Fondun reytinqi Azərbaycanın reytinqinə bərabərdir

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (Fond) fəaliyyətinin “Fitch Ratings” agentliyi (bundan sonra agentlik) tərəfindən növbəti qiymətləndirilməsi həyata keçirilib. 

 

Agentliyin qiymətləndirilməsinə əsasən Fondun  uzunmüddətli xarici və yerli valyutada defolt reytinqi “BB+” səviyyəsində (proqnoz “stabil”) təsdiq edilib.

 

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Mətbuat xidmətindən "Marja"ya daxil olmuş məlumata görə, Agentliyin "Hökumətlə əlaqəli şəxslərin reytinq meyarları"na əsasən Fondun reytinqi Azərbaycan Respublikasının suveren reytinqinə bərabərdir. Bu, Fondun 100% dövlətə məxsus olması, Fondun fəaliyyətinə ciddi nəzarət olunması və Fondun ölkənin iqtisadi siyasətində strateji əhəmiyyətinə malik olması ilə əlaqədardır. Reytinq həmçinin, Fondun davamlı kapitallaşması və Mərkəzi Bankın Fondun emissiya etdiyi istiqrazlara verdiyi likvidlik dəstəyi şəklində olan dövlət dəstəyini əks etdirir.

 

Agentlik Fondun fəaliyyətinin dövlət tərəfindən dəstəklənməsini güclü olaraq qiymətləndirib və  qurulduğu gündən etibarən hökumətin Fonda davamlı dəstək göstərilməsini qeyd edib. Sahibkarların kreditlərinə təminat və hesablanmış faizlərə görə subsidiyaların verilməsi vəzifələri Fondun mandatına əlavə edildikdən sonra  bu dəstəyin miqyası daha da artıb. 2018-ci ildə Fondun kapitallaşması məqsədilə dövlət büdcəsindən 100 mln. manat məbləğində vəsait ayrılıb və 2018-ci ilin sonuna kapitalı 466 mln. manata çatıb.

 

Agentliyin mülahizəsinə görə, orta müddətli dövrdə də kapital dəstəyi və Mərkəzi Bankın likvidlik dəstəyi şəklində Fondun dövlət tərəfindən dəstəklənməsi  davam edəcək. Qeyd olunanlarla yanaşı, Fondun gəlir vergisinin ödənilməsindən azad olunması və əldə edilən mənfəətdən sərbəst istifadə hüququ kimi  dövlət dəstəyindən də faydalanır.

 

Əhalinin  əlverişli şərtlərlə yaşayış sahələri ilə təmin edilməsinin Azərbaycan üçün prioritet məsələ olduğunu nəzərə alaraq, Agentlik hesab edir ki, dövlətin mənzil siyasətində Fond strateji əhəmiyyətə malikdir. Fondun daxili fond bazarında mövqeyi güclüdür. Fond Maliyyə Nazirliyi və Mərkəzi Bankdan sonra daxili istiqraz bazarının üçüncü böyük iştirakçısıdır.

 

Fondun qeyri-kommersiya missiyasına baxmayaraq, Agentlik hesab edir ki, Fond  sağlam maliyyə vəziyyətini qorumağa davam edəcək. Bu, müntəzəm dövlət yardımları, ucuz maliyyələşdirmə, Fondun ipoteka portfelinin keyfiyyəti və qənaətbəxş likvidlik mövqeyi ilə təmin olunacaq.

 

Aşağıdakı keçid vasitəsilə Fitch Ratings Agentliyinin təqdim etdiyi press-relizlə tanış ola bilərsiniz. 

https://www.fitchratings.com/site/pr/10064301

28 Fevral 2019 , 16:37   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin