Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Hədəfimiz “Şahdəniz” qazını gələn il bazarlara çatdırmaqdır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Hədəfimiz “Şahdəniz”  qazını gələn il bazarlara çatdırmaqdır"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Qiymətlərin sabitləşməsinə doğru? OPEC-in qayıdışı və neft geosiyasəti” mövzusunda “dəyirmi masa”da iştirak edib.

 

Reklam_3_11

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

 

-Çox sağ olun. Əvvəlcə dəvətə görə səfir İşingerə minnətdarlığımı bildirmək istəyirəm. Münxen Təhlükəsizlik Konfransı kimi belə qlobal əhəmiyyətə malik olan bir tədbirdə iştirak etmək məndə həmişə məmnunluq doğurur. Əlbəttə, enerji təhlükəsizliyini ölkənin milli təhlükəsizliyindən ayırmaq olmaz. Bu baxımdan Azərbaycan region üçün enerji təhlükəsizliyini təmin etməklə öz vacib rolunu oynayır. İndi isə irimiqyaslı qaz təchizatı layihəsinin həyata keçirilməsinə gəldikdə, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da öz vacib rolunu oynayacaq. 

 

Əlbəttə, bu gün regionumuzun və Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu və töhfəsi haqqında danışdıqda biz Azərbaycanın enerji strategiyasının əvvəlinə - 1990-cı illərin ortalarına qayıtmalıyıq. O zaman həm daxili, həm də xarici çoxsaylı çətinlikləri olan, Ermənistanın işğalı nəticəsində 1 milyon evsiz qalmış vətəndaşı olan, yalnız üç il müstəqil olan gənc ölkə Xəzər dənizinə dünyanın aparıcı enerji şirkətlərini ilk dəfə dəvət etmişdi. Bu, tarixi bir addım idi və nəinki təkcə Azərbaycanda, həm də regionda vəziyyəti dəyişən bir qərar idi. İndi isə bu addım regionun enerji xəritəsini dəyişmişdir. Biz sadəcə həmin vaxtdan bir il əvvəl vətəndaş müharibəsi, işğal, 1 milyon qaçqın və köçkünü olan və uğurlu inkişaf üçün heç bir imkanları olmayan ölkəyə investisiyalar cəlb etməyə nail olduq. Bizim üçün o zaman Azərbaycanın neft ehtiyatlarına sərmayənin yatırılması müstəqilliyimizin gücləndirilməsi və çətinliklərin aradan qaldırılması üçün yeganə yol idi. Buna görə 1990-cı illərin ortaları bizim üçün vacib bir dövr idi. Biz investisiyaları cəlb etdik, aparıcı enerji şirkətləri ilə Azərbaycanın nəhəng neft yataqlarından istehsala başladıq və neftimizi nəql etmək üçün çoxsaylı boru kəməri sistemini inşa etdik. Bu gün bizim bütün istiqamətlərdə 7 kəmərimiz - 3 neft kəmərimiz və 4 qaz kəmərimiz var. Buna görə də bizim birinci hədəfimiz özümüzün enerji təhlükəsizliyimizi, öz maraqlarımızı təmin etmək və insanlarımızın yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün nəhəng neft ehtiyatlarımızı hasil etmək iqtidarında olmaq idi. Sonrakı mərhələdə kəmərlər tikildikdə bu layihə regional əməkdaşlıq layihəsinə çevrildi. Bu neft kəmərləri Azərbaycanı Qara dəniz və Aralıq dənizi ilə birləşdirir. Bu kəmərlər bizə enerji ehtiyatlarını nəql etməyə kömək edən ölkələrin də enerji təhlükəsizliyini təmin etməyə xidmət edir.

 

Sonra biz Xəzər dənizinin şərq sahillərindən neft və neft məhsullarının çatdırılması üçün tranzit ölkəyə çevrildik. Beləliklə, Azərbaycan müxtəlif vasitələrlə, dəmir yolu və neft kəməri ilə neftin nəqlində öz vacib rolunu oynayır. Eyni zamanda, biz Xəzər dənizinin şərq sahilində yerləşən tərəfdaşlarımızın təchizat marşrutlarını şaxələndirməyə kömək edirik. Çünki enerji təhlükəsizliyindən söhbət açdıqda hesab edirəm ki, şaxələnmə əsas termindir. Adətən şaxələnmədən danışdıqda biz istehlakçılar üçün şaxələndirməni nəzərdə tuturuq. Biz bunu anlayırıq. Lakin istehsalçılar üçün də şaxələndirmə nəzərdə tutulur, xüsusilə bu istehsalçıların Azərbaycan kimi açıq dənizə çıxışı olmadıqda.

 

Yeri gəlmişkən, bəzi Avropa ölkələri neftin 30-40 faizini Azərbaycandan əldə edirlər və etibarlı tranzit ölkə, digər ölkələrin etibar edə biləcəyi tərəfdaş ölkə kimi Azərbaycan regionda özünə ad qazanıb.

 

Bu gün çoxsaylı digər ölkələr, şirkətlərlə birlikdə və Avropa Komissiyasının dəstəyi ilə biz “Cənub Qaz Dəhlizi” layihəsini icra edirik. Bu layihə 1990-cı illərdə icrasına başladığımız layihələrin davamıdır. Azərbaycanda böyük qaz yataqlarını aşkar edən kimi bu qazı beynəlxalq bazarlara nəql etmək üçün qərar qəbul olunub. İndi Cənub Qaz Dəhlizi, məndə olan məlumata görə, Avropada ən böyük infrastruktur layihəsidir. Onun ümumi dəyəri 40 milyard dollardan çoxdur. Hazırkı mərhələdə bu layihədə 7 ölkə iştirak edir. Gələcək illərdə ən azından 3 ölkə bu layihəyə qoşulacaq. Bu layihə Avropa Komissiyası tərəfindən dəstəklənir.

 

Mən bu yaxınlarda Brüsseldən qayıtmışam və biz cənab Şefçoviçlə bu vacib layihəni müzakirə etdik. Həmçinin bu layihəni Avropa İttifaqı Şurasının və Avropa Komissiyasının prezidentləri ilə müzakirə etmişəm. Avropa Komissiyası ilə Azərbaycan arasında enerji sahəsi üzrə strateji tərəfdaşlıq haqqında imzalanmış memorandum var. Bu gün Cənub Qaz Dəhlizi artıq reallıqdır. Bu, Azərbaycanı Avropa bazarları və Avropa bazarlarına aparan marşrut boyunca yerləşən ölkələrlə birləşdirən üç fərqli boru kəmərindən ibarət inteqrasiya olunmuş boru kəməri sistemidir. Bu layihə tamamilə yeni bir regional əməkdaşlıq formatını yaratdı. Söhbət Cənubi Qafqaz ölkələri olan Gürcüstan, Azərbaycan və Türkiyədən, sonra da Yunanıstan, Bolqarıstan və İtaliya kimi Avropa İttifaqı ölkələrindən, həmçinin namizəd ölkə kimi Albaniyadan gedir. Beləliklə, bütün bu tərəflərin maraqlarını təmin etmək asan iş deyil. Bu səbəbdən Avropa Komissiyası ilə birlikdə biz “Cənub Qaz Dəhlizi” layihəsinin Məşvərət Şurası adlanan formatı işə saldıq. Artıq Məşvərət Şurasının iki iclası Bakıda keçirilib və üçüncü iclas cənab Şefçoviçin iştirakı ilə fevral ayının 23-də baş tutacaq. Mühüm nailiyyətlər var. Sizə deyə bilərəm ki, “Cənub Qaz Dəhlizi” layihəsinin əsas seqmenti olan Trans-Anadolu boru kəmərinin icrasının təqribən 65 faizi artıq tamamlanıb. Cənubi Qafqaz boru kəməri adlanan digər bir seqmentin icrasının 80 faizə yaxın hissəsi tamamlanıb və TAP adlanan Trans-Adriatik boru kəməri təqribən 34-35 faiz icra olunub. Dünyada ən böyük qaz yataqlarından biri olan “Şahdəniz” yatağının işlənilməsi artıq 90 faiz tamamlanıb. Hədəfimiz Azərbaycanın ilk təbii qazını gələn il bazarlara çatdırmaqdır və bəzi tərəfdaş ölkələrdə süni gecikmələr olmadığı təqdirdə bu layihəni 2020-ci ilə qədər tamamlamaqdır.

 

Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsinin bütün dörd seqmentinin səhmdarıdır və Azərbaycan investor qismində də çıxış edir. Biz, həmçinin Dünya Bankından, beynəlxalq maliyyə təşkilatlarından, Asiya İnkişaf Bankından, Asiya İnfrastruktur Bankından vəsaitləri cəlb etdik. Biz Avropa Yenidənqurma və İnkişaf Bankından, Avropa İnvestisiya Bankından maliyyə vəsaitinin ayrılmasını gözləyirik. Beləliklə, bu, ölkəmizin təşəbbüskarı olduğu həqiqətən də geniş maliyyə, infrastruktur, texniki, enerji layihəsidir və biz bununla qürur duyuruq.

 

Əlbəttə, bu ölkələr arasında yeni əməkdaşlıq formatı regionda tamamilə yeni bir əməkdaşlıq ruhunu yaradır. Bu, birgə bağlılıq, yəqinlik, etibarlılıq və tərəfdaşlıq yaradır. Beləliklə, layihə tamamlandıqdan sonra Avropa üçün təbii qaz təchiz edən etibarlı və yeganə yeni qaz mənbəyi qismində Azərbaycanın rolu əlbəttə ki, artacaq və Avropa təşkilatları ilə əlaqələrimiz güclənəcək.

X X X

“Dəyirmi masa”da Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatının şaxələndirilmə imkanları, bu sahədə mövcud cəhdlər, həmçinin neft qiymətləri və digər məsələlər barədə geniş fikir mübadiləsi aparıldı.

 

18.02.2017 06:12

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ