Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycan sığorta bazarının vəziyyəti və gələcəyə baxış!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan sığorta bazarının vəziyyəti və gələcəyə baxış!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

1. Sığorta bazarının mövcud durumu nə yerdədir?

 

İlk olaraq, onu qeyd etmək lazımdır ki, sığorta xidmətləri inkişaf etmiş ölkələrin iqtisadiyyatında aparıcı sektorlar sırasında gedir və iqtisadiyyatda ciddi şəkildə dəyər yaradan sahələrdən hesab olunur. Sığorta sektoru bir xidmət sferası olaraq, cəmiyyəti daimi əsasda xoşagəlməz və arzuolunmaz hadisələrdən irəli gələ biləcək zərərlərdən qoruyur.İnkişaf etmiş ölkələrdə insanlardigər cəmiyyətlərdən fərqli olaraq, müxtəlif zərərlərin ola bilməsi ehtimalını dərk edərək sığortaya könüllü şəkildə müraciət edirlər. Aparıcı ölkələrdən olan sığorta ekspertləri sığorta bazarının inkişafını və ya konkret hər hansı bir ölkənin sığorta bazarının həcminin ölkə ÜDM-sində olan payının(ümümi daxili məhsul) faiz nisbətilə nə qədər az və ya çox olmasının həmin ölkənin sığorta bazarının inkişafı ilə, eyni zamanda ölkə vətəndaşlarının sığortaya olan münasibəti ilə birbaşa əlaqələndirirlər. Deyilənləri sığorta bazarının inkişaf etmiş olduğu ölkələrin sığorta yığımlarından da görmək mümkündür (bax Cədvəl 1).

                                                                                                                                                                            Cədvəl 1.

 

 

Sıra sayı

 

 

 

Ölkə

 

Qeyri həyat

(mln. USD)

2014

 

Həyat

(mln. USD)

2014

 

 

Cəmi

(mln. USD)

2014

 

Dünya sığorta

haqqlarında

payı (faizlə)

2014

Ölkə əhalisinin

sayı

(mln. nəfər)

2014

 

Ölkə ÜDM-sinin həcmi

(mrd. USD)

2014

1

ABŞ

 

752,222

528,221

1,280,443

26,80

318,9

17,460

2

Yaponiya

 

108,174

371,588

479,462

10,04

127,1

4,807

3

Böyük Britaniya

115,945

235,321

351,266

7,35

63,7

2,435

4

Çin

 

151,490

176,950

328,440

6,87

1355,7

17,630

5

Fransa

 

97,759

172,761

270,520

5,66

66,2

2,587

6

Almaniya

 

136,170

118,475

254,645

5,33

80,0

3,621

7

İtaliya

 

49,443

145,292

194,735

4,08

61,7

2,066

8

Cənubi Koreya

57,943

101,572

159,515

3,34

49,0

1,786

9

Kanada

 

72,235

52,138

124,373

2,62

34,8

1,579

10

Niderland

 

74,100

21,855

95,955

2,01

16,9

798,1

 

Əgər Azərbaycanın iqtisadiyyatını və sığorta bazarını inkişaf etmiş ölkələrin iqtisadiyyatı ilə deyil, bəzi keçmiş sosialist düşərgəsindən olan Şərqi Avropa ölkələri ilə müqayisə etmiş olsaq, görərik ki, bu ölkələrin çoxunda sığorta bazarının ÜDM-dəki payı 2% və ya daha çoxdur. Azərbaycanın 2015-cı ilin nəticəsinə uyğun olaraq, sığorta bazarının toplam yığımlarının 442,9 milyon manat və ÜDM həcminin 54,4 milyard manat təşkil etdiyini qeyd etmiş olsaq, bu o deməkdir ki, sığorta yığımlarının ÜDM-də olan payı 0,8% təşkil edir.

Qərbi Avropa və inkişaf etmiş ölkələrdə isə bu rəqəm 4%-dən 10%-dək dəyişir ki, bunların arasında isə ən yüksək göstərici son rəsmi statistikaya görə Yaponiyaya məxsusdur.Yaponiyanın ÜDM-sinin 2014-cü ilin sonuna 4,8 trilyon dollar və sığorta bazarının 480 milyard dollar civarında olmasını nəzərə alsaq, bu rəqəmin ən yüksək göstərici olmasını bir daha təsdiqləmiş olarıq.

 

Eyni zamanda qeyd etmək lazımdır ki, inkişaf etmiş sığorta bazarlarında toplanan ümumi sığorta yığımlarının strukturu, həyat və qeyri-həyat arasında 20:80, 25:75, 30:70, 35:65, 40:60 faiz nisbətində çoxluq olaraq həyat sığortasının xeyrinə dəyişir. Həyat sığortasının ümumi sığorta yığımlarında üstünlük təşkil etməsi bir daha ondan xəbər verir ki, inkişaf etmiş ölkələrin vətəndaşlarının pensiya təminatı daha dayanıqlı və fundamentaldır. Bu isə həmin ölkələrin daha çox sosial yönümlü olmasının nəticəsidir və təqaüddə olan vətəndaşlar həyat sığortası hesabına kifayət qədər maliyyə baxımından təminatlıdırlar. Bu göstərici hal-hazırda Azərbaycanda 30:70 faiz nisbətində qeyri-həyat sığortasının xeyrinədir. Həyat sığortasının başlanğıcı illərində isə bu rəqəm, yəni həyat sığortası yığımları ümumi yığımların 10%-ni təşkil edirdi. Son 5 ildə həyat sığortasının artması hesabına və xüsusilə könüllü həyat sığortası məhsulu olan “həyatın yaşam sığortası” məhsulunun tanınması hesabına bu rəqəm yuxarıda göstərildiyi kimi illər ərzində artmışdır.  

 

2. Müstəqillik dövründə sığorta bazarının inkişaf mərhələsi və sığorta bazarına təsir edən amillər

 

Azərbaycan sığorta bazarında baş verənləri və mövcud durumu daha yaxşı başa düşmək üçün son 15 ildəki mühüm hadisələrə diqqəti yönəltmək məqsədəuyğun olardı. Nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra digər sahələrdə olduğu kimi, sığorta sahəsində də durğunluq müşahidə olunurdu. Sovetlər İtttifaqı dağıldıqdan sonra, təxminən 1992-ci ildən etibarən müəyyən sektorlarda özəl şirkətlərin yaranması erası başlandığı dövrdə, özəl sığorta şirkətlərinin qeydiyyatdan keçməsi və bazara atılması dövrü başlanmışdır. Eyni zamanda Sovetlərdən miras qalmış “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti” bazarın əsas aparıcı sığorta şirkəti olaraq qalırdı. 1990-cı illərdə və sonrakı dövrdə yaradılmış və qeydiyyatdan keçmiş şirkətlərin sayı təxminən 45 ətrafında olsada,  bu şirkətlərdən yarıdan çoxu illər ərzində müxtəlif səbəblərdən lisenziyasını itirmiş və bu günə qədər gəlib çıxan şirkətlər demək olar ki, artıq rəqabətli bazar şəraitində fəaliyyət göstərməkdə davam edirlər və təbii haldır ki, növbəti illərdə kəskin rəqabət şəraitində onların sayı bir qədər də azalacaq.

 

Keçən əsrin 90-cı illərini bütövlükdə sığorta bazarı üçün ugurlu olmadığını nəzərə alsaq, qeyd etmək lazımdır ki, yerli sığorta şirkətlərinin əsas inkişaf mərhələsi əsasən 2003-2004-cü illərdən sonrakı dövrə təsadüf edir. Bu isə əsasən onunla əlaqədardır ki, yerli bank və kredit təşkilatları bu illərdən etibarən beynəlxalq maliyyə qurumlarından ucuz maliyyə vəsaitlərini cəlb etməyə başladılar. Cəlb olunmuş vəsaitlər isə öz növbəsində müxtəlif kredit məhsullarının realizə olunmasına səbəb oldu və müxtəlif kredit məhsullarının satışı kütləvi xarakter almağa başladı. 

 

Verilən kredit  məhsulları  arasında əsasən avtomobil kreditləri və biznes kreditləri xüsusilə sığorta bazarının aktivləşməsinə təkan verdi. Avtomobil krediti verilərkən, əsas şərtlərdən biri kimi, borcalanın aldığı avtomobilin sahibi olsada, həmin avtomobilin bankda girov olması diqqəti çəkən məqamlardandır. Yəni, borcalan kredit məbləğini tam olaraq banka ödəyənə kimi avtomobil  girovdan azad oluna bilməz. Eyni zamanda, banklar avtomobilin sığortalanmasını mütləq hesab edir ki,bu da bankın daha çox öz riskini sığortalamaq anlamına gəlir. Baxmayaraq ki, bankda kreditə alınmış avtomobillərin hamısı könüllü olaraq, “kasko” sığortasına cəlb olunurlar, bu hal daha çox borcalanın bank tərəfindən girovun sığortalanması şərtinin yerinə yetirilməsidir. Bununla yanaşı  eyni dövrdə banklar tərəfindən müştərilərə verilən biznes kreditləri üzrə girov qoyulan əmlakların sığortalanması sığorta bazarının dirçəlməsinə ciddi təkan vermişdir.

 

Ümumiyyətlə, banklarda “girov sığortası“ anlamına gələn sığorta əməliyyatlarının aparılması ilk növbədə bankın marağındadır, yəni borcalanın müqavilə şərtlərini pozduğunda girovun gələcəkdə borc yerinə satılaraq, borc qalığının bağlanmasına yönəldilməsi prosesində  girovun  sağlam olması, yəni girovun müqavilə bağlanmamışdan öncə olduğu vəziyyətdə olması üçün bir təminatdır. Göründüyü kimi bank sektorunda baş verən canlanma, sığorta sektorunun dirçəlməsinə də birbaşa təkan verən amildir.

 

2000-ci illərdə sığorta bazarının inkişafına təkan vermiş amillərdən biri kimi, 2009-cu ildə “Sığorta fəaliyyəti haqqında” AR Qanununa əsaslı dəyişiklik aparılması səbəb olmuşdur. Bu dəyişiklik əsas onunla bağlı idi ki,sığorta sektoru bu dəyişiklikdən sonra “Həyat və qeyri-həyat” profillərinə ayrılmışdır.Bu isə o deməkdir ki, “həyat sığortası” məhsullarını satan sığorta şirkəti “qeyri-həyat sığortası” məhsulları sata bilməz, eyni zamanda “qeyri-həyat sığortası” məhsullarınısatan şirkət “həyat sığortası” məhsulları sata bilməz. Qanunvericilikdə aparılan  bu dəyişiklikdən sonra 3 yeni “həyat sığorta” şirkətləri lisenziya aldı və eyni zamanda “həyat” sığortasında yeganə icbari növ olan“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindi. Bu hadisədən sonra “həyat  sığortası” bazarının dirçəlməsinə start verildi.

 

Eyni zamanda qeyd etmək lazımdır ki, bazarın müəyyən inkişafına səbəb olmuş amillərdən biri kimi, “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuiyyətinin icbari sığortası”nda aparılmış  dəyişikliklər və eyni zamanda tətbiq olunmuş yeni sığorta haqqlarının hesablanması qaydaları, həm avtomobil sığortası üzrə yığılan sığorta haqqlarının ümumi həcminə, eyni zamanda sığorta bazarının canlanmasına səbəb oldu. Əgər bundan öncə qüvvədə olan qaydalara uyğun olaraq sığorta haqqı minik avtomobilləri üçün 10 AZN həcmində müəyyən olunmuşdusa, 2011-ci ildən yeni qüvvəyə minmiş dəyişikliklərə əsasən sığorta haqqı 50 AZN-dən başlayır və avtomobillərin mühərriklərinin həcminə görə dəyişir. Bu isə o deməkdir ki, sığortalı nə qədər çox sığorta haqqı ödəyirsə, bir o qədər də hadisə baş verdiyində sığorta ödənişi almaqda maraqlı olur. Buna görədə hal-hazırda nəqliyyat vasitələrinin sürücüləri bu sığorta növü üzrə ödədiyi sığorta haqqının məbləğinin əvvəlkindən kəskin fərqləndiyinə görə hadisə olduğunda dərhal sığorta şirkətinə müraciət edirlər. Bundan öncə mövcud olan qaydalara görə sığorta haqqı simvolik olduğundan  (10 AZN), eyni zamanda sürücülərin bu məhsulun şərtləri barədə məlumatları az olduğundan, həttahadisə baş verdiyində belə sürücülərin böyük əksəriyyəti, qarşı tərəfə dəymiş ziyanın sığorta şirkətindən almaq mümkün olduğu barədə məlumatlı deyildilər. Sürücülərin böyük əksəriyyəti bu sığorta növü üzrə şəhadətnamənin sadəcə Yol Polisi tərəfindən avtomobil saxlandığında, onlara göstərmək üçün nəzərdə tutulduğunu qeyd edirdilər. Bu isə sığortalıların sığorta növünün şərtlərini tam bilməməsi və sığorta haqqında az məlumatlı olması ilə əlaqədar idi.

 

Nəzərə alsaq ki, 2010-cu ilin sonuna Azərbaycan sığorta bazarının həcmi 200.000.000 AZN civarında idi, bu rəqəm sonrakı illərdə həyat sığortası bazarının inkişaf etməsi və göstərilən “Nəqliyyat vasitəsi sürücülərinin məsuliyyətinin icbari sığortası” hesabına ancaq 3 il sonrakı dövrdə demək olar ki, 2 dəfə qalxaraq 405.000.000 AZN həcminə çatmışdır və 2016-cı ildə isə bu rəqəm 485.000.000 AZN həcminə olmuşdur. 

 

Cədvəl 2.

İlllər

 

2011

2012

2013

2014

2015

2016

Həyat sığortası (mln. manatla)

 

 

 

23,0

 

 

 

36,8

 

 

 

68,7

 

 

 

105,0

 

 

 

116,5

 

 

 

146,5

Qeyri-həyat sığortası (mln. manatla)

 

 

 

190,0

 

 

 

305,7

 

 

 

337,0

 

 

 

324,2

 

 

 

326,4

 

 

 

339,2

Cəmi:

(mln. manatla)

 

 

 

 

213,0

 

 

 

342,5

 

 

 

405,7

 

 

 

429,2

 

 

 

442,9

 

 

 

485,7

 

Sığorta bazarına təsir edən amillərdən biri isə 2014-cü ilin əvvəlində Mərkəz Bank tərəfindən kommersiya banklarında avtomobil kreditləşməsi şərtlərininyenidən baxılması üzrə verilmiş qərar oldu. Əgər, bu qərardan öncə banklar avtomobil kreditləşməsində ilkin ödəniş qismində avtomobilin dəyərinin 10-15% həcmində ilkin ödəniş tələb edirdilərsə, bu qərardan sonra ilkin ödəniş məbləği yeni avtomobillər üçün 50% həcmində, işlənmiş avtomobillər üçün isə ilindən asılı olaraq 70-80% həcmində müəyyən olundu. Bu isə o deməkdir ki, bundan öncə bank müştəriləri çox asanlıqla avtomobili kreditlə əldə edirdilərsə, bu qərardan sonra avtomobili demək olar ki, daha ciddi və məsuliyyətli müştərilər əldə etməyə başladılar. Bu fakt avtomobil kreditləşməsində kəskin azalmaya səbəb olduğu kimi,banklar tərəfindən aparılan avtomobilin könüllü “kasko”sığortasının həcmi də kəskin şəkildə aşağı düşdü.

 

3. 2015-ci ildə baş vermiş devalvasiyanın sığorta bazarına təsiri

Göstərilən hadisədən təxminən bir il sonra 2015-ci ilin fevral ayında baş verən azərbaycan manatının devalvasiyası avtomatik olaraq, banklarda kreditləşməyə öz mənfi təsirini göstərdi. Xüsusilə müəyyən istehlak kreditlərini xarici valyutada vermiş banklarda kreditlərin ödənişində ciddi gecikmələr dövrü başladı və eyni zamanda banklar kreditləşməni bütün istiqamətlərdə məhdudlaşdırmağa məcbur oldular. Eyni zamanda kreditləşmənin azalmasını onunla əlaqələndirmək olar ki, ödəniş qabiliyyəti yüksək olan müştərilərin sayı müəyyən qədər aşağı düşdü. Bütün bunların nəticəsi olaraq, banklarda satılan müxtəlif növ sığortanın satışı kəskin aşağı düşdü, xüsusilə  girov sığortası,istehlak, biznes və digər növ kredit götürən şəxslərin həyat sığortası və s.

 

Eyni ilin dekabr ayında baş verən azərbaycan manatının II devalvasiyası sığorta bazarında vəziyyəti bir qədər də çətinləşdirdi ki, bu da öz növbəsində bank və sığorta şirkətləri arasında olan partnyorluq münasibətlərinə bir daha mənfi təsirini göstərdi.

 

Son 2016-ci ildə sığorta bazarında toplam mükafatların həcmi, öncəki illərə nisbətən müəyyən qədər artım nümayiş etdirsədə, bu  heç də bazarın potensialının tam gücü ilə işləməsi demək deyildir.

 

5. Sığorta bazarını necə inkişaf etdirmək olar?

 

Sığorta bazarını inkişaf etdirmək və mövcud potensialdan effektiv istifadə edərək,sığorta yığımlarını artırmaq və sığorta sektorunu Azərbaycanda sistemli və dayanıqlı,eyni zamanda cəmiyyətin etibar edəcəyi bir sektora çevirmək üçün nələri etmək zəruridir?

 

İlk növbədə qeyd etmək lazımdır ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanuna uyğun olaraq,sığorta bazarına nəzarət edən mövcud requlyator MBNP (Maliyyə Bazarlarına Nəzarət Palatası) “Sığorta bazarını inkişaf etdirmək” kimi məsul vəzifəni daşıyır. Yəni, həyata keçirəcəyi strateji və taktiki tədbirlər vasitəsilə sığorta bazarını inkişaf etdirməyə ilk növbədə requlyator məsuliyyətlidir.

 

Requlyator tərəfindən görüləcək vacib işlərdən biri kimi icbari sığorta növlərinin satışı üzrə daha praktiki və rasional nəzarət  mexanizmlərinin axtarılaraq tətbiq olunması məqsədəuyğundur. Misal olaraq qeyd etmək yerinə düşər ki, 2015-ci ildə Bakıda keçirilən Beynəlxalq Sığorta  Forumunda requlyatorun rəsmisi tərəfindən qeyd olunan bir fakt, yəni əmlakın  icbari sığortası üzrə mövcud  potensialının cəmi 25%-nin işlədiyi faktı onu deməyə əsas verir ki, icbari sığortaların satışında da lazımi  nəzarət mexanizmləri  qurulmamışdır.

 

Requlyator tərəfindən də eyni zamanda bazarın inkişafı istiqamətində ciddi addımlar atılmalıdır. Buna misal olaraq daimi əsasda əhalinin sığorta sahəsində kütləvi maarifləndirilməsi üçün televiziya kanallarının birində “sığorta maarifləndirilməsi” ilə bağlı proqramın yaradılması və daimi əsasda sığorta xidmətləri barədə geniş məlumatların verilməsi məqsədəuyğun olardı. Bununla yanaşı müxtəlif icbari sığorta növlərinin layihələrinin hazırlanması və  Milli Məclisə təqdim olunması eyni zamanda həmin məhsulların tətbiqi sığorta bazarının gələcək inkişafı üçün təkan ola bilər.

 

Eyni zamanda, sığorta bazarının əsas iştirakçıları olan “həyat və qeyri- həyat sığorta” şirkətləri bazarın inkişafı  üçün  ciddi şəkildə aktivləşməlidirlər. Çünki, satışların artımı, yeni müştərilərin cəlb olunması və sığorta məhsullarının satışında kütləviliyin təmin olunması, ilk növbədə sığorta şirkətlərinin marağındadır. Əgər sığorta şirkətləri bunu etməyəcəksə, digər hansısa qurumlar bunu sığorta sektorunun əvəzinə etməyəcəkdir.

 

Belə tədbirlərə ilk növbədə əhalinin sığorta məhsulları barəsində maarifləndirilməsi, sığortanın faydasının onlara izah olunması,eyni zamanda mövcud şirkətlərin etibarlı partnyor olduğunu izah etmək kimi tədbirlərin təşkil olunmasını misal gətirmək olar. Nəzərə alsaq ki, Azərbaycanda hal-hazırda daşınmaz əmlak və avtomobil sahibləri ilk növbədə  ağlımıza gələn  potensial müştərilərdir və hətta bunların sığortaya cəlb olunması belə tam şəkildə baş verməmişdir.

 

Bu o demək deyil ki, 50.000 - 100.000 AZN qiyməti olan avtomobillərin sahibləri və ya  300.000 - 500.000 AZN qiyməti olan əmlakın sahibi  sığorta haqqı ödəmək üçün pulu yoxdur.Əslində bu o deməkdir ki, belə insanların böyük əksəriyyəti sığorta məhsulları və sığorta şirkətləri haqqında lazım olan məlumatları yoxdur və onların sığortaya etibarı da lazım olan səviyyədə deyil. Eyni zamanda, müxtəlif sığorta növləri üzrə satışların potensialdan aşağı olması ona işarədir ki, bu məhsullar insanlara lazımi qədər çatdırılmır və məlumatlandırma çox zəifdir.

 

Bir daha qeyd etmək yerinə düşər ki, sığorta şirkətləri maarifləndirmə istiqamətində fəaliyyətlərini genişləndirməli və bu istiqamətdə daimi əsasda görüləcək işləri aktivləşdirməlidirlər. Çünki bazarın inkişafı və sığorta mükafatlarının artımı ilk növbədə sığortaçıların marağındadır. Sığorta şirkətləri ilin sonunda növbəti il üçün xərclər büdcəsini planlaşdırdıqda və görüləcək işlərin planını yazdıqda, eyni zamanda maarifləndirmə ilə bağlı tədbirlərin siyahısını illik plana əlavə etməsi və bu tədbirlərin xərclər büdcəsini illik xərclər büdcəsinə əlavə etməsi daha rasional və məqsədəuyğun olardı.

 

Marja.az üçün Pərviz Quliyev, MBA

PAŞA-Həyat Sığorta Şirkətinin Maarifləndirmə şöbəsinin müdiri,

Beynəlxalq Daxili Auditorlar İnstitutunun üzvü,

Azərbaycan Bank Tədris Mərkəzinin eksperti.

02.03.2017 12:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ