Mobil manşet üstü reklam_21

Sumqayıt Kimya Sənaye Parkına sərmayə 3 milyard dollara çatacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sumqayıt Kimya Sənaye Parkına sərmayə 3 milyard dollara çatacaq

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkındakı müəssisələrin kollektivlərinin nümayəndələri ilə görüşüb.

 

Dövlətimizin başçısı görüşdə çıxış edib.

 

-Bu gün Sumqayıt Kimya Sənaye Parkında üç yeni müəssisə fəaliyyətə başlayır. Mən bu münasibətlə müəssisələrin kollektivlərini salamlayır və təbrik edirəm. Əminəm ki, bu müəssisələr çox səmərəli işləyəcək və ölkə iqtisadiyyatına böyük töhfə verəcəkdir.

 

Bu müəssisələr ən yüksək standartlara cavab verir və bizim sənaye potensialımızı böyük dərəcədə möhkəmləndirən müəssisələrdir. Ferroərintilər, inşaat kimyəvi qatqılar zavodları, siqaret fabriki bu gün fəaliyyətə başlayır. Birinci mərhələdə bu müəssisələrdə 400-dən çox iş yeri yaradılıb, gələcəkdə isə iş yerlərinin sayı 700-ə çatacaq. Mənə verilən məlumata görə, bugünkü mərhələdə siqaret fabrikinə 35 milyon dollar, ferroərintilər zavoduna 25 milyon dollar və inşaat materialları zavoduna isə 3,5 milyon dollar sərmayə qoyulub. Ancaq indi təqdimatda deyildi ki, siqaret fabrikinə bundan sonra da əlavə vəsait qoyulacaq və investisiya həcmi təxminən 50 milyon dollara çatacaq, ferroərintilər zavoduna isə 100 milyon dollar investisiya qoyulacaqdır. Yəni, bu, onu göstərir ki, vaxtilə Sumqayıt Kimya Sənaye Parkının yaradılması ilə bağlı qərar düzgün və vaxtında qəbul edilmiş qərar idi.

 

Mən 2011-ci ilin sonunda müvafiq Fərman imzaladım və biz parkın yaradılmasına start verdik. Bu ərazidə vəziyyət çox acınacaqlı idi. Vaxtilə tikilmiş və dağılmış, avadanlığı paslanmış müəssisələrin qalıqlarını təmizləmək, torpaq qatını yaxşılaşdırmaq, rekultivasiya işləri aparmaq böyük səy və vəsait tələb edirdi. Ondan sonra kommunikasiya və infrastruktur layihələri icra edildi, 500 hektardan çox ərazi tamamilə təmizləndi və özəl sektorun sərəncamına verildi. Bu, dövlətin özəl sektora göstərdiyi dəstəyin növbəti təzahürüdür. Bu, onu göstərir ki, dövlət-özəl sektor tərəfdaşlığı Azərbaycanda ən yüksək səviyyədə təşkil edilir.

 

Hazırda Sumqayıt Kimya Sənaye Parkında 18 rezident var, 9 müəssisə fəaliyyətdədir. Bu il 5 müəssisə fəaliyyətə başlayacaq. Onlardan 3-ü bu gün fəaliyyətə başlayır. Gələn il əlavə 4 müəssisə fəaliyyətə başlayacaq və beləliklə, bu parkda ən müasir standartlara cavab verən 18 müəssisə fəaliyyət göstərəcək.

 

ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET

 

Sumqayıt Kimya Sənaye Parkı, əslində, şəhər içində bir sənaye şəhəridir. Gələcəkdə parkın hüdudları genişləndiriləcək və təbii ki, yeni rezidentlər qəbul ediləcəkdir. On səkkiz müəssisə tam gücü ilə işləyəndən sonra 6 min iş yeri təmin ediləcəkdir. Əlbəttə ki, Sumqayıt şəhərində işsizliyin bundan sonra da aşağı səviyyədə saxlanması üçün bu parkın çox böyük əhəmiyyəti var. Ümumiyyətlə, bu günə qədər Sumqayıt Kimya Sənaye Parkının yaradılmasına, müəssisələrin fəaliyyətə başlamasına 2,2 milyard dollar sərmayə qoyulub və növbəti dövrdə bu rəqəm təxminən 3 milyard dollara çatacaqdır. Əgər biz bu parkı yaratmasaydıq və sahibkarlara güzəştli şərtlər təqdim etməsəydik, dövlət tərəfindən böyük dəstək göstərməsəydik, bu vəsait də qoyulmayacaqdı və iş yerləri də yaradılmayacaqdı. Ona görə biz Sumqayıt Kimya Sənaye Parkının timsalında uğurlu sənaye siyasətimizi görürük və bu siyasət bundan sonra da davam etdiriləcək.

 

Təsadüfi deyil ki, bu ilin 10 ayında ölkəmizin qeyri-neft sənayesi 10 faiz artmışdır. Bu, çox gözəl göstəricidir. Kənd təsərrüfatı 5 faiz artmışdır. Sumqayıt Kimya Sənaye Parkında əlbəttə ki, sənaye müəssisələri fəaliyyət göstərir, ancaq onların bəziləri kənd təsərrüfatına sıx bağlı olan müəssisələrdir, o cümlədən siqaret fabriki. Mən əminəm ki, bu fabrikin fəaliyyəti nəticəsində Azərbaycanda tütünçülüyün inkişafı daha yüksək templərlə gedəcək. Biz tütünçülüyü bərpa edirik, əgər keçən il 3 min ton quru tütün yığılmışdısa, bu gün artıq 4500 ton yığılıb və 5 min tonu keçəcək. Əlbəttə ki, gələcəkdə bu fabrikdə bizim yerli tütündən daha da böyük həcmdə istifadə olunacaq. Yəni, bu, kənd təsərrüfatına böyük təkan verir.

 

Sumqayıt Kimya Sənaye Parkında hazırda əyirici boyaq fabrikinin tikintisi davam edir. Bu da xalçaçılığın inkişafına böyük təkan verəcək. Xalçaçılıq indi inkişaf edir, 30 xalça fabrikinin yaradılması nəzərdə tutulur. Xalçaçılığın əsas xammalı yun və ipəkdir. İndi yun tədarükü mərkəzləri yaradılır, baramaçılığa böyük təkan verilib. Şəki ipək kombinatı böyük həcmlə işləyir, fermerlər baramadan böyük gəlir əldə edirlər. Yəni, sənayenin və kənd təsərrüfatının inkişafı paralel şəkildə getməlidir, bir-birini tamamlamalıdır, bir-birinə dəstək verməlidir və biz bunu görürük. Eyni zamanda, əlbəttə ki, bizim əsas məqsədimiz qeyri-neft sektorunu inkişaf etdirmək, idxaldan asılılığı aradan götürmək və qeyri-neft ixracını artırmaqdır və biz burada bunu görürük. Siqaret fabriki tam gücü ilə işləyəndən sonra burada ildə 11 milyard ədəd siqaret istehsal olunacaqdır. Bu gün verilən məlumata görə, daxili tələbat 14 milyarddır. Əminəm ki, bu fabrik idxalı tam əvəzləyəcək. Çünki hazırda yerli istehsal var və gələcəkdə ixrac imkanları da geniş olacaq. Mən istərdim ki, daxili tələbat sıfır səviyyəsində olsun, insanlar siqaret çəkməsinlər, bu pis vərdişdən uzaq olsunlar. Əminəm ki, görülən tədbirlər, o cümlədən qanunvericilikdə atılan addımlar nəticəsində biz bu məqsədə çatacağıq. İstərdim ki, bu siqaret fabriki 100 faiz ixrac məhsulları istehsal etsin. Ancaq bu, hələ ki, mümkün deyil. Biz vətəndaşları keyfiyyətli yerli siqaretlə təmin etməliyik. Lakin, eyni zamanda, hamı, ilk növbədə, dövlət çalışmalıdır ki, Azərbaycanda siqaret çəkənlərin sayı minimum səviyyəyə ensin. Çünki ixrac bizə əlavə valyuta gətirir, əlavə imkanlar yaradır. O cümlədən ferroərintilər zavodunda istehsal olunacaq məhsulun 90 faizi ixraca gedəcək, 10 faiz isə Azərbaycan müəssisələrində yenidən emal olunaraq hazır məhsula çevriləcəkdir.

 

Qeyri-neft sektorunun inkişafı, qeyri-neft ixracının artırılması əsas məqsəddir. Bu ilin 10 ayında bizim qeyri-neft ixracımız 12 faiz, ümumi ixracımız isə 37 faiz artıbdır. İxrac artdıqca bizim iqtisadi vəziyyətimiz daha da yaxşılaşır. Bu, makroiqtisadi sabitliyə, manatın məzənnəsinə müsbət təsir göstərir. Təsadüfi deyil ki, Azərbaycanda makroiqtisadi sabitlik çox yaxşı səviyyədədir, inflyasiya on ayda cəmi 2,4 faizdir. Bu müəssisələrin yaradılması yerli və xarici investorlar üçün növbəti bir siqnaldır ki, gəlsinlər Azərbaycana sərmayə qoysunlar. Bu yaxınlarda Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan deyə bilərəm ki, tarixi nailiyyət əldə edib, dünya miqyasında biznes mühitinə görə 25-ci yerdə qərarlaşıb. Keçən il biz 57-ci yerdə idik. Yəni, belə bir böyük irəliləyiş əlbəttə ki, aparılan islahatların məntiqi nəticəsidir. “Doing Business” hər bir yerli və xarici investor üçün əsas amillərdən biridir ki, o ölkəyə pul qoyulsun, yoxsa yox. “Doing Business” hesabatı, belə gözəl müəssisələrin yaradılması, Azərbaycanda ümumi vəziyyət, sabitlik, inkişaf əlbəttə ki, xarici və yerli investorları daha da stimullaşdırır. Təsadüfi deyil ki, son 15 il ərzində ölkə iqtisadiyyatına 250 milyard dollar sərmayə qoyulubdur.

 

Mən sizi fabriklərin, zavodların açılışı münasibətilə bir daha təbrik etmək istəyirəm. Şadam ki, biz bu gözəl parkı Sumqayıt şəhərində yaratdıq. Sumqayıt ölkəmizin, Cənubi Qafqazın ikinci sənaye şəhəridir. Sumqayıtın inkişafı üçün çox böyük işlər görülür, çox böyük layihələr icra edilir. Sosial layihələr, infrastruktur layihələri, qazlaşdırma demək olar ki, yüz faiz səviyyəsindədir, içməli su 93 faiz səviyyəsindədir, yollar salınır, məktəblər tikilir, gözəl abadlıq işləri aparılır. Sumqayıt bulvarı yaradılıb, sakinlər üçün çox gözəl istirahət zonasıdır, “ASAN xidmət” mərkəzi, Olimpiya Kompleksi, xəstəxana istifadəyə verilib. Əlbəttə ki, Sumqayıt sənaye şəhəri kimi uğurla inkişaf edəcək. Mən əminəm ki, biz qarşıda duran bütün vəzifələri bundan sonra da uğurla icra edəcəyik.

16.11.2018 14:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ