Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Yerli sort 40-50 qəpiyə, xarici sort 0.80-1 manata alınır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yerli sort 40-50 qəpiyə, xarici sort 0.80-1 manata alınır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu il Qubanın alma bağlarından 110 min tondan çox məhsul yığılıb.

 

Reklam_3_11

Meyvə toplanılması noyabr ayının ilk ongünlüyündə də davam edəcək. Becərilən meyvənin təxminən 10 faizi yığılmamış qalır. Ağaclarda qalan alma əsasən emal üçün nəzərdə tutulan məhsuldur. Mövsümün sonunadək rayon bağlarından 122 min tondan çox alma toplanacağı proqnozlaşdırılır.

 

Rayon bağlarında kütləvi alma yığımına sentyabrın 15-dən sonra başlanılıb. Bağbanlar yerli bazarla yanaşı, xarici ölkələrdə də satıla biləcək yüksəkkeyfiyyətli məhsul yetişdirməyə çalışır. Şimal bölgəsinin alma bağlarında daha çox “Qolden delişes”, “Simirenko reneti”, “Fuji” və məhsuldarlığı ilə seçilən digər sortlar yetişdirilir.

 

Qubada 13 soyuducu anbar fəaliyyət göstərir

 

Fermerlər məhsulun toplanması ilə yanaşı, satışını da həyata keçirir. Yerli bazarlarda satılmaq üçün nəzərdə tutulan keyfiyyətli almanın bir kiloqramı alıcılara topdansatış qiymətlə 35-40 qəpiyə təklif olunur. Bağbanlar xaricə ixrac olunan yerli sort almanı isə topdansatış qiymətlə 40-50 qəpiyə satırlar. Superintensiv bağlarda yetişdirilən xarici sort alma isə təsərrüfatçılardan 0.80-1 manata alınır.

 

Qubada, ümumilikdə, 28 min tona yaxın tutumu olan 13 soyuducu anbar fəaliyyət göstərir. Xaricə göndərilən almanın saxlanılmasında regionda yaradılan soyuducu anbarlar mühüm əhəmiyyətə malikdir. Sahibkarlar fermerlərdən aldıqları meyvəni bu anbarlarda bir müddət saxlayaraq, xarici bazarda daha münasib qiymətə sata bilirlər. Hazırda satışa açıq anbarlar və saxlanclardakı meyvə çıxarılıb. Soyuducu anbarlardakı almanın isə dekabrdan sonra xaricə ixracına başlanılacaq.

 

Yetişdirilən almanın 67-70 faizi xaricə ixrac olunur

 

Quba Dövlət Aqrar İnkişaf Mərkəzindən bölgə müxbirinə verilən məlumata görə, bu mövsüm rayon bağlarında yetişdirilən 120 min tondan çox almanın 67-70 faizinin xaricə ixrac olunacağı gözlənilir. Xarici bazarlara göndərilən məhsulun həcminə görə Rusiya ilk pillədə yer alır. Azərbaycanda becərilən meyvələr həm dadına, həm də tərkibi vitaminlərlə zəngin olduğuna görə tələbat da böyükdür. Ümumilikdə, Quba rayonundan xarici bazara 85 min tona yaxın alma göndəriləcəyi proqnozlaşdırılır.

 

Yeni emal müəsissələri yaradılır

 

Quba rayonunda yetişdirilən almanın 15 min tona yaxını emal olunur. Təsərrüfatçılar emal üçün nəzərdə tutulan meyvəni Qubadakı müəsissələrlə yanaşı, Xaçmazda yerləşən Qafqaz Konserv Zavoduna da təhvil verirlər. Həmin meyvələrdən şirələr, kompot, alma povidlası və başqa məhsullar hazırlanır.

 

Bu il oktyabrın 11-də rayonda “Qubaekoaqrar” MMC-nin kənd təsərrüfatı mallarının istehsalı zavodu istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva zavodun açılışında iştirak ediblər.

 

Kənd təsərrüfatı məhsulları istehsal edən zavod sutkada 4 ton fındıq və 2 ton quru meyvə istehsalı gücünə malikdir. Müəssisədə meyvələrin qurudulması, fındığın qovrulması və qablaşdırılması, alma çipsi istehsalı xətləri quraşdırılıb. Əhalidən tədarük edilmiş meyvələr, ilk növbədə, çeşidlənir, yuyulur, içlikdən təmizlənir, dilimlənir və xüsusi qaydada qablaşdırılaraq qurudulması üçün sobaya yerləşdirilir. Sobada hər bir meyvə növünün xüsusiyyətləri nəzərə alınaraq onlar üçün proqramlaşdırılmış xüsusi rejimdə qurutma prosesi həyata keçirilir. Müəssisədə tələbata uyğun olaraq əsasən alma, armud, gavalı, ərik, üzüm və alça quruları, həmçinin alma çipsi istehsal olunaraq müxtəlif çəkilərdə paketlənir. Meyvə quruları sənaye üsulu ilə istehsal olunduğu üçün dadına, əmtəə görünüşünə və yüksək səviyyədə qablaşdırılmasına görə fərqlənir. Zavodun xammala olan tələbatı Quba və ətraf rayonlardan tədarük edilən məhsullar hesabına ödəniləcək. Bu isə kiçik ailə təsərrüfatlarının inkişafına müsbət təsir göstərəcək və regionda yeni meyvə bağlarının salınmasına stimul yaradacaq. Eyni zamanda, yetişdirilən meyvələr emal olunaraq xarici bazarlara çıxarılacaq ki, bu da regionun ixrac potensialının artırılmasına səbəb olacaq.

 

Quba rayonunda superintensiv meyvə bağlarının sahəsi 1049 hektara çatdırılıb

 

Quba-Xaçmaz bölgəsində intensiv bağçılığın inkişafına maraq daha da artmaqdadır. Son illər Quba rayonunda superintensiv meyvə bağlarının sahəsi 1049 hektara çatdırılıb ki, bunun da 700 hektarında alma əkilib. Superintensiv bağların 230 hektarında yeni üsulla qoz bağı da salınıb. Bununla yanaşı, nektarin, gavalı, gilas, armud və başqa meyvələr də yeni üsullarla becərilir.

 

Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Tarıverdi İsmayılov bildirib ki, superintensiv meyvə bağlarının böyük hissəsi damcı üsulu ilə suvarılır. Bu bağlarda əkilən sortlar ənənəvi alma bağlarından 3-4 dəfə çox məhsuldardır. Belə ki, ənənəvi bağların hər hektarından 20-25 ton məhsul toplanılırsa, intensiv bağçılıqda bu göstərici 60-70 ton arasında dəyişir. İntensiv bağlarda alma ağaclarının ara məsafəsi 1 metrdən də azdır. Ağaclara il ərzində müxtəlif aqrotexniki qulluq göstərilir - dərmanlama, gübrələmə, budama işləri görülür. İntensiv bağçılığın əsas üstünlüklərindən biri də meyvə tinginin elə əkilən ildə məhsula düşməsidir.

 

2018-ci ildə Quba rayonunda 280 hektara yaxın yeni meyvə bağı salınıb. Bunun 170 hektarı alma, 50 hektarı fındıq, yerdə qalan hissəsi isə armud, gavalı, gilas və digər meyvələrin payına düşür.

 

İl ərzində 2 milyon ədəd ting istehsal olunacaq

 

Azərbaycanda il ərzində 5 milyon ədəd tumlu və çəyirdəkli meyvə tinglərinə ehtiyac var ki, bunun da böyük hissəsi xaricidən gətirilir. Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda yaradılan biotexnologiya laboratoriyası ölkəmizdə meyvəçiliyin inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Bu institutda yeni biotexnologiya laboratoriyası yaradıldıqdan sonra qarşıya qoyulan məqsəd ilk 3 il ərzində illik ting istehsalını 2 milyon ədədə çatdırmaqdır. Bu da xaricdən ting idxalının qarşısını böyük ölçüdə alacaq. Biotexnologiya laboratoriyası sayəsində fermerlər sağlam əkin materialları ilə təmin olunacaq. Bununla yanaşı, çətin köklənən bitkilərin laboratoriya şəraitində böyüdülməsi də həyata keçiriləcək.

 

Laboratoriyada çalışan əməkdaşlar Belarus və Türkiyədə biotexnologiya üzrə təcrübə keçiblər. Hazırda laboratoriyadakı iqlim otağında mikroklonal çoxaltma üsulu tətbiq edilməklə müxtəlif bitkilər yetişdirilir. Bu üsulla sortun xüsusiyyətlərini özündə daşıyan çox miqdarda eyni bitkilərin alınması mümkündür. Biotexnologiya laboratoriyasında bir tumurcuqdan 105-107 ting alınır. Laboratoriyanın əməkdaşları 17 bitkinin mikroklonal üsulla çoxaldılmasını mənimsəyiblər. Yaxın gələcəkdə belaruslu və türkiyəli mütəxəssislərlə birgə əməkdaşlıq sayəsində fındıq, qoz və başqa meyvələrin də yeni üsulla artırılmasına başlanılacaq.

 

Quba rayonu üzrə ümumilikdə, 17 min hektardan çox meyvə bağı mövcuddur. Bu bağların 14 min 200 hektarı məhsuldar bağlardır. Rayonda 13 min hektardan çox sahədə alma becərilir.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

©Azərtac

29.10.2018 13:38

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ