə indikatorları

 

 

Yeni sığorta xidmətlərinin yaradılması maliyyə vasitəçiliyinin dərinləşməsinə və inklüzivliyin artmasına təkan verəcəkdir. Kənd təsərrüfatı sektorunda risklərin sığortalanması maliyyə resurslarına çıxış imkanlarını genişləndirəcək və sektorun artımını dəstəkləyəcəkdir. Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına əsasən, 2015-ci ildə sığorta penetrasiyası 444 milyon manat təşkil etmişdir.

 

Bu prioritet üzrə aşağıdakı hədəf indikatorları müəyyənləşdirilmişdir:

 

-Sığorta penetrasiyasının (sığorta haqlarının qeyri-neft ÜDM-ə nisbətinin) 1,4 faizə çatması. Prioritetin 2020-ci ildə real ÜDM-ə təsirinin, 85 milyon manat birbaşa və 40 milyon manat dolayı olmaqla, ümumilikdə 125 milyon manat olacağı gözlənilir. ÜDM- ə müsbət töhfə sığorta sektorunun gəlirlərinin artması və nəticədə penetrasiya səviyyəsinin yüksəlməsi ilə izah olunur. Bu prioritetin həyata keçirilməsi nəticəsində 1600 yeni iş yerinin yaradılması gözlənilir.

 

 

Tələb olunan investisiya

 

 

Hazırkı mərhələdə sığorta sektorunun inkişaf etdirilməsi üçün əlavə əsaslı investisiya qoyuluşu tələb olunmur. Belə ki, ilkin olaraq mövcud resurslardan daha səmərəli istifadənin təmin edilməsi nəzərdə tutulur. Sığorta bazarının inkişafı üçün əlavə investisiya tələbi hazırlanacaq fəaliyyət planları əsasında müəyyən ediləcəkdir. 

 

 

Gözlənilən risklər

 

 

Prioritet çərçivəsində nəzərdə tutulan məqsədlərə nail olmaqda əsas risklərə yeni sığorta məhsullarının hazırlanması və tətbiqi prosesi ilə bağlı əlaqədar tərəflərin fəaliyyətinin zəif əlaqələndirilməsi, maliyyə resurslarının mənbələrinin müəyyən edilməməsi, yeni sığorta növlərinə tələbin formalaşdırılmasında çətinliklərin yaranması, sığorta şirkətlərinin yüksək risk səbəbindən yeni müştəri seqmentlərinə xidmət etməkdə maraqlı olmaması kimi amillər aid edilə bilər

14.12.2016 19:48

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ