Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

İnam Kərimov aqrar sahə üçün 5 strateji istiqamət müəyyən edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
İnam Kərimov aqrar sahə üçün 5 strateji istiqamət müəyyən edib

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov aqrar islahatların müasir mərhələsinin təməl prinsiplərini açıqlayıb.

 

Nazir rəsmi qəzetlərdən birində dərc olunmuş məqaləsində qeyd edib ki, aqrar sahədə inkişafın davamlılığını təmin etmək üçün müəyyənləşdirilmiş islahatlar elmi yanaşmalara söykənməklə fermerlərin və kənd zəhmətkeşlərinin mənafeyinə xidmət etmək strategiyasına əsaslanır. Bunu nəzərə alaraq, Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətində 3 əsas prinsipi – kəndli və fermerlərə yaxınlıq, səmərəli idarəçilik və innovasiyaların tətbiqini rəhbər tutur. Nazirlik təməl prinsiplərinə söykənərək funksional fəaliyyətini müasir tələblərə uyğun təşkil etmək üçün beş strateji istiqaməti əsas götürüb:

 

1.Aqrar təhlil.

 

Aqrar sahədə təhlil, qiymətləndirmə və proqnozlaşdırmanın aparılması, proqram və layihələrin hazırlanması, sahənin strateji planlaşdırılması və innovativ inkişafı vəzifələrinin icrasını təmin etmək məqsədilə nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu Aqrar Tədqiqatlar Mərkəzi yaradılıb. Bu vəzifələrin həllini təmin etmək üçün mərkəz beynəlxalq çağırışlara cavab verən və elmi yanaşmalara əsaslanan tədqiqat və analitik-informasiya xidmətlərinin göstərilməsi ilə məşğul olan peşəkar qurum kimi formalaşdırılır.

 

2.Aqrar həllər.

 

Kənd təsərrüfatı sahəsində hazırda ən başlıca vəzifə məhsuldarlığın artırılması hesabına rəqabətqabiliyyətliliyin və ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Bu isə bütün istiqamətlərdə innovativ istehsal və idarəetmə texnologiyalarının, müasir və mütərəqqi metod və həllərin geniş tətbiqini tələb edir. Aqraryönümlü elmi müəssisələrin təminatının gücləndirilməsi, innovativ yeniliklərin fermerlərə çatdırılması, bu qurumların məsləhət xidmətləri şəbəkəsinə çevrilməsi istiqamətində institusional islahatlar aparılaraq Aqrar Elm və İnnovasiya Mərkəzi formalaşdırılıb. Hazırda aqrar elmin modernləşdirilməsi üzrə islahatlar davam etdirilir. Bu islahatlar çərçivəsində bütün elmi-tədqiqat institutlarının inzibati-laboratoriya binalarının əsaslı təmiri başa çatdırılıb. İnstitutlarda müasir avadanlıqlarla təchiz olunmuş torpaq, bitki və su analizi üzrə aqroekologiya və aqrokimya, genetika və seleksiya, ilkin toxumçuluq və tingçilik, xəstəlik və zərərvericilərə nəzarət laboratoriyaları yaradılıb, istixana və toxum emalı məntəqələri tikilib, müasir və məhsuldar meyvə bağları salınıb. Elmi-tədqiqat institutlarında yaradılan potensial hesabına istehsalçılar yüksək məhsuldarlığa malik toxum və tinglərlə təmin ediləcək. Fermerlərin yüksək kondisiyalı və məhsuldar buğda, arpa və qarğıdalı toxumları ilə təmin edilməsi məqsədilə Xaçmaz, Şəki, Ağcabədi, Qobustan və Tovuz rayonlarında dənli bitki toxumlarının emalı müəssisələri qurulur.

 

3. Aqrar bilik və bacarıqlar.

 

“Biliklər əsri” adlandırılan müasir dövrdə aqrar sahənin dayanıqlı inkişafı, ilk növbədə, elm və təhsilin müasir tələblərə uyğun təşkili ilə bağlıdır. Bu məqsədlə ölkənin aqrar kadr hazırlığının mərkəzi olan Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) təlim planları və proqramları dünyanın qabaqcıl universitetləri ilə əməkdaşlıq çərçivəsində təkmilləşdirilir. Bütün laboratoriyalar tamamilə yenilənərək müasir avadanlıqlarla təchiz edilib, yeni təcrübə bazaları yaradılıb, peşəkar mütəxəssislərin hazırlanması məqsədilə təşviqedici addımlar atılıb. Dövlətimizin başçısının tapşırığına əsasən bu ildən qəbul imtahanlarında 400 və 500-dən yuxarı bal toplayaraq ADAU-nun aqraryönümlü ixtisaslarına qəbul olunan tələbələrə müvafiq olaraq 100 və 200 manat əlavə təqaüdün verilməsinə başlanılıb. Aqrar sahədə müasir tələblərə cavab verən təlim və informasiya məsləhət xidmətləri sisteminin mövcudluğu sahənin rəqabətqabiliyyətliliyinin təmin edilməsi üçün mühüm şərtlərdən biri kimi çıxış edir. Bu məqsədlə nazirlik tərəfindən “Fermerlərə təlim və məsləhət xidmətlərinin təşkili üzrə Strategiya” hazırlanıb, fermerlərə peşəkar təlimlərin və məlumatlandırma tədbirlərinin keçirilməsinə başlanılıb. Kənd təsərrüfatı sahəsi üzrə modernləşdirilmiş elmi tədqiqatlar, təhsil, təlim və informasiya məsləhət xidmətləri sisteminin formalaşdırılması istiqamətində fəaliyyətlərin sistemli şəkildə həyata keçirilməsi məqsədilə “Aqrar Elm və Təhsilin İnkişafı üzrə Dövlət Proqramı” hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.

 

4. Aqrar dəstək.

 

Məhsul istehsalçılarının stimullaşdırılması, onların istehsal xərclərinin azaldılması və gəlir əldə etmək imkanlarının artırılması məqsədilə dövlət tərəfindən böyük həcmdə dəstək tədbirləri göstərilir. Son 10 ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına müxtəlif dəstək tədbirləri üzrə 1.2 milyard manata yaxın subsidiya ödənilib. Aqrar sektorun bütün istiqamətləri üzrə təminatının, xüsusilə kənd təsərrüfatı texnikası ilə təchizatın daha da yaxşılaşdırılması üçün dəstək və xidmət tədbirləri davam etdirilib. “Aqrolizinq” ASC tərəfindən ölkəyə 44 minə yaxın kənd təsərrüfatı texnikası, 843 min ton mineral gübrə və 30 mindən artıq damazlıq heyvan gətirilərək güzəştli şərtlərlə lizinq yolu ilə istifadəyə verilib. Nazirlik tərəfindən yaradılmaqda olan “Elektron kənd təsərrüfatı” informasiya sisteminin tətbiqi aqrar sahədə, o cümlədən subsidiyaların verilməsində şəffaflığı və çevikliyi təmin edəcək. Bütün xidmətlərin “elektron hökumət” üzərindən həyata keçirilməsi fermerlərə əlavə üstünlüklər yaradacaq. Onların məhsuldarlıq və satış üzrə proqnozlaşdırma imkanları, məlumatlılığı artacaq, dövlət xidmətlərinin sadələşdirilməsinə və sənədlərin azaldılmasına, xidmətlərin əlçatanlığına, habelə yeni bazar alətlərinin tətbiqinə imkan verəcək. Fermerlərə göstərilən dövlət qayğısının institusional mexanizmlərinin təkmilləşdirilməsi, aqrar sahədə xidmətyönümlü fəaliyyətə üstünlüyün verilməsi, fermerlərlə işin gücləndirilməsi, innovasiyadan istifadə ilə bağlı maarifləndirmənin həyata keçirilməsi məqsədilə Azərbaycan Prezidentinin müvafiq Fərmanına uyğun olaraq rayon (şəhər) kənd təsərrüfatı idarələrinin əsasında Dövlət Aqrar İnkişaf mərkəzləri (DAİM) yaradılıb. Bununla yanaşı, nazirlik yanında Fermerlər Şurası və Aqrar Məşvərət Şurası təsis edilib. DAİM-lərin və burada fəaliyyət göstərən Fermer Şuralarının formalaşdırılması prosesi yekunlaşıb.

 

5. Aqrar ticarət.

 

Kənd təsərrüfatı sahəsində hazırda iqtisadi fəallığın yüksəlməsi, bu sahəyə böyük həvəsin göstərilməsi və məhsul bolluğunun yaranması müşahidə olunur. Fermerlər üçün bazar şərtlərinin yaxşılaşdırılması, məhsulların satılmasına və satışda yaranan problemlərin aradan qaldırılmasına yardımın göstərilməsi məqsədilə nazirlik yanında Dövlət Aqrar Ticarət Şirkəti yaradılıb.

01.11.2018 05:08

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ