Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

ATMİA-nın sədri Elxan Bəşirov inşaat materialları istehsalına dair təkliflərini təqdim etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
ATMİA-nın sədri Elxan Bəşirov inşaat materialları istehsalına dair təkliflərini təqdim etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İnşaat materialları istehsalında problemlər və çıxış yolları 

 

Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədri, "Mətanət A" şirkətinin rəhbəri Elxan Bəşirov aşkar edilmiş problemləri sadalayıb və təkliflərini irəli sürüb. 


 

Dekabrın 7-də İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin təşkilatçılığı ilə "Sənayedə təbii resurslardan səmərəli istifadə edilməsi" mövzusunda tədbir keçirilib.

 

"Marja" xəbər veri ki, ölkədə mövcud olan sənaye əhəmiyyətli qeyri-filiz xammal ehtiyatlarından səmərəli istifadə və onların tətbiqi sahələri barədə sahibkarları məlumatlandırmaq məqsədilə keçirilən tədbirdə müvafiq dövlət qurumlarının, şirkətlərin nümayəndələri və sahibkarlar iştirak ediblər.

 

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov çıxışında bildrib ki, Azərbaycan Respublikası Prezidentinin inkişaf strategiyasının əsas istiqamətləri sırasında ölkə iqtisadiyyatının davamlı və dayanıqlı inkişafı, makroiqtisadi sabitliyin təmin edilməsi, qeyri-neft sektorunun diversifikasiyası ilə yanaşı, genişmiqyaslı sənayeləşmənin həyata keçirilməsi, təbii resurslardan səmərəli istifadə olunması, dəyər zənciri ölkə ərazisində qurulmaqla yüksək əlavə dəyərin yaradılması vacibdir. Bu sahədə proqram xarakterli sənədlər qəbul olunub, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı islahatlar aparılıb və təşviq mexanizmlərinin tətbiqinə başlanılıb.

 

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev dövlət başçısı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması, o cümlədən təbii sərvətlərdən səmərəli istifadə olunması və digər istiqamətlərdə nazirlik tərəfindən müvafiq işlərin görüldüyü barədə məlumat verib. Qeyd edilib ki, indiyədək aparılmış geoloji-kəşfiyyat işləri nəticəsində ölkənin bir sıra bölgələrində müxtəlif növ qeyri-filiz faydalı-qazıntı və tikinti-inşaat materialları yataqları aşkar edilib və onlardan səmərəli şəkildə istifadə olunması iqtisadiyyatın, o cümlədən sənayenin inkişafında mühüm rol oynayacaq.

 

Bununla yanaşı, dövlət balansında qeydiyyata alınmış, lakin istismara cəlb edilməyən qeyri-filiz faydalı qazıntı ehtiyatları olan seolit, kükürd, barit, gips, gəc, keramika xammalı, dolomit, bentonit gilləri, kvarsit, yanar şistlər, mineral boyalar, flyus və soda üçün əhəngdaşı xammalı, şüşə xammalı, kaolin gilləri, selitra, karbonat xammalı, əlvan daşların sənayenin müxtəlif sahələrində istifadəsinə geniş imkanın olduğu vurğulanıb.

"Marja"nın məlumatına görə, tədbirdə Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədri, "Mətanət A" şirkətinin rəhbəri Elxan Bəşirov da çıxış edərək bildirib ki, Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası tərəfindən tikinti materialları istehsalçıları arasında təbii sərvətlərin səmərəli istifadəsi ilə bağlı monitorinq aparılmış və bir sıra problemlər aşkar edilmişdir.

 

Bəşirov çıxışında hal-hazırda həll olunmamış prioritet məsələləri gündəmə gətirərək bildirib ki:

 

Azərbaycan Respublikası çox əlverişli təbii şəraitə və zəngin təbii ehtiyatlara malik ölkədir. Təbii resurslar cəmiyyətin maddi tələbatının ödənilməsində və məhsuldar qüvvələrin inkişafında mühüm rol oynayan amillərdəndir. Təbii resurs potensialından səmərəli istifadə etməklə əhalinin tələbatına uyğun istehsal sahələrinin yaradılması həm sənaye sahələrinin inkişaf etdirilməsinə, həm də işsizliyin aradan qaldırılmasına yardımçı olacaqdır.

 

Avropa ölkələrində, o cümlədən Ukrayna, həmçinin İran, Rusiya və Türkiyə kimi qonşu ölkələrdə yerin təkindən çıxarılan faydalı qazıntılardan istifadə üçün Yerli İcra hakimiyyətlərindən və Bələdiyyələrdən heç bir torpaq istifadəsi üçün icazələr alınmır, ancaq Təbii Sərvətlər Nazirliyindən alınan lisenziya (Rusiyada) və arama ruhsatı (Türkiyə, İranda) adlanan sənədlərlə həyata keçirilir. Ölkəmizdə isə mədən vergisi və yerin təkindən  çıxarılan faydalı qazıntıların faktiki dəyərinə görə “Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondu”na edilən ödəmələrdən əlavə yerli İcra hakimiyyəti və bələdiyyələrə yüksək miqdarda torpaq icarə haqqı və torpaq vergisi ödənildiyindən müvafiq fəaliyyətin iqtisadi səmərəliliyi aşağı düşür və nəticədə istehsal olunan məhsulun maya dəyəri çox yüksək olur. Faktiki torpaqdan yox, yerin təkinin faydalı qazıntısından istifadə edirsən. Bunun qarşılığında xarici ölkələrin qabaqcıl təcrübəsi kimi ancaq mədən vergisi ödənilməlidir.

 

Vergi qanunvericiliyinə müvafiq dəyişiklik etməklə yerin təkindən istifadə edənlərə yalnız mədən vergisinin ödənilməsi tətbiq edilərsə, bu yerli sənayenin inkişafına həddən artıq müsbət təsir etməklə yanaşı, istehsal olunan məhsulların da maya dəyərinin aşağı düşməsinə şərait yarada bilər.

 

Bundan əlavə, təklif edirik ki, faydalı qazıntılarından səmərəli istifadə olunaraq onların istehsala cəlb olunması məqsədilə Dövlət Komissiyası yaradılsın və Komissiya tərəfindən ölkə ərazisindəki bütün mövcud resurslar qeydə alınsın. Həmin resursların yerləşdiyi torpaq sahələrin müvafiq müəssisələrə verilməsi, eləcə də onlardan səmərəli istifadə edilməsinə qərar vermək səlahiyyətləri Təbii Sərvətlər Nazirliyinə verilməlidir. Bu sahədə inkişaf etmiş ölkələrin qabaqcıl təcrübələrinin  Azərbaycanda da tətbiq edilməsinə ehtiyac duyulur.

 

Cənab Prezident İlham Əliyevin öz çıxışlarında bizə verdiyi töfsiyələrdən biridə xarici ölkələrin qabaqcıl təcrübələrinin ölkəmizə gətirməyindən ibarət olmuşdur.

 

Təbii sərvətlərdən səmərəli istifadə üçün innovasiyaların tətbiqi də çox vacibdir. Sevindirici haldır ki, ölkəmizdə inşaat materialları istehsalçıları arasında innovasiyaları tətbiq etməklə təbii sərvətlərdən səmərəli istifadəyə nail olmuş yerli müəssisələr də mövcuddur. Bu şirkətlərdən biri də “Mətanət A” şirkətidir.

 

“Mətanət A” şirkəti ağlay daşını əvəz edən “fasadda dekorativ üzlük plitələrinin-ağlay daşının yaradılması üçün quru qarışığı” ixtira etmişdir və bu ixtira dünyanın 150-dən artıq ölkəsində patentləşdirilmişdir. “Fasadda dekorativ üzlük plitələrinin – ağlay daşının yaradılması üçün quru qarışıq” məhsulu FASNATURAL ticarət markası adı altında “Mətanət A” şirkəti tərəfindən istehsal edilir. FASNATURAL təbii ehtiyatlardan səmərəli istifadəni təmin etməklə iqtisadi səmərəliliyi artırır. Belə ki, təbii əhəng daşı olan “ağlay”ın hazırlanması üçün daş karxanalarında 10 kubmetr xammaldan ən çox 4 kubmetr hazır məhsul alınır ki, bu da 6 kubmetr itki deməkdir. FASNATURAL məhsulunun istehsalında həmin 6 kub metr itkiyə gedən xammaldan istifadə edilir və nəticədə təbii sərvətlərdən istifadənin səmərəliliyi artır və ekologiyanın çirklənməsinin qarşısı da alınır.

 

Bu gün dünyada, xüsusilə də inkişaf etmiş ölkələrdə ətraf mühitin mühafizəsi faktoruna diqqət artmaqdadır. Bunun nətəcəsidir ki, GTP (ci-ti-pi) adlanan Yaşıl İnşaat Texnologiyaları geniş tətbiq olunmaqdadır. Yaşıl İnşaat Texnologiyaları inşaat prosesində həm ətraf mühitin qorunması, həm də resurslardan səmərəli istifadə edilməsi istiqamətlərini özündə birləşdirir. Yaşıl İnşaat Texnologiyalarının tətbiqi geniş vüsət almaqdadir. ABŞ-ın Smart Market Report (smart-makit-riport) nəşrinin memarlar, podratçılar, mühəndislər arasında keçirtdiyi araşdırmaya görə 2017-ci ilə kimi inkişaf etmiş ölkələrdə Yaşıl İnşaatın tətbiq payı 65%-ə yüksəlmişdir. Halbuki bu göstərici 2012-ci ildə 28% olub. Ölkəmizdə də yaşıl İnşaat Texnologiyalarının geniş tətbiqi həm ekologiyanın qorunmasına, həm də təbii ehtiyatlardan səmərəli istifadəyə şərait yaradacaq.     

 

Etiraf etməliyik ki, son illər yeni-yeni istehsal sahələrinin yaradılmasına baxmayaraq görülən işlər kifayət qədər deyildir. Bu istiqamətdə daha ciddi addımların atılmasına və əlavə sərmayə qoyuluşlarına ehtiyac vardır.

 

Respublika ərazisində aşkar olunmuş yataqların istehsal dövriyyəsinə cəlb olunması istehsal sahələrinin zəncirvari inkişafına təsir etməklə idxaldan asılılığı aradan qaldıraraq iqtisadi sahələrin harmonik inkişafına zəmin yaradacaqdır.

 

Respublikamızda zəngin dəmir filizi ehtiyatlarının olmasına baxmayaraq, onun istehsalı potensial imkanlarından çox-çox aşağıdıdır. Gələcəkdə dəmir filizi ehtiyatlarından səmərəli istifadə olunması qara metallurgiya sənaye məhsulları içərisində mühüm yer tutan polad istehsalının inkişafını daha da sürətləndirər.

 

Respublikada tikinti işlərinin sürətlə artan tələbatlarını ödəmək məqsədilə respublika  ərazisində aşkar olunmuş gil yataqlarının bazası əsasında hər bir regionda ayrı-ayrı kərpic zavodlarının  tikilməsi məqsədəuyğundur. Beləliklə mişar daşılarının kəsilməsinin və ekoloji çirklənməyin qarşısı alınacaqdır.

 

Respublika ərazisində aşkar olunmuş tikinti daşı yataqlarından istifadə etməklə, respublikanın qum-çınqıl qarışığına olan tələbatını tamamilə ödəmək olar. Bu həm də son illər çay hövzələrində  baş verən xoşagəlməz hadisələrin qarşısını (çay yataqlarının səviyyəsinin xeyli aşağı düşməsi nəticəsində suvarma sistemlərinin sıradan şıxması və s.)  almış olar.

 

Bildirirəm ki, respublika  ərazisində odadavamlı məmulatların istehsalı üçün yararlı kaolin və  çini daşı yataqları çox geniş yayılmışdır. Onlardan  turşuya davamlı kanalizasiya borularının, keramik məmulatların, santexniki məmulatların istehsalında,  çini daşı zənginləşdirildikdən sonra isə ondan incə keramika istehsalında müvəffəqiyyətlə istifadə etmək olar. Çini daşından kimya sənayesində, elektrokeramikada, kağız istehsalında, inşaat işlərində, odadavamlı materiallar  və s. sahələrdə istifadə oluna bilər. 

 

Qeyri-ənənəvi xammal növlərindən respublika ərazisində aşkar olunmuş  təbii seoliti  göstərmək olar. Respublikamızda  çoxtəyinatlı xammalın zəngin ehtiyatları vardır. Seolitdən  sənaye tullantılarının zərərli qatışıqlardan təmizlənməsində, avtomobil benzininin keyfiyyətinin yaxşılaşdırılmasında, neft-kimya proseslərində katalizator kimi, sutəmizləyici qurğularda süzgəc kimi, rezin, plastik kütlə, kağız, aşqar sement istehsalı, tibdə, yuyucu tozların və mineral-polimer materialların istehsalında doldurucu kimi və kənd təsərrüfatında müvəffəqiyyətlə tətbiq etmək olar. Amerika və Yaponiya kimi ölkələrdə heyvanların və quşların yem rasionuna seolit əlavə edilir. Xaricdə quşçuluq və heyvandarlıq komplekslərini seolitlə təmizləyirlər. Təəssüf ki, respublikamızda  indiyədək bu istiqamətdə  çox az iş görülmüşdür.

 

Turizmin inkişafı ilə əlaqədar respublika  ərazisində aşkar olunmuş əlvan və bəzək daşlarının bazası əsasında müxtəlif suvenirlər istehsal edən müəssisələrin yaradılması məqsədəuyğun olardı. Bu amil də regionlarda işsizliyin qismən aradan qaldırılmasına yardımçı ola bilər. 

 

Sənayedə istifadə olunan qeyri-filiz faydalı qazıntılardan biri də baritdir. Baritin başlıca istehlakçısı neft sənayesidir – ondan qazıma məhlullarının ağırlaşdırıcısı kimi neft quyularının qazılmasında istifadə edilir. Həmçinin kimya, tikinti, kağız, lak-boya, rezin, keramika sənayesində, metallurgiyada, təbabətdə («barit sıyığı») və başqa sahələrdə tətbiq edilir.

 

Sənayedə istifadə olunan digər faydalı-qazıntılarda biridə island şpatıdır. İsland şpatı radiotexnikada, cihazqayırma sənayesində və hərbi sənayedə geniş istifadə olunur. Xammalın sənaye ehtiyatlarını müəyyən etmək üçün, ərazidə axtarış-qiymətləndirmə işlərinin aparılması və yatağın sənaye ehtiyatının dəqiqləşdirilməsi və istifadəsinin təşkil olunması ölkə iqtisadiyyatına öz töhfəsini verəcəkdir,- deyə Elxan Bəşirov çıxışını yekunlaşdırıb.

 

Eyni zamanda tədbir çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri tərəfindən sənayedə istifadə potensialı olan təbii resurs yataqları barədə təqdimat keçirilib, sənayedə təbii resurslardan səmərəli istifadə sahəsində dövlət-sahibkar əməkdaşlığının daha da gücləndirilməsinə dair təkliflər səsləndirilib, mövzu ilə bağlı sahibkarları maraqlandıran suallar cavablandırılıb.

10.12.2018 09:08

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ