Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Malları real qiymətləndirmə ilə idxalı artırdıq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Malları real qiymətləndirmə ilə idxalı artırdıq"

"Gömrük büdcə öhdəliyini artıqlaması ilə yerinə yetirəcək”


 

“2018-ci ildə ölkə iqtisadiyyatının inkişafında və büdcənin gəlirlər hissəsinin formalaşmasında xüsusi rola malik olan Dövlət Gömrük Komitəsi idxal-ixrac əməliyyatları üzrə vergitutma bazasını düzgün müəyyənləşdirməklə dövlət büdcəsinə 3 milyard 434 milyon manat gömrük ödənişinin köçürülməsini təmin edib. İlin əvvəlində nəzərdə tutulan proqnozla müqayisədə 1 milyard 4 milyon manat və ya 141 faiz çox gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb”.

 

"Marja" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

 

 Səfər Mehdiyev çıxış edərək deyib:

 

“Qeyd etmək istəyirəm ki, hesabat dövründə ticarət dövriyyəsi 30 milyard 924 milyon ABŞ dolları təşkil edib. İxracın həcmi 19 milyard 460 milyon dollar, idxalın həcmi isə 11 milyard 465 milyon ABŞ dolları olub. 2017-ci illə müqayisədə 2 milyard 682 milyon ABŞ dolları məbləğində artan idxalın həcminin heç də hamısı vergitutma bazası deyil. Aparılan təhlillərin nəticəsi olaraq bildirmək istəyirəm ki, artan idxalın tərkibində strateji qızıl ehtiyatlarını artırmaq məqsədilə Azərbaycan Respublikasının Dövlət Neft Fondu və Mərkəzi Bankı tərəfindən imtiyazlı qaydada ölkə ərazisinə gətirilən, dövlət əhəmiyyətli 803.0 milyon dollar dəyərində qızıl külçələr, eyni zamanda, müxtəlif təsərrüfat subyektləri tərəfindən ölkəyə idxal olunan 300 milyon dollar məbləğində avadanlıq və mexaniki qurğular və digər imtiyazlı mallar təşkil edib. Bununla yanaşı, idxalın tərkibində vergitutma bazası olan 1 milyard 200 milyon dollar məbləğində artıma səbəb isə gömrük orqanları tərəfindən malların real qiymətləndirmə əsasında qanunvericiliyə uyğun qaydada düzgün dəyərləndirilməsi olub.

 

Cənab Prezident, gömrük orqanları qarşısında gömrük sistemində şəffaflığın təmin olunması, idxal-ixrac əməliyyatları üzrə statistik uçotun düzgün qurulması və xarici ticarət fəaliyyəti ilə məşğul olan şəxslərlə məmur təmasının minimuma endirilməsi, gömrük xidməti mədəniyyətinin yüksəldilməsi kimi mühüm tapşırıqlar qoymusunuz. Bildirmək istəyirəm ki, 2018-ci ildə ölkə ərazisinə gətirilən mallara və nəqliyyat vasitələrinə gömrük nəzarəti daha da gücləndirilib, gömrük qaydalarının pozulmasına qarşı mübarizə tədbirləri genişləndirilib. Əməliyyat-axtarış fəaliyyəti istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 747 cinayət xarakterli və 9672 hüquqpozma faktı aşkarlanıb.

Hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 264 fakt aşkar edilib və bu faktlar üzrə ümumilikdə 1 ton 193 kiloqram narkotik vasitə və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb. Bundan başqa, valyuta və valyuta sərvətləri, zinət əşyaları, dərman preparatları, mobil telefonlar, pnevmatik və soyuq silahlar və digər mallar tutulub. Cari ildə gömrük orqanları tərəfindən 308 nəfər cinayət məsuliyyətinə cəlb olunub və aşkar edilmiş 8925 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 332 hüquqi şəxs və 8608 fiziki şəxs barəsində inzibati qaydada tədbirlər görülüb.

 

Aparılan hesablamalara görə, gömrük nəzarətindən gizlədilərək gömrük sərhədindən keçirilməsinə cəhd edilmiş və nəticədə tərəfimizdən saxlanılmış qaçaqmalçılıq predmeti olan malların ümumi dəyəri 107 milyon manat olub, 416 milyon manatdan çox imtiyaz hüququ olmayan malların güzəştli qaydada gömrük rəsmiləşdirilməsindən keçirilməsi cəhdlərinin qarşısı alınıb. Bununla yanaşı, xidməti fəaliyyəti zamanı aşkar edilmiş korrupsiya faktları və bu faktların obyekti olan 117 nəfər gömrük əməkdaşı “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin və Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən tutduğu vəzifədən azad edilib. Mövcud faktlara hüquqi qiymətin verilməsi üçün 17 gömrük əməkdaşı barəsində açılan cinayət işi üzrə istintaq materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Cari ildə də Baş Prokurorluq və digər hüquq-mühafizə orqanları ilə birlikdə korrupsiya hallarına qarşı mübarizə tədbirləri daha da gücləndiriləcək.

 

Cənab Prezident, Azərbaycan gömrük xidməti idarəetmə prinsipini tam kağızsız texnologiya əsasında qurmaqla elektron bəyanetmə sistemini 100 faizə çatdırıb və dünyanın qabaqcıl ölkələri sırasına daxil olub. 2018-ci ildə Komitəyə 11 növ elektron xidmət üzrə 3 milyon 777 min elektron müraciət daxil olub və gömrük xidməti göstərilib.

 

Diqqətinizə çatdırmaq istəyirəm ki, ötən dövr ərzində gömrük xidməti olaraq bizim üçün ən önəmlisi xarici ticarət fəaliyyəti zamanı şəffaflığın təmin edilməsi olub. Burada, ilk növbədə, ən vacib və problemli məsələ bir çox hallarda xarici ticarət fəaliyyət iştirakçıları tərəfindən ölkəyə gətirilən mal və nəqliyyat vasitələrinin düzgün və real dəyərlə bəyan olunmamasıdır. Lakin tərəfimizdən qanunun aliliyi əsas götürülərək beynəlxalq prinsiplərə əsaslanan mövcud qanunvericiliyin müddəaları, idxal mallarına münasibətdə qiymətləndirmə metodları düzgün tətbiq olunur və daxili bazarda rəqabətliliyin qorunması təmin edilir.

 

Fiskal funksiyalar həyata keçirən qurumların, o cümlədən gömrük xidmətinin fəaliyyəti ilə bağlı beynəlxalq təcrübə göstərir ki, vergiödəyiciləri arasında könüllü riayət psixologiyasının formalaşdırılması və onlara mütəmadi özünüqiymətləndirmə sisteminin tətbiqinin aşılanması faktiki olaraq büdcə gəlirləri ilə bağlı müəyyən edilmiş öhdəliklərin icrasında daha effektiv metod hesab olunur. Hazırda bu formatda yanaşma ilə bağlı yeni qanunvericilik aktı Zati-alilərinizin müvafiq Fərmanı ilə təsdiqlənib.

 

Möhtərəm cənab Prezident, Sizin “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 21 dekabr tarixli Fərmanınız ölkəmizdə sahibkarlığın inkişafına, xüsusən qeyri-neft məhsullarının, o cümlədən kənd təsərrüfatı və tez xarab olan digər məhsulların ixracına yeni təkan verib və biznes mühitinin daha da şəffaflaşmasında inqilabi dönüş olaraq hökumət-biznes münasibətlərində “Könüllü riayət mədəniyyətinin” əsasını qoyub.

 

Cənab Prezident, ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında müvafiq sərəncamlarınızın icrası ilə əlaqədar Dövlət Gömrük Komitəsi ilə Vergilər Nazirliyi qarşılıqlı əlaqələndirmə formatında idxal-ixrac əməliyyatlarına birgə nəzarət tədbirləri həyata keçirib, xarici ticarət fəaliyyət iştirakçılarının vergidən yayınma cəhdləri nəzarətə götürülüb, vahid risk platformasının tətbiqinə başlanılıb. Qeyd etmək istəyirəm ki, iki dövlət qurumu arasında idxal-ixrac mallarına münasibətdə risklərin idarə olunması prinsipinin ən yüksək səviyyədə tətbiqinə demək olar ki, nail olmuşuq. Qarşılıqlı nəzarət sisteminin tətbiqi dövlətin büdcəsindən vergi yayınmasının qarşısını almaqla yanaşı, sahibkarlıq subyektlərində yüksək vergi mədəniyyətinin və könüllü riayət sisteminin formalaşdırılması istiqamətində görüləcək ən mühüm tədbirlərdən olacaq.

 

Diqqətinizə çatdırmaq istəyirəm ki, ölkəmizin artan turizm potensialı fonunda 2018-ci ildə sərhədi keçən fiziki şəxslərin ümumi sayı 15 milyon 500 min nəfər olmaqla 2017-ci illə müqayisədə 2 milyon nəfər artıb və bu şəxslərə Dövlət Sərhəd Xidməti ilə birlikdə gücləndirilmiş iş rejimində xidmət göstərilib.

 

Cari ildə yeni innovasiya tipli layihələrin həyata keçirilməsi ilə vətəndaş məmnunluğunun təmin edilməsinə və ticarət dövriyyəsinin daha da artırılmasına nail olunacaq. Ümumi Tranzit Konvensiyasına əsaslanan tranzit sisteminin inkişaf etdirilməsi qarşıya qoyulmuş başlıca hədəflərdən biridir. Yeni kompüterləşdirilmiş tranzit sisteminin tətbiq olunmasının tezləşdirilməsi üçün milli qanunvericiliyin uyğunlaşdırılması, tranzit zəmanət sisteminin yaradılması istiqamətində müvafiq işlər görülməkdədir. Bu isə “Made in Azerbaijan” markalı malların Avropa bazarlarına sərbəst çıxışını təmin edəcək.

 

Möhtərəm cənab Prezident, icazə verin, Sizi əmin edim ki, Zati-alilərinizin ölkədə apardığı uğurlu iqtisadi siyasətin nəticəsi olaraq cari ildə də göstəriş və sərəncamlarınızın icrasını təmin etməklə Dövlət Gömrük Komitəsi xidməti fəaliyyətini müasir dünya standartlarına uyğun həyata keçirəcək, ölkəmizin iqtisadi təhlükəsizliyini qoruyaraq 1 milyard 272 milyon manat artımla proqnozlaşdırılan və qanunla təsdiq olunmuş 3 milyard 702 milyon manat büdcə öhdəliyini artıqlaması ilə yerinə yetirəcək”.

11.01.2019 19:56

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ