Manatın güclü qalması ilə Dövlət Neft Fondu 1,6 milyard manat zərərə düşüb

Mühüm valyutaların Azərbaycan Manatına qarşı ucuzlaşmaları Dövlət Neft Fonduna 1,6 milyard manata başa gəlib


 

2018-ci il ərzində Dövlət Neft Fondunun investisiya portfelinə daxil olan valyutaların manata qarşı dəyişməsindən yaranan fərq üzrə büdcədənkənar xərclər (zərər) 1 milyard  589,8 milyon manat, qızılın qiymətinin dəyişməsindən yaranan fərq üzrə büdcədənkənar gəlirlər manat ifadəsində 32,5 milyon manat təşkil etmişdir.

 

"Marja" xəbər verir ki, bu, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin icrası barədə illik hesabata Hesablama Palatasının rəyində bildirilir.

 

Xüsusilə türk lirəsinə və rus rubluna qoyulan investisiyaların dəyərdən düşməsi Fondun gəlirliyinə (ABŞ dollarında ifadə edilən) mənfi təsir göstərmişdir.

 

Bununla yanaşı, Fondun baza valyutasını təşkil edən ABŞ dolları ifadəsilə Fondun büdcədənkənar xərcləri 913,7 milyon ABŞ dolları təşkil etmişdir (Fondun investisiya portfelinə daxil olan valyuta məzənnələrinin ABŞ dollarına qarşı dəyişməsi ilə əlaqədar).

 

Rəydə qeyd edilib ki, 2018-ci ilin 1 yanvar tarixinə Dövlət Neft Fondunun vəsaiti 60 milyard 304,3 milyon manat və ya 35 milyard 806,5 milyon dollar təşkil etmişdir. 2018-ci il ərzində manat ifadəsilə Dövlət Neft Fondunun gəlirlərinin ümumi həcmi 17 milyard  614,1 milyon manat təşkil etməklə, büdcədə nəzərdə tutulana nisbətən (15 milyard 310,8 milyon manat) 115 faiz səviyyəsində icra edilmişdir. 2018-ci il ərzində Dövlət Neft Fondunun büdcə xərcləri 11 milyard 455,6 milyon manat təşkil etməklə, büdcədə nəzərdə tutulana nisbətən (11 milyard 480,2 milyon manat) 99,8 faiz səviyyəsində icra olunmuşdur. 2018-ci ilin sonuna Dövlət Neft Fondunun büdcəsində 6 milyard 158,5 milyon manat profisit yaranmışdır ki, bu da 2017-ci il ilə müqayisədə (1 milyard 122  milyon manat) manat ifadəsilə 5  milyard 36,5 milyon manat və yaxud 4,5 dəfə çoxdur. Beləliklə, 2018-ci il ərzində 3 milyard 622,4 milyon ABŞ dolları yığıma yönəldilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin (15,3– 11,5) 3,8 milyard manat məbləğində profsitlə proqnozlaşdırıldığı halda, büdcə gəlirlərinin planlaşdırılmasının baza göstəricisi olan 1 barel xam neftin orta illik ixrac qiymətinin 55,0 ABŞ dolları nəzərdə tutulmasına baxmayaraq 2018-ci il ərzində faktiki orta çəkili satış qiymətinin 71 ABŞ dolları olması, Azəri-Çıraq-Günəşli yatağında hasilat həcminin nəzərdə tutulmuş proqnoza qarşı 4,5% artması, bununla da büdcə gəlirlərinin proqnoza nisbətən 115% icrası nəticəsində Fondun büdcə gəlirlərinin xərclərini üstələməsinə və nəticədə 6,2 milyard manat (3,6 milyon ABŞ dolları) həcmində proqnozlaşdırıldığından daha çox profisitin yaranmasına şərait yaratmışdır.

 

2018-ci ilin 1 yanvar tarixinə ABŞ dolları ifadəsilə Dövlət Neft Fondunun vəsaiti 35 milyard 806,5 milyon təşkil etmişdir. 2018-ci il ərzində Fondun gəlirlərinin ümumi həcmi 10 milyard 361,0 milyon ABŞ dolları, xərcləri 6 milyard 738,6 milyon ABŞ dolları, ABŞ dolları ilə ilin sonuna büdcə profisiti 3 milyard 622,4 milyon təşkil etmişdir. Fondun investisiya portfelinə daxil olan valyuta məzənnələrinin ABŞ dollarına qarşı dəyişməsi ilə əlaqədar Fondun 913,7 milyon ABŞ dolları məbləğində büdcədənkənar xərci yaranmışdır. Beləliklə, 2018-ci ilin 31 dekabr tarixinə Fondun aktivləri ABŞ dolları ifadəsi ilə ilin əvvəlinə nisbətən 2 milyard 708,7 milyon ABŞ dolları və yaxud 7,6 faizə qədər artaraq 38 milyard 515,2 milyon ABŞ dolları təşkil etmişdir.

 

2018-ci ildə Dövlət Neft Fondunun gəlirlərinin formalaşma mənbələrini Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilmiş gəlirlər, akrhesabı ödənişlər, neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər (tranzit haqqı), bonus ödənişləri və Fondun vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər təşkil etmişdir. Gəlirlərin böyük hissəsini və yaxud 94,5 faizini mənfəət neftinin və qazın satışı ilə bağlı gəlirlər, 4.3 faizini bonuslar, 1,02 faizini vəsaitlərin idarə edilməsi ilə bağlı gəlirlər təşkil etmişdir. Tranzit haqları, akrhesabı ödənişlər və digər gəlirlər Fondun ümumi gəlirlərinin 0,2 faizini təşkil etmişdir.

4 İyun 2019 , 07:51   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin