Elxan Bəşirov: Sahibkarlar, özəl şirkətlər sosial layihələrə dəstək verməlidir

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin və İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin inkişaf proqramı çərçivəsində bu kənddə təşkil etdiyi tədbirdə “Mətanət A” şirkətinin nümayəndələri, o cümlədən şirkətin Müşahidə Şurasının sədri Elxan Bəşirov da iştirak edib.

 

Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycanda regionların inkişafına böyük diqqət və qayğı göstərildiyini vurğulayıb və həyata keçirilən birgə layihələrin Cocuq Mərcanlının sosial-iqtisadi inkişafında və sakinlərin məşğulluğunun təmin olunmasında əhəmiyyətini qeyd edib. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Türkiyə-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini, Cocuq Mərcanlıda birgə icra olunan layihələrin bölgədə iqtisadiyyatın və məşğulluğun inkişafında əhəmiyyətini vurğulayıb, belə layihələrin bundan sonra da reallaşdırılacağını diqqətə çatdırıb. İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında kiçik və orta sahibkarlığın inkişafı istiqamətində Agentliyin gördüyü işlərdən danışıb və Cocuq Mərcanlıda fəaliyyət göstərən sahibkarların bundan sonra da dəstək xidmətləri ilə tam əhatə olunacağını bildirib.

 

 “Mətanət A” şirkətinin Müşahidə Şurasının və Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədri Elxan Bəşirov isə çıxışında sahibkarların belə layihələrdə iştirakının  vacibliyinə toxunub və iş adamlarını bu kimi sosial layihələrə dəstək verməyə çağırıb. Rəhbərlik etdiyi şirkətin hər zaman vətəndaşlarımızın rifah halının yüksəldilməsi və məşğulluğunun artırılmasına xidmət edən layihələrdə iştirak etdiyini qeyd edən Elxan Bəşirov bunun hər bir sahibkarın vətəndaşlıq borcu olduğunu deyib. Şirkət rəhbəri tezliklə işğal altındakı digər torpaqlarımızın da azad olunacağına əminliyini ifadə etməklə bu ərazilərdə həyata keçiriləcək bərpa işlərində də “Mətanət A” şirkətinin yaxından iştirak edəcəyini söyləyib.

 

Xatırladaq ki, “Mətanət A” şirkəti “Böyük Qayıdış” layihəsi çərçivəsində Cocuq Mərcanlıda  aparılan tikinti-quruculuq, yeni  istehsal sahələrinin  yaradılması, istixanaların qurulması kənd təsərrüfatının müxtəlif  sahələrinin təkmilləşdirilməsi işlərinə istehsal etdiyi məhsullarla dəstək göstərir. Sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan şirkət ən son texnologiyalarla təchiz olunmuş zavodlarında istehsal edilən məhsulları ilə Cocuq Mərcanlıda yeni sənaye sahələrinin yaradılmasına da öz töhfəsini verməkdədir.

16 Mart 2019 , 15:38   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin