Ən yuxarı statik reklam-3_3

“Beynəlxalq Bankın Gəncə filialı kiçik və orta sahibkarlara fəal dəstək verir” - MÜSAHİBƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Beynəlxalq Bankın Gəncə filialı kiçik və orta sahibkarlara fəal dəstək verir” - MÜSAHİBƏ

Bankçılığa dair məqalə və müsahibələrin mövzu dairəsi bir çox hallarda paytaxt və onun ətraf regionlarını əhatə edir. Bu müsahibə isə bir qədər fərqlidir. Burada regional bank filiallarından birinin rəhbəri danışacaq.

 

Reklam_3_11

Həmsöhbətimiz geniş xidmət şəbəkəsi ilə ölkəmizin ən əlçatan banklarından olan Azərbaycan Beynəlxalq Bankının Gəncə filialının müdiri Cavid Bağırovdur.


 

-Cavid müəllim, Azərbaycan Beynəlxalq Bankı Gəncə şəhəri və ətraf rayonlarda necə təmsil olunur?

 

-Azərbaycan Beynəlxalq Bankı burada Gəncə filialından əlavə, 3 şöbəsi ilə təmsil olunur. Bunlar “Gəncə-Texnologiya” şöbəsi, “Gəncə-ASAN Xidmət” şöbəsi və “Gəncə-Atatürk” şöbələridir. Bundan başqa, ətraf rayonlarda – Göygöldə, Samuxda, Göranboyda, Daşkəsəndə və Ağcabədidə də bankın şöbələri fəaliyyət göstərir.

 

-Son dövrlər Gəncə filialında nə yeniliklər var?

 

-İlin əvvəlindən Gəncə filialı qarşısında yeni hədəflər qoyulub. Məqsədimiz, Azərbaycan Beynəlxalq Bankı olaraq regionda mövqeyimizi daha da möhkəmləndirməkdir. Hazırda bu istiqamətdə irəliləyirik. Yeni fəaliyyət strategiyamıza uyğun olaraq müştəriyönümlü bank kimi hər bir müştərimizə indiviual xidməti təmin etməyə çalışırıq. İstəyirik ki, bütün növ xidmətlər üzrə həm müştəri sayını artıraq, həm də müştərilərimizə daha keyfiyyətli və operativ xidmət göstərə bilək. Fərdi, korporativ, fərq etməz, bütün müştərilərimiz görsünlər ki, hər zaman onların yanındayıq.

 

-İndi ölkənin iqtisadi həyatında xeyli canlanma müşahidə olunur. Bu, Gəncə filialına müraciətlərin sayında da hiss edilirmi? Müştəri müraciətlərində müəyyən artımlar var?

 

-Təbii ki, əlçatanlığımız, məhsul və xidmət çeşidimizin çoxluğu müştərilərimizin böyük marağına səbəb olur. Məsələn, bu ilin 9 ayının göstəricilərini nəzərinizə çatdırmaq istərdim: 9 ayın nəticələrinə əsasən, filialın kredit portfeli 21 milyon manata yaxın, depozit portfeli isə 7 milyon manatdan çox olub. Bu dövrdə 5781 müştəriyə kredit verilib. 159 müştəridən isə depozit qəbul olunub. Göstərdiyimiz xidmətin keyfiyyəti və operativlik amili də filiala müraciətlərin sayına müsbət mənada təsir göstərir.

 

-Bölgə müştəriləri ən çox hansı bank məhsul və xidmətləri üçün müraciət edirlər?

 

-Əslində, bölgədə yaşayıb fəaliyyət göstərən müştərilərin bank xidmət və məhsullarına olan ehtiyacı Bakıdakı müştərilərin ehtiyaclarından fərqlənmir. Ümumi olaraq, deyə bilərəm ki, müştərilərimiz ən çox fiziki və hüquqi şəxslərin kreditləşməsi, əmanət yerləşdirilməsi, plastik kartların sifarişi, depozit seyflərimizin icarəsi üçün müraciət edirlər. Bunlar müştərilərimizi ən çox maraqlandıran məhsullarımızdandır. Ümumilikdə isə müştərilərimiz Gəncə filialında bütün növ bank məhsul və xidmətlərindən faydalana bilərlər. Kassa-hesablaşma əməliyyatlarının aparılması, əmanətlər, kreditlər, pul köçürmələri, plastik kartların sifarişi və bir çox digər əməliyyatlar bura daxildir.

 

-Azərbaycan Beynəlxalq Bankının Gəncə filialı hazırda hansı kredit məhsullarını təklif edir?

 

-Azərbaycan Beynəlxalq Bankının Gəncə filialında həm fiziki, həm də hüquqi şəxslərin kreditləşməsi həyata keçirilir. Filial regiondakı müştərilərimizə korporativ kreditlər, kiçik və orta sahibkarlıq kreditləri, ipoteka kreditləri, nağd pul kreditləri, kredit kartları vasitəsilə müxtəlif kreditlər təklif edir.

 

Son dövrlər müştərilərin istehlak kreditlərinə marağı hiss olunacaq dərəcədə artıb. Bu, Gəncə və ətraf bölgələrdə də hiss olunur. Biz də müştərilərimizin bu ehtiyacını onlar üçün maksimum sərfəli şərtlərlə qarşılamağa çalışırıq. Bu regionda yaşayan maaş və pensiya kartı sahiblərimiz Azərbaycan Beynəlxalq Bankının təklif etdiyi nağd pul krediti məhsullarımızdan rahatlıqla yararlana bilərlər.  

 

-Korporativ layihələri də maliyyələşdirirsiniz?

 

-Bəli, korporativ seqment Azərbaycan Beynəlxalq Bankı üçün prioritet istiqamətlərdəndir. Bankın Gəncə filialı da korporativ müştərilərimizə müvafiq bank xidmətlərini yüksək səviyyədə həyata keçirir. Biz eyni zamanda, kiçik və orta sahibkarlıq subyektlərinə fəal dəstək veririk. Yaxşı əsaslandırılmış, perspektivli biznes layihəsi olan hər bir kiçik və orta sahibkar kredit üçün bizə müraciət edə bilər. Biz onların layihələrinin maliyyələşdirilməsinə, biznes ideyalarının reallaşdırılmasına dəstək verməyə hər zaman hazırıq.

 

-Kiçik və orta sahibkarlıq subyektləri tərəfindən təqdim olunan layihələrin hansı biznes sahəsinə aid olması fərq edirmi?

 

-Xeyr. Fəaliyyət sahəsindən aslı olmayaraq filialımız bütün müştərilərlə əməkdaşlıq etməyə hazırdır. Bizim üçün əsas olan təqdim edilən ideyaların, qeyd etdiyim kimi, düzgün əsaslandırılmış olması, gəlir və xərclərinin dürüst hesablanması, bir sözlə ideyanın perspektivli görünməsidir. Sahələr arasında fərq qoymadan kiçik və orta sahibkarlıq subyektlərinin həm maliyyələşdirilməsini, həm də onlara müxtəlif bank xidmətlərinin göstərilməsini təmin edirik.

 

-Filial aqrar sektorun üstünlük təşkil etdiyi bölgədə yerləşir. Kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsi niyyətilə müraciətlər çox olur?

 

-Azərbaycan Beynəlxalq Bankı Sahibkarlığın İnkişafı Fondunun və  Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin müvəkkil bankıdır. Təbii ki, regional filial olaraq Gəncə filialına kənd təsərrüfatı ilə bağlı müraciətlər üstünlük təşkil edir. Aqrar sahədə fəaliyyət göstərən sahibkarlara çox sərfəli şətlərlə, illik 7 faiz olmaqla 200 000 manata qədər kreditlər verə bilirik. Bundan başqa, iki ilədək müddətdə kredit üzrə ancaq faizlərin ödəməsinə şərait yaradılır. Bu da öz növbəsində sahibkarların öz işini daha rahat qura bilməsinə, mövsümilik amilini də nəzərə alaraq işlərin düzgün planlaşdırılmasına imkan yaradır.

 

-Regionlarda müştəri intizamı hansı səviyyədədir? Müştərilər kredit borclarını vaxtlı-vaxtında ödəyə bilirlərmi?

 

-Müştəri intizamı ilə bağlı bir sıxıntımız yoxdur. Çünki nağd pul kreditləri ilə bağlı müraciətlərə də, kiçik və orta sahibkarlıq subyektlərinə ayrılan kreditlərə də bütün mümkün risklər nəzərə alınmaqla baxılır. Müştərilərin ödəniş imkanları, gələcəkdə qarşılaşa biləcəkləri risklər müəyyənləşdirilir. Bütün bunlar nəzərə alınmaqla kreditlər rəsmiləşdirilir.

 

-Azərbaycan Beynəlxalq Bankı, bildiyimiz qədər, ölkə üzrə ən böyük bankomat şəbəkəsinə malik bankdır. Gəncədə bu bankın bankomatlarının sayı nə qədərdir?

 

-Gəncə şəhərinin özündə 43 bankomatımız var. 16 bankomat isə ətraf rayonlarda quraşdırılıb. Bankomatlarımız 7/24 rejimində müştərilərimizin istifadəsindədir. Yaxın vaxtlarda Gəncə şəhərində bankın regional inkassasiya mərkəzinin açılması da planlaşdırılır. Azərbaycan Beynəlxalq Bankının belə bir inkassasiya mərkəzi bu yaxınlarda Yevlax rayonunda yaradıldı. Müsbət səmərə verdiyindən bank bu təcrübədən Gəncə şəhəri və ətraf bölgələrdə də faydalanmaq niyyətindədir. Belə mərkəzlər regionda inkassasiya işinin mərkəzləşmiş qaydada, yüksək təhlükəsizlik şəraitində və operativ rejimdə həyata keçirilməsinə imkan verir.

 

-Maraqlıdır, regionlardakı bank filialları arasında rəqabət mühiti necədir?

 

-Gəncə ölkəmizin ikinci böyük şəhəri olduğundan burada sosial-iqtisadi həyat kifayət qədər fəaldır. Ona görə də, ölkəmizdəki, demək olar, əksər bankların  burada filialları var. Bəzi banklar burada hətta 2, yaxud 3 filialı ilə təmsil olunur. Qeyd etdiyim kimi, regionun önəmindən və potensialından xəbər verən bu vəziyyət regiondakı bank filialları arasında güclü rəqabət mühiti yaradır. Eyni zamanda, bildiyiniz kimi, manatın məzənnə dəyişimindən sonra bir çox banklar öz biznes strategiyalarına yenidən nəzər salaraq daha düşünülmüş kredit siyasəti yeritməyə başlayıb. Qeyri-faiz gəlirlərini artırmaq məqsədilə indi hər bank müştərilər qarşısına daha rəqabətqabiliyyətli xidmət və məhsullarla çıxmağa çalışır. Bu məqamlar regionda rəqabətimizi daha da gərgin, amma həm də maraqlı edir. Azərbaycan Beynəlxalq Bankının Gəncə filialı olaraq çalışırıq ki, çeşidli məhsul və xidmətlərimizlə, qazandığımız müştəri məmnuniyyəti ilə bu rəqabətdə üstün olaq.

01.11.2018 11:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ