Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Yeni meyvə-tərəvəz emalı müəssisələrinin yaradılmasına ehtiyac var"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Yeni meyvə-tərəvəz emalı müəssisələrinin yaradılmasına ehtiyac var"

“Ölkəmizdə yeni meyvə-tərəvəz emalı müəssisələrinin yaradılmasına ehtiyac var, bunu xüsusilə qeyd etmək istəyirəm. Çünki meyvə və tərəvəz istehsalı artır. Biz bunu daha çox meyvə-tərəvəz kimi ixrac edirik. Ancaq xarici bazarlarda emal olunmuş məhsullara da böyük tələbat var”.

 

“Marja” xəbər verir ki, bunu Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransdakı çıxışında Prezident İlham Əliyev bildirib.

 

Dövlətimizin başçısı deyib: “Biz kənd təsərrüfatında islahatları dərinləşdirməliyik. Kənd təsərrüfatı elmi əsaslarla inkişaf etməlidir. Müasir texnologiyalar, yanaşmalar tətbiq olunmalıdır. Biz ərzaq təhlükəsizliyi ilə bağlı bundan sonra da mütləq ciddi iş aparmalıyıq, bu, prioritet məsələdir. Məhsuldarlığın artırılması istiqamətində işlər görülür. Hesab edirəm ki, bu, yaxın gələcəkdə özünü göstərəcək. Biz kənd təsərrüfatı məhsullarının ixracını artırmalıyıq. Düzdür, son 15 il ərzində kənd təsərrüfatı məhsullarının ixracı təxminən 6 dəfə artıb. Ancaq potensial da böyükdür və biz yeni bazarlara çıxmalıyıq. Ticarət evləri açılır, ixrac missiyaları göndərilir, dövlət tərəfindən sahibkarlara çox böyük dəstək verilir ki, onlar öz məhsullarını xaricdə sata bilsinlər. Əlbəttə ki, aqroparkların da çox böyük əhəmiyyəti var. Artıq 250 min hektarda 51 aqropark yerləşir. Əlbəttə ki, bu torpaqlarda əvvəllər ya iş getmirdi, ya da çox ləng gedirdi.

 

Kənd təsərrüfatı məhsulları ilə bağlı bəzi rəqəmləri gətirmək istərdim. Misal üçün, taxılçılıqda 2004-cü ildə 2 milyon ton məhsul yığılmışdı, keçən il 3 milyon 200 min ton. Yəni, artım yaxşıdır. Xüsusilə iri fermer təsərrüfatlarında və aqroparklarda məhsuldarlıq hektardan 50 sentnerə bərabərdir. Bəzi yerlərdə daha çoxdur. Çox gözəl göstəricidir. Bu, Avropanın inkişaf etmiş ölkələrinin səviyyəsində olan göstəricidir. Ancaq hektardan orta məhsuldarlıq təxminən 29-30 sentnerdir.

 

Bizdə buğdanın məhsuldarlığı ilə bağlı cədvəl qarşımdadır. Dörd rayon - Saatlı, Bərdə, Tərtər, Sabirabad hektardan 40 sentnerdən çox məhsul götürüb. 28 rayon 30 sentnerdən 40 sentnerə qədər. Qalan rayonlar isə 30 sentnerdən az tədarük ediblər. Bu cədvəllər İqtisadiyyat Nazirliyi və Prezident Administrasiyası tərəfindən hazırlanıb, var və indi sizə veriləcək. Sahibkarlar bu cədvəllərə baxsınlar və biz də buna fikir verməliyik ki, hansı rayonlarda məhsuldarlığı necə artıra bilərik.

 

Məlumat üçün bildirim ki, dünya üzrə hektardan orta məhsuldarlıq 34 sentnerdir, Azərbaycanda 30, Avropa İttifaqında 53 sentnerdir. Bizdə iri fermer təsərrüfatlarında 50 sentnerdir. Biz Avropa İttifaqının səviyyəsinə çatmışıq, ancaq iri fermer təsərrüfatlarında.

 

Heyvandarlıqla bağlı bəzi rəqəmləri gətirmək istərdim. 2004-cü ildə 196 min ton ət tədarük edilmişdir, keçən il 326 min ton. Bu sahədə də artım var. Cins mal-qaranın idxalı təmin edilir, süni mayalanma mərkəzi fəaliyyət göstərir. Hesab edirəm ki, bu sahədə irəliləyiş sürətli olacaq. Biz növbəti 5 il ərzində mal ətinin istehsalını 15 faiz artırmalıyıq.

 

Süd istehsalı 2004-cü ildə 1 milyon 200 min ton, 2018-ci ildə 2 milyon ton olub. Burada da artım çox böyükdür. Biz hələ də özümüzü süd və süd məhsulları ilə tam təmin edə bilmirik. Növbəti 5 ildə görüləcək işlər nəticəsində süd istehsalı təxminən 15-20 faiz artmalıdır.

 

Quş əti - 2004-cü ildə 44 min ton istehsal olunub, keçən il 109 min ton. Tərəvəz - 2004-cü ildə 1 milyon ton, keçən il 1 milyon 500 min ton istehsal olunub. Ən çox valyuta gətirən kənd təsərrüfatı məhsulları - pomidor 177 milyon dollar, xurma 114 milyon dollar, pambıq və un məmulatları 108 milyon dollar, fındıq 100 milyon dollara yaxın və alma 38 milyon dollar.

 

Meyvə istehsalı 2004-cü ildə 420 min ton, 2018-ci ildə bir milyon ton olub. Yəni, artım iki dəfədən çoxdur. Bütün bu məlumatları mən sahibkarlara və ictimaiyyətə ona görə verirəm ki, onlar bilsinlər nə qədər artım olub və bizim hələ artıma nə qədər ehtiyacımız var. Biz bazarlara çıxışı dövlət dəstəyi ilə təmin edirik.

 

Bildiyiniz kimi, son vaxtlar fındıqçılığa çox böyük diqqət yetirilir. Biz fındıq bağlarının sahəsini qısa müddətdə böyük dərəcədə artırmışıq. 2016-cı ildə bizim 40 min hektar fındıq bağlarımız olub, bu gün artıq 75 min hektara çatıb və bu il 9 min hektar da əkiləcək. Beləliklə, biz 84 min hektarda fındıq yetişdirəcəyik. Əlbəttə, yeni salınan bağlar bar gətirənə qədər bir neçə il keçəcək. Amma ondan sonra fındıq ixracının həcmi iki dəfədən çox artacaq və fermerlərə indikindən iki dəfə çox vəsait gələcək. Hazırda fındıqçılıqda 20 min nəfər işləyir.

 

Son vaxtlar badam və qoz bağlarının salınması geniş vüsət almışdır. Bu məhsullar da çox gəlirlidir və ixracyönümlüdür. Azərbaycanda badam və qoz emalı fabriklərinin tikintisi mütləq nəzərdə tutulmalıdır. Sahibkarlara məsləhət görürəm ki, bu işlə məşğul olsunlar. Eyni zamanda, xüsusilə Bakı, Abşeron və digər bölgələr üçün ənənəvi olan zeytunçuluğun inkişafı da sürətlə gedir. Yeni zeytun bağlarının salınması geniş vüsət almışdır.

 

Pambıqçılıqda çox ciddi dönüş yaradılıb. Müqayisə üçün bildirməliyəm ki, 2015-ci ildə cəmi 35 min ton pambıq tədarük edilmişdir, keçən il isə 233 min ton. Görün, biz nə qədər böyük irəliləyiş əldə etmişik. Pambıqçılığın bütün sahələrində 290 min insan işləyir. Məhsuldarlıq bizdə hələ ki, lazımi səviyyədə deyil. Hektardan orta məhsuldarlıq 17,4 sentnerdir. Bu, prinsipcə, bizi qane edə bilməz, biz məhsuldarlığı artırmalıyıq. Ancaq bu məhsuldarlıq orta məhsuldarlıqdır. Harada ki, işlərə ciddi yanaşırlar, məhsuldarlıq yüksəkdir. Məlumat üçün bildirməliyəm ki, “MKT” təşkilatının pambıq tarlalarında məhsuldarlıq hektardan 27 sentnerdir, “Azərpambıq”da 19, amma digər kiçik təsərrüfatlarda aşağıdır. Ona görə bu, orta məhsuldarlığı da aşağı salıb. Ona görə bu sahədə də təftiş aparılmalıdır. Pambıqçılıq üçün yararlı torpaqlar seçilməlidir və harada məhsuldarlıq aşağıdır, orada başqa məhsullar yetişdirilməlidir. Dövlət xətti ilə 470 pambıqyığan kombayn və pambıqçılıq üçün 12 minə yaxın texnika alınmışdır.

 

Tütünçülükdə də çox ciddi irəliləyiş var. Tütün 2015-ci ildə cəmi üç rayonda əkilirdi. Tütünçülük demək olar ki, artıq sıradan çıxırdı. Cəmi üç rayonda 3400 ton, keçən il artıq 13 rayonda 6200 ton tütün yığılıb. Bu sahəyə də dövlət dəstək göstərir. Qurutma kameraları, tədarüklə bağlı texnika - bütün bunları dövlət təmin edir. Cəmi 3 il ərzində tütünçülükdə 9500 nəfər işlə təmin olunub. Yenə də deyirəm, əgər dövlət öz dəstəyini göstərməsəydi, real yardım etməsəydi, bu sahələr bu qədər inkişaf edə bilməzdi. Mənim sədrliyimlə tütünçülüklə bağlı xüsusi müşavirə keçirildi. Bütün tapşırıqlar o müşavirədə verilmişdir və onlar icra edilir.

 

Baramaçılıq üzrə də müşavirə keçirilmişdir. Burada mənzərə, ümumiyyətlə, çox maraqlıdır. Sovet vaxtında baramaçılığın çox böyük ənənələri olub. Xüsusilə Heydər Əliyevin təşəbbüsü ilə bir çox rayonlarda barama istehsalı ən yüksək səviyyədə idi. Ancaq 2015-ci ildə biz gördük ki, cəmi bir rayonda barama tədarük edilir, özü də 230 kiloqram. Qısa müddət ərzində çox ciddi tədbirlər görüldü. Keçən il 38 rayonda artıq 513 ton barama tədarük edildi. Biz barama tədarükünü 230 kiloqramdan 513 tona çatdırdıq. Bu il 800 ton planlaşdırılır. Əlbəttə ki, Şəkidəki ipək kombinatının daha böyük həcmlə işləməsi, orada daha çox sayda iş yerlərinin yaradılması üçün bu, əsas şərtdir. Təkcə keçən il 2 milyon 600 min tut tingi əkilmişdir.

 

Digər sahələr üzrə də işlər gedir. Mən çayçılıq, çəltikçilik, sitrusçuluq üzrə müşavirə keçirmişəm. Bu sahədə də irəliləyiş var. Arıçılığın da həm daxili bazar, həm də ixrac üçün çox böyük potensialı var. Bizim balımız çox keyfiyyətlidir, xarici bazarlarda yüksək qiymətləndirilir. Biz indi həm ailə biznesi çərçivəsində arıçılığa dəstək oluruq, həm də ki, subsidiyalar verilir, bu yaxınlarda artırılıbdır. Arıçılığın böyük perspektivləri var, bu, çox gəlirli sahədir. Fermerlər, vətəndaşlar üçün çox gözəl nəticələr verə bilər.

 

Üzümçülük, şərabçılıq. 2004-cü ildə 55 min ton üzüm yığılmışdır, keçən il 167 min ton, yəni, 3 dəfə çox. Burada da dövlət dəstəyi, əlbəttə ki, ön plandadır. Üzümçülüyün, şərabçılığın Azərbaycanda çox böyük ənənələri var idi. Ancaq sovet dövründə, 1980-ci illərin sonlarında sovet rəhbərliyinin və Azərbaycandakı rəhbərlərin birgə çox bəd əməlləri nəticəsində üzüm bağlarımızın demək olar ki, qırılması prosesi başlamışdır. Əksər bağlar məhv edilib. Onların bərpası, əlbəttə ki, böyük vəsait və zəhmət tələb edir. Üzüm çoxillik bitkidir. Ona görə üç dəfə artım, əlbəttə ki, çox yaxşı nəticədir. Şərab istehsalı isə 15 il ərzində 5 dəfə artıb”.

29.01.2019 18:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ